Ümumbəşəri dəyərləri müdafiə etmək ermənipərəstlikdirmi?

Ульви ГАСАНЛЫ

 
Çünki bu, kütləni yayındırmaq, aldatmaq üçün ən yaxşı alətlərdən biridir. Halbuki özlərinə lazım olanda ermənilərlə ən rahat, heç bir problem olmadan stol arxasına oturan da bunlardı. Son bir neçə ildə Qarabağa, Şuşaya, Göyçə gölünə gəzməyə gedən nazir, rektor, səfirlərimiz var. Səfərlərinin adlarını isə qoyublar ki, möhtərəm icazə verib və qanunidir. Leyla Yunusu, digər müxalifləri erməni çıxarmağa cəhd edən yaltaq mətbuat bir dəfə də olsun yuxarıdakıların ermənilərlə qohumluqları olmasını yazmağa layəqətləri çatmayıb. Ölkədə yüz minlərlə insan bilir ki, hakimiyyətdə konkret kimlərin anası, arvadı, yaxını ermənidir. Dəfələrlə də bunun siyahısı çıxıb, mətbuatda yazılar dərc olunub, fikirlər səsləndirilib. Təkzib də edilməyib.
 
Sadə ermənilərlə mənim problemim yoxdur. Çünki onlar da bu süni yaradılan müharibədən əziyyət çəkir və ümumilli “qədimliklərinin” güdazına gediblər. Dəfələrlə bunu öz dillərindən də eşitmişik. Bakıda da rəsmi statistikaya görə 30 min erməni var və onlar Azərbaycan vətəndaşlarıdır. Yəni XXI əsrdə milli ayrı-seçkilik salmaq, şovinizm, faşizm yaymaq normal təfəkkürlü insanın beyin məhsulu ola bilməz. Kim ki bu mövzunu müzakirə predmeti edirsə, o ən yaxşı halda keçən əsrin birinci yarısının girdabında ilişib qalıb və ya ümumiyyətlə geri zəkalıdır.
 
Qarabağ probleminin də ermənilərdən qaynaqlanan bir məsələ olmadığı gün kimi aydındı. Avtoritar hakimiyyətimiz “eşşəyə gücü çatmır, palanı döyəcləyir” prinsipi ilə hərəkət edir. Çünki Rusiyadan asılacaqları var. Müstəqil deyillər ki, hər şeyi öz adı ilə çağırsınlar. Əlbəttə özlərinə də xeyir edir deyə zaman zaman erməni hökuməti ilə razılaşdırılmış oyunlar oynayırlar. Bu problemi əksər post-sovet ölkələrinə Rusiya yaradıb. Sadəcə Ukrayna, Gürcüstan, Moldova kimi xalqın iradəsini ifadə edən hakimiyyətlər problemin baiskarının Rusiya olduğunu açıq deyə bilirlər. Amma bizim asılı yapçılarımız isə əksini iddia edirlər: "problemin açarı Rusiyadadır". Vəfa Quluzadə demişkən – “Qarabağ məsələsinin açarı yox, tormozu, əyləci Moskvadadır. Yəni Rusiya heç vaxt bu münaqişənin həllində maraqlı deyil”.  Uzun giriş olduğuna görə üzr istəyirəm, söhbətimizin məğzi isə əslində biraz başqadır.  
 
Bu mövzuda yazı yazmaq fikrim yox idi. Facebookda post, link paylaşmaqla kifayətlənmək fikrində idim. Amma Yeni Müsavat və onun baş redaktoru Rauf Arifoğlunun bir gün ərzində bir neçə yalan, dezinformasiya, yarınmaq məqsədilə yaydığı yazılar və onun yazdıqlarını qınayanları “qrantın uşaqları” kimi qələmə verməsı məni vadar etdi ki, bu ad altında açdığı mövzu ilə bağlı fikrilərimi yazı edim.
 
Bilməyənlər üçün qeyd edim ki, dünən (20 noyabr) Batumidə Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə Vətəndaş Cəmiyyəti Forumu keçirilib və Şərq Tərəfdaşlığı proqramına daxil olan beş ölkədən nümayəndə heyətləri tədbirdə iştirak edib.
 
Çexiyanın “People In Need” beynəlxalq təşkilatı Azərbaycandakı siyasi məhbus problemini diqqət mərkəzinə gətirmək üçün bu tədbirdə stend, plakatlar açıblar (ümumilikdə plakatlarda Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən şuarlar yazılıb). Və Rauf Arifoğlu tədbirdə olduğuna görə həmin andaca aksiyadan bir-iki şəkil və erməni nümayəndə heyətindən də bir nəfərin şəklini çəkib yayıb ki, bəs qoymayın ermənipərəst çex təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə kampaniyaya başlayıb, işə də erməni filankəs dirijorluq edir. Məqsədləri də ölkəmizin tər-təmiz imicini ləkələməkdir. Həmin təşkilatın ermənipərəst olmasını isə Rauf müəllimə guya Azərbaycandan gedən nümayəndə heyətinin aparıcı adamları deyibmiş. Adamın istinad yerinə baxın. Şərə xidmət edən adamlar. Orda iştirak edən nümayəndələrin əksəriyyəti hakimiyyətə yarınan adamlardı.Onlar düz söz deyə bilərlərmi?
 
Yəqin bilirsiz, hazırda Avropada ən çox siyasi məhbusu olan ölkə Azərbaycandır. 100-ə yaxın siyasi fəal həbsdədir. Təsəvvür edin Avropanın ən repressiv hökumətlərindən olan Rusiya və Belarusiyanın birgə siyasi məhbusları heç 50 deyil. Yəni haqlı olaraq hazırda beynəlxalq təşkilatların diqqət mərkəzində Azərbaycandakı siyasi məhbus problemi və vətəndaş cəmiyyətinin durumudur. Hakimiyyətdən qidalananlar isə maksimum çalışırlar ki, hökuməti bu qınaqlardan qorusunlar.
 
Hakimiyyətin nəzarətində olan media illərdi demokratiya tələb edənləri, siyasi məhbuslara azadlıq istəyənləri "düşmən dəyirmanına sutökməkdə", "erməni", "antimilli-ünsür", "element" olmaqda ittiham edir. Kütləvi media da o dərəcədə geniş təbliğatla məşğuldur ki, bəzən şüurlu insanları belə bu mövzuda aldada, problemlərdən yayındıra bilirlər. Bu məsələlər çoxdan bitməli idi. İnsan haqları və demokratik dəyərlərin milliyəti, dini, irqi olmur. Bu dəyərlər ümumbəşəri dəyərlərdi. Kim ki bu dəyərlərin daxili məsələ olduğunu, daxildə həll edilməli olduğunu iddia edirsə, deməli ya həmin insan savadsızdı, kölədi, ya da qeyri-səmimidi, yaltaqdı və məqsəd avtoritar rejimi müdafiə etməkdir. 
 
Harda insanların haqqı pozulursa, ona qarşı mübarizə aparmaq vacibdir. Başqa ölkələrdə fundamental insan haqları problemlərini həll edib heyvan hüquqları ilə məşğul olurlar. Bizdə isə insan hüquqları ilə məşğul olanlara agent, antimilli, düşmən, erməni deyirlər. Və özünü mütərəqqi hesab edən Yeni Müsavat kimi media orqanları, onların jurnalistləri də bu teatrlarda iştirak edirlər. 
 
Rauf Arifoğlu yazıb ki, onun yaydığı informasiya (əslində hakimiyyətə yarınan dezinformasiya) “qrant uşaqları”nın xoşuna gəlməyib. “Qrant uşaqları” da deyəndə kim bunların yalanını ifşa edibsə, qınayıbsa, o adamlar nəzərdə tutulur. Adamın gərək abırı ola ki, özü ildə 100 mindən artıq rəsmi olaraq hökumətdən qrant ala, sonra da qrantla əlaqəsi olmayan adamlara “qrant uşaqları” deyə. Bu adamlar birazdan səs qəzeti ritorikasında danışacaqlar bizimlə. Ən yaxşı halda "düşmən dəyirmanına sütökənlər" deyəcəklər.
 
İndi bunların etdiyinə nə ad qoyaq? AzTV-likmi, hakimiyyətə yarınmaqmı, yoxsa qeyri-peşəkarlıqmı? 
 
Bir tərəfdən hakimiyyətin "ağır mediası"nın işə düşməsi, dezolar yayması, digər tərəfdən də Azərbaycandan gedən nümayəndə heyəti üzvlərinin çex ictimai fəalların plakatlarını cırması. Yəni Azərbaycanda polislər aksiyalarda necə hərəkət edirsə, Batumiyə gedən GONGO nümayəndələri də özlırini o cür aparırlar.  Mahiyyətləri oxşardı axı, eyni hakimiyyətdən qidalanırlar. Sadəcə formaları çatmır. Görün vətəndaş cəmiyyəti nə günə düşübsə, bu gün bu sferanı belə biabırçı adamlar təmsil edir. Öz ölkən olsa, cəhənnəm, başqa məsələ, insanlar əziyyət çəkib, mübarizə aparıb, döyüşüb azadlıqlarını bərpa ediblər, demokratik dövlət qurublar. Azərbaycandan gedən bir qrup adam isə orda yap polisi rolunu oynayıb. Başa düşmürlər axı necə, hansı əziyyətlərlə qazanılıb o azadlıqlar. Və buna da Yeni Müsavat haqq qazandırır, üstəlik də məsələyə psevdo vətənpərvərlik, dövlətçilik qatır. Əslində bu tip yazılara təəccüblənmirəm. Çünki çoxdandı bu qəzetin kimlərə xidmət etdiyi açıq aydın görünür. Sadəcə belə yalançıları ifşa etmək, rahat-rahat yalanı insanlara sırıya bilməyəcəklərini göstərmək lazımdır.
 
Vəziyyətdən asılı olaraq yazının davamı olar bilər. Çünki əslində çox geniş mövzudu və forumda baş verənlərdən uzun-uzun yazmaq olar. Sadəcə hələlik bu qədərin kifayət olduğunu düşünürəm. 
 
Ülvi Həsənli
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade