Toğrul Maşallı: Milli elita və burjuaziya anlayışı

Публицистика

 

Bizim vaxtımızda “milli elita” anlayışından istifadə aktual olaraq “dəbə mindi”. Bir çoxu özünü onun tərkib hissəsi kimi sayır, digərlərini isə onun tərkib hissəsi kimi sayırlar. Çox vaxt isə onun bir hissəsi kimi elə insanları hesab edirlər ki, onlar heç elitaya yaxın da deyillər. Bu yaxınlarda “Kaspi” qəzetində, daha sonra da “Day.az”-da tərcümə edilmiş və çap edilmiş məqalədə yazılmışdı ki, müasir Rusiyada yaşayan Azərbaycan burjuaziyası Azərbaycanın inkişafını dəstəkləmir və ümumiyyətlə heç cürə Azərbaycana kömək etmək istəmir. Bununla bərabər məqalədə sadəcə Rusiyada yaşayanlar haqqında danışılması yerli millionerlərimizə bu iş ilə məşğul olmağın qadağan olmasından, ya da rəsmi olaraq yerli “millioner”lərimiz yoxluğundan irəli gəlir.

 

Amma iş bunda deyil. Bu məqalədə əsas məqsəd indiki burjuaziyanı XX əsrin əvvəlində fəaliyyət göstərmiş Azərbaycan burjuaziyası ilə müqayisədə göstərmək idi, və bu məqsədə uyğun olaraq məqalədə belə bir cümlə yer alıb, “Yalnız öz cibini düşünərək Azərbaycanın maraqları naminə bir sent də xərcləməyən milyarderlər millətin elitası sayıla bilməz”. Beləliklə onlarla müqayisədə XX əsrin əvvəlində yaşamış milyarderlər  “xalq üçün qazandıqları” milyonları xərcləməkdə nümunə ola bilərlər. Məlum oldu ki, onları asanlıqla biz milli elita saya bilərik, onların nəcib əməlləri isə Sovet hökuməti tərəfindən gizlədilirdi.

 

Maraqlıdır, doğrudanmı onlar milli elitaya aiddilər? Həm də onların “xeyriyyəçiliyi” kiminsə tərəfindən gizlədilirdimi?

 

Bu məsələni dəqiqləşdirmək üçün, ilk əvvəl, bizim “milli elita” anlayışı haqqında təsəvvürümüz olmalıdır. Milli elita anlayışı çox genişdir, amma çoxsaylı axtarış sistemlərində onun mənası ümumi olaraq belə verilir: “ictimai həyatın bütün sahələrinə aktiv şəkildə təsir göstərən millətin daxili ziyalı qrupudur. Milli elitanın elm tərəfindən təsviri göstərir ki, hər bir cəmiyyətin ictimai prosesləri, iqtisadiyyatın inkişafı, siyasi həyatın, elmin, mədəniyyətin idarə edilməsi üçün ən dəyərli vasitələrin seçilməsidir. Amma milli elitanın bir neçə üzvünün başqaları üstündə yüksəlmək və başqasının əməyi hesabına zənginləşmək istəyi bu anlayış ilə ziddiyyət yaradır. Belə tendensiyalar millətin birliyini pozur”.

 

Beləliklə, milli elitaya ictimai həyata aktiv surətdə təsir edən ziyalılar qrupu aiddir. Bildiyimizə görə milli burjuaziya nə ziyalılara, nə də elitaya aid deyil. Çünki “başqanın əməyi hesabına zənginləşmək istəyi” onlar arasında əsasdır və ümumiyyətlə onların pulları və s. məhz başqalarının əməyi nəticəsində qazanılıb. Tağıyev nə özü neft mədənində işləyib, nə də toxuculuq fabrikində toxucu olub. Məhz bu fəaliyyət ilə məşğul olan insanların əməyi nəticəsində gəlir qazanıb.

 

Onların “xeyriyyəçiliyi”nin Sovet hökuməti tərəfində gizlədilməsi məqamına qayıtsaq, qeyd etməliyik ki, tikilmiş binaları gizlətmək müşkün məsələdir. Bunun bir yolu var – binaları sökmək. Amma binaları məhz indi sökməyə başlayıblar, 70 il ərzində isə bu binalar mədəniyyət abidələri kimi qorunub saxlanılmışdır.

 

Bununla bərabər qeyd etmək lazımdır ki, XX əsrin əvvəlində yaşayan milyonerlərin həyatları yavaş-yavaş mifə dönür. Belə bir təəssürat yaranır ki, elə bil əgər onlar olmasaydılar, Azərbaycan milləti indiyə kimi sağ qalıb mövcud olmazdı. Eyni zamanda, yaddan çıxarılır ki, savadlılıq səviyyəsi 10% idi, bu göstəricini 100%-ə çatdıran isə məhz Sovet hökuməti olmuşdur. Eyni zamanda 2 teatr yerinə, onlarla teatr tikilmişdi, 100 məktəb yerinə, minlərlə məktəb tikilmişdi və s.

 

Məqaləmizə dönək və ayrı-ayrı faktlara görə öz rəyimizi bildirək. Məsələn, Tağıyev haqqında danışılanda onun fəaliyyətindən bir çox fakt qeyd edilir. Belə ki, qızlar üçün seminariya tikərək, o, qadın təhsilin inkişafına cüzi töhvəsini verib. Çünki həmin dövrdə qadınlar arasında savadlılıq səviyyəsi çox aşağı idi (kişilərdən 3-4 dəfə az) və bir seminariya (onların sayı bir deyildi və təkcə Tağıyev onları tikmirdi) heç nəyi dəyişdirə bilməzdi. Tələbələrə maliyyə dəstəyinin göstərilməsi isə bir çox dərsliklərdə göstərilmiş N. Nərimanovun hadisəsindən məlumdur (yeri gəlmişkən, məqalədə N. Nərimanov da qeyd edilib).

 

Digər məqalədə qeyd olunmuş milyoner isə Ağa Musa Nağıyevdir. O, öz vaxtının ən varlı insanlarından idi və eyni zamanda özünəməxsus və maraqlı bir şəxs idi (xalq arasında yayılmış rəvayətlərə  görə o, Tağıyevdən daha məşhurdur). Amma iş bunda deyil; məqalənin müəllifinə görə, xəsis adlandırılan insan, öz vaxtında 98 bina tikdirmişdi. Yəni, bu göstərici müəllif  üçün minimal etalon kimidir. Məqalənin müəllifindən maraqlanmaq istərdik ki, ümumiyyətlə bu tikilən binaların məqsədini bilirmi? Çünki bu binalar tikilib xalqa təhvil verilmirdi. Onlar gəlirli evlər idi. Gəlirli ev isə – “mənzillərin icarəyə verilməsi üçün tikilmiş çoxmənzilli yaşayış evi” adlanır. Yəni o, bu evləri öz gəliri üçün tikib. Qalan evlər isə şəxsi villalara çevrilib. Onu da qeyd etməliyik ki, “İsmailliyə” – Nağıyevdən bizə qalan demək olar ki, yeganə abidədir. Beləliklə, biz xalq üçün maraqlı bir “qayğı” formasının şahidi oluruq. Çünki belə tipli “qayğıkeşlər” bizim vaxtımızda həddindən artıq çoxdur. Bunun üçün sadəcə Bakıda gedən tikinti işlərinə baxmaq kifayətdir.

Daha böyük təəccüb gətirən fakt isə Şollar su kəmərin tikilməsidir. Sənədlərə görə bu su kəməri Bakı meriyasının vəsaitləri hesabına tikilmişdir. Öz vaxtının “Bakı-Oğuz-Qəbələ” su borusu idi. Onu hətta öz vaxtının ən böyük “fırıldaq”larından hesab edirdilər. Amma məsələ bunda deyil. Bakı meriyasının onu tikmək niyyətinə gələndə, məlum oldu ki, büdcədə su kəməri üçün pul yoxdur. Bu zaman meriya bir neçə milyonerə müraciət etdi. Onların arasında Tağıyev və Nağıyev də var idi. Onlara sonradan bütün pulları faizlər ilə qaytardılar. Onlar xalqa elə xalqın özündən faiz götürərək qayğı göstərirdilərmi? Bu suala heyf ki biz onların özündən cavab ala bilməyəcəyik... Zərdabi fondu haqqında burada yazmaq heç yerinə düşməzdi. Çünki Zərdabinin özü demişdi ki, “ermənilərin axırıncı yamçısı” gəlib inkişaf üçün pul verər, amma azərbaycanlılarsa ...

XX əsrin əvvəlində yaşamış milyonerlər arasında axırıncı yada salınan isə Murtuza Muxtarovdur. Xüsusən onun şəhərin mərkəzində özünə ev və Vladikavkazda məscid tikməsi demək olar ki hərkəsə məlumdur. Maraqlıdır, nə vaxtdan məscid və özünə ev tikmək xalqa “qayğı”  kimi göstərilə bilər?

Beləliklə, burjuaziyanı milli elitaya aid etdirilməsi tamamilə düzgün hesab oluna bilməz. Həmçinin bu, həmin təbəqənin tarixin hansı aralığında yer almasından heç də asılı deyil, çünki burjuaziya bütün vaxtlarda eyni olmuşdur. Eyni zamanda, hər hansı burjuanı əfsanəyə çevirmək də lazımsızdır, çünki öz gəlirini artırmaq niyyəti “xalq” üçün edilmiş hərəkət sayıla bilməz.

T. Maşallı

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade