post-title

Çak Palanik “Kabuslar”

İnklərin yaxşı bir sözü var, deyir, kasıblıq indi zənginliyin növlərindən biridir. Məçhulluq da məlumluğun bir növüdür.

 

... köləyə çevrilmiş qövmdən ağa qövmü formalaşdırmaq üçün, məzlum insanlara öz həyatlarının ağası olmağı öyrətmək üçün Musa oğraşlıq etməyə məcbur idi...

Fransızların belə bir məsəli var: “Nərdivandakı ağıllı”. Fransızca belə səslənir: “Esprit d’ Escalier”. (Azərbaycan dilindəki “müsəlmanın sonrakı ağlı”na uyğun gəlir- II Mahmud) Mənası budur ki, insanın sonrakı “ağlı” daha iti olur, daha doğrusu, o, əvvəl-axır axtardığı sualın cavabını tapır, amma iş işdən keçəndən sonra. Tutaq ki, qonaqlığa gəlmisən və kimsə orda sənin bərk xətrinə dəyib. Mütləq cavabını vermək lazımdır axı! Bütün nəzərlərin sənə dikildiyini hiss edib həyəcanlanırsan və nəsə axmaq bir söz deyib gedirsən... Nərdivanlarla aşağı düşürsən və birdən... elə bil, möcüzə baş verir: bayaq orada o adama deməli olduğun sözü tapırsan! Onu yerinə oturtmaq üçün əla bir cavab! Bax “nərdivandakı ağıllı” belə olur...

Cənab Uitter deyir ki, köləyə çevrilmiş qövmdən ağa qövmü formalaşdırmaq üçün, məzlum insanlara öz həyatlarının ağası olmağı öyrətmək üçün Musa oğraşlıq etməyə məcbur idi.

Əgər bomba partladırlarsa, burda şəxsi nəsə axtarmaq lazım deyil...

Əslində biz heç vaxt səhv etmirik, öz düşüncəmizdə, öz reallığımızda biz hər zaman haqlıyıq. Biz həmişə doğruyuq. Biz hər şeyi düz edirik. Və biz hər zaman doğru danışırıq.

Biz özümüzə görə hər zaman doğruyuq. Sənin etdiyin hər şey - danışdıqların, özünü təqdim etməyin - həmin an etdiyin bütün hərəkətlər avtomatik olaraq doğruya çevrilir.

Cənab Uitter fincanı dodağına yaxınlaşdırır. Onun əlləri əsir. O deyir:                                                                                                                       - Əgər sən bu gün kofeni həmişəkindən fərqli olaraq qeyri-düzgün qaydada, məsələn, kofeni çirkli çəkməyə süzüb ordan içmək qərarına gəlmisənsə, burda yanlış heç nə yoxdur, çünki bu sənin öz seçimindir. Buna sən özün qərar vermisən! Əslində, sən, ümumiyyətlə, yanlış nəsə etməyə qadir deyilsən. Sən hər zaman düzgünsən.

Hətta əgər “Hmm, mən axmaqlıq elədim, etiraf edirəm ki, haqsız idim” deyirsənsə, sən yenə də haqlısan. Ona görə haqlısan ki, nə vaxtsa haqsız olmusan. Hətta sən özünü dünyanın ən axmaq adamı kimi aparsan belə, yenə də haqlısan.

Cənab Uitter deyir ki, dünyanın ən axmaq fikrini belə qeyri-düzgün saymaq olmaz, çünki o sənə məxsusdur. İnsan oğlu düzgün olmağa məhkumdur. Hər zaman və hər şeydə.

Cənab Uitter deyir, hər kəsin özünə görə doğru olduğu, bütün fikirlərin söylənildiyi andaca həqiqətə çevrildiyi, daim fırlanan bu dünyada bircə dənə dəyərli şey var: bizim verdiyimiz vədlər. O deyir: Həqiqətən qeyri-adi adamlar o zaman həqiqətən xoşbəxt ola bilərlər ki, özlərini bütünlüklə öz işlərinə həsr etsinlər.

İnklərin yaxşı bir sözü var, deyir, kasıblıq indi zənginliyin növlərindən biridir. Məçhulluq da məlumluğun bir növüdür. İnklər deyirlər ki, indi ictimai nərdivanlarla aşağı yuvarlanmaq uğurun bir növü sayılır.

Əgər istəyirsənsə, insanlar səndən uzaq dursunlar, qoxu - ən yaxşı cangüdəndir.

Oxuculara televiziyada çıxış etdikdən sonra yaxşı pullar qazanan ,  daha sonra xoşbəxtlik içində ömür sürən, elə indi də xoşbəxtlik içində öz ömrünü yaşayan hansısa yaraşıqlı və istedadlı uşaq haqqında xəbərlər lazım deyil. İnsanlar xoşbəxt sonluqları sevmirlər.

Oxucular  “Atam üçün yer saxla” ilə məşhurlaşmış və sonralar özünü güllələyən balaca oğlan  Rasti Hammer haqqında məqalə oxumaq istəyirlər. Yaxud uşaq bağçasının hasarında asılı tapılan “Dayələr və professor”dakı göyçək oğlan  Trent Lyumen haqqında. Yaxud “Ailə məsələlərin”də “Baffini” oynayan balaca Anis Consu yadınıza salın - o həmişə “missis Bisli” adlı bir kukla ilə qol-qola gəzərdi-  sonra isə yüksək dozalı narkotikdən getdi. Yeri gəlmişkən, bu, Los-Anceles dairəsinin tarixində ən yüksək doza idi. Bax adamlara bu lazımdı. Bəs nə bilmişdiniz?! Sizcə, biz avto-yarışları nə məqsədlə təşkil edirik? O məqsədlə ki, kiminsə qəzaya düşməyinə tamaşa edək. Əbəs yerə almanlar demirlər: “Ən səmimi sevinc – qonşunun pis gününə sevinməkdir.” (almanca: “Die reinste Freude ist die Schadenfreude”) Həqiqətən də, həsəd apardığımız adamların başına nəsə pis bir hadisə gələndə biz sevinirik. Bu, ən səmimi və “təmiz” sevincdir.

İnsanlar super-marketlərdə növbədə gözləyə-gözləyə, endirim kuponları yığa-yığa qocalıb gedirlər. Onlar qəzet alsınlar deyə məhz onlara lazım olan materialları dərc etməyə məcbursunuz. İnsanların çoxu “Səkkizlər kifayətdir”in gözəl qızı Leni O'Qredinin cəsədinin hansısa yük maşınında tapılması haqqında yazı oxumaq istəyirlər. Redaktorum deyir ki, qəza və faicə yoxdursa, deməli hadisə də yoxdur.

Cənab Uitter deyir, Dünya  böyük bir maşındır. Yekə bir zavod. Fabrik. Bu da sizə cavab. Ən başlıca həqiqət! Həftənin yeddi günü, 24 saat dayanmadan fırlanan cilalama dəzgahı - cilalama barabanı təsəvvür edin. İçində də su, qum və çınqıl. O fırlana – fırlana ən adi daşları cilalayaraq  bahalı cəvahirata çevirir. Bax Dünya belədir. O daşlar isə bizik- insanlar. Bizim başımıza gələn bütün əhvalatlar-  drammatik hadisələr, ağrılar və sevinclər, müharibələr və xəstəliklər, zəfərlər və məyusluqlar , bütün bunlar sadəcə qum və sudur, bizi parçalayan qum və su. O, bizi parçalayır və cilalayır. Parlaq daşlara çevirir. Hə, cənab Uitterin dediyi budur. Bizim cənab Uitter şüşə kimi şumaldır. O kədərlə rəndələnib, cilalanıb və parıldayır...

O deyir ki, biz məhz buna görə də münaqişələri sevirik. Nifrət - bizim sevgimizdir. Biz müharibəyə müharibə elan edərək onu dayandırmağa çalışırıq.Yoxsuluğun kökünü kəsirik, aclıqla mübarizə aparırıq.

Biz insanıq və bizim qarşımızda bircə məqsəd durur: mütləq nəsə bir hadisə baş versin.

Cənab Uitter necə də dəqiq ifadə edib:                                                                  -Dünyada sülhün qorunması yönündə edilən bütün çağırışlar yalandır. Şirin yalan, pafoslu sözlər. Sadəcə yeni bir dava üçün bəhanə. Xeyir, biz müharibəni sevirik. Müharibə. Aclıq. Taun. Hər zaman müharibəni sevmişik. Doğulandan bilirik ki, biz məhz müharibə üçün dünyaya gəlmişik. Biz xəstəlikləri sevirik. Biz “xərçəng”i sevirik. Biz zəlzələləri sevirik. Dünya adlandırdığımız bu gülüş otağında, bu luna-parkda biz meşə yanğınlarını sevirik. Neft çirklənmələrini sevirik. Manyakları sevirik. Biz diktatorları, terrorçuları, təyyarə qaçıranları, pedofilləri sevirik. İlahi, biz necə də səbirsizliklə televiziyadakı xəbərləri gözləyirik! Uzun, ümumi qəbrin önündə güllənmə cəzasının icrasını gözləyən adamlar olan kadrları... Biz avia-qəzalardan ötrü ölürük. Havanın çirklənməsi, kükürdlü yağışlar, qlobal istiləşmə, aclıq...

Qəlbimizin dərinliklərində biz “rəqib komanda”ya azarkeşlik edirik. İnsanlığa qarşı. Özümüz özümüzə qarşı. Və sən özün öz nifrətinin qurbanına çevrilirsən.

Biz müharibəni ona görə sevirik ki, bu, qəlbimizi cilalamaq üçün yeganə vasitədir. Burda, Dünyada: bu yekə zavodda, bu cilalayıcı barabanda. Əzablardan, münaqişələrdən keçərək. Yeganə yol budur. Bəs bu yol bizi hara aparır? Bax bunu bilmirik...

Həqiqətdə isə bütün faciələri biz özümüz uydururuq, bu boş ömrü doldurmaq üçün. Bu dünyada ağrılar, əzab,  sevinc, sevgi və müharibə məhz ona görə mövcuddur ki, bunların olmasını bizim özümüz istəyirik. Bu faciələr bizə nə vaxtsa ölümlə üz-üzə gəlmək üçün hazırlaşmağa  lazımdır.

Xanım Klark deyir ki, hər bir apostolun yaxud şagirdin öz xilaskarının arxasınca gedişi həm də onun nədənsə qaçışıdır.

İntihar- sadəcə həyata düzəliş etmək üçün seçilmiş radikal planlardan biridir.

Polis əməkdaşı başqalarının yolunda öz həyatını qurban verməyə borcludur. Qarınquluların, nəşəxorların, kommunistlərin, lüteranların yolunda.

Öz vəzifəni yerinə yetirərkən sən böyük bir sərvətə sahiblənmiş hansısa gədənin uğrunda həlak ola bilərsən. Uşaq oğrularının, pornoqrafiyaçıların, fahişələrin uğrunda.

Hamımız əslində eyni işlə məşğuluq: özümüzü adicə əşyaya çevirməklə, adicə əşyaları özümüzə çevirməklə...

Tərcümə: İkinci Mahmud
Kultura.az 

Yuxarı