post-title

Biz qalib gələcəyik - Əli Əkbərin yazısı

Ona görə ki, biz tarixən, həmişə qalib gəlmişik. Bizi sındırmaq çox çətindir.

 
 
Coğrafyamız, Yer kürəsindəki mövqeyimiz bizim bəlamız, lənətimiz olub. Neftdən öncə lənətimiz coğrafyamızdır. Keçən əsrin əvvəli, bu lənətin üstünə bir də neft lənəti əlavə olunub. Tarixən elə bir dəhlizdə, elə bir açar mövqedə olmuşuq ki, gələn-gedən bir qapaz vurub, talan edib, soyub. Əzilmişik, tapdalanmışıq, zorlanmışıq. Lakin sınmamışıq. Əzilərək, tapdalanaraq, zorlanaraq mövcud olmağı öyrənmişik.
 
Həyat bizə fırıldaqla yaşamağı öyrədib. Müxtəlif maxinasiya və kombinasiyalar üzrə professional olmuşuq. Bizim xalqın çevik zəkası, tacirlik qabiliyyəti, fırıldaqçılığı, buqəlmunluğu – tarixi determinizmlə izah olunmalıdır.
 
Təlatümlərin, qırğınların, işğalların nəticəsində unikal bir xalq yetişib - kəndirbaz, ağzından od püskürən, yerlibaz, qoyunsevən. Hamı ilə yola getməyi, hamı ilə dil tapmağı bacaran əziz xalq, uca millət. Rasional, hesab-kitabını yaxşı bilən, şeytana pabuç tikən ulus.
 
Bu torpaqların əvvəllər sakinləri olub – mavi gözlü albanlar, şirin sözlü albanlar. İndi hardadır onlar? Nə fərqi var onlardan əvvəl və sonra kimlər, hansı etnoslar yaşayıb bu coğrafyada? Talışı, ləzgisi, türkü, udini, qrızı ilə vahid bir xalqıq, bir-birimizə dayağıq. Mən etnisite söhbəti eləmirəm, etnik mənsubiyyət kulturoloji və etnoqrafik mövzudur. Mən xalq deyəndə hər kəsi, hamımızı, bu torpaqlarda əsrlərdir məskunlaşmış, qanı qarışmış və bir xalq kimi formalaşmış azərbaycanlıların cümləsini nəzərdə tuturam.
 
Dörd yüz, beş yüz dərəcə istidə qırılmayan bakteriyalar kimi, bizi heç bir ordu, heç bir təbii fəlakət, heç bir imperiya sarsıda bilməyib. Hər zaman bir çıxış yolu tapmışıq, uyğunlaşmışıq, ayaqda qala bilmişik. Gəliblər, qarışıblar, kəsiblər, doğrayıblar, nənələrimizlə oynaşıblar, nəticədə biz, yəni dünyada özünəməxsus yeri olan, Azərbaycan və onun xalqı əmələ gəlib.
 
O imepriyadan bu imperiyanın qucağına atlamışıq. Hamıyla mazaxlaşmışıq. Nə din, nə ideoloji, nə təlim, nə qanunlar – bizi heç nə maraqlandırmayıb. Biz heç nəyə sonuna qədər inanmamışıq, etiqad etməmişik. Bizi ancaq sağ qalmaq düşündürüb, başqa heç nə! Həyat mücadiləsi vermişik və bu uğurda zərdüşti də, xristian da, müsəlman da, kommunist də, liberal da olmağa hazır olmuşuq. Papadan elə böyük katolik obrazına girmişik ki, səmimiyyətimizə heç kəs şübhə etməyib. Hamı bizə inanıb. Sonra da tarixi şərait yetişən kimi, bizə inananlara haqlı olaraq kələk gəlmişik, atmışıq, satmışıq.
 
Bizi qınamaq olmaz, canımızın hayında olmuşuq. İmkan verməyiblər sakit yaşayaq. Hərə bir kitabla, ideologema ilə üstümüzə gəlib. Biz də ölmək yerinə, bu kitablara və ideologemalara tipa “inanmaq” yolunu seçmişik. Yerimizdə kim olsaydı uyğunlaşma qabiliyyəti bu cür təkamül və inkişaf edəcəkdi. Ya da məhv olub gedəcəkdi. Biz məhv olmaq istəmədik. Buna görə adamı qınayarlar?
 
Yaşamaq uğrunda fırıldaqlarımız öz yerində, bizim axı bir xalq kimi naxışımız da var. Bəxti gətirən xalq olmuşuq. İti zəkalı, bəxtəvər xalq. Solunda Osmanlı, üstündə Rusiya, altında İran. Hamısına mavi muncuq verə bilmişik. Üçü ilə də flirt etmişik. Onun yanından çıxıb, obirinin yanına girmişik. Zaman-zaman rusa da, osmanlıya da, persə də atış gəlmişik, heç ruhları da inciməyib. Ay kişi, Türkmənçay müqaviləsi ilə bapbalaca ostan parçası olmaqdan çıxıb, özünə görə bir subyektə çevrilmişik.
 
O alaçıqdan bu alaçığa köç edən bir qövm üçün, Axundov adlı adam çıxıb, pyeslər yazıb, tamaşalar qoyub. Sonra araya salıb, "çujoy poxmel" respublika da qurmuşuq. Təsəvvür edirsiniz? Əlifba islahatı, parlament, bayraq, konstitusiya (!). Bunların sayəsində şimal imperiyasına Dağıstan, Çeçenistan, Osetiya kimi yox, müstəqil subyekt kimi daxil olmuşuq. Bu deyilmi naxış? Bu deyilmi bəxt?
 
Burada da xüsusi istedadımızla seçilmişik. Nərimanovumuz Leninlə, Bağırovumuz Stalinlə, Heydər Əliyevimiz Brejnevlə dil tapıblar, bizi imperiyanın qəzəbindən maksimum qoruyublar, nə qoparmaq mümkündürsə maksimum qoparıblar. Əlbəttə, qurbanlar da vermişik. Repressiya illərində canfəşanlıq da etmişik, heç Moskvaya lazım olmayan edamlara özümüz imza atmışıq. Yenə də gürcü və erməni qədər repressiya qurbanımız olmayıb. Bəli, qaymaqlarımız güllələnib, amma xalq kimi mövcudluğumuzu qoruyub saxlamışıq.
 
Orqanlarımız içərisində ən funksionalı, ən itisi, ən çeviyi hər zaman DİL-imiz olub. Dilimiz işləyib, dilimiz hərəkət edib, dilimiz sürətlə sürtünüb, saniyədə iki min vurub. Xalq uğrunda, millət uğrunda, dövlət uğrunda. Bunun da kulminasiyası “Широко шагает Азербайджан» olub. Biz bunu qazanmışıq!
 
Nəhayət, ermənilər kimi qədim, hətta kaftar; Urartu-Murartu söhbəti eləyən, soyqırımı deyən, başqa bir şey deməyən, dünyaya səpələnmiş, ABŞ və Avropada əcaib diaspora qurmuş, terror ənənəsi yaratmış, sənətçilər yetişdirmiş bir etnosu, götürüb barmağımıza dolamışıq. Onların bütün ideologiyasını, ideyalarını, misyon və vizyonlarını profanasiyaya uğratmışıq, məişət səviyyəsinə endirmişik. Dolma və "Sarı gəlin" dartışmasına - yəni plintusun altına salmışıq. Erməninin xəbəri yoxdur, biz onu necə bədbəxt eləmişik. Bu qövm, azərbaycanlılara baş qoşduğu gün öz ölüm fərmanını imzalayıb. Ermənilərin sonuna biz, azərbaycanlılar çıxacağıq.
 
Ona görə deyirəm ki, bizim xalqa bir şey olmayacaq. Biz nə devalvasiyalar atlatdıq, nə faləkətlərdən, təlatümlərdən keçdik, nə rubllar, dollarlar gördük, amma sınmadıq. Dimdik ayaqdayıq. Panikaya meylimiz isə bizim şıltaqlığımızdır. Bu qədər də olsun, stress atmaq lazımdır axı.
 
Yəni panika eləyin, amma ürəyinizi də buz kimi tutun, hörmətli azərbaycanlılar. Sizə bir şey olan deyil. Söz verirəm, qiyamət günündə də siz ən sonda məhv olacaqsınız. Dalğalar, fırtınalar, od-alov əvvəl bütün dünyanı dümdüz edəcək, ən sonda Azərbaycana gəlib çıxacaq.
 
Musavat.com
Yuxarı