post-title

Cəmil Həsənlinin tarixi məsuliyyəti

O gün bir jurnalist əlaqə saxlayıb məni ölkədə baş verənlərə reaksiya bildirməməkdə, susmaqda ittiham etdi. Mən də öz növbəmdə dedim ki, get Cəmil Həsənlinin dostu Anar Rzayevdən ölkədə baş verənlərə münasibət öyrən. Əcəb işdi, yazıçıdan, ziyalıdan söhbət düşəndə bəh-bəhlə sovetin şişirdilmiş ziyalılarından, onların yaradıcılığından danışırlar, biz oluruq əxlaqsız, küçə uşağı, cümlə qura bilməyən yazıçılar, amma əjdahanın ağzına adam atmaq lazım olanda biz yada düşürük.

 
Cəmil Həsənlinin “Leyla Yunusun qançır olmuş ayaqları” adlı yazısını oxudum. Cəmil müəllimi Leyla Yunusun həbs yerində mütəmadi olaraq təhqir edilməsi və işgəncələrə məruz qalması barədə məlumatlar heyrətə salıb. Cəmil müəllim yazır: «Biz tarixdən oxumuşuq ki, Stalin diktaturası dövründə “xalq düşmənləri” ilə cəzaçəkmə yerlərində belə rəftar ediblər. Amma həmin rejim bu rəftarı “qanuniləşdirmişdi”, yəni işgəncə verilməsi, məhbusların döyülməsi, onların təhqir edilməsi üçün yanlarına adam salınması kimi hallardan istifadə edilməsi “Xalq” daxili işlər orqanlarının təlimatlarında, əmr və sərəncamlarında yer almışdı.»
 
Belə baxanda təmtəraqlı cümlələrdi, amma məsələ ondadır ki, Cəmil müəllimin özü, Stalin diktaturası dövründə yaradılmış Yazıçılar Birliyinin üzvüdür. Yazıçılar Birliyinin yerləşdiyi binanın divarlarına həm sürgünə göndərilənlərin, həm də sürgünə göndərilənlərdən donos yazanların portretləri vurulub. Belə bir pis reputasiyası olan təşkilatın üzvü indi hansı mənəvi haqla Stalin diktaturasından, tarixi məsuliyyətdən danışır. Cəmil müəllim yazır: «Təhsilsiz və savadsız insanların, tarixdən dərs almağı bacarmayan təsadüfi adamların hakimiyyətləşməsi, ölkələrə faciələr gətirir». 
 
Təhsilsiz və savadsız adamları başa düşdük, onlara hardasa haqq qazandırmaq mümkündü. Axı Cəmil müəllim təhsilsiz və savadsız adam deyil. O, tarixçidi. Bəs bu təhsilli və savadlı, üstəlik də tarixçi olan adam özü niyə tarixdən dərs almır? 
 
Stalin dövründə yaradılmış, əli Azərbaycan ziyalılarının qanına bulaşmış bir təşkilatın üzvü olan adamın tarixi məsuliyyətdən danışmağa heç bir mənəvi haqqı yoxdu. Prezident seçkisindən əvvəl neçə yazar Cəmil müəllimdən Yazıçılar Birliyindən çıxmağı xahiş etdi. Hətta Elnur Astanbəyli «Azadlıq» qəzetində bu mövzuda bir yazı yazmışdı. Amma Cəmil Həsənli inadkarcasına (əslində burda başqa söz yazmalı idim, yaşına hörmət edib o sözü udmalı oldum) o xahişləri bir qram da vecinə almadı. Açıq-aşkar Yazıçılar Birliyini və bu birliyin sədri Anar Rzayevi müdafiə etdi. 
 
Bəzi sadəlövh dostlar Cəmil müəllimin birlikdən çıxacağını gözləyirdilər. Nə qədər sadəlövh bir münasibət. Mən onun Yazıçılar Birliyindən çıxacağını heç gözləmirdim. Çünki bu adamlar sovet dövründə şişirdilmiş adamlardı. Heç vaxt bir-birlərinin ayaqlarını tapdalamırlar. Bu haqda “Ədəbiyyatımızın və siyasətimizn Şeyx Nəsrullahları” adlı yazı yazmışam. Orda yazdıqlarımı burda təkrarlamaq istəmirəm. Ürəyi istəyən yazını tapıb oxuya bilər. 
 
Bəzi doslar isə bizə hətta irad tutdular. Ki əgər biz Cəmil Həsənlinin Yazıçılar Birliyindən çıxamağını xahiş və tələb etməsəydik, o, Yazıçılar Birliyindən çıxacaqdı. Biz bu xahiş və tələblərlə onu ürkütdük. Bu nə diletant münasibətdi? Bəyəm biz burda qız bişiririk yoxsa adı qırmızı kitaba düşmüş quş tuturuq? 
 
Tarixçi olan, tarixi məsuliyyətdən danışan bir kəs o birliyin üzvü olmamalıdı. Bunu Cəmil Həsənli özü başa düşməlidi. Ta biz ilin-günün bu vaxtı, yaşlı bir adama durub bunu başa salmamalıyıq. Əgər başa düşmürsə üstəlik hələ üzvü olduğu birliyi, birliyin sədrini müdafiə edirsə, o zaman nəyin davası gedir? Cəmil Həsənli bir tarxiçi kimi hansı mənəvi haqla tarxidən, tarixi məsuliyyətdən danışır. Bu açıq-aşkar saxtakarlıq və ikiüzlülükdür. Başqa dillə desəm köləlikdir. Əgər tarixçi tarixi məsuliyyətin nə olduğunu qanmırsa, o zaman başqaları niyə gələcəkdə nəslinin və familyasının pis hallanacağından qorxmalıdı? 
 
Ümumiyyətlə Azərbaycanlılar tarixi məsuliyyətin nə olduğunun fərqində deyillər. Çünki tarixə qarşı çox qeyri-ciddi münasibət var. Bütün ölkə yığışıb bir tarixçini Stalin rejimi zamanı yaradılmış yazıçıar birliyindən çıxara bilmədi, indi bu tarixçi utanmadan, qızarmadan tarixi məsuliyyətdən danışır. 
 
Əli Kərimli də Cəmil Həsənli kimi Leyla Yunusun həbsxanada məruz qaldığı təzyiqlərdən və təhqirlərdən hiddətləndiyini, qəzəbləndiyini bildirmiş, üstəlik ziyalıların bu hadisəyə reaksiya bildirməməsinə, susmalarına təəssüf etmişdir. Əli bəyin fikrincə Leyla Yunusun təzyiqlərə məruz qalmasına münasibət bildirməyən ziyalıların özünü ziyalı adlandırmağa haqları yoxdu. 
 
Çox gözəl. Belə baxanda çox təmtəraqlı sözlərdi. Amma... Əvvəla, Əli bəy zəhmət çəkib konkret ad çəksin. İkincisi, Əli bəy “Yaşa, prezidentim yaşa” şerinin müəllifi Fikrət Qocanı «Azadlıq» qəzetinin səhifəsində alovlu cümlələrlə təbrik etmişdi. İndi zəhmət çəkib təbrik etdiyi Fikrət Qocadan və rəğbət bəslədiyi digər sovet ziyalılarından Leyla Yunusun həbsinə, həbsxanada məruz qaldığı təhqirlərə və təzyiqlərə münasibət öyrənsin. Ən azı Cəmil müəllimdən xahiş etsin, Cəmil müəllim də öz növbəsində Anar müəllimdən Leyla Yunusun həbsinə reaksiya bildirməyi xahiş etsin. 
 
Siz sovetin yetişdirdiyi, hakimiyyətin bəslədiyi və hakimiyyəti dəstəkləyən ziyalılara öz rəğbətinizi bildirirsiniz və sonra da baş verən hadisələrə ziyalı münasibətinin olmamasından gileylənirsiniz? O zaman icazə verin bir sual verək - deyə bilərsinzmi, siz konkret olaraq kimlərdən, hansı ziyalılardan baş verən hadisələrə reaksiya verilməsini gözləyirsiniz? Bu ikili standartlar nə vaxta qədər davam edəcək? Bəyəm bunun adı siyasətdi?  
 
Xahiş olunur hakimiyyətin dəstəklədiyi və hakimiyyəti dəstəkləyən ziyalılara qarşı mövqeyinizi açıq-aşkar ortaya qoyun. Yox əgər, bu ziyalı movzusunda öz mövqeyinizi ortaya qoya bilmirsinizsə və üstəlik sovetin parnikdə yetişdirilmiş ziyalılarından qorxursunuzsa, onlara açıq-aşkar öz rəğbətinizi bildirirsinizsə, xahiş olunur susun. Ziyalı zad söhbəti edib, camaatın baş-beynini aparmayın. Mədəniyyət, təfəkkür məsələsində, sovetin yetişdirdiyi ziyalılar mövzusunda konkret olaraq öz mövqeyini bildirməyən adamlara heç cürə inanmaq olmaz. Zəhmət çəkib mövqelərini qoysunlar ortaya. 
 
Bəzi dostlar belə yazıları bölücülük kimi qəbul edirlər. Öz işləridi. Özləri bilərlər. Elə ötürə-ötürə, susa-susa bu günə, bu vəziyyətə gəlib çatmışıq. Cəmil müəllim Anar Rzayevi göz bəbəyi kimi qorumalıdı, biz də susmalıyıq. Xeyir ola. 
 
O gün bir jurnalist əlaqə saxlayıb məni ölkədə baş verənlərə reaksiya bildirməməkdə, susmaqda ittiham etdi. Mən də öz növbəmdə dedim ki, get Cəmil Həsənlinin dostu Anar Rzayevdən ölkədə baş verənlərə münasibət öyrən. Əcəb işdi, yazıçıdan, ziyalıdan söhbət düşəndə bəh-bəhlə sovetin şişirdilmiş ziyalılarından, onların yaradıcılığından danışırlar, biz oluruq əxlaqsız, küçə uşağı, cümlə qura bilməyən yazıçılar, amma əjdahanın ağzına adam atmaq lazım olanda biz yada düşürük. 
 
Xeyir ola? Mənim heç kimin qarşısında məsuliyyətim yoxdu. Nə xaqlın, nə də müxalifətin. Haqqımda ən təhqiramiz, ən alçaldıcı yazıları müxalifət yazarları yazıblar. Xalq isə məni himnin müəllifini tanımayan səməd səmodovların, “kitab oxuyursunuzmu” sualına “niyə kitab oxumalıyam, gedək kitab oxuyanın da xolodelnikinə baxaq, mənim də xolodelnikimə baxaq” cavabı verən nadir qafarzadələrin ayağına atıb. Hər ayın əvvəli kirayə pulunu necə verəcəm sualı qarşısında aciz vəziyyətdə qalıramsa və mənsub olduğum xalq müğənnidən tutmuş mollaya qədər hamının qayğısına qalırsa mən niyə xalq haqqında düşünməliyəm? Hansı əsasla? Nəyə görə? Ona görə ki, milyonların sağa-sola axdığı ölkədə it zülmü çəkirəm? 
 
Xalq kimi bəsləyirsə, kimi qiymətləndirirsə gedib ondan da məsuliyyət tələb etsin. Azərbaycanlılar gedib yeddi pirdə nəzir paylasınlar ki, onların dilində «18,6 cm» kimi roman yazmışam. Dayandıqları yerdə ədəbiyyatlarını ən azı iyirmi il qabağa atmışam. Təəssüf ki, başqa dil bilmirəm. Yoxsa Azərbaycan dilində bir cümlə də yazmaram. 
 
Mən yalnız zaman qarşısında məsuliyyət hiss edirəm və bu məsuliyyətin nə demək olduğunu, mənasını, istiqamətini, ağırlığını az da olsa anlayıram.
Yuxarı