post-title

Viktoriya Tokareva: Öz həqiqətin (VII)

Rüstəm əlləri ilə sifətini gizlətmədən ağladı. Qaşları titrəyirdi. Dodaqları əsirdi. Rüstəmin həyatında, gecə qaranlığında görünən işartıtək ümid görünməyə başlamışdı. Bu ümidi də hələ dünən tanımadığı Anna təşkil etmişdi. Rüstəm dayanıb ağlayırdı. Anna dözə bilmədi. Gözləri doldu. Uşaq qırağa baxırdı. Melodramada iştirak etmək istəmirdi. Özünü, hər şeyə nifrətlə baxan və güclü üstinsan kimi hiss etmək onun xoşuna gəlirdi. Hər şeydən kənarda və üstün olmaq. Döyüşdən üstün olmaq. Yəqin, Nitşeni çox oxumuşdu.

Povest
 
...ardı
 
 
 
Anna
 
 
Qadının adı Annadır. Kişinin adı isə Ferapontdur. 
Ferapont — Andrey Ferapontovdur, Annanın 24 il birgə yaşadığı əridi. Gələn il gümüş toyları olacaq.
Həyatları yaxşı da olub, pis də, babat da. Yaşlandıqca təzadlar yoxa çıxmır, əksinə, daha da dərinləşir. Təzadlar o dərəsədə dərinləşmişdi ki, Feropont rahat danışa bilmirdi. Hər dəfə əti kəsilmiş donuz kimi, daha dəqiq desək — qaban kimi ciyildəyirdi. Görünür, Anna onu qıcıqlandırırdı.
 
Anna bu ciyiltiyə qulaq asıb-asıb, bağ evə qaçmışdı. Əvvəlcə bir günlüyə, sonra bir həftəliyə, sonra isə — qalıb o  evdə yaşamağa  başladı. Sakitlik, rahatlıqdı. Şəhərdən fərqli olaraq burda zaman başqa cür hərəkət edir. İşinə gedən yol, şəhərdəki evindən yarım saat daha qısadır. Maşın isti qarajdadır. İti Nayda onu özündən də çox sevir, ona qeyri-insani, kosmik sədaqətlə baxır. Bundan artıq daha nə lazımdı?
Ev, həkim olmuş babasından qalmışdı. Əlli üçüncü ildə Stalin, onu zəhərləndirmə ittihamıyla həkimi güllələtdirmək istəyirmiş. Amma özü öldü. Baba isə qaldı. İyirmi il də yaşadı.
 
Babasının atası da kənd həkimi imiş, Çexovu tanıyırmış. Ulu nənəsi isə — şəfqət bacısı — imperator qızları Olqa və Tatyana ilə tanış imiş. Zərif sifətlər, üstü qırmızı xaçlı bəyaz şax yaylıqlar, hər kəsə inanan gözlər. 
Tanış rəssam bu fotorəsmə baxıb şəkil çəkmişdi. Bozumtul-bej arxa fon. Zamanı yarıb keçən parıldayan gözlər.
 
Anna bu şəkli öz yataq otağından asmışdı. Yuxudan oyananda əsrin əvvəlindəki qızlara baxar, qızlar da ona baxardı.  
Babasından sonra bağ evdən başqa sahilyanı binada səkkiz otaqlı mənzil qalmışdı. Mənzili xaricilərə kirayəyə vermişdilər, elə bu pulla da dolanırdılar. Hər şeyə yetirdi, bundan başqa istirahət və səyahətlərə də pul qalırdı.
Annanın səyahət eləməklə arası yox idi. Ferapontla yola çıxmaq, daima onun pis əhval-ruhiyyəsinə davam gətirmək adama daha baha başa gəlirdi. Tək  getmək isə darıxdırıcıdır. 
Alışılmış iş həyatında darıxmağa vaxt qalmırdı. O, dörd palataya cavabdeh idi. Tez yeriməyi və tez danışmağı öyrənmişdi. Televiziya diktoru kimi. Kütbeyin, heçnəyi birinci dəfədən başa düşməyən xəstə ilə rastlaşanda, Ananın başından azqala tüstü çıxırdı. Buna baxmayaraq Anna dözürdü, çünki nəsillərində hamı kənd həkimi olmuşdu. “Mərhəmətli olmaq lazımdı, dayı...” (A.P.Çexovun “Vanya dayı” pyesindən.-Tərc.)
 
Bağ evi taxtadan olsa da, möhkəmdi. Evin öz qoruyucu mələyi var, gecələr şıqqıltı salardı. Bəzən tüfəng atəşinə bənzər bir səs gələrdi. Ola bilsin, bu —  babanın gəlişidi. 
 
Anna yuxudan oyanar, morqda ölütək donub qalardı. Yorğanın üstündən balaca çoxbilmiş bir siçan qaçardı, elə bilirdi, heçkəs yoxdur.
Anna səhəri gözləyərdi. Pişik saxlamaq qərarına gələrdi. Canlı məxluqdur — baxır, miyoldayır.
 
Bu gün cənnətdəkitək ilıq və həlimdir.
Anna meşəyə doğru yollandı. Bir çəmənliyə çatdı.
Yerə aşırılmış ağacın gövdəsində orta yaşlı qadın oturmuşdu. Belələrinə deyərlər: sadə, rus qadını. Guya sadə olmayan var? Kraliça Elizaveta? Sadə deyil, İngiltərəlidir...
Anna yaxınlaşıb soruşdu:
 
—Oturmaq olar?
 
Bütöv ağac boyda yer olsa da, qadın bir az çəkildi. 
Anna oturdu. İrəliyə baxmağa başladı. 
Dərindən düşünəndə, onun həyatı elə də pis deyildi. Əri qışqırsa da, tamam ayrı ərazidə mövcuddur. 
Oğlu — bacarıqlı bilgisayarçı, Amerikada, San-Fransisko tərəflərdə yaşayır. Silikon düzündə öz evi var. İrlandiyalı qadınla evlidir.
Qızı — tibb institutu tələbəsidir. Oğlan yanında yaşayır. İndi hamı belə yaşayır. Əvvəllər bu — biabırçılıq sayılırdı, indi isə — normadır. 
Belə çıxır ki, Annanın hər şeyi — əri, iki uşağı, işi, pulu var. Bundan artıq daha nə lazımdır? Mahiyyətcə isə onun yalnız Nayda it kimi baxan xəstələri var. Anna soyuq boş çarpayıda yatır, üstündə də siçan qaçışır. İyirmi dörd illik həyatının nəticəsi: boş ev, bir də zirzəmidəki damdabaca. Bəs sonra? Elə eyni şey.
Ağacın üstündəki qadın sakitcə oturur, sorğu-suala, söhbətə girişmirdi. Yaxşı olan da elə bu idi. Anna, anabiozdakıtək, fikirsiz-düşüncəsiz donub qalmışdı. Sonra qalxıb getdi. Bütün günü oturmayacaqdı ki. 
Bir neçə addım atdı, sonra geri baxdı. Qadın, qalxıb onun arxasınca baxırdı. Anna soruşdu:
 
—Mənim yanıma gəlibsiz?
 
Qadın susurdu. İtlər axı danışmaz.
 
Anna dəvət etdi:
 
—Keçin.
 
 
Anna ilə Marina birgə yaşamağa başladılar. 
Annaya elə gəlirdi ki, uşaqlıq dövrünə düşübdü: həmin qayğı, həmin güvən duyulurdu.
Damdabaca sakitləşmişdi, özünü yaxşı aparırdı. Siçanlar gözə dəymirdi, bəlkə çölə qaçmışdılar. 
Anna, pəncərədəki günəş şüalarına oyanırdı. Otağı günəş vuran tərəfədi. Fotodakı qızlar aydın, mülayim baxışlarla baxır, sanki “yaxşıdı, deyilmi?” soruşurdular.
Aşağıda, birinci mərtəbədə, yumşaq ayaq səsləri, bir də miyoltu eşidilirdi. Bu — Marinadı, özü üçün mahnı mızıldayırdı. 
Anna aşağı enirdi.
Masanın üstündə, salfetkanın altında səhər yeməyi qoyulmuşdu, özü də elə-belə səhər yeməyi yox, Meksika seriallarındakıtək: xrustal stəkanda təzə sıxılmış apelsin şirəsi. Pörtdədilmiş balqabaq. Papayya əvəzi. Bizim iqlimdə papayya bitmir. Təzə, indicə süzülmüş şor. Gündə yediyi yumurta yoxdur. Pendir-çörək yoxdur. 
Anna duş qəbul edərdi. Səhər yeməyi yeyərdi. Çıxıb işə gedərdi.
Marina tək qalardı. Televizoru açardı. Tozsoranı elektrikə taxıb texnika nəriltisi altında öz gəlirlərini sayardı.
 
Anna ona ayda iki yüz əlli dollar, üstəlik yemək-içmək və yaşayış yeri verirdi. Yaxşı ki, bankir arvadı Sveta onu qovaladı. Orda ev ağzınacan adamlarla dolu idi, qonaq-qaranın əlindən oturmağa macal tapmırdı. Burda isə — böyük boş ev, bunu yığıb-yığışdırmağa nə var. Gələn-gedən yoxdur. Özün özünə xanımsan.
Marina özünü partiya sanatoriyasındakıtək hiss edirdi. Elə bil yeni bir qapı açıb yeni dünyaya ayaq basmışdı. Tanrı  sənə yeni qapı açmaq istəyəndə, əvvəlki qapını bağlayır.
Bundan öncəki qapılar, allaha şükür, bağlanmışdı. Mismar kimi batıb ürəyi göynədən bircə Alya idi.  Marina, nahara az duzlu Norvej somğa balığı yeyəndə, özündən asılı olmayaraq Alyanın bu məqamda nə yediyini düşünürdü... Pəncərəsi taybatay açıq otaqda, geniş rahat çarpayıda yatmağa hazırlaşanda, qeyri-ixtiyari olaraq ağıla gələn sual bu olurdu: Alya nəyin üstündə yatır? Əsas da — harda yatır? Ola bilsin, açılıb-bükülən çarpayıda yatır dəhlizdə. Altı yaşlı qız uşağını özləri yatdığı otaqda yatızdırmayacaqlardı ki... Bəs yatızdırarlarsa? Onda Alya nə görür, nə eşidir? Bu cür qeyri-sağlam təcrübənin nələrə gətirib çıxaracağını təsəvvür eləmək də çətin deyil...
 
Marina ağır-ağır köksünü ötürür, o yana-bu yana baxırdı. Ağlında götür-qoy edirdi: Aleçka harda yatacaq? Öz yanında da yatızdıra bilər, ayrıca otaqda da yer sala bilər. Yer — nə qədər istəsən var.
 
Bu haqda Marina Annayla danışmaq istəyirdi, uyğun məqam gözləyirdi. Belə məqamın ələ düşməsi isə asan deyildi. İş günləri Anna səhər tezdən işə gedir, qayıdanda da yorğun-ağrın qayıdırdı. Pambıq kuklatək gözlərini dikib otururdu. Söhbət yeri düşmürdü. Marina Annanı hiss edirdi deyə, ortaya söhbət atmırdı.  Anna bunu hər şeydən üstün tuturdu. Ünsiyyətdə ən əsası — rahatca birgə susmağı bacarmaqdır.
Həftəsonları telefon zənglərinin ardı kəsilməzdi. Xəstələr zəng edir, bu kimi qısa suallar verirdilər: bu dərman  daha yaxşıdı, yoxsa o dərman? Yeməkdən qabaq ya yeməkdən sonra qəbul etmək daha yaxşı olar? Belə baxanda, xırda məsələlərdi. İki dəqiqə vaxt aparır. Ancaq belə dəqiqələri üst-üstə yığanda bütöv iş günü alınırdı. Anna telefonun yanında durub səbrlə izah edirdi. Telefon dəstəyini yerinə qoyan kimi isə başqa zəng fışqırırdı. 
Marina onların hamısını başdan eləmək istəyirdi, Anna isə qoymurdu. Keçmişin, daha dəqiq desək, inişilki əsrin kənd həkimləri də gecəyarısı qalxıb atlarla dağı-dərəni  keçərdilər. Yaxşı ki, indi telefon var.
Axır ki, Marina məqam tapıb sözarası rahatca dedi:
 
—Bir aylığa nəvəmi bura gətirəcəyəm...
 
Anna qeyd etdi: Marina icazə almırdı, olarmı-olmazmı soruşmurdu. O, adamı fakt qarşısında qoyurdu. Kiminsə onun yerinə qərar verməsini isə Anna sevmirdi. Susdu.
 
Anna it kimi yorulurdu, evdə uşaq nadincliyinə dözməyə onun nə taqəti, nə də əsəbi çatardı.
Başhəkim Karnauxov, Annanı mümkün qədər çox işlə yükləyirdi. Hətta artıqlamasıyla. Özü isə varlı-karlı xəstələri qəbul edirdi. Anlamaq olar. Həkim maaşı bu zəhmət və məhsuliyyətlə uzlaşmırdı. Anna rüşvət almırdı. Heç bədbəxtlikdən də yararlanmaq olar? Xəstə ürək isə — əsil bədbəxtlikdir. İkincisi: Annanın pulu vardı. Karnauxov pulu dəlicəsinə sevirdi, pullarsa onu sevmirdi. Karnauxovun əlinə pul gəlməyi ilə getməyi bir olardu. Annada isə — əksinə. O, pula biganə idi, pul isə kirayə verdiyi  evin aylıq hesabı qismində Annaya yapışırdı.
Anna yalnız konfet və gül hədiyyələri qəbul edirdi, hədiyyəni qəlbdən keçən yüngül-vari qurban hesab edirdi. Anna gözəl qutuları bara yığırdı. Bu — “hədiyyə fondu” adlanırdı. 
Hər gün axşamüstü Marina yola çıxıb  Annanı  qarşılayardı. Anna öz küçəsinə dönür, yolun sonunda da Marinanın rahat vücudunu görür, sakit minnətdarlıq duyğusu ürəyini titrədirdi. Sual yaranır: bu yaşda ər onun nəyinə gərəkdir? Ərdən ötəri də əlavə əldən-ayaqdan getmək üçünmü? Həyatı asanlaşdıran, yaraşıqlı edən belə köməkçi hər şeydən yaxşıdı... Həyat dalğalarında fəlakətə uğramış iki gəmitək, Marina və Anna, bir-birinə qısılıblar deyə, batmırlar. Suyun üzərində qalmaq üçün bir-birinə söykənirlər...
 
Axşam televizora baxırdılar.
Anna NTV kanalını açdı, Marina isə bu kanala nifrət edirdi — hakimiyyəti tənqid etdiyi üçün. Marina qanuna tabe adam idi deyə, hökümətə əl qaldırılanda, ona pis gəlirdi. Hökümətin nüfuzu olmayan ölkədə yaşamaq olmaz. 
Marina belə nəticəyə gəlirdi:
 
—Stalinin zamanında daha yaxşıydı.
 
Anna xatırladırdı:
 
—Stalinin zamanında toplama düşərgəsi vardı.
—Bilmirəm. Bizdən heçkəs həbsdə yatmayıb.
 
İnsan, dünyanı özündən keçirib tanıyar. Marinanın heç bir qohumu həbsə düşməmişdi, başqalarında nə olub, nə keçib — özləri bilər.
Hərdən bazar günləri qohum-əqraba gələrdi: Ferapont maşınla, qızı ilə nişanlısı da da maşınla.
Anna ora-bura qaçar, dadlı yemək hazırlayar, Marinanın əli ilə — əlbəttə. 
Masa arxasına oturardılar. Bir ara sakitlik olardu, hamı ləzzətlə yemiyini çeynəyərdi. Qızı az yeyərdi, demək olar, biraz qurtdalanıb boşqabı geri itələyərdi. O, həmişə arıqlamaqdaydı, orqanizmi stress içindəydi. Daxili stress üzündən az danışar, təkəbbürlü olardı.
Anna elə hey sual verər, əsəbləşər, həddindən artıq çox danışar, bütün öz görünüşü və səsiylə quyruq bulayardı. Onların xoşuna gəlmək istəyərdi, getmələrini biraz da ləngitmək istəyərdi. Bahar selitək şırıldayardı. Ferapont sifətini turşudub xahiş edərdi:
 
—Biraz sus, sən canın! Ağzına nə gəldi — danışırsan.
 
Anna özünə haqq qazandırardı:
 
—Nə deyirəm ki? Heçnə demirəm...
 
Qızının nişanlısı nitqə başlayardı. Marina qulaq asmazdı. 
 
Sonra soruşardı:
 
—İsti yeməyi gətirimmi?
 
Hamı Marinaya elə narazı baxardı, sanki Marina Nobel mükafatı laureatının nitqini kəsmişdi.
Marina özü-özünü dolandıra bilmirdi. Anna — ailə başçısıdı. Bunların hamısı onun hesabına yaşayırlar, daha dəqiq desək — onun babasının hesabına yaşayırlar. Bütün daşınmaz əmlak — mənzil, bağ evi, mebel, rəsm əsərləri, mal-dövlətin hamısı Annaya miras qalmışdı. Niyə bunların hamısı Annaya elə baxır ki, sanki Annanın bunlardan asılacağı var? Niyə Anna da bunları öz yerinə otuzdura bilmir? Ferapontu iti qovan kimi qovmaq yerinə, ona mənzilini verib, maşın alıb...
Marinanın öz sahibəsinə yazığı gəlirdi. Annanın qızına “Bəs səni bu səviyyəyə kim çatdırıb? Anavın ayaqlarını yuyub suyunu içməlisən ee...” deməyi gəlirdi. Amma Marina özünü saxlayırdı, öz yerini bilirdi. 
Sonra qohumlar kifayyət qədər tez dağılışardı.
Qız, qapının yanında Marinaya tərəf başını bulayıb, anasına yavaşca deyərdi:
 
—Bu birtəhərdi ee. Başqasını tap.
 
Anna diksinərək:
 
—Bəs bunu neyniyim?
—Hardan tapmısan?
—Allah göndərib.
 
Ferapont əlavə edərdi:
 
—Evə çatdırılıb.
 
Anna görürdü: bir tərəfdən, onu qısqanırlar, digər tərəfdən,  Annanın həyatı bunların vecinə də deyil. Sağ-salamatdı — vəssalam. Onların gur şəhər həyatı var. Qızı nişanlısına vurğundu. Ferapont — azadlıq və tənhalığa. Tənhalıq da azadlığın daha kəskin halıdı.
Marina qeyd edirdi: qohumlar özlərini yad kimi aparır. Yadlardan da pis. Yadlarla daha çox ünsiyyət qurmaq olar. Demək – varlılar da ağlayar. Elə həmin gözyaşlarıyla.
Anna yola salmağa çıxırdı. Ayrılıq məqamını uzaqlaşdırırdı.
Qohumlar maşınlarına oturan kimi artıq burda deyildilər. Annanın baxışları onları caynağına alıb cırmaqlayır və yerə mıxlayırdı. 
Maşın qapısının çırpılıb örtülməsi, işə salınmış motorun tüstüsü — di yallah... Yoxdular. Bircə uzun zaman təmiz havada kəskin benzin qoxusu qalır. Havanı korlayıb getdilər.
Marinanın üstündən sanki yük düşərdi. O, ikiqat yorulardı: öz yorğunluğu və Annanın gərginliyi ilə.
Anna da azadlığa çıxmasına sevinərdi. Təmiz badələr çıxarardı. 
Marina qəlbindəkini çıxardıb tökərdi:
 
—Belə baxanda, bunların hamısı əclafdı. Səninkilər də, mənimkilər də. 
—Bilirsən, valideyn sevgisi nədən ibarətdi? Səndən xahiş edən yoxdursa, başqasının həyatına soxulma... Sən soxulursan, payını da alırsan. Mən isə soxulmuram...
—Amma yenə də payını alırsan.
—Gəl elə bunun sağlığına vuraq... 
 
Onlar içər, qəlyanaltı edərdilər. Hərdən bir bütöv şüşənin axırına çıxardılar. Mahnı oxumağa başlayardılar. Sadə rus arvadları kimi yaxşı, səliqəli oxuyardılar. Əslində elə sadə rus arvadları idilər də. 
Marinayla Anna oxuyardılar:
Bundan ötrü keçmək olar hər şeydən
Buna içimdə elə bir inam var, 
Günboyu qapıda qalmağım asan,
Səni gözləməmək daha çətindir. 
 
(V.M.Tuşnovanın “Не отрекаются любя” (“Sevərkən ayrılmazlar”) şeirindən (tərc. İ.U.)
 
Marina mahnını kəsərək:
 
—Görəsən, murazına çatdımı?  
 
Anna anlamadı:
 
— Kim?
—O qadın da... dəhlizdə gözləyən.
 
Anna köksünü ötürdü:
 
—Yox, çatmadı. O — şairədi. Cavan öldü. Ondan sonra o kişi də tezliklə öldü.
—Kim?
—Bu qadının qapının ağzından çəkilməyərək gözlədiyi o kişi.
—Bir yerdə öldülər?
—Yox. Başqa-başqa yerlərdə. Kişi evli idi. 
—Onda heç gərək qapının ağzında da durmazdı. Səfeh qadın...
 
Anna etiraz elədi:
 
— Niyə ki... Mahnı qaldı.
 
Marina sərt, razılaşmayaraq:
 
—Başqalarına qaldı. Hər şey yalandı.
 
O, ildən-ilə ona yalan danışan Rüstəmi xatırladı. 
 
Sərt dedi:
 
—Hamı yalan danışır, ölür. — Rüstəmin yalan danışdığına görə ona nifrət edirdi. Özünə də nifrət edirdi, inandığı üşün. Səfeh.
 
Anna dirənirdi:
 
— Mahnı ki qaldı.
 
Bu da bir həqiqətdir. Heçnə izsiz yoxa çıxmır.
 
Uşaqlar Marinaya zəng etmirdilər. Bəlkə, hara zəng edəcəklərini bilmirdilər. Marina onların həyatından yox olmuşdu, azqala axtarışa verilməli idi. Amma axtarış da kömək etməz. Dövriyyədən çıxarılmış birisini necə tapmaq olar: nə pasportu, nə qeydiyyatı var...
Marina da onlara zəng etmirdi. O, özünə məqsəd qoymuşdu: mənzil alandan sonra zəng edəcək. İkinci dərəcəli mənzil fondunun mövcud olduğunu bilirdi. İnsanlar öz şəraitlərini yaxşılaşdırır, köhnə evi atır, yenisinə keçirlər. Bu atılmış mənzilləri yandırmaq, onları təmir etməkdən daha asandı. Lakin aztəminatlılar kateqoriyası var ki, onlar üçün bu yaşayış yeri də — xilasdır. Şəhər icra hakimiyyəti ikinci dərəcəli mənzilləri aşağı qiymətlə,yeni tikilən evlərdən beş qat ucuz satırdı.
Marina hesablamışdı: bütün pullarını qəpiyinədək saxlasa, iki ildən sonra özünə mənzil ala biləcəkdi.
Anna bütün gününü işdə keçirirdi, Marina da qonşu bağ evlərində əlavə pul qazanırdı ondan gizli. Bu əlavə pulları da mücrüsünə qoyurdu. Mücrüsü  isə toxunma köhnə papaq idi. 
Hərdən, tək qalanda, Marina pullarını hacıqara kimi yenidən sayırdı. Anna ona maaş verəndə, üstündə böyük baş şəkilləri olan pullarla verməsini xahiş eləmişdi. Balaca başlı pulların köhnəlməsindən, onları qəbul etməyəcəklərindən qorxurdu.
 
Marina ətli yanaqlı uzun saçlı və dodağı büzük kişiyə uzun-uzadı diqqətlə baxardı. Franklin. Tamam inandığı yeganə kişi bu idi. Yalnız Franklin onu mənzilə, qeydiyyata və müstəqilliyə aparırdı. İndi Marina qeyri-leqal emiqrant kimi yaşayırdı. O, Moskvaya getməkdən hətta qorxurdu. Birdən onu saxlayarlar, sənədlərini soruşarlar, polis şöbəsinə apararlar, fahişələrlə bir yerə salarlar. 
Volodka ilə Rüstəm onu həyat dalğalarına atdılar, bacarırsansa — üz, çıx, bacarmırsansa — bat. Franklin isə ona əl verib sahilə çıxaracaq.
Bir gün qonşu, Kuznetsova soyadlı qarı, gəlib yüz rubl borc istədi, südçünün pulunu vermək üçün. 
Marinadan pul istəmək, borc olsa belə, onun həyatının mənasına kobudca soxulmaq demək idi. 
 
Marina:
 
—Yox! Yoxumdu! — qışqırıb ağladı.
 
“Dəlidir”, — Kuznetsova qorxub geri qayıtdı. 
 
Sahibənin hal-əhvalını hiss edərək Nayda it, sanki söyərək  hürməyə başladı. Qonşu həyətlərdəki başqa itlər də qoşulub öz it dillərində bir-birininə nəsə təhqir yağdırmağa başladılar.
Yayın ortalarında Anna Bakıya səfərə hazırlaşmağa başladı.
Bakıda “Avrasiya” beynəlxalq kardioloqlar konfransı keçirilirdi. Dünyanın hər bir yerindən tibb ulduzları toplaşacaqdı.
Karnauxov, Annanın getməsini, biraz havasını dəyişdirməsini təklif edir. Bu — keyfiyyətli və sədaqətli xidmətə görə onun Annaya minətdarlığı idi.
Səfər haqda xəbər tutan kimi Marina narahat olmağa, evin içində ora-bura çabalamağa başladı.
Barı açdı, hədiyyə fondundan ən böyük və bahalı “Motsart” konfet qutusunu götürdü. Annanın qarşısına qoydu.
 Tapşırdı:
 
— Rüstəmə verərsən. 
 
Anna yüngülcə maraqlandı:
 
—Bəs icazə-filan istəmək istəmirsən?
 
Marina səmimi qəlbdən təəcübləndi:
 
—Qıymırsan? Gör orda nəçə dənə qutu var, itinə tök.
 
Nə düzdü — düzdü, qutu çoxdu. Amma yenə də soruşmaq lazımdı. Evdə bir sahibə olmalıdı, iki yox.
 
Anna Marinaya baxdı. Marinanın saçları dağılmış, üzü qız üzü təki pörtmüşdü. Görünür, keçmiş həyatının şahidi və iştirakçısı olan Rüstəmi ona göstərmək Marina üçün çox vacib idi. Marina həmişə qulluqçu kimi, yaşsız, qeydiyyatsız, qeyri-leqal emiqrant kimi yaşamamışdı. O — sevilən və sevən olmuşdu. Krallığın ilk xanımı, deyək — ikincisi idi... Bundan başqa o, Rüstəmə özünün tibb elitasına aid olduğunu göstərmək istəyirdi.
Marina xahiş etdi:
 
—Amma təsərrüfat işlərinizə baxdığımı söyləmə. De — qohumumsan. Əmim nəvəsinin arvadısan.
 
Anna razılaşdı:
 
— Soruşsa — deyərəm.
 
Hər halda, o həqiqətən də kiminsə əmisi nəvəsinin arvadı ola bilər. Bütün insanlar qardaşdır...
Bakı — dəniz sahilində yerləşən gözəl, samballı şəhərdir. Göydən elə bil od tökülürdü, istidən adam huşunu itirirdi. Huş isə lazım idi. Məruzələr olduqca maraqlıydı. Hamı konfrans zalında toplaşırdı, heçkəs boyun qaçırmırdı, diqqətlə məruzəçini dinləyirdilər. Yarıçılpaq oturub özlərini yelpikləyirdilər.
Anna kosmetikadan istifadə etmirdi. Belə istidə nə kosmetika? Konfransda əsasən kişilər iştirak edirdi, yığışanlardan doxsan faizi — keyfiyyətli kişilər, intellektual və maddi imkanlıdırlar. Hətta bir neçə yaraşıqlı kişi də var idi, elə əslində, ağıllı kişi həmişə yaraşıqlıdı. Amma Anna o yana-bu yana baxmırdı. Həyatın “qadın-kişi” tərəfi onu qətiyyən maraqlandırmırdı. Maraqlı olan məruzənin mövzusu idi bircə: “Aterosklerozla mübarizə”. 
Ateroskleroz — zamanla, işlənməkdən yaranan pasdır. Qan damarları su borularıtək paslanır. Onları dəyişməyi öyrəniblər, təmizləməyi isə bacarmırlar. Bundan ötrü zamanı tərsinə çevirmək lazımdır. İnsan, nağıllardakıtək geri qayıdaraq yaşamalıdır. Öz xalqını səhrayla aparan Musanın isə dəqiq yaşı bəllidir: 400 yaş. Ola bilər. Ateroskleroza qalib gəlsələr, insan ömrü ikiqat, üçqat artacaq. İncilə görə, Sara Yaqubu doxsan yaşında dünyaya gətirmişdi. Guman ki, İncildə nəyisə səhv salmazdılar.
Ateroskleroz elə qocalıqdır ki var. Çünki insan ruhu qocalmır. Əbədi qız və ya oğlan olur. Bəzilərində isə — əbədi balaca oğlan və ya qızcığaz olur. Boris Pasternak özünə 14 yaş verirdi. O, hətta altmış yaşında da on dörd yaşlı idi.
Bəs onun, Annanın, neçə yaşı var?  Onaltıdan doxsanadək. Bəzən o, tısbağa kimi müdrik olurdu, bəsən isə sadə şeyləri anlaya bilmirdi. Onu elə asanlıqla aldatmaq olardı ki... Çünki o özü bunu istəyirdi. “Aldanmağa mən özüm şadam...” (A.S.Puşkinin “Etiraf” şeirindən -Tərc. İ.U.)
Skeptik kimi yaşamaq, hər şeyin qiymətini bilmək darıxdırıcıdır. Heçbir gözlənilməzlik olmadan, heçbir geyim dəyişikliyi ilə səciyyələnən teatr olmadan yaşamaq. Hər şeyin yastı və birölçülü olması: xoşbəxtlik — müvəqəti, ölüm — qaçılmazdı. Hamı yalan danışır, hamı da ölür.
Bəlkə ölmürlər? Sadəcə başqa zaman ölçüsünə keçirlər.
Bəlkə yalan danışmırlar? Yalan — doğrunun olmaması deyil. Yalan — başqa bir doğrudur.
Rüstəmlə səhər saat səkkizdə görüşmək mümkün oldu. Annanın başqa zamanı sadəcə yox idi. Konfrans — xüsusi ovqatdır. Bütün gün məşğulsan, beyin — müəyyən bir proqramdadı. Tanımadığı Rüstəmlə görüş haqda sövdələşmək də — əlavə zəhmətdir. Onun üçün Anna yalnız onbeş dəqiqə ayıra bilərdi: səkkizdən səkkiz onbeşə qədər.
Rüstəm hotelin otağına girdi. Anna ürəyində düşündü: “Elə bil ucuzlaşdırılmış Ömər Şərifdir”. Bu adamda nəsə var idi, nəsə də çatmırdı.
Onda nəyin olduğunu, nəyin çatmadığını Anna araşdırmadı. Sərəncamında yalnız onbeş dəqiqə var idi.
Anna konfet qutusunu verdi. Bununla da missiyası bitirdi. Rüstəm çıxıb gedə bilərdi, ancaq dərhal çıxıb getmək yaxşı düşmürdü. 
Rüstəm:
 
—Bəlkə ora-bura getmək üçün maşın lazımdı? Bəlkə kabab, göyərti-möyərti yeyək? — soruşdu.
—Çox sağolun. Konfransın öz nəqliyyatı var.
—Necə? — Rüstəm alnını qırışdırdı.
 
Anna izah etdi:
 
—Kardioloqların konfransı keçirilir bizdə.
 
“Kardioloq” sözünü eşidən kimi Rüstəm gərginləşdi. Əfsuslar, bu termini o çox yaxşı tanıyırdı. 
 
Rüstəm soruşdu:
 
—Bəs oğlumu göstərmək olar? —  həmin an da sifətdən dəyişildi. Gözlərində aclıq göründü. Oğlu — qəlbinin bitməyən aclığı idi. Annanın qarşısında tamam başqa birisi dayanmışdı.
 
Anna soruşdu:
 
—Əlinizdə onun xəstəlik tarixçəsi var? 
 
Rüstəm:
 
—Hər şey var.
 
Anna tapşırdı:
 
—Bu gün saat onikidə onu yanıma gətirin. Nahardan öncə konsilium təşkil etmək mümkündür. Bu, konfransın bir hissəsi olar.
 
Rüstəm cibindən qələm çıxarıb “Motsart” konfetləri qutusunun üstündə ünvanı yazdı. İndi konfet hayı, Marina hayı deyildi. Keçmişin heç bir mənası yox idi. İndi tərəzinin gözünə onun taleyi qoyulmuşdu. 
Anna hər şeyi başa düşür, artıq suallar vermirdi.
 
Tərcümə: İlahə Ucaruh
 
 
Ardı var...
 
Kultura.az
 
 
 
 
Yuxarı