12-ci bəndin nəticələri

Фирудин АЛЛАХВЕРДИ

 
Şərqin son cahangiri Nadir şah Əfşar öldürüləndən sonra ölkəsi xırda xanlıqlara bölünmüşdü. Qacarlar bu xanlıqları yenidən bir bayraq altında birləşdirməyə çalışsa da, şimal-qərb xanlıqları bir-birinin ardınca əldən çıxır; biri zorla, biri xoşluqla, bir başqası hiylə ilə Rusiya İmperiyasına ilhaq olunurdu.
 
Qacarlar dəfələrlə cəhd etsə də bunun qarşısını ala bilmədi; sonuncu cəhd - 1826-28 müharibəsi də Rusiyanın qələbəsi ilə yekunlaşdı. Artıq Qacar dövlətinin şimal sərhədini Araz çayı təşkil edirdi.
 
Müqavilənin 12-ci bəndinə görə sərhədin hər iki tərəfində yaşayanlara 3 il vaxt verilir ki öz əmlaklarını satıb qarşı tərəfə keçə bilsinlər. İnsanlar belə bir mühüm geosiyasi dəyişiklikdən sonra özlərinin və sonrakı nəsillərinin müqəddəratını təyin etmək şansı qazanır.
 
Seçim aydın idi: İslam qanunları ilə idarə olunan ölkədə yaşayıb, müsəlman şahın rəiyyəti olmaq, yoxsa yad xristian imperatorunʔ 
 
Şübhəsiz ki ictimai-siyasi təfəkkürə malik müsəlmanlar şahın rəiyyəti olmağı, bunu veclərinə almayanlar, özlərinə isti-soyuğu olmadığını düşünənlər isə bundan sonrakı həyatlarını Rus imperatorunun təbəəsi olaraq davam etməyi qərara aldı. Və yaxud sonuncular ümumiyyətlə heç bir qərar vermədi.
 
Eləcə də bölgədə yaşayan xristianlar: ictimai-siyasi aktiv, dünyanın işlərindən baş çıxaran xristianlar Rusiyaya ilhaq olunmuş torpaqlara köç(ürül)dü, buna əhəmiyyət verməyənlər sonradan (1935-dən) İran adlanacaq ölkədə qaldı.
 
Məsələyə etnik deyil, dini kimlik kontekstində baxmağa cəhd etməyimin əsas səbəbi o dövrün reallığıdı. Bildiyimiz kimi o dövrlərdə insanları bir-birindən ayıran əsas fərqlilik dini, hətta təriqət mənsubiyyəti idi. Yəni ictimai-siyasi düşüncəni təyin edən edən faktorlar dindən qaynaqlanırdı.
 
Amma əsas vurğulamaq istədiyim məsələ ictimai-siyasi aktivlik ənənəsidir ki, cənubda sonralar müxtəlif şəkillərdə olsa da davamlı şəkildə özünü biruzə verdi. 
 
Çox güman ki bu hadisə sonrakı tarixi prosesi şərtləndirdi. Arazın güneyində yaşayan müsəlmanlar İranda baş verən demək olar bütün ictimai-siyasi hadisələrə bayraqdar oldu: İran tarixində ilk dəfə konstitusiya tələbi Təbrizdə səsləndi, II dünya müharibəsində baş verən hadisələr sonucu, SSRİ-nin köməyilə olsa da 1945-46-cı illərdə respublika qurdular, 1979 İslam İnqilabında da, elə ondan sonra da ətrafda baş verən hadisələrə aktiv münasibət bildirdilər.
 
Arazdan quzeydə isə xristianlar aktiv oldu; elə Qarabağ müharibəsinə qədər gətirib çıxaran hadisələrdə də, müharibədə qalib olmalarında da ictimai-siyasi aktivlik ənənəsini sezməmək mümkün deyil.
 
P.S. Müqavilənin yuxarıda qeyd etdiyimiz XII bəndi Naxçıvan xanı və İrəvan sərdarına aid edilməmişdi.
 
Firudin Allahverdi
Kult.Az
Kultura.az | Developed by Samir Yahyazade