Dilimiz və səviyyəmiz - Əli Əkbərin yazısı

Алекпер АЛИЕВ

 
 
Hansında yazır-yazsın, Diopanın bu qərarının arxasında dayanan səbəb maraqlıdır. O deyir: “Mən, Fransa və Belçikada oxunacaq romanlar yazmaq istəmirəm. Fransızca yazıram, amma öz ölkəmdə heç kəsin bundan xəbəri olmur. Romanlarımda Afrikadakı bərbad vəziyyət haqda yazıram, Afrika həqiqətlərini yazıram, amma kimin üçün? Xaricilər üçün? Bəlkə mən nəyisə dəyişməyə qadir olan afrikalılar üçün, onların başa düşəcəyi dildə yazım? Afrikada vəziyyətin ağır olmasını eşitmək, oxumaq qərblilərin xoşuna gəlir. Bu, onların bizim daxili işlərimizə qarışması üçün legitim zəmin yaradır”.
 
Düşündüm ki, biz, azərbaycanlı yazıçıları Bubakar Diopa ilə nə doğmalaşdırır, nə birləşdirir?
 
Bizi kolonial keçmiş və feodal bu gün birləşdirir.
 
Doğrudan da, Qərbə bizlər, üçüncü dünya yazarları maraqlıyıqmı? Əsla yox. Bilirəm, bu etirafa sevinənlər, “bu alçaq, qurumsaq, millət düşməni yazarcıq, nəhayət, öz həqiqi yerini tapdı, Qərbdə heç kəsə lazım olmadığını anladı” deyənlər də olacaq. Durun, sevinməyə tələsməyin. Görün, sizə nə deyirəm – tək mən yox, Qərbə Axundov, Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Zərdabi, Qara Qarayev də lazım deyil. Yoxsa elə bilirdiniz dahilərimizi, böyüklərimizi orda tanıyıb sayırlar?
 
Biz TREND-də deyilik deyə, heç kəsə lazım deyilik.
 
Niyə deyilik? Bubakar Diopa kimi, kolonizatorun dilində yaratmırıq, danışmırıq deyəmi? Yox, o da deyil. Biz hətta rusca yazanda ruslara, rusdilli areala; ingiliscə yazanda ingilisdillilərə də maraqlı deyilik. Ona görə də, Azərbaycanda azərbaycandillilərin məruz qaldığı mədəni diskriminasiyanı görəndə, məni gic gülmək tutur. Bizim rusdillilər elə bilirlər ki, Azərbaycandan kənarda onlar kiməsə lazımdır. Guya dünyada azərbaycanlıları rusdillilərə və rusdilli olmayanlara ayırıb qiymət verirlər, yaradıcılığa dil prizmasından baxırlar. Bizim rusdillilər ölkə xaricində hansı uğuru qazanıblar ki, azərbyacandillilər onlara baxıb təcili surətdə rus dilinə keçsinlər?
 
“Rusdilli” mövzusunu boş yerə açmadım. Məsələ biz düşündüyümüzdən daha dərindir.
 
Gənclərimiz mənə və yazar həmkarlarıma tez-tez “nə oxuyaq?” sualını verirlər. Kitab siyahıları tərtib etmək son illərin dəbidir. Mənim bu məsələyə yanaşmam, Müsavat Partiyasının keçmiş və əbədi başqanı İsa Qəmbərin yanaşmasına yaxındır – sevimli kitablar, sevimli qadınlar kimi individual zövq məsələsidir və paylaşılması məqbul deyil. Bu səbəbdən mən, kitab siyahısı paylaşmağın tərəfdarı deyiləm. Oxumaq istəyən öz kitab(lar)ını tapacaq, məsləhətə ehtiyacı olmayacaq.
 
“Nə oxuyaq?” sualını ən az verənlər rusdillilərdir. Təəccüblü deyil - rus dilinin geniş arealı; aktual ədəbiyyat icmallarının bu dildə çoxluğu, Bakının kitab mağazalarındakı kitabların 90 faizinin rus dilində olması – rusdillilər üçün bu sualı gərəksiz edir. Rusdilli oxucu bilir “trend”də nə var, kitab bazarındakı yeniliklər hansılardır, nə oxumaq lazımdır.
 
Azərbaycandilli oxucu isə bədbəxtdir. Daha doğrusu, Azərbaycan dilindən başqa (kitab oxuyacaq səviyyədə) dil bilməyən vətəndaşımız bədbəxtin kubudur. Türkiyə türkcəsində oxumaq da ciddi baza tələb edir, o qədər də asan məsələ deyil. Azərbaycan dilindən başqa dildə oxuya bilməyən adamın erudisiyası məhduddur, heç kim məndən inciməsin. Belə adamlar, kitab bazarımızın təklif etdikləri ilə kifayətlənməyə məcburdur. Sovet dövründə, dünya ədəbiyyatından tərcümə olunan kitablar və bizim müəlliflərin yazdıqları, azərbaycandilli oxucuya ən yaxşı halda 300 kitablıq bir kolleksiya toplamağa imkan yaradar, bundan artığını gözləməyin. Bunların da neçə faizi konkret oxucunun zövqünə xitab edir? Mümkündürmü hamısı xoşuna gəlsin, hamısından zövq alsın?
 
Otuza yaxın kitab tərcümə etmiş təcrübəli bir tərcüməçi kimi, bu gün bazarın təklif etdiyi təcümələrdən çox narazıyam. Mən tək deyiləm, tərcümələrin bərbadlığı haqda ağzı olan hər kəs danışır. Bir zamanlar Mikayıl Rəfili, Əkrəm Əylisli, Çərkəz Qurbanov kimi tərcümə titanlarının gördüyü işi bu gün kimlər görür? Tərcüməçiliyin məsuliyyət və önəmini anlayırlarmı, özlərini həmmüəllif hesab edirlərmi, stili və məramı adekvat çatdıra bilirlərmi?
 
Baxın bizim çağdaş tərcümələrimizə. Belə pintilik, belə rəzalət olmaz. İlk səhifələrdən həvəs ölür, əsər gözdən düşür. Pula qənaət adına tərcümələr tələbələrə, diletantlara verilir, çox zaman da korrektor və redaktorların müdaxiləsi olmadan kitablar çapa gedir. Savadlı korrektor və redaktorlarımız da yox deyiləcək qədər azdır. Peşəkar tərcüməçilər də diletantların meydan sulaması nəticəsində işsiz qalıblar, çünki istədikləri honorarı onlara verən yoxdur. Naşirlərin bu cür ittihamlara standart cavabı var - “biz heç olmasa nəsə edirik”. Başınıza dəysin. Etmə, bundan yaxşıdır. Kəmiyyət dalınca qaçmaqdansa, keyfiyyətə fikir ver. Tərcüməçilik milli strateji məsələdir. Bəyəm biz qida seçimində “heç yeməməkdənsə, çürük məhsulu yeyək” prinsipi ilə davranırıq? O zaman mənəvi qidaya bu laqeydlik nədir?
 
Azərbaycanda kitab çapı hələ də kustar metodlarla aparılır. Tərəflərin hüquq və öhdəlikləri qeyri- müəyyəndir. Hər sahibkar, naşir öz qaydalarını diqtə edir və nəşriyyatlar redaktor, korrektor korpusu olmadan işləyirlər. Qiymətlər ovqata görə təyin olunur. Yayım sistemi ümumiyyətlə mövcud deyil. Kitab mağazaları yazarlara qarşı tərbiyəsizlik edirlər. Qucağına kitab doldurub mağazaları gəzən yazıçı, hər yerdə beş-altı kitab qoysa böyük uğurdur. Mağazaların çoxu hələ də ana dildə kitabları qəbul etmirlər. Səbəb? Azərbaycan dilində kitab satılmır deyə. Yazıçı mağazaya kitab verməyə nail olsa, pul toplama sezonunu gözləyir. Bu səfər də pul üçün mağazaları gəzməyə başlayır və adətən aşağıdakı hallarla üzləşir: 1 – pulu ödəyən əməkdaş (kassir, menecer) xəstədir, 2 - kassada pul yoxdur, 3 - götür kitablarını, bas bayıra.
 
Belə bir ölkədə sözün qiyməti, çəkisi ola bilərmi? Kitaba, yazıya bu cür münasibət sərgiləyən xalqın, ölkənin gələcəyi varmı? 
 
Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade