İtirilmiş insan

 
Seymur Baycan daima diqqətlə oxuduğum bir yazar, yaxından tanığım bir insandır. Bir zamanlar qələmindən od püskürən, hər bir kəsi qarşısına qoyub danlayan bu insan indi mənasız işlərlər məğuldur. Özü kimi bir dəstə intellektual avaranı da vaxtı vaxıtında mənasız mövzularla məşğul etməkdədir. 
 
Dostumuz deyir ki, hakimiyyət insanları beş yüz, yeddi yüz manata girov götürüb. Yəni adamların ayına 500-700 manat verib onları deaktiv ediblər. Bəs yaxşı, o zaman Seymur bəy niyə özü hakimiyyətin yaratdığı və girovların saxlanıldığı saytlarda yazılar yazır, niyə həmin saytlara legitimlik qazandırır? Bəy dediyin nədir, bəyənmədiyin nədir?! Özü də həmin saytlarda yazıçılardan, əsərlərdən məqalələr yazıb xalqı yazıçılarla, əsərlərlə tanış etsəydi onu bağışlamaq hakimiyyətin dəstəklədiyi saytlardan aldığı qonorarı, içdiyi şirələri ona halal etmək olardı. Bu cür məqalələri yazmaq üçün onun hər cür potansialı var. Səmimi bir insan kimi ən azı obyektivlik naminə bunu etiraf etməliyik. Lakin o maarifləndirici yazılar yazmaq əvəzinə dipçək güllərindən, yemək bişirə bilməyən qızlardan ciddi-ciddi yazılar yazır. Bilmirsən özün dolayır, yoxsa camaatı dolayır. Doğrusu mən prosesə ad qoymaqda çətinlik çəkirəm. Və artıq təəssüflə qeyd etməyə məcburam ki, mən Seymuru öz tərəfimdən itirilmiş adam hesab edirəm. 
 
Müxalifəti tənqid edəndə şirə-pələngə dönən bu adam hakimiyyət mövzusuna gəldikdə öz susqunluğuna bəraət qazandırır, ən pisi də odur ki, üstəlik tarıxı şəxsiyyətləri öz mənəvi cinayətinə şərik edir. Öz qorxaqlığına haqq qazandırmaq, suallardan yayınmaq üçün bir arqument gətirir. Qorxuram. Guya ifrat səmimiyyət nümayiş etdirir. Sonra da həyasızcasına müsahibəsində deyir ki, azərbaycanlıların səmimiyyət problemi var. Açıq aşkar deyirəm ki, qorxuram onlar isə konkret ad çəkməyimi tələb edirlər. 
 
Seymurun bu arqumentinə hardasa haqq qazandırmaq olar. Lakin indi o təndiq etdiyi obyektlərin miqyasını getdikcə kiçiltməkdədir. Onun gözünün qarşısında müxtəlif hadisələr baş verir. O isə bu hadisələri görmür, tamam xırda məsələləri müzakirəyə çıxarır, gündəmə gətirmək istəyir. Əgər, məsələn, o sabah qarışqalar haqqında yazı yazsa, mən bir qram da təəccüblənmərəm. Zatən səhv etmirəmsə, Seymur bəy bir dəfə Milli Elmlər Akademiyasının prezidentinə açıq məktub yazaraq Azərbaycanda qarışqaların növlərinin müəyyən edilməməsinin səbəblərindən dolayı öz narahatlığını bildirmişdi. Ki, Azərbaycan ərazisindəki qarışqaların növləri hələ də müəyyən edilməyib. Qarışqalar el dili ilə adlandırılır. 
 
O bir yazar kimi bu həssas günlərdə demokratik mətbuatın küncə sıxışdığı bir günlərdə milyonlarla manatın sözün üstünə axdığı bir zamanda azad sözün yanında deyil mürtəce mətbuatın yanında dayanıbdır. Bunu ona bağışlamaq həddindən artıq çətindir. 
 
Son vaxtlar sıralarımızı tərk edənlərin sayı o qədər çox olub ki, onların hər biri haqqında çatdırıb yazı yazmaq olmur. Bir yandan yaxşı, bir yandan da çox kədərli bir proses həm insanları itirirsən, həm də insanları yaxından tanıyırsan. Amma düşünürəm ki, Seymur haqqında ayrıca bir yazı yazmağa dəyər. Bir yaxın insan kimi bu mənim mənəvi bir borcumdur. Bəlkə biz onu getdiyi bu yalnış yoldan geri qaytara bildik. 
 
Elnur Astanbəyli
Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade