post-title

Nicat Kazımov: İçimdəki Şostakoviç

Kultura.az gənc yazıçı Nicat Kazımovun "İçimdəki Şostakoviç" adlı hekayəsini təqdim edir.

 
 
Hekayə
 
Nədənsə bu səhər gözlərimi çox tez - dan yeri sökülməmiş açmışdım. Bir müddət tavana baxıb düşündüm "Həqiqətən səhər saat yeddidirmi?" Ağzımdakı acı dad məni yerimdən daha tez durmağa vadar etdi.  Deyəsən, bu gün hər gün günorta yeməyi üçün getdiyim restorana ilk dəfə səhər yeməyi üçün gedəcəkdim.  
 
Yubanmadan əynimi geyinib evdən çıxdım. Havada qəribə bir səssizlik, mülayimlik və sərinlik var idi. Uzun zaman səhərlər oyanmadığımdan, bu gün elə fərqli görsənirdi ki! Piyada tramvay dayanacağına gedirdim, ətrafdakı qağayılar sağ tərəfimdəki hərəkətsiz su kanalının üzərində uçuşur, onların qıyıltısı belə mənə qeyri -adi görsənirdi.
 
Burnumu qıcıqlayan xoş ətir qoxusu beynimə elə təsir etdi ki, elə bil beynim  gözlərimə yalvarırdı ki,  qarşımda mənimlə eyni yolu gedən qıza baxsın. Beynim buna müvəffəq oldu.  Ayağındakı dabanlı çəkməsi asfalt üzərində nal səsi çıxardıqca, sanki başıma ağır küt alətlə vururdular. Yəqin ki, bu dünən qədərindən artıq içdiyim şərabın təsirindən idi. Külək qızın üzündəki ətiri insafsızcasına yalayıb, mənə toxundururdu.  Həmin külək qızın saçlarını da sığallayırdı. Necə bir əxlaqsız külək… İnsan heç əllə tutulmayan, gözlə görülməyən bir şeyə  paxıllıq edərmi?! Mən edirdim…
 
Belə bir qoxunun, belə bir əndamın sahibininin üzünü də görmək istərdim. Lakin mən ona yaxınlaşsaydım, o məni səhv başa düşəcəkdi. Bu səbəbdən, ona arxadan baxmaqla və ətrinin qoxusu ilə kifayətlənməli idim.
 
Ara sıra mən də addımlarımı genişləndirir, ona daha da yaxınlaşmaq istəyirdim.  Elə bu əsnada, qız dözə bilməyib, arxasından gələn bu naməlum adama, yəni mənə baxdı… Ah kaş ki, bir də baxardı. Çünki, onun qara gözlərindəki işıltı, nazik burnu, incəliklə işlənmiş qaşları, boyasız, lakin qıpqırmızı dodaqları məni çox həyəcanlandırdı. 
 
Nədənsə, onun gözlərini gördükdən sonra qulaqlarıma Şostakoviçin "İkinci Valsı" əsəri gəlirdi. Bu səsin haradan gəldiyini xatırlamıram. Onu bilirəm ki, dünən bu parçaya xeyli qulaq asmışdım. Elə dünən sərxoş olarkən, öz-özümə demişdim ki, bir insan aşiq olursa, bu əsər həmin vaxt eşidilməlidi. Qeyri-ixtiyari öz-özümə gülümsədim. Amma nə yazıq ki, bu gülümsəmə, səsli oldu. Qız yenidən çönüb üzümə baxdı. Arada o, addımlarını ləngidirdi ki, arxasından gələn bu  naməlum adam onu ötüb keçsin.
 
"Xeyr əzizim, sən buna nail olmayacaqsan!" - deyə içimdən fikirləşdim. Şostakoviçin əsəri beynimin içində  gəzir, bəlkə də həmin notlar damarıma qarışır, məni ona daha da yaxınlaşmağa tələsdirirdi. 
 
Tramvay stansiyasına necə çatdım heç bilmədim. Ancaq, məni xoşbəxt edən o idi ki, naməlum qız da həmin xəttəki tramvaya mindi.  Oturmağa yüzdən çox yer olmasına baxmayaraq, gedib onun qarşısında oturdum. Əlimə belə bir fürsət düşmüşdü. Gözümə gün eynəyimi taxdım. Əslində gün məni narahat etmirdi, məqsəd o idi ki, qıza istədiyim qədər baxım. Baxdım da.
 
Qız bunu hiss etdi, o da mənə baxdı və üzündə təbəssüm yarandı. Demək ki, 1-0 qabaqdayam. İçimdəki abırsız insandan utandım və çantamdan Mario Delgado Aparain-in "Johnny Sosanın Musiqisi" əsərini çıxarıb oxumağa başladım. Boş söhbətdi. Gözlərim eynəyin altından hələ də qıza baxırdı.  Qız isə yola. 
 
Məni bu xülyadan oyadan tramvaydakı robot qadınının səsi oldu: "Prochaine station Gallia". Bir qızı bu qədər izləməyə davam edə bilməzdim. Dünəndən bu tərəfə də düzgün bir şey yemədiyimdən mədəmdəki kəskin aclıq hissi məni məhəbbət və şəhvət hisslərinə bir qədər soyudurdu. Bu səbəbdən təəssüflə tramvaydan düşdüm. Sevgi hisslərimi tramvayda qoydum, özümlə isə təəssüf hisslərimi apardım. 
 
Şəhər hələ yeni oyanmağa başladığından insanlar yuxulu görsənirdi. Yolda gedərkən o həmişəki içi qırmızı aksesuarlarla döşənilmiş restoranda nə yeyəcəyimi düşündüm. Deyəsən, iştahım da elə qızın yanında qalmışdı. İçəri daxil olub, bir masa arxasına keçdim. Xidmətçi əlində bir kağız mənə yaxınlaşdı və məndən nə istədiyimi soruşdu. Ona səhər qəlyanaltısı deyəcəkdim ki, bayaqkı xoş ətirli qızın restorana daxil olduğunu və kimisə axtarırmışcasına ətrafa boylandığını gördüm. Məni görər-görməz, masama yaxın olan masalardan birinə əyləşdi. Gözüm o qızda qaldı və yenidən fikrə getdim. Xidmətçi yenidən səsləndi və o əclaf məni bu gözəllikdən ayrırdı. "Bordo çaxırı" dedim. Xidmətçi mənə suallarla baxdı və "səhər-səhər çaxır nə idi?" reaksiyasını gördüm, lakin o nə edə bilərdi ki, mənim istəyim qarşısında?!
 
Mənim bugünki səhər yeməyim o qıza baxmağımla kifayətlənə bilərdi, sadəcə şərab içmək istəyirdim ki, o qıza yaxınlaşmaqda özümdə cəsarət tapım. Görəsən, niyə o, bu resotaranı seçdi?Yoxsa, bu dəfə o məni izlədi?
 
Mənim masama bir qədəh şərab gətirildi, onun masasına isə tavada qızardılmış yumurta, portağal şirəsi, çörək və s.  İndi o, oturub mənə baxır, mən də oturub ona baxırdım. Baxışlarımız tez-tez toqquşurdu. Qız bundan şikayətçi də deyildi. Əksinə üzündəki o saf təbəssüm, dodaqlarının büzülməsi, gözlərinin qıyılması məni bir qədər həyəcanlandırırdı. 
 
Ac qarına içdiyim şərabın təsirini sadəcə bir neçə saniyədə hiss etdim. Bəlkə də qıza dayanmadan baxmağımın təsirindən idi ki, sərxoş olum. 
 
Qız mənə baxaraq əlini çantasına atdı ki, hesabı ödəsin. Belə tez gedəcəyini fikirləşməmişdim. Axı niyə o mənim bu gözəl mənzərəmi pozmaq istəsin ki? Mən də əlimi cibimə ataraq, masanın üzərinə  hesabı qoydum, deyəsən artıq ödədim! Heç nə olmaz, yenə belə getsə, ay sonu aclıq çəkəcəyəm. 
 
Ayağa qalxarkən başım hərləndi, lakin bu mənim üzümü güldürdü və daha sonra qızın arxasınca çıxdım. Yenə bayaqkı hadisə təkrar olunurdu.  Qız nal səsli çəkməsi ilə beynimin içindəki Şostakoviçin əsərinə ritm tutur,  ətri ilə məni valeh edirdi.  Bu dəfə özümü saxlaya bilmədim, ona iri addımlarla yaxınlaşırdım.  Polis maşınlarının siqnal səsləri eşidilirdi uzaqdan. Bir də bağırış, çığırış. Elə tam qıza yaxınlaşıb, "Bonjour, Madmoiselle" deyəcəkdim ki,  qarşıdakı döngədən bir xeyli sayda polis maşını çıxdı, daha sonra isə arxası ilə yüzlərlə insan əllərində daha çox qırmızı bayraqla  qarşımıza çıxdı. Nədi-nədi Elzas və Loteringiyanın birləşməsini istəməyən Elzas əhalisi mitinq edirdi. Bu qız da o etirazçıların arasına girdi. 
 
Qızı gözdən itirməmək üçün mən də etirazçılara qoşuldum.  Lakin indi də qızı tapa bilmirdim. Hara baxıram, qışqıran yaşlı və orta yaşlı insanlar görürdüm.  Bu dəfə içimdəki Şostakoviç bu səslərə etiraz olaraq,  musiqisini dayandırdı.  
 
Gözlərim axtarırdı, axtarırdı, axtarırdı. Amma çifayda. Bu zaman burnumu işə saldım. Axı, onun ətirini heç vaxt unuda bilməzdim. Elə düşündüyüm kimi də oldu. Burnuma öz təşəkkürümü edib, qızın yanında yer alaraq, yürüyüşə başladım. Qız mənə baxıb,  gülümsədi.  Danışmırdıq, sadəcə mənə maraqsız olan bir şeyə etiraz edirdik. Şostakoviçin yoxluğu hiss olunurdu. Mitinqçilərin əlindəki səsgücləndiricilər, onun qəlbini sındırmışdı. Baxdım gördüm ki,  qarşımızdakı insanlar polis müdaxiləsi olmamasına baxmayaraq, qol-qola giriblər. Mən də qeyri-ixtiyari qızın əlindən tutdum. Amma neçə illik sevgilisi kimi. Narahat olmadı, əksinə, əlimi bərk-bərk sıxdı. Necə zərif əlləri var idi. Bu əl orta əsrlərdə senyorların dəfələrlə öpəcəyi senyorina əli idi. İndi əl öpmək dəbdə deyil deyə, bir başa yanaqdan öpürlər. 
 
Qızla danışmırdım, sadəcə o, öz xırıltılı səsi ilə qışqıraraq etiraz edirdi, mənsə onun gözəlliyinə, üzünə arada səpələnən saçlarına, baxırdım. Bir az olar günəş olmasına baxmayaraq, indi yağış başımıza səpələnirdi. Bu etirazçıların kefini bir xeyli pozdu. Çünki sıralar yavaş-yavaş azalmaqdaydı. Bu yağış qəflətən leysana çevrildi. Mən naməlum qızın əlindən dartaraq, yaxınlıqdakı avtobus dayanacağına tərəf çəkib apardım.  İkimiz də bir-birimizə baxıb gülümsəyirdik.  Nədənsə, həyatımda ilk dəfə danışmağa ehtiyac duymurdum.  Üzümü ona yaxın tutdum və yanağından öpdüm. O isə cavabında dodağımdan öpdü. Lakin, bu öpüş  qısa olmamışdı. Avtobus gələnə kimi aralıqsız öpüşürdük. 
 
Şostakoviç də gəldi. Yenə "İkinci Valsı" eşidilirdi.  Bizim bu anımıza daha da romantik bir hava qatdığı üçün ona həmişə minnətdar olacağam. Görəsən, mən onunla öpüşərkən, onun içində hansı bəstəkar, hansı əsəri ifa edirdiʔ Bunu bəlkə də heç vaxt bilməyəcəyəm. 
 
Avtobus yaxınlaşırdı. Qız məni əlimdən tutub, o avtobusa dartdı. İçəri keçərək, ən arxada oturub, öpüşməyə davam etdik, bu avtobus hara gedirdi, xəbərim yox idi.  Lakin çox keçmədən (bəlkə də çox keçmişdi, yaşadığım fərqli hisslərdən bu vaxtın necə keçdiyini hiss etməmişdim), avtobusdan endik, qarşıma keçib  əlimi bərkdən sıxaraq, özü ilə dartıb aparırdı məni. 3 mərtəbəli köhnə Alzas binasına daxil olub, onun  dam mərtəbsindəki evinə qalxdıq. İlk öncə baxışdıq, sonra isə  soyunduq, öpüşdük və onun belini qucaqlayıb Şostakoviçin müşaiyəti altında vals oynadıq, sonra isə sevişdik. Sadəcə bir günlük danışıqsız xoşbəxtlik, mənə bəlkə də həyatımın sonuna kimi bəs edəcəkdi. 
 
Nə o mənim, nə də mən onun adını bildim. Sonra həyatım boyu görmədim. Kim idi, nəçi idi, nə idi, heç nədən xəbərim olmamışdı. Nədənsə, ikimiz də bir-birimizi danışıqsız başa düşmüşdük.
 
Bəlkə də xoşbəxtlik elə susmaqdadır. Lakin Şostakoviç olmasaydı, mən bu zövqdən məhrum olacaqdım.
 
***
 
İki gün sonra axşam işdən çıxıb avtobusda oturub düşəcəyim dayanacağı gözlərkən,  qarşımda oturan, sarı saçlı,  mavi gözlü,  yumuru sifətli qıza gözüm sataşdı.  O da mənə baxdı. İçimdəki Şubert "Serenade" əsərini çalmağa başladı… Yoxsa yenə?!
 
Kultura.az
 
 
Yuxarı