Barlarda saksafon çalan rektorla müsahibə

Музыка

 
 
Nömrəsini asanlıqla tapdım. Telefonu açdı, bir dəqiqənin içində görüş gününü və saatını müəyyən elədi. İki gündən sonra onunla rektoru olduğu konservatoriyada görüşdük. 
 
Otağının qarşısında onu cəmi beş dəqiqə gözlədim. Beş dəqiqədən sonra o boynuna, qollarına bir yığın musiqi aləti keçirmiş halda gəlib çıxdı. Gecikməyinə görə üzrxahlıq elədi, katibəni filan çağırmadan özü çay dəmlədi, fincanları gətirib, qarşımda oturdu və aradabir otağına boylanan tələbələrinə cavab verə-verə mənim də suallarımı cavablandırmış oldu.
 
- Batono Rezo, necə oldu ki, belə gənc yaşda konservatoriya rektoru oldunuz? Biz ona alışmışıq ki, belə vəzifələri tutmaq üçün adamın ən az 800 yaşı olmalıdır.
 
 
- Mənə, bu o qədər də təəccüblü deyil, üstəlik, heç mən də o qədər gənc deyiləm. Rektor təyin ediləndə mənim əlliyə yaxın yaşım vardı. Belə alınmışdı ki, Mədəniyyət naziri ilə bizim konservatoriyanın keçmiş rektoru Manana Doycaşvili mənim barəmdə yüksək fikirdə oldular və məni bu vəzifəyə layiq gördülər. Açığı, təklifi eşidəndə xeyli düşündüm. Həm bu boyda məsuliyyətin altına girmək istəmirdim. Həm də düşünürdüm ki, konservatoriyada müəyyən islahatlara ehtiyac var ki, onları yenilikçi, cavan adam edə bilər. Bilmirəm, rahatlıq baxımından bəlkə də imtina etməyim yaxşı olardı, amma indi düşünürəm ki, yaxamı bu məsuliyyətdən kənara çəksəydim, sonra özümü bağışlamazdım.
 
- Siz gələnə qədər konservatoriyada bəzi şeylərə fikir verdim. Tələbələr olduqca sərbəst hərəkət edirlər. Qapı, girişlər eynidir. Yadımdadı ki, mən oxuduğum universitetdə rektor tamam başqa qapıdan daxil olurdu və həmin qapı yalnız ona xidmət edirdi. Sizdə isə çox sadədir hər şey...
 
- Tale ilə gətirib ki, mən uzun, çox uzun illər tələbə olmuşam. Buna görə də, bəlkə də tələbəliyin nə olduğunu məndən yaxşı bilən yoxdur.
 
Çalışıram ki, onlar özlərini rahat, sərbəst hiss eləsinlər. Tələbələrə həddindən artıq çox vaxt ayırıram. Bəzən o qədər çox vaxt ayırıram ki, adam lap yorulur. İşlərə, yaradıcılığa, ailəyə vaxt qalmır.  Belə yaradıcı yerlərdə ierarxiyanın açıq-aşkar hiss olunması, nəzarət, ciddi intizamın xeyri yoxdur. Burada yaradıcı insanlar oxuyur, onlarla məmur kimi davranmaq düzgün deyil. Hətta yaradıcı olmasa belə, sırf sən rektorsan, yüksək vəzifədəsən deyə, başqa qapıdan, başqa tualetdən istifadə eləmək, tələbə ilə arana dəmir sədd qoymaq əbləhlikdir. Həm pedoqoji, həm insani baxımdan. Mən belə şeyləri qəbul edə bilmirəm.
 
- Amma etiraf edək ki, sizin və bizim cəmiyyətlərdə bu normal qəbul olunur.
 
- Təəssüf ki, belədir. Məni çox danlayırlar ki, sən tələbələrlə həddən artıq səmimisən, onlarla «sənli-mənli» danışırsan. Doğrudan da, bəzi tələbələr var ki, onlarla o qədər yaxınıq ki, mənə rahatca «sən» deyə bilirlər. Tələbələrlə bu yaxınlığım, bu rahatlıq çoxlarının xoşuna gəlmir. Elə bizim konservatoriyada nə qədər insanlar var ki, yaşları çoxdur, başqa tələbə-müəllim münasibətlərinə öyrəşiblər. Qafqaz elə bir yerdir ki, burda ağsaqqal-ağbirçək kultu var, yaşlıların sözünə hamı hörmət edir, onun dediklərinə əməl edir. Mən bu ənənəyə hörmət edirəm. Amma gəlin, etiraf edək ki, bu ənənə də hərdən həddini aşır, bir az ifrat olur. Bizim də müəllimlərimiz qafqazlıdır, üstəlik, çoxları sovet adamlarıdır. Belə müəllimlərimiz çox gileylənir. Nə etmək olar, biz nə onları dəyişə bilmərik, nə də öz islahatlarımızdan vaz keçə bilmərik. Almaniyada təhsil aldığım on il ərzində gördüm ki, tələbə-müəllim münasibətlərində rahatlıq, səmimiyyət nə qədər dəyərlidir, bu, yaradıcı ortamlarda nə qədər xeyirlidir.
 
- Bildiyim qədərilə siz Tiflis barlarının birində saksafon da ifa edirsiniz. Bunu niyə və necə edirsiniz? Açığı mənim üçün bu şok idi, çünki bizdə heç bir rektorun belə bir şey edə biləcəyini təsəvvür edə bilmirəm.
 
- Mən bir yox, bir çox barlarda çalıram. Bəzən oğlum da mənimlə birlikdə ifa edir. Mən caz musiqisinin vurğunuyam. Bu isə elə musiqidir ki, onu konsert zalında ifa eləmək mümükün deyil, bu, gülməli olardı. Caz bar, sərbəstlik ortamında olmalıdır. Bayaq dediyim kimi, rektorsan deyə, özünü başqalarından üstün bilmək əbləhlikdir. Mən barlarda ifa etməklə həm sevdiyim işi göürürəm, həm də pul qazanıram. Bəzən tələbələrim də məni dinləməyə gəlirlər. Məsələn, bu cümə mən «Pur-Pur» barında ifa edəcəm, buyurun, sizi də dəvət edirəm. 
 
 
- Təşəkkür edirəm. Buna görə yüksək dairələrdən nəsə narazılıq eşitmisiniz, ümumiyyətlə, ictimaiyyət bu meylinizə necə baxır?
 
- Yuxarılardan narazılıq olmayıb, hətta iki nazir məni dinləməyə də gəliblər. Mətbuatın isə deyəsən, xoşuna gəlmir. Bir neçə dəfə olub ki, bu barədə tənqidi yazılar dərc ediblər. Amma sonra aralarında yanlışını başa düşüb, üzr istəyənlər də olub. Mən şəxsən bunun pedaqoji fəaliyyətimə, işimi bir xələl gətirdiyini düşünmürəm. Əgər kiimsə ciddi əsaslandırsa ki, belə şey rektor, pedaqoq üçün qəbulolunmazdır, onda yəqin ki, bir tədbir görərəm. 
 
- Konservatoriyanızda azərbaycanlı tələbələr çoxdurmu? Axı bildiyim qədəilə Gürcüstan əhalisinin 300 min nəfəri etnik azərbaycanlılardır. 
 
- Hazırda mən cəmi iki nəfər azərbaycanlı tələbə tanıyıram. Deyəsən, təkcə elə onlardır. Əlbəttə, bu çox balaca rəqəmdir. Mən istəyərdim ki, azərbaycanlı gənclər  onlar üçün yaradılmış  imkanlardan daha çox istifadə eləsinlər.  
 
Söhbətləşdi: Günel M.
 
Meydan.tv
Kultura.az | Developed by Samir Yahyazade