Qadınlar niyə kişilərin ətini yeyir? - Sevda Sultanova

Кино

 
 
Əhvalatın qəhrəmanı Sandra uzun müddətli depressiyadan sonra işinə qayıtmaq istəyir. Amma ixtisar edildiyini öyrənir. Qadın iki gün ərzində bütün gücünü işə salır ki, iş yoldaşları onun lehinə səs versin və işinə dönə bilsin.
 
Sandra iki uşaq anasıdır, əri kafedə aşpaz işləyir. Əgər qadın çalışmasa, ailə yenə də dövlətin onlarla verdiyi dar, şəraitsiz mənzilə köçməli olacaq.
 
Ona görə də Sandranın yaşamaq uğrunda mübarizəsi başlayır.
 
Amma mən bu filmi təkcə sosial aspektdən çox, müasir qadının acınacaqlı vəziyyəti kimi  yozdum.
 
Bu qadını Dardenn qardaşları bizə necə təqdim edir?
 
Əvvəldən axıra kimi depressiv, baxımsız, tez-tez ruh vəziyyəti dəyişən, qayğılardan qadınlığını itirmiş kimi.   
 
Əri isə əksinə gümrah görünür. O, bütün film boyu arvadına psixoloji basqı edir ki, sən çalışmalısan, işləməlisən, işləməsən maddi durumumuz ağır olacaq, ona görə mübarizə aparmalısan. Və arada mübarizədən baş açıb bizə piroq da bişirməlisən.
 
Qadın ağlayır, gücdən düşür, ümidsizləşir. Onun yaşadığı sarsıntı isə kişinin vecinə də deyil, o basqıları daha da artırır.
 
Nəsə, həngamənin axırında qadın işinə qayıda bilmir. İşçilərdən yalnız bir qismini onun lehinə səs verməyə inandıra bilir. Finalda qadın qələbə qazanmasa da, onun əzmkarlığını, cəhdlərini müəlliflər xüsusi vurğulayır. Sanki qadının zor gücünə, özü də istəmədən hər çətinliyin öhdəsindən gələn fədakar obrazını yaradırlar.
 
Doğrusu, mənə elə gəlir ki, Dardenn qardaşları filmlərində bir qayda olaraq sosial problemləri lazım olduğundan artıq şişirdir, dramatizm qatmaq üçün.
 
İnkişaf etmiş bir Avropa ölkəsində Sandranın vəziyyəti qadınların illərlə apardığı gender, qadın haqlarının uğrunda mübarizəsinin nəticəsidir.
 
Qadınlar təhsil, seçki, cəmiyyətdə kişilərlə bərabər olmaq hüququ qazandılar.
 
Vəziyyət indi o həddə çatıb ki, kişi qadından tələb edir, işləməlisən, depressiyada da olsan buna tab gətirməlisən, pul gətirməlisən, ailə büdcəsinə faydalarını da verməlisən, hələ uşaq da doğmalısan və s.
 
Zərif qadın orqanizmi isə dözə bilmir.
 
Aktiv iş həyatı yaşayan tanış qadınların çoxu bu problemlə üz-üzədir, 8-10 saatlıq işdə orqanizm yorulur, gündəlik ənlik-kirşanın, bəzək-düzəyin  arxasında isə yorğun qadın vücudu gizlənir.
 
İşdən evə o qədər yorğun gəlirlər ki, nə özlərinə qulluq etməyə gücləri çatır, nə əməlli-başlı uşaqlarına vaxt ayırmağa, nə ev işləri ilə məşğul olmağa, nə də ürəyincə olan şam süfrəsi qurmağa.  
 
Stress, xroniki yorğunluq qadını qadınlıqdan çıxarır.
 
Sandranın, özümüzün vəziyyətinə baxıb düşünürəm ki, hüquq bərabərliyi məsələsində bu qədər qabağa getmək lazım deyildi.
 
Əski zamanlar gözəl idi, kişi ovlayıb gətirirdi, qadın yeyirdi.
 
İndi yenə də qadın ət yeyir.
 
Ərinin başının ətini...
 
Kulis.az
Kultura.az | Developed by Samir Yahyazade