Kiprdə 300 spartalı

Алекпер АЛИЕВ

 
 
27 illik münaqişə uzandıqca, biz də hər gün daha çox oxşadıq bir-birimizə. Məğlubiyyətin acığı və qarşılıqlı bənzəşmə ortaya əcaib bir mənzərə çıxarıb – artıq hər şeyə sevinən olmuşuq. Himn çalınanda oturmamaq, erməniyə şillə atmaq, teatr tamaşasını protest etmək və s. - üzümüzə gülüş qondurub, ömrümüzü mənalı edir. Erməniyə qarşı, ermənilərlə bağlı istənilən hərəkətə bəraət qazandıracaq həddə çatmışıq. İraq olsun, bir gün eşitsək ki, azərbaycanlı manyak hardasa erməni qadını xüsusi amansızlıq və müstəsna sinizmlə zorlayıb, o şəxsi qəhrəman elan edəcəyik.
 
Edəcəyik. Allah gecindən versin, amma elə bir hadisə yaşananda, sözlərimi xatırlayacaqsınız.
 
İndi də Aran Vartanyan adlı Türkiyə vətəndaşı, yazıçı və aktyor adamla, özü də Şimali Kipr torpaqlarında dava eləyirik. Ağlıma gəlmişkən soruşum – Kiprdə, ya da Türkiyədə, səhnəyə çıxacaq “üçü birində” azərbaycanlı yazıçı, “stand up”çı, aktyor varmı? Türklərə maraqlı olsun, tamaşasına bilet alsınlar, kitabları yüksək tirajla satılsın və facebook-da 350 min (!) izləyicisi olsun?
 
Təpədən tüstü çıxaran sualdır, yox? Unudun getsin.
 
300 ədəd azərbaycanlı tələbə (deyirlər Şimali Kiprin ali təhsil ocağında oxumaq, Elşad Abdullayevin universitetinə qəbul olunmaq qədər rahatdır), həmin bu Aran Vartanyanın teatr səhnəsinə çıxmasından qəzəblənib, etiraz aksiyası keçiriblər; biri polisə kəllə atıb, o biri deyib “səni belə-belə eləyərəm”, polisin birinin beyni silkələnib, hələ bu tələbələrin böyüyü də çıxıb açıqlama verib ki, bəs “biz düz eləmişik”.
 
Vartanyanın (D`artanyana nətəhər də oxşayır) facebook səhifəsinə baxıram - adam necə soyuqqanlı, ağır başlı, mədəni “takılır”. Elə hey dostluq, qardaşlıq, barış mesajları verir. Azərbaycanlılar da girib orda ana-bacı qoymurlar, amma Aran əfəndi də heç birinin şərhini silmir, heç kəsi bloka salmır. Adam ağıllı. Niyə eləsin ki, bunları? “Buyurun, baxın, biz bu adamlarla qarşı-qarşıyayıq. Biz, yəni mədəni, kültürlü, əfəndi ermənilər, görün bunlardan nələr çəkirik.” Adam özünün və mənsub olduğu xalqın məsum, əzilmiş obrazını yaradır və bunu böyük uğurla edir. Bizim obrazımız nədir?
 
Mən bizim adamların beyhudə çabalarına, ziyan olan və ziyanverən enerjilərinə heyfsilənirəm. Artıq anlamaq vaxtıdır – Türkiyə bir ovuc ülkücüdən, milliyətçidən ibarət deyil. Azərbaycan mediası Türkiyəni Azərbaycan insanına çox yanlış, daha doğrusu natamam təqdim edirlər. Bizim medianı izləsən, sanarsan ki, Türkiyədə hər kəs Azərbaycan məsələlərinə həssas, ağlı-fikri bizim ellərdə, bizim bitib-tükənməyən dərdlərimizdədir. Azərbaycan deyirlər, başqa bir şey demirlər.
 
Elə deyil. İllüziyalardan qurtulun artıq. Zorla gözəllik olmaz, zorla özünüzü sevdirə bilməzsiniz. Sizi çaşdırırlar, yanlış yönləndirirlər. Türkiyə gənc əhali üzrə öndə olan ölkələrdəndir. Orda elə bir nəsil yetişib ki, soyqırımı sözünün qarşısına “sözde” qoymur. Buna ehtiyac duymur. Bizimkilər də dirəyiblər adamları, nədir nədir bu “sözdə” ibarəsini qoyduracaqlar soyqırımının qarşısına.
 
Azərbaycan və azərbaycanlılarla təması olan ülkücü, milliyətçi, konservator türklərin dediklərinə aldanıb, bunu bütün türklərin qənaəti hesab edənlərə, nə betər yanıldıqlarını başa salmaq çox çətindir. Bilmirsən nə deyəsən.
 
Əfəndilər, erməniyə Türkiyədə böyük simpatiya var. Bu simpatiyanın azərbaycanlıları qıcıqlandırması normaldır, amma bu qısqanclığı biruzə verməyin də bir üsulu yolu olmalıdır. Ermənilərin Türkiyədə əzabkeş, peşəkar usta, intellektual, sənətçi, oxumuş obrazı var. Belədir vəziyyət. Azərbaycanlıların Türkiyədə belə bir obrazı yoxdur. Bəs nədir bizim obrazımız? “Ay balamlı türküleri yanık-yanık söyleyen, konuşmaları bizim kürtlerin aksanı gibi olan şirin, köylü azeri kardeşlerimiz. Bir de AzTv-leri var hehe”.
 
Budur.
 
Mənim ilk gündən mövqeyim belədir (kimə maraqlıdırsa) - soyqırımı məsələsi Türkiyə ilə ermənilər (hətta Ermənistan da yox) arasında həll edilməli məsələdir. “Xocalı, Xocalı” deməklə deyil. Sənin parlamentin hələ bunu soyqırımı kimi qəbul etməyibsə, başqasından nə tələb edirsən?
 
Türkiyədə məlum kompleksdən irəli gələn bir erməni heyranlığı var. Türkiyənin “entel” kəsimi arasında erməniyə sevgi, azərbaycanlıya sevgidən böyükdür. İsrarla “Sarı gəlin” haqqında “erməni türküsüdür” deyəcəklər. İllərdir yırtırsınız özünüzü, amma əksini onlara qəbul etdirə bilmirsiniz. Bilməyəcəksiniz də.
 
Bütün bunların acığı var içinizdə, başa düşürəm. Amma bunun da yolu Kiprdə Türkiyə vətəndaşı bir artistə qarşı artistlik etmək deyil. Bir daha deyirəm - adam Türkiyə vətəndaşıdır. Onun haqqı, hüququ azərbaycanlılardan qat-qat çoxdur orada. Hətta bunun müqayisəsi belə gülməlidir. Azərbaycan vətəndaşı tərəzinin bir gözündə, Türkiyə vətəndaşı erməni isə obiri gözündə. “Türkiye Cumhuriyeti Devleti”nin nəzərində hansı ağır gələr? Ağır-mağır bilmirəm, amma azərbaycanlı o tərəzinin gözündən sadəcə uçar.
 
Aran Vartanyan Türkiyənin və türklərin canıdır, gözüdür, ciyər parasıdır. Siz kimsiniz? Bu sualı özünüzə mütləq verin. Adam reallıq hissini bu qədər itirməz.
 
Əli Əkbər
 
Kultura.az 
Kultura.az | Developed by Samir Yahyazade