Ağız suyuna bulaşmış 5 ən yaxşı şeir

Rasim Qaraca

 
 
Elə Kulis.az saytının əməkdaşı Şərif Ağayar, yazdığı bir yazıda, haqlı olaraq, Rəsul Rzanı Anara xoş gəlmək istəyənlərin seçdiyini qeyd edib: "Bu qələm adamlarının (R.Rzanı seçənlərin)yarıdan çoxu Anarın rəhbərliyi altında çalışan adamlardır.". Maqsud İbrahimbəyovun, Fikrət Sadığın, Mübariz Cəfərlinin, Nərgiz Cabbarlının, Rəşad Məcidin, İlqar Fəhminin, Əsəd Cahangirin, Qəşəm Nəcəfzadənin, Azər Turanın, İntiqam Qasımzadənin, Aydın Xanın fərqli bir cavab verəcəyini gözləmək sadəlövhlük olardı. Bu adamlara sorğu göndərəndə nəticələrin necə olacağını təxmin etmək mümkün idi. Bu elə Yazarlar Birliyindəki sədr seçkilərinə bənzəyir: 2000 üzv arasından öz tərəfdarlarını qurultaya dəvət edirsən və... nəticə ürəyin istəyən kimi olur. Dolayısıyla, seçənlər məlumdur, bəs seçənləri kim seçir? Nə üçün sorğu müstəqil yazarlar  (Azad Yazarlar demirəm) arasında keçirilmədi? Nə üçün Kulis.az kimi gənc bir kollektiv yenidən qocaların çirkabına özünü bulaşdırdı. Onların insafsız, mürvətsiz və bəzən də vicdansız olduqları dəfələrlə sübuta yetməyibmi? Bütün bu sual işarətləri Kulisçilərin xoş məramına kölgə salmaq üçün deyil. Bu da bir iş idi görülüb, özlərinin də qeyd etdiyi kimi "sözün, dəyərli şeirin tanıdılması, təbliği, bir daha yada salınması üçün" faydalı olduğu göz qabağındadır. 
 
Lakin, Şərif Ağayarın bu günkü yazısında ziddiyyətli bir məqama da toxunmaq istəyirəm. O öz yazısında "80-ci illər də daxil olmaqla yeni nəslin klassiklər bir yana, 60-cılara amansızcasına uduzması"nı yazır. Şərifin bu qədər sadəlövh olduğuna inanmıram. Yuxarıda yazdığım sadə həqiqəti görmək bu qədər çətin olmamalıdır çünki. Sorğuya cəlb olunan adamlarla nəsillərası tarazlığın nisbətinin düz mütənasib olduğu sadə bir həqiqətdir.
 
Bütün bu deyilənlərlə yanaşı olaraq, sevindirici bir məqamı da burada qeyd etmək istərdim. Bütün neqativlərinə, satqınığına, oğraşlığına və yaltaqlığına baxmayaraq, Azərbaycan Yazıçısının qəlbinin lap dərin qatlarında bir insaf qığılcımı hələ də yaşamaqdadır, hələ sönüb qurtarmayıb və külnən küf olmayıb, bir tərəfdən sabunlansa da digər tərəfdən Mikayıl Müşfiqə, Cəfər Cabbarlıya, Əli Kərimə səs verməyi bacarıb. Demək, hələ dirçəlişə ümid var. Demək, Məmmdə İsmayıl demişkən: Hələ yaşamağa dəyər bir az da... 
 
Rasim Qaraca
 
Literaz.com
Kultura.az | Developed by Samir Yahyazade