post-title

Nərmin Kamalın : İdman idman üçündür?!

Azərbaycanda orta məktəblərin idman dərsləri dəhşətli dərəcədə kortəbii, beyhudə keçirilir. Çox vaxt balaca uşaqlar məktəbin ətrafında üç dəfə qaçaraq dövrə vurmaqla dərsi başa vururlar, böyük uşaqlar dədə-baba qaydasıyla futbol oynayırlar, qızlarsa idman forması geyinməyə ərinib yalandan xəstə olduqlarını deyirlər, qurtarıb gedir.

Azərbaycanda insanlara baxanda heç deməzsən ki, idman hakimiyyətin ən favorit sahəsidir.

Şəxsən mənim Azərbaycanda təxminən beş min nəfər tanışım, dostum, qohum-əqrəbam var, onların hər min nəfərindən vur-tut biri-ikisi idman edir, üzə, velosiped sürə bilir.

Sosioloji statistika işləmir, ona görə mühakimə yürütmək istəyən adamlar gərək hər şeyi öz tanışlarının sayına görə hesablasınlar.

Üzmək və velosiped sürmək yeriməkdən və qaçmaqdan sonra mürəkkəbliyinə görə adi insanın öyrənə biləcəyi üçüncü, dördüncü hərəkətlərdir.

Xarici ölkələrə təhsil almağa gedən Azərbaycan gəncləri düşdükləri ölkədə ilk dəfə olaraq, başlayırlar üzmək, velosiped sürmək öyrənməyə, həvəslə tennis kimi üç-dörd idman növünə birdən qoşulurlar. Elə bil, bunlar idman ölkəsindən gəlmirlər. İlk dəfə xarici ölkələrdə idmanla tanış olurlar.

Azərbaycanda yaxından-uzaqdan tanıdığım uşaqların yalnız bir neçəsi ikitəkərli velosiped sürə, üzə bilir. Rus dilindəki “dryaxlıy” sözü dilimizə “kaftar” kimi tərcümə olunur.

Günorta vaxtı küçələrimiz məktəblərdən dəstə-dəstə çıxan uşaqlarla dolur, bu uşaqlar ömürlərinin ən gümrah vaxtında gözlərini günəşdən qıyıb süst, “dryaxlıy” vəziyyətdə evlərinə yollanırlar.

Müqayisədə, məsələn, Britaniyada hər 6 uşaqdan birinin üzə bilməməsi, hər on uşaqdan birinin velosiped sürə bilməməsi problem kimi qəzetlərə düşüb.

Qərb ölkələrində qeyri-yarış idmanı mədəniyyətin bir parçasına çevrilib. Üzgüçülük kimi vərdişlər onlarda orta məktəblərin məcburi proqramındadır.

Gündə küçədə görürsən, budur, müəllimlər bir dəstə tanıdıcı jilet geyinmiş uşağı harasa aparırlar. Hara? Məktəbdən həmin ərazinin idman kompleksinə üzgüçülük dərsinə. Məktəblə idman kompleksi arasında qarşılıqlı müqavilə əsasında.

Yaxud bələdiyyənin xüsusi təyin elədiyi zolaqlı jilet geyinmiş müəllimlər bizim kimi ölkələrdən gəlmiş cavanlara parkın ortasında idman dərsi keçir, vacib, bazis vərdişləri öyrədir.

Azərbaycanda orta məktəblərin idman dərsləri dəhşətli dərəcədə kortəbii, beyhudə keçirilir. Çox vaxt balaca uşaqlar məktəbin ətrafında üç dəfə qaçaraq dövrə vurmaqla dərsi başa vururlar, böyük uşaqlar dədə-baba qaydasıyla futbol oynayırlar, qızlarsa idman forması geyinməyə ərinib yalandan xəstə olduqlarını deyirlər, qurtarıb gedir.

Bizdə əsas idman vərdişlərini öyrənmək hər uşağın öz valideyninin kefinə, ixtiyarına buraxılıb. Kimin ürəyi istəyər, maraqlanar. Şəhərin, rayonun o başında bir yer tapar, uşağını özəl üzgüçülük dərslərinə aparar. Qalanlarının heç xəbəri olmaz.

Ancaq əslində, xüsusən iddiaca idman ölkəsi olan bir ölkədə bu işin sistemi olmalıdır, o sistem də ümumi təhsil proqramının içində olmalıdır, elə deyilmi?

Azərbaycanda idman dəstəklənir, amma yalnız yarış idmanı. Peşə iddiası olmayan, medal gətirmək ehtimalı olmayan, adi adamların gündəlik həyatından o yana getməyən qeyri-yarış idmanı isə, necə deyərlər, təşviq olunmur.

Dövlət səviyyəsində hər nə qədər böyük idman layihələri və iddiaları olsa da, bunlar dar çevrə üçündür. Fil sümüyündən olan stadionda baş verir, biz onun çəki dərəcələrini, dönmə tezliklərini və sair belə şeylərini başa düşmürük.

O, həmişə hasarın o üzündədir, uzaqlardadır, İdman kanalındadır, idmançılar üçündür, - xalq üçün deyil. Bir sözlə, idman idman üçündür, yoxsa cəmiyyət üçün – budur əsas məsələ.

Nərmin Kamal
http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/04/150424_narmin_blog_sports?ocid=socialflow_facebook%3FSThisFB&fb_ref=Default

 

Yuxarı