post-title

Viktoriya Tokareva: Öz həqiqətin (V)

"Azərlərin –Azərbaycanlıları belə adlandırırdılar — tərəvəz işində, onun becərilməsi və satışında xüsusi istedadı var. Onlar ustalıqla alıcıları cəlb edir, sehrbazlar kimi malı soxuşdura bilirdilər. Gənc sarışın qızlara endirimlər edirdilər. Yaşlı xalalardan tərəzi fırıldaqları ilə əlavə pul da qoparırdılar. “Kiloqram” sözünü “tçiloqram” kimi tələffüz edirdilər. Onları nə qədər öyrətsələr də, yenə də yazıq kiloqram “tç” səsiylə qalırdı".

 
 
 
Marina tualeti yoxlamaq istədi, su çəlləyindən bir araq şüşəsi tapdı. Hər şey aydın oldu: deməli, yaxşı əhval-ruhiyyəni Lüdka burdan alırmış...
Axşam Saşa evə gəlcək Marina soruşdu:
Lüdkanın içdiyini bilirsən?
Saşa:
Necə düşünürsən? Sən bilirsən, mənsə — yox?
Oğlu yorğun və acdır. Marina sevgi dolu gözlərilə onun yemək yeməsinə baxırdı. Ac uşağı yedizdirməkdən daha ləzzətli heçnə yoxdur. Yayındırmamaq üçün sual verməməyə çalışırdı, ancaq dözə bilmədi:
Normal, təmiz qız qəhət idi? Gərək elə mütləq tör-töküntü tapardın?
Saşa sakitcə cavab verdi:
Gec idi. Maksim doğulmuşdu.
Bəs mənə niyə yazmırdın?
Saşa sualı başa düşmədi:
Nəyi yazmadım? Maksim doğulanda yazdım.
Arvadının içki düşkünü olduğunu niyə yazmadığını deyirəm.
 Sənin bilməyini istəmirdim. İndi bilirsən.
Marina:
Bəs nə edək?
Bilmirəm. Uşağı içəyən ananın üstünə atıb gedə bilmərəm. Lüdkanı da ata bilmərəm.
Niyə?
Yazığım gəlir. Özün düşün: atsam, başına nələr gələr...
Özünə yazığın gəlsin. Sənin öz həyatın nəyə dönəcək...
Deməli, qismət beləymiş...
Saşanın sifəti sakit, şövqsüz idi. Bolodkadakı kimi. Başqasına özündən daha çox acımaq cəhəti isə anasından keçmişdi. Lakin Marina vəhşi öküz inadını mərhəmətlə uzlaşdıra bilirdi. Saşada isə nə inad, nə də şöhrətpərəstlik var. Mərhəmət və taleyə itaətdən başqa heçnə yoxdur.
 
 
Marina yuva qurmağa başladı. O, hər yerdə yuva salardı, qatarda gedəndə kupedə də fincanları, salfetkaları düzür, səliqə yaradırdı. Əsl qadındır. Rüstəmin neçə illərdir ondan əl çəkməməsi boş yerə deyildi...
İlk növbədə Marina köhnə “Minsk” soyuducunu atdı. Qırx il yaşı var idi soyuducunun. Qapısını rezin daha kip tutmurdu, içəriyə isti hava girirdi. Yemək xarab olurdu. Marina “Minsk”i Dima Prozorova verdi, evə isə Almaniyanın “Boş” firmasının soyuducusunu aldı. Marina öz müqəddəs xəzinəsinə, öz dollarlarına girib ordan böyük bir məbləğ, altı yüz dollar, çıxarıb evə soyuducu gətizdirtdi. Yeni soyuducu bəyaz, parıltılı, üç buz kameralı, buzu da öz-özünə açılan idi. Bundan yaxşısı dünyada ola bilməzdi.
Onu görcək sevincdən Lüdkanın ayaqları dözməyib qatlandı.
U-ya,  — uzadaraq dedi.  — Bu sona quşunun qiyməti neçədir?
Marina, təvazö və ürək açıqlığı ilə:
Önəmli deyil,  — dedi. Bu, Marinanın evə payı idi.
Lüdka tualetə yollandı. Marinaya görə, əsas məsələni danışmağın vaxtı çatmışdı. Lüdka qayıdıb kefinə kef qatmaq üçün siqarerini yandıranda, Marina elan etdi:  
Qeydiyyata düşəcəyəm. — Marinanın tərzidir: soruşmaq yerinə adamı fakt qarşısında qoyardı. — Qeydiyyata düşəcəyəm, — təkrarladı.
Harda? — Lüdka diqqətini artırdı, hətta ayıldı. Baxışı mənalılaşdı.
Marina icəşəntək:
Necə yəni harda?.. Oğlumun yanında. Başqa harda olacaq?...
Lüdka ayılıb sərt şəkildə sözü kəsdi:
Deməli belə. Oğlunuzun bu mənzilə heç bir aidiyyatı yoxdur. Bu mənzili mənə atam alıb. Anamla atam öz qocalıqları üçün yığırdı, amma mənə verdilər, kooperativ üçün. Ərim başqa şəhərdən gəlib deyə. Bu bir.
Marina araya girdi:
Saşa ki burda qeydiyyatdadır...
Lüdka davam etdi:
İkincisi, qeydiyyata düşsəniz, mənzil sahəsinə haqqınız çatacaq, evi də dəyişdirmək istəsək, mənə üçdə bir hissə çatacaq. Evi dəyişdirib məni kommunal mənzilə soxacaqsız.
Aydın oldu: Lüdka Marinaya inanmır və qaynanasından hər cür hiylə gözləyir.
Saşayla yaxşı yaşamağımızı istəsəydiniz, ev üçün pul ayırardınız. Siz isə istəmirsiniz...
Marina, Lüdkanın göründüyü qədər də ağılsız olmadığını qeyd etdi.
Marina mülayimcə araya girdi:
Lüdka...
Marina demək istəyirdi ki, mənzil qeydiyyatı olmayan adam cəmiyyətdən kənarda qalır. Bomj sayılır. Onu nə işə götürürlər, nə də hətta rayon poliklinikasına qeydiyyata salırlar... Lüdka isə heçnə eşitmək istəmirdi.
Lüdka qışqırdı:
Yox! “Yox” sözünü anlayırsız?
Marinanın xəyalında yaratdığı bütün həyat quruluşu partladılmış ev kimi göz qabağında darmadağın olmaqdaydı.
Deyə bilərdi: “Yoxdur —  yoxdur. Tanrı bilən məsləhətdir...” Bu pulun bir çıxacağı var idi, o da Saşadan çıxdı.
 
 
Saşa bazarda alver edirdi, amma rəqabətə tab gətirə bilmirdi. Azərlərin –Azərbaycanlıları belə adlandırırdılar — tərəvəz işində, onun becərilməsi və satışında xüsusi istedadı var. Onlar ustalıqla alıcıları cəlb edir, sehrbazlar kimi malı soxuşdura bilirdilər. Gənc sarışın qızlara endirimlər edirdilər. Yaşlı xalalardan tərəzi fırıldaqları ilə əlavə pul da qoparırdılar. “Kiloqram” sözünü “tçiloqram” kimi tələffüz edirdilər. Onları nə qədər  öyrətsələr də, yenə də yazıq kiloqram “tç” səsiylə qalırdı.
Saşa isə elə durduğu yerdə durardı. Alıcılar onun yanından ötüb keçərdi, öz işinə can yandırmaması Saşanın bazarını soyudurdu.
Alıcılar soruşurdu: “Üzüm xarici üzümdür?” Yanındakı rəqibləri gözlərini bərəldir, sinələrinə döyürdülər: Krasnodar üzümüdür... Ancaq apreldə üzüm hardandır?
Saşa isə razılaşırdı: hə, xaricidir. Deməli, üzüm parniklərdə yetişdirilib, içində vitamin-filan da yoxdur. Elə-belə, bəzəkdir... Sadəcə sudur. Qoxusu da sudur.
Bahalı mal qalıb xarab olurdu. Sahibi cərimələyirdi. Hər dəfə Saşa ziyana düşürdü. O, kimdənsə asılı olmaq istəmirdi, ancaq ikiqat — həm alıcıdan, həm də sahibkardan — asılı olurdu.
Saşa evə yorğun-ağrın, taqətsiz qayıdırdı.
Marina onu yedizdirər-içizdirir, canla-başla dinləyir, gözləri ilə balasını oxşayırdı. Soruşurdı:
Evə daha erkən gələ bilmirsən?
Öz palatkam olsaydı, ora Əhmədi qoyardım, özümsə evdə, sənlə uşağın yanında  oturardım.
Marina anlamadı:
Əhməd kimdir?
Muzdlu işçi. Tacikdir.
Onu tanıyırsan?
Yox əşi. Onların hamısı Əhməddir. Taciklər azərlərdən daha təvazökardırlar. Daha az oğurlayırlar.
Onda onu qoy.
İlkin kapital olmalıdır. Bilirsən, palatka neçəyədir? Üç min dollara.
Məbləği eşidən Marina yerindəcə donub qaldı. Üç min — evinin yarı qiymətidir.
Palatkanı metronun yanında qoyardım, qeydiyyatdan keçərdim, yerin pulunu ödəyərdim və — irəli. On faizi Əhmədin, qalanı isə özümün olardı. Təmiz gəlir. Kiçik kapitalizm.
Marina maraqlandı:
 Daha ucuz palatka var?
Pul yerə görə verilir, palatkaya görə yox. İmzalayanlara ödəməlisən.
Pul verməsən olmaz?
Olar. Ancaq onda alver eləməyə imkan verməyəcəklər.
Marina  anladı:
Mafiya?
Hərənin öz qabı var. Qazanmaq istəyirsənsə, xərcləməlisən.
Saşa, uşaqlıqdakı kimi çörəyi geniş dişləyərək yeyirdi. Adam baxanda kövrəlirdi.  
Marina qalxıb mətbəxdən çıxdı. Bir neçə dəqiqədən sonra qayıdıb Saşanın qarşısına otuz dənə yüz dollarlıq pul qoydu.
Saşa onları iki əliylə götürdü, üzünə yaxınlaşdırıb öpdü. Yəqin, elə bilirdi, yuxudadır. Ona görə yoxlayırdı ki, görsün — yuxudadır ya yox.
Marina təəcüblə:
Neyləyirsən? Kirlidir axı...
Sənin pulların kirli deyil. Onlar müqəddəsdir. Yarım ildən sonra hamısını sənə geri qaytaracağam...
Marina güzəştlə:
Yaxşı görək. Nə vaxt imkanın olar, onda da qaytararsan.
O, öz yardımçı rolu ilə fəxr edirdi. İçində hər şey nəğmə çalır, işıq saçırdı.
Saşa yoxladı:
Heyfin gəlmir?
Marina başını buladı:
Yox...  — Dediyi büsbütün həqiqət idi.
Divarın o biri tərəfində Lüdka kimsə ilə telefonla danışırdı. Qalın səsi ilə nəsə danışırdı. Ondan xəbərsiz və onun arxasında hansı tarixi hadisələrin baş verdiyindən xəbərsiz idi.
 
 
Marina, yenə də Lüdkadan xəbərsiz, yerdə qalan pullarını MMM bankına apardı. Bu bank haqda televizordan eşitmişdi. Heçbir proqram Lenya Qolubkovsuz keçinmirdi. Lenya, Çapayev kimi xalq qəhrəmanına dönmüşdü. O, xalqın heçnədən varlanmaq  röyasını həyata keçirirdi.
Camaat avamca inanırdı: pulu banka qoysa, pul ağactək artacaq. Qoçaq Mavrodilər, xalqın bu avamlığı və sadəlövhlüyündən, üstəgəl iqtisadi savadsızlığından  istifadə edirdi. Elə bir piramida yaratmışdılar ki, o, hökmən uçmalıydı. Uçdu da. Maraqlısı da bu idi: aldadılmış müştəri kütləsi Mavrodinin hiyləgərliyinə inanmaq istəmirdi, mitinqlərə yığışaraq onu müdafiə edirdi.
Marina mitinqə getmədi. Hər şeyi bir andaca anladı. Marinada sadəlövhlüklə biclik həmahəngdir. Ona görə də həm xalqı, həm də Mavrodini anlayırdı. Bir də onu anladı ki, pullar ona birdəfəlik “sağol” deyib gedibdir. Qaytarmaq mümkün deyil.
Marinanın ağzı qurudu — qanına adrenalin sıçradı. Bu yolla insan orqanizmi stressə cavab verir. O, tez-tez xaç çəkib “Atamız” duasını başdan ayağa oxudu. Bundan başqa nə etsin? Milisə qaçmayacaq ki.
 
Yarım il keçdi. Saşa pulları sadə bir səbəbdən qayrata bilmədi. Səbəbi öncədən görmək mümkün idi. Rəqiblər gəlib palatkanı yandırdı. Səhər Saşa metrodan çıxanda külə dönmüş palatkasının dəmir dirəyini gördü. Üç min tüstüyə dönüb göyə sovrulmuşdu.
Saşa, palatkasıtək özü də öz içində yanmış, yaralanmış, evə gəldi. Qəflətən Marina anladı: Saşanı palatkasıyla birgə yandıra bilərdilər, ya da binanın blokunda güdüb güllələyə bilərdilər. Ancaq palatkayla kifayətlənmişdilər. Şükürlər olsun... Marina tez-tez xaç çəkə-çəkə “Allah, özün kömək ol...” deməyə başladı.
Tanrıdan başqa üz tutulası kimsə yox idi...
 
Narazılıqlar yığışıb çoxalır, kritik həddə çatırdı. Günlərin bir günü də partlayış baş verdi.
Səbəb, həmişə belə vəziyyətlərdə olduğu kimi, boş bir şeyə görə idi.
Uşaqlar oyuncaq üstündə dalaşmışdı. Marina Alyanın, Lüdka isə, təbii, Maksimin tərəfini saxladı. Uşaqları qoyub şəxsiyyət təhqirlərinə keçdilər, sözün əsl mənasında bir-birini döyməyə başladılar.
Saşa otağa girdi, Lüdkanı dartıb anasından ayırmağa başladı. Lüdka isə döyüş itləritək döyüşürdü. Saşa qrafindəki suyu onun üstünə tökdü. Lüdka bir anlıq aralandı. Saşa onu əllərilə tutdu, hara aparacağını bilmədi, balkona sürüdü.
Lüdka bağırdı: “Məni balkondan atacaq!” Uşaqlar ulaşdı. Saşanın sifəti heyvan sifətinə dönmüşdü. Marina qorxuya düşdü — birdən oğlu həqiqətən də gəlini yeddinci mərtəbədən aşağı atar. Sonra da həbsxanaya düşər.
Marina Saşanı Lüdkadan ayırmağa cumdu. Bir təhər ayıra bildi.
Lüdka hönkür-hönkür ağlayırdı. Saşa əsirdi, əsəbdən əsməcə tutmuşdu. Marinanın ağzı qurumuş, dili yuna dönmüşdü. Yaxşı ki, araya qan düşməmişdi.
Yatmağa dağılışdılar. Axşam saat onbir idi.
Gecə Marina yatmadı. Narazılıqların heçyana yoxa çıxmayacağını, əksinə,  çoxalacağını anlayırdı. Zaman keçdikcə ziddiyyətlər yox olmur, kəskinləşir. Marina Lüdkanın sərxoşluğuyla heçvaxt barışmayacaq. Lüdka isə, mənzildə  ildırım toputək gəzən və rastına çıxan hərşeyi yandırıb-yaxan deyingən qarıyla yola getməyəcək.
Lüdkanın öz həqiqəti var idi: spirtli içkiyə olan həvəsi atasından keçmişdi. İrsi xəstəlikdir. Başqa xəstəliklər kimi. Məsələn, şəkər xəstəliyi. Niyə şəkər xəstəsi olmaq ayıb deyil, alkoqolik olmaq isə ayıbdır? Onun sevimli şairi Vısotski də alkoqolik idi.  Heçnə də olmadı. Düzdür, tez öldü, amma çatdırıb çox şey elədi.
Əlbəttə, müalicə olunmaq olar, ancaq, deyirlər, qadın alkoqolizmi pisdir, müalicəyə tabe olmur. Özünü kodlaşdıra bilərsən, ancaq onda sən sən olmursan — başqası olursan. Tikilmək olar, dözə bilməyib içərsənsə — bir saatın içindəcə ölərsən. Belə risk nəyə lazımdır? Qoy necə var, elə də qalsın. (Tikilmə — spirtli içki asılılığından müalicə yollarından biridir. Yançaq əzələlərinə “Esperal” kimi maddəylə dolu özəl kapsula yerləşdirilir. Tikiş qoyulandan sonra maddə qana qarışır. Alkoqol qanda bu maddə ilə qarşılaşdığında, insanın halı pisləşir, qəflətən ölə bilər.-Tərc.)
Marina, otağın ortasına qoyulmuş bir şkaftək ona mane olurdu. Oturduqları yerdə hardansa qaynanası peyda olub, səssiz-səmirsiz bir yerdə durmaq əvəzi rəhbərlik edir, başqasının ərazisində öz qayda-qanunlarını yeridir. Buna heçbir heyvan dözməz: boğazını gəmirər, buynuzuna keçirər...
Bu gecə Marina yatmadı. O, Saşaya görə qorxurdu. Çıxılmaz vəziyyətdə qalıb, həqiqətən də bir gün Lüdkanı ya balkondan aşağı atacaq, ya da unitazda boğacaq. Sonra da neçə il iş kəsəcəklər.
Yaxşısı budur, özü çıxıb getsin. Özünüləğv etsin. Amma hara getsin? Snejananın yanına getmək mümkün deyil, könlü də istəmir. Qalır dövlət. Qaynar nöqtələrdən gəlmiş qaçqınlarla məşğul olan miqrasiya xidmətləri var.
Hardasa qaçqınları növlərə ayırıb məskunlaşdırırlar. Harda olduğunu öyrənmək lazımdır. Hansısa qaçqınlar düşərgəsindədir.
Səhərə yaxın Marina qərara gəldi: Alyanı anasına verəcək. Özü — qaçqınlar düşərgəsinə yollanacaq. İndiki vəziyyətindən daha da pis olmaz. Özünə görə narahat da deyildi. Marina mağarada da yaşayar, gündə bir tikə quru çörək də yeyər. Təki uşaqları yaxşı dolansın.
Səhər saat altıda Marina ayağa qalxdı. Kiçik bir məktub yazdı. Sonra çıxıb getdi. Çantasında beşyüz rubl varıydı.
 
 
Ruslar Özbəkistandan, Bakıdan, Çeçenistandan qaçırdı...
Qaynar nöqtələrdən gəlmiş köçkünlərlə məşğul olan məmurların başlarına azqala hava gəlirdi. Bircə məqamda hər şeyini itirmiş insan seli onların üstünə gəlirdi. Biri hər şeyini itirəndə, ətrafda isə heçnəyini itirməyənlər, öz evlərində yaşayanlar, öz qablarından yemək yeyənlər gəzəndə, ədalətin tarazlığı pozulur. İncimişlər də — dəqiq desək, ədalətə zidd olaraq incidilmişlər də — it kimi yarıheyvana dönürlər: onlar nifrət də eləyir, hürür də, yalmanır da. Yağlı tikə uğrunda adamı dişləməyə də, atılan tikəni  birinci tutmaq üçün yuxarı hoppanmağa da hazırdırlar.
Marinaya nə yalmanmağa, nə də hoppanmağa gərək olmadı. O, sakitcə avtobusla Ağ evin yaxınlığındakı qeydiyyat məntəqəsinə gəlib çıxdı. Onu, özü kimisilərlə birgə qeydiyyata aldılar. Qaçqınların çoxu Bakıdan idi, bu da adamı sevindirirdi. Elə bil müharibədə həmyerlilərinlə rastlaşırsan.
Qeydiyyatdan sonra avtobus gətizdirib hamını Bolşevo stansiyasındakı boş sanatoriyaya apardılar.
Bəzilərini sanatoriyada yerləşdirdilər, Marinanınsa bəxti gətirdi: onu, sanatoriya xidmətçiləri üçün qırmızı kərpicdən yeni tikilmiş bir evə məskunlaşdırdılar.  Xidmətçilər gözləyər, onların sahəsi var. Qaçqınlarınsa heçnəyi yoxdur.
Marinaya iki otaqlı mənzildə ayrıca bir otaq düşdü.
Qonşu otağa Çeçenistandan rus qaçqın qadın Verka ilə on yaşlı qızı Allanı yerləşdirdilər. Belə balaca uşaq üçün Verka bir qədər qoca idi. Əlli yaş vermək olardı. Bəlkə gec doğubdur.
Qız, koreyalılara bənzəyirdi, Verkadan əsər-əlamət yox idi. Bəlkə oğurlayıb. Bəlkə də əri koreyalı idi.
Verka dəhşət şeylər danışırdı: yaraqlılar gəlib işkəncə verir, camaatın dişlərini çıxarırdılar. Marina qulaq asıb yerindəcə donurdu. Bəxti, demək, gətiribmiş: bircə dəfə başından, o da yavaşca, vurmuşdular.
Marina soruşdu:
Axı nəyə görə?
Necə yəni nəyə görə? Rus olduğumuz üçün.
Dünyanın ağlı qaçıbdır. Erməniləri erməni olduğu üçün öldürürdülər. Yəhudiləri — yəhudi olduqları üçün. Rusları da —  rus olduqları üçün.
Marina:
Bəs dişləri nə ilə çəkirdilər?
Kəlbətinlə... —  Verka ağzını açıb körpə uşaqlarda olduğutək ağzının dərinliyindəki çılpaq damağını göstərdi...
Marina təəcübləndi. Verkanın qabaq dişləri yerindəydi, kök dişləri yox idi. Yaraqlılar kəlbətinlə işləsəydi, asanlıqla əlçatan dişləri, yəni qabaq dişləri dartıb çıxarmalıydılar.
Marina, Verkanın aferist və hoqqabaz olmasından şübhələnirdi. Qaçqınların içində necə adam desən varıydı. Camaatın yazığı gəlsin deyə,  bəziləri özünü kasıb göstərir, cır-cındır geyinirdi. Digərləri, əksinə, qır-qızıllarını taxıb özlərinə elmi adlar verirdilər.
Marksist-leninist fəlsəfəsi üzrə həqiqi professor da vardı. O, yaxşı yemək bişirirdi deyə, ixtisasını dəyişib aşbaz olmuşdu. Sanatoriyanın mətbəxində çalışırdı.
Qaçqınlara gündə üç dəfə yemək verilirdi. Pis yedizdirmirdilər, ona görə də heçbir mağaradan və quru çörək parçasından söhbət ola bilməzdi.
Verka ayda bir dəfə Moskvaya, Erməni döngəsinə gedirdi. Orda Qırmızı Xaç uşaqlara məvacib verirdi. O pula pul demək olmazdı.
Marina yerini rahlayıb qonşu bağ evlərində özünə dolanışıq yeri tapdı.
Sanatoriyanın ətrafında yeni rusların kərpic kotecləri vardı. Marina pəncərə silir, ev yığışdırır, yemək bişirirdi. Saatına iki dollar verirdilər. Bu, Erməni döngəsində verilən qəpik-quruş deyil.
Verka ali təhsilli olduğunu, ona görə də varlı adamların dalınca zir-zibil yığmağı özünə yaraşdırmadığını deyirdi. Onun öz sözüylə desək — göt silə bilməzdi... Marina belə hesab etmirdi. Göt də silmək olar. İşləmək ayıb deyil. Oğurluq eləmək ayıbdır.
Yeni ruslar və onların arvadları Marinayla ünsiyyət qurmurdular. Ediləsi işi deyir, işə qəbul edir, pulunu ödəyirdilər. Şəxsiyyət kimi Marina onlara tamamilə maraqsız idi.
Sahiblərin ikinci kateqoriyası — varlı təqaüdçü qadınlardır. Keçmiş olanlardandılar. Keçmiş həyat yoldaşları, keçmiş gözəlçələrdir. Onlar Marinayla tanış olur, vəziyyətini öyrənir, dinləyir, təsəlli verirdilər. Marina həvəslə onlarla əlaqəyə girib tezcə götür-qoy edirdi: bu dostluqdan nə qoparmaq olar? Ancaq heçnə qoparmaq olmurdu. Olsa-olsa —  köhnə pal-paltar. Dostluq dostluq yerində, pullar isə — ayrıca.
Marina, zəhləsi getmiş Lüdkadan canını qurtardığına görə xoşbəxt idi. Ayrılıqda nifrət şiddətlənmişdi. Gəlinini yada salanda sözün əsl mənasında qadını əsməcə tuturdu. Aleçka üçün darıxırdı, beş yaşlı qızın böyüklərlə bir otaqda yatmasından əzab çəkirdi.
Alyasız həyat bir qədər mənasını itirmişdi. Sadəcə sağ qalmaq həyatın mənası ola bilməz. Marina, özü kimi məğlub olmuşların əhatəsində idi. Bu, adamı bərabərləşdirir və sakitləşdirirdi. Marina, professor-aşbaz ailəsindən başqa heçkəsə paxıllıq etmirdi. Professor Bakıdan öz arvadı ilə birgə çıxıb gəlmişdi, onlar, Qoqa ilə Maqoqa kimi əlləri   
qoynunda yan-yana gəzirdilər. (Qoqa və Maqoqa — dini kitablarda Yəcuc və Məcuc kimi də adı keçən iki mifik xalq adıdır. — Tərc. )
Marina da uşaqlarının ayağına dolaşa-dolaşa yox, bax beləcə — əlləri qoynunda gəzmək istəyirdi.
Xoşbəxtliyin yoxluğu sağlamlığa ziyandır. Beyin narazılıq hormonu ifraz edir, insan da nəm çəkmiş royal kimi kökdən düşür. Xaric səslər çıxarmağa başlayır. Cütlük olmalıdır. Dəst olmalıdır. Marina öz dəstsizliyini gizlədirdi, amma gözlərinin dibindən yalnızlıq oxunurdu.
Rüstəm, hardasan? Əslində, harda olduğu məlumdur. Öz arvadı İradənin yanında. Başqası lazımdır. Kim olur-olsun...
Aşağı mərtəbədəki qırx yaşlı mühasib Qalina özünə nişanlı tapmışdı. Amma heçkəsə göstərmirdi. Yəqin, utanırdı. Paxıl Verka fərziyyə yürüdürdü: Qalina təmənna   üçün ərə gedir. Lakin əsl sevgi də elə təmənnadır, faydadır. İnsan güclü duyğu alır, güclü duyğu da verir. Bərabər mübadilədir.
Bir gün Qalina gəlir, özü də sözlü adama oxşayır. Nişanlısının  qohumu var. Qoca deyil, 55 yaşındadır. Ailə qurmaq üçün biri ilə tanış olmaq istəyir. Moskvada öz mənzil sahəsi, şəhər kənarında da odunla istiləndirilən, hamamı-tualeti olmayan bir evi vardır. Elanlarla tanış olmaqdan qorxur, necə adama rast gələcəyini bilmək olmaz. Vasitəçi ilə tanış olmaq daha yaxşıdır. Qalina Marinanı məsləhət bilmişdi.  
Marina xatırlatdı:
Axı yaşlıyam.
Guya o cavandır?
Verka:
Bu altmış yaşlı pergüntlar otuz yaşlı axtarır. (Henrik İbsenin “Per Günt” dram əsərinin qəhrəmanının adından yaranmış söz. Qocalanadək bir qadının yanında qərar tutanmayan kişilərə işarə. - Tərc.)
Qalina açıqladı:
Otuz yaşlı olmaz. Ürəyi xəstədir.
Marina şübhələndi:
Onda öləcək ki...
Ölər — evi sənə qalar...
Qalina telefon nömrəsini qoyub getdi. Sanballı görünməkçün Marina iki gün gözləyib zəng etdi.
Səsindən bəsit adama oxşayırdı. Zabit səsidir. Hə, nə olsun? Rüstəm də hərbçi idi. Bəs kimlə tanış edəcəklər? Nobel laureatı ilə?
Görüş haqda razılaşdılar. Namizəd özünü təqdim etdi:
Adım Vladimir Konstantinoviçdir. Sizi “Sokol” metrosunun yanında gözləyəcəyəm.
Marina təklif etdi:
“Belorusski” daha yaxşıdır.
Niyə?
Mənə daha yaxındır.
Marina Moskvanı tanımırdı deyə, yolu azmaqdan qorxurdu.
Soruşdu:
Bəs sizi necə tanıyacağam?
Əlimdə qazet olacaq. Soyadım Mikolayçukdur.
Soyadınız nəyimə gərəkdir? Milisioner deyiləm ki...
Görüş gününü, saatını, yerini təyin etdilər.
Görüş yerinə bir zamanlar Rüstəmlə tanış olmaq üçün getdiyi kimi getdi.  Lakin  xallı şərfdə deyil, başında beretka ilə, saçlarının yarısı ağarmış, boyanmamışdı deyə.
Marina vağzaldan çıxdı, metroya qədər addımladı, birdən Vladimir Konstantinoviçi gördü. O, boz plaşda, ucaboylu və qələmqabı kimi düzkünc idi. Boz saçları arxaya daranmışdı, dik burunlu, boz sifətli. Meyid sifətitək. Əlində, danışıldığı kimi, qazet tutmuşdu.
Marina dayanmadı. Addımlarının sürətini azaltmadan ötüb yanından keçdi. Eyni bu qətiyyətli yerişlə platformayadək addımlayıb elektriçkaya girdi. Elə həmin anda qatar yerindən tərpəndi. Marina sevindi, sanki təqibdən qaçırdı.
Yol boyu pəncərəyə baxırdı. Həyat hekayəsi tamamilə tərsinə təkrarlanmışdı. Telefonla tanışlıq. Əldə qazet, taleyin dəyişəcəyinə ümid. Ancaq o vaxtlar bu yüngül idi, qaçaraq, əl-ələ tutaraq idi. İndisə Vladimir Konstantinoviç, dikinə qoyulmuş tabut  təki dayanmışdı. Sifəti də tabut sifəti idi. Hardasan, Omar Şərif? Hardasan, cavanlığım, öz şəhərim?
Marina səssizcə ağlayır, çöçələ barmağıyla gözünün yaşını silirdi. Öz otağına girəndə isə, paltarını soyunmadan çarpayıya yıxılıb var gücü ilə hönkür-hönkür ağladı, eynən bir zamanlar o Bakı həyətinin ağzındakı kimi. Duyğu da eyni idi: büsbütün çarəsizliyə məhkumluq, nəyisə dəyişdirməyin də mümkünsüz olması duyğusu. Yəqin, uçqun altında qalmış şaxtaçı özünü belə hiss edər.
Marina ulayır, sanki həyatla vidalaşırdı. Qız isə dayanıb, qara balaca koreyalı gözlərilə qorxa-qorxa baxırdı.
 
 
Verka firmada iş tapmışdı: qida əlavələri yayırdı. Hər satılmış dəstdən faiz alırdı. Gəliri öz israrlılığından asılı idi. Verka, ensefalit gənəsi kimi adamlara yapışırdı. Malı almaq mübahisə etməkdən daha asan idi.
Marina dəmir sərtliyi göstərdi. O, heçbir əlavələrə inanmırdı, üstəlik — yenə növbəti bir Mavrodinin insan sağlamlığı üzərində biznes etməsindən şübhələnirdi. Verka and içir, qaraçılartək sinəsinə döyürdü. Bununla belə Marina dirənə bildi. Onun məqsədi vardı: pul yığıb yayda Aleçkanı harasa aparmaq istəyirdi. Aleçka üç ay təbiət qoynunda olacaq, yeni ruslardan da yaxşı. Əlbəttə, onlara çata bilməz. Amma yenə də — səma hamı üçün birdir, hava da hamı üçün birdir.
 
Ardı var...
 
Ruscadan çevirən: İlahə Ucaruh
 
Mənbə: Виктория Токарева “Своя правда”
 
Kultura.az
Yuxarı