post-title

Seymur Baycan: İdman və gənclər naziri Azad Rəhimov cənablarına açıq məktub

Təəssüf ki, bir dəstə insan fürsətdən istifadə edərək bu yarışı gözdən salmaq istəyir və müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kompaniyası aparır. Şəxsən məndə həmin adamların hərəkətləri ikrah doğurur və onların hərəkətlərini qətiyyətlə pisləyirəm. O yerdə ki, söhbət ölkəmizin imicindən gedir, orda adamlar öz incikliklərini, şəxsi davalarını unutmağı bacarmalı və həmrəylik nümayiş etdirməlidirlər

 

Cənab nazir, hər şeydən əvvəl onu bildirmək istərdim ki, ölkəmizdə Avropa oyunları olimpiadasının  keçirilməsi bir Azərbaycan vətəndaşı kimi məni çox sevindirir. Belə  tarixi günlərin şahidi olmaq ölkəmizin yaxşılığını istəyən hər bir Azərbaycan vətəndaşını sevindirməlidir. Düzdür, hər bir işdə olduğu kimi bu işdə də xırda qüsurlar var. Biz cavan ölkəyik. Hələ hər şey axıra qədər formalaşmayıb. Qüsurların olması təbii haldır. Gənc bir ölkənin bu miqyasda bir yarış keçirməsi əlbəttə ki, asan məsələ deyildir. Bu çox böyük bir məsuliyyətdir. Zaman keçdikcə hər şey yavaş-yavaş qaydasına düşəcək. Lakin bununla belə bu olimpiada ölkəmizin, ümumiyyətlə mətbəximizin, tariximizin, adət-ənənələrimizin  tanınması və təbliğ olunması baxımından çox böyük əhəmiyyət daşıyır. Bu yarış həm də bizə böyük bir təcrübə qazandırmaqdadır.  Təəssüf ki, bir dəstə insan fürsətdən istifadə edərək bu yarışı gözdən salmaq istəyir və müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma  kompaniyası aparır. Şəxsən məndə həmin adamların hərəkətləri ikrah doğurur və onların hərəkətlərini qətiyyətlə  pisləyirəm. O yerdə ki, söhbət ölkəmizin imicindən gedir, orda adamlar öz incikliklərini, şəxsi davalarını  unutmağı bacarmalı və həmrəylik nümayiş etdirməlidirlər.  Ümid edirəm ölkəmizə qarşı böhtan və qarayaxma kompaniyası aparanlar , Avropa oyunlarının keçirilməsini gözü götürməyənlər gec-tez öz səhvlərini başa düşəcəklər. Həmçinin  gələcəkdə keçiriləcək İslam ölkələrinin oyunları zamanı xırda qüsurlar aradan qaldırılacaq və biz öz ölkəmizi təbliğ etmək üçün növbəti bir fürsət əldə edəcəyik. İslam ölkələri oyunlarının Azərbaycanda keçirilməsi tam məntiqə uyğundur. Azərbaycanlılar bir çox tərəfdən ən inkişaf etmiş müsəlmanlardır. Bunu mən dialoq mədəniyyəti olan hər kəsə sübut edə bilərəm. Biz bəşəriyyətin tərəqqipərvər hissəsinə sübüt etməliyik ki, müsəlmanların işi-gücü  yalnız  oranı-buranı partladıb, baş kəsib, adam daş-qalaq edib, müxtəlif  bitkilərin, ağacların, meyvələrin, buludların, arı şanının üstündə  allah sözü axtarmaqdan ibarət deyil. 


Lazım gələndə yarış keçirməyi, idmanla məşqul olmağı da bacarırıq.

 

Cənab nazir, sizə açıq məktubla müraciət etməyim səbəbsiz deyil. Çox istərdim ki, bu yarışlardan sonra ölkəmizdə türk xalqlarının olimpiadası (Turan oyunlari) keçirilsin. Belə bir yarışın ölkəmizdə keçirilməsi bir çox cəhətlərdən faydalı ola bilər. Qiymətli vaxtınızı almamaq naminə özümü sıxıb bu cəhətləri bir-bir sadalamayacam. Lakin bir incə məqamı qeyd etmək məcburiyyətindəyəm.  Çox yaxşı olar ki, bu yarışda təkcə  dövlətləri və muxtariyyətləri olan türk xalqları deyil, dövlətləri və muxtariyyətləri olmayan türk xalqları da iştirak etsinlər. Qoy hər kəs gəlib öz bacarığını göstərsin. Nəticədə Azərbaycan türk dünyasının paytaxtına çevriləcək , ümumilikdə isə türk xalqları arasında dostluq və əminamanlıq münasibətləri genişlənəcək, bu da istər-istəməz inkişafa səbəb olacaqdır.   Bilirəm ki, belə bir yarışın keçirilməsi tək sizdən asılı deyil. Bununla belə sizə işlərinizdə uğurlar arzulayıram.

Seymur Baycan
Reytinq qəzeti

Yuxarı