post-title

Nagel (tibbin gözü ilə)

Söhbətimiz Knut Hamsunun “Misteriyalar” əsərindən gedəcək. Sözü gedən romanda naməlum bir insan limana endiyi andan onu cəlb edən bir qəsəbədə bir müddət qalmaq qərarına gəlir. Oteldə nömrə tutur və yaşadığı müddətdə özünəməxsus müəmmalarıyla demək olar bütün yerli sakinlərin həyatını zəhərə çevirir, daxili rahatlıqlarını əlindən alır. Hamsunun yaratdığı bu obrazın özünəməxsus rəngarəngliyindən saatlarla danışmaq, hətta kitab belə yazmaq olar. Mənsə bu xarakteri məhz tibbi cəhətdən analiz etməyə çalışacam.

 
 
 
Sözügedən analizi etmək üçün hər  hansı bir ədəbi obrazın tibbi təhlili üzrə axtarışlara başladım. Nümunə kimi lazım idi. Amma təəssüf buna oxşar heç nə tapa bilmədim. Odur ki, icazənizlə onu özüm bildiyim kimi təhlil edəcəm.
 
1. Xarici görkəm- İohann Nilsen Nagel  28-30 yaşlı əsmər gəncdir. Daim şit sarı kostyum geyir. Bu kostyumun  onun tək kostyumu olduğunu utanmadan deyir. Ancaq əsərdə bunun tək kostyumu olduğu üzə çıxmasın deyə, eyni rəng və quruluşda digər kostyumunun da olduğunu öyrənirik.
 
2. Gəzdirdiyi əşyalar- daim özüylə gəzdirdiyi 3 əşya var: 
 
Metal üzük-   “...Üzüyü əlüzyuyanda unutduğu qəfil yadına düşəndə, Nagel artıq yatağına uzanmışdı; o, dərhal yerindən sıçradı, cumub üzüyünü barmağına keçirdi, elə bil bu vecsiz metal parçası olmadan keçinə bilməzdi....” və yaxud “...Allah eləməmiş bu üzüyü axşam saat onda itirsə, gecə yarısınadək, nəyin bahasına olur-olsun, tapmalıdır, yoxsa bədbəxtlik üz verər...”
 
Yarısınadək dolu zəhər şüşəsi - baş qəhrəmanın suisidal fikirlərindən xəbər verir.   “...bu zəhərdir-sianid turşusu. Mən onu cibimdə elə-belə, yaraşıq xatirinə gəzdirirəm, çünki məndə bu maddəni  birbaşa təyinatı üzrə istifadə etmək cəsarəti yoxdur. Bəs niyə bu şüşəni saxlamışam və onu niyə almışam axı? Bu da bir kələkdir, dəbdə olan dekadent təlxəkliyi, özünüreklam və snobizm... tfu!.. bu mərhəmətli əl necə də zərif və incədir...” 
 
Medal -  “..ya da götürək elə ilk baxışda məsum görünən mənim suda boğulanı xilas etdiyimə görə aldığım bu medalımı. Mən onu halal yolla qazanmışam, bu barədə danışmaq, hardasa xoşdur. Adam nələrlə, hətta boğulanları xilas etməklə belə məşğul olmağa məcburdur. ..” 
 
3. Diqqət dağınıqlığı  - Nagel faydasız əhəmiyyətsiz şeylərə hədsiz maraq göstərir. Məsələn, o cibində qeyd dəftəri gəzdirir. Burda o yeni köçdüyü qəsəbənin sakinlərinin ad, soyad, ünvanlarını qeyd edir. Ancaq Nagelin marağı tək bununla ödənmir, o hər nə qədər fikirli olur-olsun,  yanından keçənlərə hətta intuisiyanın belə sərhədlərini aşarcasına göz qoyur, xarici görkəm, üz ifadəsi, hətta hara dönməsindən belə özü-özlüyündə gəldiyi nəticələri cəmləyir, beyninə həkk edir.
 
4. Hallüsinasiyalar – Nageldə müxtəlif formalarda təzahür edir. Məsələn: 
 
Özünü həyatda məhkəmədəymiş kimi hiss etməsi- ilk fəsillərdə hadisələr obrazın dilindən ifadə olunur. Burda o “xanımlar və cənablar” deyə muraciətdən istifadə edir. Daim özü haqda hesabat verir. Xəyalında hesabat verdiyi insanları canlandırır və hətta onların görkəmləri üz ifadələrini belə təsvir edir.
       
Şübhəsiz insanın daxili aləmi nə qədər rəngarəngdirsə,  bu onun fantaziya qabliyyətinin genişliyinə də sirayət edir. Nagelin hallüsinasiyaları əsrarəngizdir, ecazkardır.  Sanki hər hansı  yaradıcı insanın- kinorejissor, şair, rəssamın xəyalından oğurlanmış epizodlardır. Nagelin yuxularını oxumaq oxucuya qeyri-adi zövq verir. Təsadüfi deyil ki, sonda qoyacağımız diaqnoz əksər suisid törədən  yaradıcı insanlarda sonralar tibb elmi tərəfindən təsdiqlənib.  Nəzərinizə daha bir hallüsinasiyanı çatdırmaq istəyirəm:
 
 “təsəvvür eləməzsiz məni sanki qarabasma izləyir: elə bilirəm ki, ətirli ağaclardan  qayırılmış, aypara şəklində ipək yelkənli bir qayıqda üzürəm. Məgər bu, qəribə deyil? Ağacların ətrini, istəsəm də, dəqiq sözlər tapsam belə təsvir etməkdə acizəm...”
 
Yaxud başqa bir bölmədə  Nagel Daqniyə bir gecə onu yaxalayan və sonra arxasınca gedəcəyi  kabusdan danışır: 
 
“..qüllə saatı gecəyarısını sonuncu dəfə vuran kimi balaca məxluq yenə qabağımda peyda oldu, dayanıb mənə baxdı və gülümsədi. Onu elə aydınca gördüm ki, ömrüm boyu yadımdan çıxmaz- qabaqda iki dişi vardı, əllərinisə arxada daraqlamışdı.
 
-qaranlıqda onu necə seçdiz ki?
 
-o, nəsə qəribə işıq saçırdı. O işıq şəffaf idi ki, hətta paltarlarını belə gün işığında görən kimi görürdüm; şalvarı köhnəydi, həm də qısa. Bütün bunları bir anlığa gördüm. Onun görkəmi məni  elə sarsıtdı ki, qeyri-iradi gözlərimi yumub gedi çəkildim. Gözlərimi açandasa artıq o qeyb olmuşdu...”
 
5.  təqib sayıqlamaları- “.. Nagel dil boğaza qoymurdu və sözarası etiraf etdi ki, o özü də bəzən səbəbi bilinməz qorxudan əziyyət çəkir. Hər addımbaşı dönüb geri baxmadan pilləkəni qalxa bilmir, ona elə gəlir ki, kimsə gizlicə onu güdür”.
 
6.  təfəkkürün sürətlənməsi – Nageldə sonradan bəhs edəcəyimiz kəskin əhval-ruhiyyə dəyişiklikləri zamanı  təfəkkür o qədər sürətlənmişdir ki, beynindəki müxtəlif və çoxsaylı fikirləri eyni anda çatdırmaq istədiyindən nitqi qeyri-tam, qırıq-qırıq alınır. “... o, lətifələri və müxtəlif gülməli əhvalatları yağmur kimi yağdırır, dil boğaza qoymadan ağzına gələni deyirdi. O gərginlikdən tərləyərək gah qızarır, gah ağarır və fikirlərini yenidən cəmləmək üçün aciz halda başından yapışır...”
 
7. Mənasız bədxərclik – Nagel tanımadığı ancaq halına acıdığı insanlara yüksək məbləğdə maddi yardım edir və bunu elə ustalıqla edir ki, bəzən onların bunu məhz onun tərəfindən edildiyindən xəbərləri olmur. O yaxşılığının üzə çıxacağından daim qorxur. Onun haqda xoş təəsürat yaranmasını istəmir və daim bundan qaçır.
 
8. Maniya və depressiya  fazalarının bir-birini əvəz etməsi- Nagelin əhvalı  əsər boyu sürətli dəyişir. Səbəbsiz yerə sevinclər və kədərlər bir-birini əvəz edir. Elə günlər olur ümumiyyətlə otağından çıxmır (depressiya fazası). Elə günlər olur sevincindən bütün günü gəzmək istəyir (maniya fazası).
 
 “...bu lap səhər tezdən, mən hələ yataqda olanda başladı, mən milçəklərin vızıltısını eşitdim, oyandıqdan sonra bu, mənim ilk şüurlu qavrayışım oldu. Sonra günəşin pərdədəki yırtıqdan otağa dolduğunu gördüm və dərhal daxilim işıqlı fərəhli bir duyğuyla dolub daşdı. Ürəyimdə yay hissiyyatı baş qaldırdı. Böyüməkdə olan otun güclə sezilən xışıltısını, bu səsin qəlbinizə sirayət etdiyini təsəvvürə gətirirsiz?..siz buna qarabasma deyirsiz, bəli, bəlkə də mən orasını bilmirəm; ancaq xahiş edirəm, mənim bu səhəri qeyri-adi şəkildə qavramağıma milçəklərin vızıltısını pərdənin xırdaca bir dəliyindən parlaq günəş işığı otağıma dolduğu andaca eşitməyimə, digər şeylərə diqqət yetirəsiz...”  bu səhnədə maniya vəziyyətinin şahidi oluruq. Amma bu uzun müddət davam etmir, bəzən  baş qəhrəman o  qədər bədbinləşir ki, kövrələ, hətta ağlaya bilir(depressiya). Bu duyduğu  kiçik qıcıqlara Nagelin yüksəkcavab reaksiyasıyla əlaqədar olur. 
 
Yuxarıda göstərilən simptomlar (manyakal və depressiv durumlar, təfəkkür sürətlənməsiylə əlaqəli nitq qırıqlığı, hallüsinasiyalar, sarı kostyum, suisidal fikirlər, mənasız bədxərclik ) Nagelin Bipolyar Affektiv Psixozdan əziyyət çəkdiyindən xəbər verir. Xəstəlik gənc yaşlarında və ən çox ailə üzvlərində yaxud əcdadlarında ruhi pozğunluq olanlarda olur. Belə xəstələr özlərini ağlı yerində, hətta daha ağıllı hesab edir. Bundan dolayı çox vaxt özləri həkimə müraciət etmir. Xəstəliyin müalicəsi fazadan və ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif komplekslər şəklində aparılır. Müalicə olunmazsa xəstəlik özünə zərər verməylə, hətta intiharla nəticələnə bilər, necə ki, Nageldə nəticələnir.
 
 
 P.S. Yazının hazırlanmasında əməyi keçən  Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının assistenti Vahabzadə Nəsimi müəllimə dərin təşəkkürümü bildirirəm.
 
Şahanə Manafova
 
Kultura.az
Yuxarı