Xəyali şahmat taxtası

Эльмир МИРЗОЕВ

 
 
Bu yaxınlarda Tiflisin hava limanından Almaniyaya dönürdüm. Tələsdiyimdən aeroportda qapıları səhv salıb Moskva təyyarəsinə minəcəkdim, mühafizə xidmətinin işçisi bileti görüb, “ara” (gürcücə “yox” deməkdir) söylədi, barmağı ilə İstanbul qapısına işarə etdi. Sevindim.
 
 
Şimala heç uçmaq istəməzdim, başqa səbəb yoxdu, sədəcə sovetin dövründən qalma qeyri-sivil aeroport və onun biabırçı tualetləri önyarğısı bəndənizdə artıq instinkt səviyyəsindədir. İndi artıq lap elə də deyil yəqin ki, amma refleks çox çətinliklə keçir və ya heç zaman keçmir. Nəsə.
 
İstanbula çatar-çatmaz növbəti uçağıma tələsdim, zaman çox az idi. Aeroportun aşağı qatında yerləşən Köln qapısının önündə qarşıma onlarla qara niqablı qadın və ağ əbalı kişi çıxdı. Qəflətən işıqlar sönsə və ətrafda başqa insanlar olmasa, fantastik filmlərdəki kimi birdən-birə möcüzə ilə 10 əsr geriyə (ya da Samanyolu TV-nin “Sırlar dünyası” tipli verilişinə) düşdüyümə inanacaqdım. Qapqara çadralarda, gözlərinə qədər möhkəm bağlanmış qadınlar ilə, çoxu uzun-ağ əba geymiş saqqallı kişilər kəskin təzad təşkil edərək, xəyali şahmat fiqurlarını xatırladırdı.
 
Öncələr də qarşıma belə qiyafəli insanlar çıxırdı, heç zaman fikir vermirdim, indi isə bu qədərini bir yerdə gördüyüm üçün bir qədər şaşırdım. “Görən hara uçurlar?” – fikri ağlımdan keçərkən, gözlərim qarşı qapının üstündəki qara tabloya sataşdı: yaşıl hərflərlə “Dammam” yazılmışdı. Aydındır... Səudiyyə! 
 
Görünür uçaqları gecikirdi, o üzdən nəsə narahat idilər. Tabloda işıq gah peyda olur, gah sönürdü. Niqablı qadınlardan biri kənar stolların birinin qırağında əyləşdi, çantasından yeməli nəsə çıxardı, ətrafa baxıb əlini niqabın altına uzatdı, onu qaldırıb yeməyi ağzına qoydu. Bu proseduru dəfələrlə təkrarladı.   
 
Belə şeyləri öncələr sosial şəbəkələrdə-filanda zarafat kimi təqdim olunan videolarda görüb heç fikir də verməmişdim. İndi cinsiyyət fərqini bu qədər kəskincəsinə vurğulayan libaslara qərq olmuş böyük insan kütləsi gözlərim önündə idi. 
 
Demək olar ki, hamısı əlində iPhone-tablet-falan, ya oyun oynayır, yaxud nəsə edirdilər. Uçağımı artıq unutmuşdum, ağlımdan “Görən filmlərə necə baxır bunlar?” fikri də keçdi. Yox-yox, bu insanlar keçən əsrin Türkiyə və Azərbaycan ədəbiyyatında əks etdirilmiş kimi “geri fikirli” deyildilər, texniki yenilikləri “kafər malı” adlandırmır, ondan istifadəyə çiyrənmir, qısası xurafatdan çox uzaqlaşmış görünür, zatən “balonlarda seyrə çıxmağa” hazırdırlar. Bəli, onlar əvvəlki zamana görə kifayət qədər inkişaf etmiş, mütərəqqi idilər, göründüyü kimi XXI əsrin bütün texniki nailiyyətlərindən istifadə edirdilər, planşetdə oynayır, təyyarədə uçur, hətta (mənası olmasa belə) foto da çəkdirirdilər.
 
Bu insanlar rahatca istifadə etdikləri bu nailiyyətlərin necə böyük qurbanlar və zehni gərginlik bahasına başa gəldiyinin fərqində deyildilər. Necə bir inkişafın, elmin, mədəniyyətin, incəsənətin zirvəsinin, sintezinin bəhrəsi olduğu ağıllarına çətin gələydi.
 
Bir azdan minəcəkləri təyyarənin (hazırda ən təhlükəsiz nəqliyyat növü hesab edilir) başa gəlməsi üçün verilən neçə yüzillik xülyalar, zəhmət, əzab və qurbanlardan da yəqin ki, xəbərsiz idilər. Bu nailiyyətlərin ortaya gəlməsi üçün ilk öncə zehində, təfəkkürdə, zəkada, cəmiyyətdə dəyişikliyin zəruri olması da bu toplumdan şübhəsiz ki, çox-çox uzaq fikirdir. Onlara bu nailiyyətləri xammal əvəzinə bəxş edən Avropanın və Qərbin bu dəyərlərə çox böyük mübarizələrdən, alovlardan-qanlardan keçərək gəlib çıxması bu insanları əsla ilgiləndirmir. Texniki nailiyyətlərin istehlakçısı olan bu adamlar bəşərin çağdaş sosial-ictimai, kültür nailiyyətlərindən on əsr əvvəlki kimi uzaqdadırlar. 
 
Bu səbəbdən az qala 100 illik tarixi olan bu çox varlı ölkənin bəşərə xammaldan başqa nə verməsi sualı ritorikdir. Heç bir şey, sadəcə, heç nə!
 
Bir qədər sonra sərnişinləri təyyarəyə daşıyan avtobus gəldi, onları yığıb apardı.
 
Səudiyyə burada sadəcə misal idi, yaxın Şərqdə onlarla belə ölkələr mövcuddur. Bir zaman, hətta Yaxın Şərq coğrafiyasının bəşəriyyətə son 500 ildə (!) istənilən sahədə (!) - elm, incəsənt, ədəbiyyat, tibb, ictimai sfera və s. – kimləri bəxş etməsi sualı ağlıma gəlmişdi. Bu zaman İranda XIX əsrdə ixtira edilmiş və sonradan qismən yayılmış yeni din - bəhailikdən başqa ağlıma heç nə gəlmədi. Zatən bütün başlıca dinlər Yaxın Şərq və Hindistanda peyda olub. İstənilən dinin isə son iki minillikdə bəşərin inkişafını tormozlayıcı faktor olmasını bu günün yüksəkliyindən təsdiq edə bilərik. Avropanın özündə belə, sonuncu insanın kilsənin göstərişi ilə yandırılması faktı da çox uzaqlarda deyil – bu 1826-cı ildə Portuqaliyada baş vermişdi.  
 
Azərbaycanın çağdaş, olsun ki, böyük qüsurları olan, lakin sekulyar həyatı heç də asan başa gəlməyib. M.F.Axundzadədən indiyə kimi 150 illik bir dövrdə Azərbaycan ziyalıları böyük məhrumiyyət və basqılardan keçərək, verilmiş qurbanlara rəğmən öz ideallarını gələcək nəsillərə ötürməyi bacardılar. Azərbaycan anlayışının özü, ölkəmizin ideal obrazı, məhz dahilərimizin yaratdığı bu, çox qiymətli mirasla sıx bağlıdır. Əgər bütün bunlar olmasaydı, Azərbaycanın bir ölkə və cəmiyyət kimi yuxarıda adı çəkilən coğrafiyadan heç bir fərqi olmayacaqdı. Çünki mədəniyyət və təfəkkür, sadəcə kobud idxal yolu ilə əsla gətirilə bilməz. Bunun parlaq sübutu bir daha İstanbul hava limanında zühur edən o səhnə idi. Sekulyarizm, dünyəvilik yalnız həqiqi humanizm, yəni insanmərkəzçi inkişaf konsepsiyalı cəmiyyətdə mümkün olar bilər. Bunu isə say-seçmə ziyalılarımız hələ əsr yarım öncə bizə miras etmişdilər.
 
Hazırkı proseslərin fonunda Azərbaycanın ən böyük dəyəri bu mirasdır və məhz bu dəyərlər ölkəmizi bizə Vətən etmişdir. Dumanlı gələcəkdə mümkün ola biləcək xəyali ağ-qara şahmat taxtasından bizi qoruya biləcək yeganə dəyər də məhz bu mirasdır.
 
Elmir Mirzəyev
 
Kulis.az
Kultura.az | Developed by Samir Yahyazade