post-title

Əlisa Nicat - Azərbaycan yazıçısı nə yaza bilər?

Azərbaycan realist ədəbiyyatı xülyəvi poeziya sərməstliyindən ayılandan sonra başlayır. Və Mirzə Şəfi və Mirzə Fətəlidən sonrakı 70 il ərzində nəsr və dramaturgiya nümunələri ilə meydana çıxıb. Əslində nəsrimiz cəmi 25-30 illik dövrü əhatə edir.

 
 
Çünki 1920-ci ildən sonra Azərbaycanda bolşevik müstəmləkəçilik dövrü gəldi və ədəbiyyat, Leninin təbirincə, «ümumproletar işinin bir hissəsi»nə çevrildi. Əlbəttə, Cəfər Cabbarlının özünəməxsus ustalıqla yazılmış pyesləri ayrıca bir mövzudur.
 
Bu 70 illik saxta «sosializm realizmi» epoxasından əvvəlki 30 ildə yaranan bütün poeziya, proza və dramaturgiya nümunələrinin hamısının mövzu və motivi Mirzə Fətəli əsərləri ilə bərabər milli xarakterin, milli davranış və rəftarın, milli düşüncə tərzinin və bütün bunlarda zəka, məntiq və mənəviyyatın yoxluğunun təsvirindən və ən başlıcası, qamçılanmasından ibarətdir.
 
Söhbət, bütün dünya ədəbiyyatında olduğu kimi, ümumbəşəri insanlararası münasibətlərdən deyil, hakimiyyət və fərdlərarası konfliktlərdən deyil, məhz milli naqisliklərin və eybəcərliklərin qamçılanmasından gedir.
 
Mirzə Fətəli, Nəriman Nərimanov, Mirzə Cəlli, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Sabir yaradıcılığının qızıl xəttini məhz milli mahiyyətlərin ümumbəşəri keyfiyyət və xüsusiyyətlərlə uyğunsuzluqları və ziddiyyətlikləri təşkil edir.
 
Bu mənada eləcə, cinsi məhəbbəti əndazəsiz poetik vüsətlə təsvir edən Füzuli və Nəsimi kimilər də Sabir və Mirzə Cəlillər kimi başqa xalqlar üçün anlaşılmaz olub, milli çərçivədən kənara çıxa bilmədi.
 
Yalnız bəsirətli Üzeyir bəy Hacıbəyov «Arşın mal alan» komediyası ilə məhəbbəti ümumbəşəri reallıq, təbiilik və yumorla təsvir edərək, sərhədlərimizdən kənara çıxa bildi.
 
Nəhayət, budur, XXI əsr gəldi. Müstəmləkə rejimi dağıldı və bədbəxtlikdən çoxəsrli siyasi əsarətin ağır zindanı altından yenə çıxa bilməyən, yağışdan çıxıb yağmura düşən xalqın bir ədalətsiz rejimdən digər bir rejimdə yaşayış dövrü başlandı.
 
Belə halda ədəbiyyat neyləməliydi? Siyasi hegemonluğu birbaşa ifşa etmək qeyri-mümkün oldu. Hətta mümkün olsa belə, xalqın siyasi ətaləti ucbatından heç bir ictimai və mənəvi hərəkət və təsirə səbəb olmadı.
 
Beləliklə, xalqın həyatı eyni məcrada davam edərək, eyni xarakterik elementlərlə möhkəmlənməkdədir.
 
Əlbəttə, bu xarakter və davranışın məcrasını dəyişmək, onu başqa namuslu, təmiz, ədalətli, demokratik istiqamətə yönəltmək olar, lakin rejim buna imkan vermir.
 
Nəticədə ədəbiyyat, nəsr və publisistika yenə Sabir dövründə olduğu kimi, əxlaq qamçısı rolunu oynamağa məcburdur. Pozitiv ədəbiyyatın, nəsrin yoxluğu səbəbindən Çingiz Abdullayev kimi ibtidai diletantlar meydan sulayıb, xalqın və oxucuların böyük hissəsi olan oğlan və xüsusilə, beyinsiz qızların nəinki zövqünü korlayır, hətta onu deformasiya yolu ilə demək olar ki, məhv edir.
 
Və beləliklə, ilk addımlarını atan gənc nasirlərin yaratdıqları kitab bazarında sıxışdırılıb, toz altında yatıb qalır.
 
Ölkədə nə xalq var, nə həyat var, nə də onun inikası olan ədəbiyyat və incəsənət.
 
XX əsrin əvvəlində cəmi 2 milyon əhalisi olan Azərbaycanın nəhəng bəstəkar, ədib, publisistlər pleyadası var ikən, indi 9 milyonluq əhalinin «xalq yazıçısı» adlanan bir neçə kifsəmiş və …mış nasiri və savadsız jurnalist ordusundan başqa heç kimi yoxdur.
 
Əlisa Nicat
 
Yuxarı