Vudi Allenin cavabı

Кино

 
 
2005-ci il istehsalı olan "Match Point" filmi bizim dilə elə olduğu kimi (Matç Poynt) tərcümə edilib. Film adını filmdə tez-tez gördüyümüz tenis oyunundan alır, voleybol və ya tennis müsabiqələrəində qarşılaşdığımız öndə olan rəqibin son  qazanılan xalla oyunu qalib bitirdiyi son xala "matç poynt" deyilir. Təbii film tennis müsabiqələri ilə bağlı deyil, amma son zərbə, son xal ifadəsi, yəni filmin sonluğu deyərdim ki, Vudi Allen filmlərinin həvəskarları üçün çox da təəccüblü olmasa da, həmişəki kimi eyni şok təsirini yaratmağa nail olur. Nyu Yorka, daha dəqiq desəm Manhattana olan sevgisini filmlərində əks ettirməyi sevən Vudi Allen bu filmi digərlərindən fərqli olaraq Londonda çəkib. Bir çox məşhur rejissor kimi bir çox filmlərində eyni aktyorlardan istifadə edən Vudi Allen "Viki, Kristina, Barcelona" filminin Vikisi (Viktoriya)  Skarlet Yohansonu Match Point filmində  kamera qarşısına Nola Rays olaraq çıxardır.   
 
Amerikadakı uğursuz karyera qurmaq cəhdlərindən sonra İngiltərəyə köçən Nola aktrisa kimi tanınmaq, karyerasında daha yaxşı pillələrə qalxmaq üçün ona aşiq olan,  köklü və varlı ingilis ailəsindən Tom Hevet (Metyu Qud) ilə evlənməyə hazırlaşır. Tomun tennis müəllimi olan,  hansısa yolla varlı olmaq xəyalı quran Kris Viltonun (Conatan Meyers) Tomun bacısı  Kloi (Emili Mortimer) ilə yaxınlaşması və ailəyə qatılmağı ilə tanış olan Nola və Kris  arasında ilk gündən gizli seksual münasibət başlayır. Kris hədəflərinə çatmaq üçün daha soyuqqanlı davranaraq istədiyi pula, işə sahib olur. Azad, dəyişkən təbiətli Nola isə Tomla evlənməkdən imtina edərək, həyatına əvvəlki kimi davam edir. Film qadın-kişi münasibətləri işığında təməl insan münasibətlərinə, insanın məntiq və hissləri arasındaki mübarizəsinə söykənir, münasibətlərimizdə və hisslərimizdə nə dərəcə səmimi olub-olmadığımızı sorğulayır. Sevgi və dürüstlük naminə pula arxa çevirən Noladan fərqli olaraq, Kris sahib olduğu pul və rahatlığa arxa çevirə bilmir. Digər yandan Nola ilə olan münasibətindən də əl çəkə bilmir. Nolaya olan hissləri ilə pulu və rahatlığı itirmə qorxusu qarşı-qarşıya gələnə qədər hisslərinin əsl üzünü özü də dərk edə bilmir. Bu çıxılmaz vəziyyətdən Vudi Allen həmişəki kimi məharətlə çıxır. Tamaşaçıya son zərbəni endirir. Kris, belə bir vəziyyətdə bir çox insanın əlinə fürsət keçərsə edəcəyi və ya etmək istəyəcəyi şeyi edir, problemi kökündən həll etmək üçün problemi silmək, yəni Nolanı öldürmək qərarına gəlir. Film, insanların yeri gələndə mənfəətləri üçün necə qərarlar verə biləcəyini, bu məqamda necə soyuqqanlı davrana biləcəyini və günah hissini necə rahatlıqla ruhunun dərinliyinə həbs edə biləcəyini göstərən tipik bir Vudi Allen filmi kimi bitir. Hər nə qədər film "Cinayət və Qəbahətlər (Crimes and Misdemeanors (1989)- )" filmini xatırlatsa da  ondan qəti şəkildə fərqlənir. Filmin rejissorun qırx illik təcrübəsinin nəticəsi olduğu olduğu, rejissorun peşəkarlığı filmin hər səhnəsində hiss olunur. Təəccüblü deyil ki, Vudi Allen bu filmi çəkdiyi ən yaxşı film adlandırır. 
 
Vudi Ellen "Hər filmində təkrarçılığa yol verir, eyni mövzulara toxunur, müxtəlif filmlərində oxşar səhnələrə rast gəlinir, eyni aktyorlara hər filmdə oxşar rollar verir, filmləri oxşar sonluqlarla bitir" tənqidlərinə düşünürəm ki, Matç Point filmi ilə cavab verdi. "Viki, Kristina, Barsolona" filmi ilə də  bu tənqidlərə demək olar ki, son verdi. 
 
Filmin həyəcanı klassik caz musiqisinin təsiri ilə iki qat da artır. Film sona yaxınlaşdıqca musiqinin səsi daha da yüksəlir və bir orkestrin müşayiətiylə Krisin Matç Poyntini izləyirik. 
 
...Film 4 nominasiya üzrə Oskar mükafatına namizəd olmaqla bərabər, müxtəlif festivallarda 24-dən çox nominasiyada namizəd göstərilib və mükafat alıb. 
 
Elvir Nizamoğlu
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade