Fəlsəfə meşəsində azanlar - 3

 
 
Çox sadə səbəbdən: bu gün haqqında danışa bilmirlər. Ağa ağ, qaraya qara demək onlar üçün çətindir. Hər şeyi və hər kəsi öz adı ilə çağırmaqdan qorxurlar. Həqiqəti söyləməkdə özlərinə, karyeralarına təhlükə görürlər. Amma iddiaları da imkan vermir ki, sussunlar, danışmasınlar, yazmasınlar. Ona görə də fəlsəfəçiliyə - səfsəfəçiliyə baş vururlar. Guya bunlar bütün gündəlik məsələlərin, dərdlərin fövqündə dayanırlar. Guya bunlar üçün həyatımızı zəhərə döndürən, ölkəmizi qaramata çevirən problemlərin heç biri maraqlı və önəmli deyil. Guya bunları ancaq fəlsəfənin, dinin obyekti olan məsələlər, mövzular düşündürür. Guya bunlar məsələn, xoşbəxtliyi çox geniş mənada başa düşürlər, bunlar üçün xoşbəxtliyin hansısa dərin qatları maraqlıdır və həmin qatlara enmək istəyirlər. 
 
Bu ağılda birini facebook-dan tanıyırdım. Nə vaxt baxsan “əbədi suallar” verir, “əbədi cavablar” yazırdı. Məsələn, belə: “Ömür - insanın ölüm dərsində böyük tənəffüsdür, yoxsa kiçik tənəffüs?”.
 
 
Özü ağılda bir neçə nəfər də vardı, onlar da qoşulurdu buna, biri yazırdı, “heç biri deyil, ömür - ölüm dərsindən sınaq imtahanıdır”, o biri yazırdı, “ömür - dərsdən sonradır” və s. və i.
 
Bir gün baxıb görəm nə? Həmin bu yoldaş yekə bir status, daha doğrusu, Dövlət Yol Polisinin rəisinə açıq məktub yazıb, məktubun hər cümləsindən, hər cümləsi nədir, hər sözündən, hər hərfindən, hətta hər nöqtə-vergülündən qəzəb, üsyan, etiraz yağır. Sən demə, bunu yol polisləri saxlayıb, haqsız yerə pul cəriməsi və cərimə balı yazıblar, indi bu, iki ayağını bir başmağa dirəyib ki, araşdırılsın, əgər günahı olsa, pul cəriməsini ikiqat ödəyəcək, sürücülük vəsiqəsini isə cırıb atacaq. 
 
Mən də götürüb buna yazdım ki, “belə xırda məsələlərlə məşğul olmaq sizə yaraşmaz, axı sizi əbədi məsələlər narahat edir, cərimə balı nəmənə şeydir bunu özünüzə belə dərd eləyirsiniz, yol polisi kimdir ki, dayandığınız yüksəklikdən onun səviyyəsinə enirsiniz, siz elə buludların üstündə qalın, Oşo ilə-filanla söhbətinizə davam edin, qoy yol polisləri ilə bizim kimi avaragor adamlar məşğul olsun”. Əlbəttə, ironiyanı dərhal başa düşdü, məni anındaca dost listəsindən çıxardı, sonra eşitdim, hətta qaramca xeyli donquldanıb, dişinin dibindən çıxanı yazıb.
 
Bəli, “fəlsəfə meşəsində azanlar”ın hamısı belədir: nə vaxt ki, daş öz ayaqlarına dəymir, real həyatın sərt üzü ilə rastlaşmırlar, öz qorxaq, kölə mahiyyətlərini ağırtonnajlı söhbətlərin, əbədi mövzuların arxasında gizlədirlər, amma elə ki, ölkənin acı gerçəklikləri ilə toqquşdular, anındaca Hegeli, Kantı asanlıqla yol polisinə, JEK müdirinə dəyişirlər.
 
***
 
Maksim Qorkinin “Fəlsəfənin zərəri” adlı bir hekayəsi var. Oxuyanlar mütləq xatırlayacaqlar, oxumayanlar isə mütləq oxusunlar. 
 
Orada ruhi xəstəlik həkimi hekayənin bizim “fəlsəfə meşəsində azanlarımıza” bənzəyən qəhrəmanına deyir: “Mən sizin haqqınızda bəzi şeylər eşitmişəm, mənim dediyim şeylər sizin xoşunuza gəlməsə, xahiş edirəm, məni bağışlayasınız! Siz mənə necə deyərlər, ibtidai adam kimi görünürsünüz. İbtidai adamlarda xəyal həmişə məntiqi təfəkkürdən üstün olur. Sizin oxuduqlarınız, sizin gördükləriniz sizdə ancaq fantaziya yaratmışdır, bu fantaziya real həyatla qətiyyən düz gəlmir; real həyat özü də fantastik olsa da, bu başqa cür fantastikadır...”
 
Lap axırda isə həkim hekayə qəhrəmanına şən bir şeytan kimi gülümsəyərək belə söyləyir:
 
“- Hallıca bir arvad sizin üçün çox faydalıdır!”
 
Bəli, bu hekayəni mütləq oxumalısınız, təkcə ona görə yox ki, həkim niyə belə demişdi.
 
Həm də ona görə ki, bu yazı silsiləsində sizin üçün hansısa qaranlıq məqamlar qaldısa, haqqında danışdığım hekayədə həmin suallarınızın da cavabını tapacağınıza inanıram. 
 
Elnur Astanbəyli
 
Azadliq.az
Kultura.az | Developed by Samir Yahyazade