post-title

İngilis və rusun müqayisəsi. Nobelli yazıçının oçerki

"Sənət baxımından bizim ruslardan öyrənməli olduğumuz çox şeylər var, həyatda isə onlar bizdən nəsə öyrənə bilərlər". "Rusların qarşısında duran öyrənməli məsələlərdən biri budur ki, hissləri gizlətmək hələ qəlbsiz olmaq demək deyil. Onlar bilməlidir ki, ingilisin zabitəli və rəsmi işgüzarlığı altında çox vaxt isti qəlb, mənəvi zəriflik gizlənir; ingilis göründüyü kimi o qədər də axmaq və o qədər də hiyləgər deyil".

 
Məşhur "Forsaytlar sülaləsi" roman-trilogiyasının müəllifi, Nobel mükafatçısı Con Qolsuorsi (1867-1933) ingilis yazıçıları arasında bəlkə də ən məhsuldar yazardır: o, 20 roman, 27 pyes, 3 şeirlər top­lusu, 173 novella, 5 esselər toplusu, 700-dən çox məktub, çoxsaylı oçerk və resenziyalar müəllifidir. Onun oçerkləri arasında diqqəti çəkən "İngilis və rus" (Englishman and Russian) yazısını oxuculara təqdim edirəm. Yazıçının bu oçerki Birinci Dünya müharibəsi zamanı İngiltərədə çıxan "XX əsrin Rusiyası" jurnalında ingilis və rus dillərində dərc olunub.
 
 
John Galsworthy
 
 
İNGİLİS VƏ RUS
 
Uzun illərdir ki, məndə belə bir möhkəm əminlik yaranıb: rus və ingilis sanki bütöv bir adamın bir-birini tamamlayan iki hissəsidir.
 
Rus adamında nə yoxdusa, ingilisdə var; ingilisdə nə çatışmırsa, rusda var. Qoqolun, Turgenevin, Dostoyevskinin, Tolstoyun, Çexovun əsərləri, bu sənətkarların heyrətamiz səmimiyyəti və həqiqəti mənə imkan verdi ki, rus qəlbinin bəzi sirlərindən ağah olum.
 
Belə ki, mənim həyatda rast gəldiyim ruslar başqa ölkələrdən olan qadın və kişilərdən daha çox anlaşıqlıdırlar.
 
Bu qənaətim məktəbli oğlanların şparqalkasına bənzəyə bilər. Yalnız axmaq adam təsdiq edə bilər ki, o, hər şeyi bilir - şübhəsiz, özgə qəlbi qaranlıq meşədir; amma rusun qəlbi mənə o biri qəlblərdən daha az qaranlıq görünür, qismən ona görə ki, rusların ləyaqət və qüsurları ingilislərə təsir etmək gücünə qadirdir; bir qədər də buna görə ki, məndə zövq və məmnuniyyət yaradan böyük rus yazıçıları həqiqətə daha dərindən nüfuz etmək istedadına malikdirlər.
 
Məncə, rus və ingilis adamını müqayisə edərkən, hər şeydən öncə elə "həqiqət" məsələsindən başlamaq lazımdır.
 
Mən deyərdim ki, "həqiqət" anlayışına, ingilisin ehtirası var; o, sözünün ağasıdır - demək olar ki, hər zaman. O, demək olar ki, heç vaxt yalan danışmır... İngilisin atalar sözünə görə, ən yaxşı siyasət düzgünlükdür.
 
Lakin ingilis həqiqətin ruhuna o qədər də hörmət etmir. O, qeyri-şüuri olaraq öz-özünü aldatmaqla məşğuldur; amerikalılar demişkən, ingilis ona uğur qazanmaqda maneçilik törədə bilən şeyləri eşitməkdən və görməkdən imtina edir.
 
İngilisi əsasən yarışın özü maraqlandırır, həyat yox; əslində o, öz həyatını bir o qədər dolğun yaşamaq və anlamaq istəmir, bu yarışda yalnız qələbə çalacağını arzulayır. Qələbə çalmaq üçün, ya da başını qələbə xülyasıyla doldurmaq üçün isə gərək çox şeyə gözünü yumasan. Həqiqət anlayışına yanaşmada rus adamı daha sadəlövh və qayğısızdı; lakin o, özünü dərk etməkdən, özünü tanımaqdan həzz alır, öz düşüncə və hisslərinin dərin qatlarını araşdırmağı sevir, hətta ən qaranlıq nüanslarını belə tədqiq etməyi xoşlayır.
 
Rusiyada zaman və məkanın bir elə əhəmiyyəti yoxdur; yaşamaq həyatın özündən daha üstün sayılır, ehtiraslar axtalanmır, hisslər açıq-aşkar cilovlanmır;
 
Rusiyada ədəbsizlik və etiqad, intellektual bacarıq və sadədillik dalğaları mövcuddur; orada həqiqət tamam ayrı məna kəsb edir, dəyərlər, davranışlar bambaşqadır.
 
Bizim yaxşı dəyər hesab elədiyimiz şey orada tamamilə mənasız kimi qəbul edilir. Hər halda, məndə belə bir təsəvvür var ki, rus adamı həyata çox böyük həvəslə atılır, fincanı götürüb dibinə kimi içir, sonra da vicdanla boynuna alır ki, dibdə bulanıq çöküntü gördü və bu məyusedici nəticəylə də birtəhər barışır. İngilis fincanı əlinə ehtiyatla götürür və onu xırda qurtumlarla içir və bu məmnuniyyəti özü üçün qətiyyətlə uzadır, çöküntünü bulandırmır və dibə düşməmiş ölür.
 
Bu, eyni instinktiv istəyin (binayi-qədimdən insanın həyatdan mümkün qədər daha çox şey götürmək istəyinin) iki qütbüdür.
 
Rus adamı üçün nəyin bahasına olur-olsun hisslərin tam dərinliyinə baş vurmaq və onları dərk etmək vacibdir, anlamağın son həddinə çatmaq əhəmiyyətli hesab olunur. İngilis üçün isə xülyanı saxlamaq vacibdir və əsas odur ki, ölüm onu gözlənilmədən haqlayanadək o, ölümə sarı qalibiyyət ruhuyla irəliləsin.
 
Doğrusu, mən bilmirəm bu mühüm fərqi necə izah edim; bizim həm iqlim, həm də coğrafi şəraitimiz oxşar deyil. Ruslar ucsuz-bucaqsız düzlərin, meşələrin, quru havanın, kəskin soyuq və istilərin övladlarıdır; ingilislər isə dəniz uşaqlarıdır, xırda biçimli, kələ-kötürlü düzlərdən, alçaq təpəli mənzərələrdən, dumanlı havadan, orta temperaturdan çıxmış adamlardır.
 
Paradoksal olsa da, biz bu həqiqət amilinə öz şüurlu korluğumuzla, bəlkə də elə bu korluğumuzun gücüylə real söz və fəaliyyət azadlığına nail olmuşuq. Baxmayaraq ki, ruslar hər şeyin mahiyyətini anlamaq üçün onun astarını da çək-çevir etmək kimi səyləri ilə bizi çox geridə qoyublar.
 
Mənə elə gəlir ki, hər hansı bir ölkənin siyasi quruluşu milli xarakterə əsaslanır; və həyata praktiki və ehtiyatla baxan bizim kimi qocaman millətə yarayan siyasi azadlıq da ruslar üçün - özünü səxavətlə "xərcləyən" cavan millət üçün - hələ mümkün deyil.
 
Rusiyada əsasən gənclik şövqüylə böyüyürlər, bizim üçün isə gənclik nisbətən ölüvay dövrdür, böyümə yetişkənlik çağlarında başlayır. Bununla belə, siyasi mənada ruslar hələ cavandır, biz isə qoca. Və fikirləşmədən proqnoz vermək olar ki, rusların axırı necə olacaq. Ümumiyyətlə, siyasi güclərin gizli oyunu, siyasətin səbəb və nəticələri bu qısa oçerkin hüdudlarından çox-çox uzaqlara gedib çıxır.
 
Bizim praktik, sağlam düşüncəmizə, əsrlər boyu varlığımıza, əqlimizə hopan anlayışımıza (həyatda ən sadə və ən yaxşı yollarla nəyə nail olmaq kimi anlayışımıza!) ruslar gərək həsəd aparsınlar; bəlkə də heyran qalmalıdırlar!
 
Biz də gərək ruslara həsəd aparaq, çünki onlar "bu dünyanın adamları" deyil. Mən heç də demək istəmirəm ki, ruslar bu dünyaya o biri dünyanın kandarı kimi baxır- belə yanaşma onları merkantil olmaqda günahlandırmaq demək olardı. Mən rusların ölçüb-biçmədən, hisslərlə yaşamaq kimi təbii durumunu nəzərdə tuturam.
 
Bizim böyük qüsurumuz hisslərə tabe olmağı bacara bilməməyimizdir. İndiki yaxınlığımız nəticəsində rus adamı bizim sağlam düşüncəmizə, biz isə onun "bu dünyanın adamı olmamaq" kimi xasiyyətinə bir balaca "yoluxa" bilərikmi? Əsas sual da elə budur.
 
Və mən də bu suala belə cavab verərdim: sənətlə bağlı biz rus ədəbiyyatından nəsə götürə bilərik, həyatla bağlı isə ruslar bizdən nəsə öyrənə bilərlər. Rus ədəbiyyatı, hər halda, son iki onillikdə bizim ədəbiyyata güclü təsir edib. Rus yazıçılarının nəsri müasir ədəbiyyat dənizində ən güclü həyatverici cərəyandır; cəsarətlə deyirəm ki, bu ən güclü cərəyan Georq Brandesin monumental əsərindəki tədqiq olunan cərəyanların hamısından güclüdür.
 
Rus yazıçıları bədii ədəbiyyata, mənim fikrimcə, ədəbiyyatın bütün sahələrindən ən vacibini gətiriblər: müşahidələrinin canlı təsvirini, səmimiyyəti, bütün qərb ölkələri üçün yad olan və xüsusilə bizim üçün çox qəribə və yad sayılan bir şeyi, baxışların təsvirində açıqlığı, daha çox təbiiliyi gətiriblər.
 
Rus yazıçılarının bu keyfiyyəti göründüyü kimi, çox dərin milli köklərlə bağlıdır; çünki, hətta yüksək peşəkarlıq xüsusiyyətlərinə malik Turgenevdə də bu millilik görünür.
 
Bu xüsusiyyət ondan az həssas olan soydaşlarına da eyni dərəcədə xasdır. Bu da şübhəsiz rus adamının yaradıcı qabiliyyətlərindən biridir- bu, yaşantılar və duyğular dənizinə dərindən baş vurmaq, özünü həqiqət axtarışlarına fədakarcasına və ehtirasla qurban vermək bacarığıdır.
 
Mənim oxuduğum Kuprində, Qorkidə və digər müasir rus yazıçılarında da bu bacarığı müşahidə etmişəm və qiymətləndirirəm. Onların həyatı bəzəyərək göstərməkdə xüsusi istedadları var; onlar öz şəxsi dünyagörüşləri və əhval-ruhiyyələri ilə həyata kölgə salmırlar; beləliklə, sanki elə bir təəssürat yaranır ki, səninlə həyat arasında heç bir çap mətni yoxdur.
 
Yenə deyirəm ki, ruslar bizim ədəbiyyata güclü təsir ediblər; və mən onlartək ortadakı arakəsməni götürüb özümüzü qalib kimi hiss etməyimizi demək istəmirəm; bunu da demək istəmirəm ki, bizim yazı tərzimiz ruhən ruslarınkı kimidir.
 
Lakin ingilislərdən bəzisi rus əsərlərinin təsirinə yoluxub- həqiqəti görmək və onu təsvir etməyə can atır, ta qədimdən bəri ingilis sənətinin başı üzərində qarğış kimi əskik olmayan nəsihətçilik azarından əl çəkməyə səy göstərir. Başqa sözlə, rusların anlamaq səyləri ingilislərin müvəffəq olmaq səylərini bir qədər azaldıb.
 
Rus ədəbiyyatında həqiqət, dərinlik və anlaşılan tolerantlıq bizi xüsusilə heyran edir. Mənim bildiyimə görə, bizim ədəbiyyatda da rusları xüsusilə cəlb edən iki şey var- sağlam düşüncə və güclü enerji. Bu da ruslar üçün bir yenilikdir, onlara qeyri-adi görünür.
 
Cəsarət edib deyə bilərəm ki, onlar bizim bu tərzimizə yoluxmayacaq; bizi biri-birimizlə bağlayan heç bir tel rus yazıçılarının mənəvi və idraki vicdanlarına kölgə salmayacaq, onların səmimiyyətini əlindən almayacaq.
 
Əgər ruslar bizim ədəbiyyatın daha çox enerjili, dolğun süjetlərlə zəngin və "rədd olsun psixologiya!" kimi mövqedə olmasına məftundularsa, onda xahiş edirəm (bunu rusların xeyri üçün deyirəm!), elə uzaqdan-uzağa məftun olsunlar, ingilis ədəbiyyatının rus ədəbiyyatına çox da yaxınlaşmasına imkan verməsinlər. Elə təsəvvür etməsinlər ki, əgər onlar rus mənəviyyatına çevikliyi, təsirliliyi, səliqə-səhmanı calaq etmək istəsələr, öz ədəbiyyatları ilə zarafat etməyi də özlərinə rəva görə bilərlər.
 
Bu sahədə bizdən ruslara heç bir şey lazım deyil, ruslar sadəcə onlarda artıq var olan öz gözəl "payları"ndan rahat-rahat məmnun ola bilərlər. Burda biz onlardan nəsə əxs eləməliyik, ruslardan mümkün qədər öyrənməliyik; biz onlar kimi həyatın dibinə baş vurmağı, onu yenidən canlandırmağı, oxucuya özümüzdən heç nəyi sırımamağı öyrənməliyik.
 
Bircə şeydən başqa-sezilməyən fərdi çalardan, hər bir sənət əsərinə təkrarsız individual rəng qatan fərdi çalardan başqa! Hətta son dövrlərdə rus ədəbiyyatında etidal kimi qüsur olsa belə, onlar bunu aradan qaldırmaq üçün öz keçmiş ustad sənətkarlarından öyrənə bilərlər, bizdən yox; çünki bizim sənətdəki təmkin, etidal kimi xüsusiyyətlərimiz ya səthilikdir, ya da puritanlığın* riyakar mirası.
 
Həyatda, davranış hərəkətlərində tolerantlıq, dözüm tamam başqa şeydir. Bax bu sahədə ruslar gərək bizdən nəsə öyrənsinlər, axı biz ingilislər xüsusilə hisslərimizi cilovlamaq sahəsindəmisilsiz sənətkarlarıq. Davranış məsələlərində biz ruslardan demək olar ki, böyüyük. Bu baxımdan biz daha çox üç yüz il bundan qabaqakı Yelizaveta dövrünün adamlarıtək indiki ruslara bənzəyirik.
 
İnsanların cavan qalması onların kiminlə təmas qurmasından asılı deyil. Və əgər gələcəkdə indiki hərbi birliyimiz nəticəsində biz ruslarla ticari və ictimai əlaqələrimizi genişləndirməli olsaq, düşünürəm ki, rusların adət və əxlaqı, ola bilsin ki, həm də sosial-siyasi baxışları bizim təsir altına düşsün. Təkrar edirəm: sənət baxımından bizim ruslardan öyrənməli olduğumuz çox şeylər var, həyatda isə onlar bizdən nəsə öyrənə bilərlər.
 
Adətən qarşılıqlı rəğbət hissi o zaman yaranır ki, adamlar ya bir-birlərinə çox bənzəyir, ya da heç bənzəmirlər. Mənə söyləyirlər ki, bizim əsgərlər rus əsgərləri ilə çox yaxşı yola gedirlər.
 
Lakin müharibə qurtarandan sonra bir-biriylə hərbiçilər yox, mülki vətəndaşlar - işgüzar adamlar və turistlər təmas quracaqlar. Hər iki ölkədə nadir istisnaları nəzərə almasaq, müharibənin sonuna qədər bizim biri-birimizi anlayacağımızı gözləmək olmaz. Heç birimiz eyni cür düşünməyəcək, eyni cür hərəkətlər də etməyəcəyik.
 
Bizim biri-birimizə qarşı dözümlülüyümüz daha çox mənim əvvəldə qeyd etdiyim məsələnin etirafından asılıdır: biz sanki bütöv bir adamın iki biri-birinə heç oxşamayan ayrı-ayrı hissələriyik, pendirdən düzələn təbaşir kimiyik; biz biri-birimizi tamamlaya bilərik, uyğunlaşa da bilərik, lakin biri-birimizi əvəz edə bilmərik.
 
Ruslar da, ingilislər də, müxtəlif olsalar belə, bəşəriyyətin son dərəcə vacib növləridir - içimizə çox qapılmışıq, bütün ruslardan və bütün ingilislərdən aralanmış adamlarıq; biz də, ruslar da yad təsirlərə qarşı dəyişməz və keçilməzik. İngilisdən onun ingilis xasiyyətini almaq demək olar ki, mümkünsüzdür; rusdan da rus xarakterini qoparmaq çox çətin məsələdir. İngilis xarici ölkədə belə hesab edir ki, sanki aborogenlər hər şeyə onun gözüylə baxacaqlar; hətta bu baş verməyəndə əsəbləşməyə də meyilli olur! Biz bu xasiyyətimizdən əl çəkməliyik! Özünə tamam əks olan tərəfdən oxşarlıq gözləmək axmaqlıqdır!
 
Biz bunu başa düşməliyik ki, Rusiyada zaman və məkan bizdəki kimi məna daşımır və onu da bilməliyik ki, ruslar üçün yaşamaq həyata sahib olmaqdan daha vacibdir; orada hissləri, duyğuları sıxışdırmırlar, əksinə, onlara tam azadlıq verirlər; Rusiyada təkcə kəskin soyuqlar və istilər olmur, orada həm də hədsiz dərəcədə şəkkaklıq, idealizm və inam, intellektual həssaslıq və sadəlövhlük var.
 
Biz nəhayət bunu da anlamalıyıq ki, ruslar üçün həqiqət tamam ayrı anlam daşıyır, onların əxlaqları, mənəvi dəyərləri başqadır. Bizim yaxşı hesab elədiyimiz "ton" ruslar üçün mənasız məşrutluqdur. İngilis çox çətin öyrənir və onun xarakteri o qədər də yaxşı deyil; biz ruslardan dözümlü, təmkinli olmağı xahiş edirik. Rusların qarşısında duran öyrənməli məsələlərdən biri budur ki, hissləri gizlətmək hələ qəlbsiz olmaq demək deyil; onlar bilməlidir ki, ingilisin zabitəli və rəsmi işgüzarlığı altında çox vaxt isti qəlb, mənəvi zəriflik gizlənir; ingilis göründüyü kimi o qədər də axmaq və o qədər də hiyləgər deyil.
 
Mən bizim iki xalqımız arasında qarşılıqlı mənəvi münasibətlərdən o qədər də çox şeylər gözləmirəm, çünki sadə insanın (dəxli yoxdur, istər ingilis, istərsə də rus adamı olsun) zəkavətinə və yanğılı marağına çox da inanmıram.
 
Burada əsas ovqatı ticari və siyasi maraqlar yaradacaq. Bununla belə, düşünürəm ki, yalnız görə bilmək qabiliyyətinə malik ruslar və ingilislər bir-birlərində maraqlı və cəlbedici çox şeylər tapacaqlar, bu da onların təfəkkür və qəlblərini zənginləşdirəcək.
 
1916-cı il.
 
İngiliscədən çevirəni:
 
Kamran NƏZİRLİ
 
Oxu Zalı
 
____________
 
*Puritanlıq- XVI- XVII əsrlərdə İngiltərədə puritanlar sektasının üzvləri nəzərdə tutulur; onlar əxlaq məsələsində özlərini çox ciddi və tələbkar göstərirdilər.
Yuxarı