Əli Əkbərin yazısı - "Banal Azərbaycan"

Алекпер АЛИЕВ

 
 
Ədəbiyyat müəllifə banallıqlardan qorxmamağı öyrədir. Banallıqlardan qorxu, bir çox maraqlı süjetlərin, dialoq və peyzajların yox olmasına səbəb olur. “Bu artıq işlənib”, “bunu filankəs artıq yazıb” şərtlənmişliyi yazıçının yerində sayması ilə nəticələnir. Ona qalsa yazılmayan şey qalmayıb, hətta təqdimatın özündə də orijinal olmaq mümkünsüz kimi bir şeydir. Usta və intellektual yazıçının qələmindən banallıq da bir başqa gözəl olur. Nəhayət istedad, banallıqları təzələyə bilmək, onlara yeni nəfəs vermək sənətidir.  
 
Banallıq bataqlığında çabalayan azərbaycanlılar isə sevinməsinlər – bu sözlər onlara aid deyil. Yəni onlar banallıqdan nə qədər çox qorxsalar, o qədər yaxşıdır. Çox vaxt banallığı təqaüdə çıxmış müdriklik adlandırırlar. Gerizəkalılığı həqiqətlə yoğurub təqdim etməyin adı da banallıqdır. Ehtiyatında çoxlu banallığı olan adama gerizəkalı deməsələr də, ağıllı da deməyəcəklər. Bizdə banallıq həm də “çeynənilmişlik” adlandırılır, ya da “suyunun suyunun suyu çıxıb” kimi ifadə olunur.
 
Həqiqətən utanmağa, xəcalət çəkməyə dəyər. Ədəbiyyatın mətbəxini qoyaq bir kənara, bura hər kəs daxil ola bilməz. Gələk bizim gündəlik həyatımıza, məişətimizə, sosial aktivliyimizə, insanlarla ünsiyyətimizə. Burada banal olmaq necə utandırmaya bilər? Hər kəsin ehtiyatında əlli-altmış klişe ifadə var və insanlar rahat-rahat, qızarmadan, xəcalət təri tökmədən bunlardan istifadə edirlər. Hələ bir gülə də bilirlər. Görəsən, bu klişelərə səmimi gülmək mümkündürmü? 
 
“Tanıdım, gül satan qız”dan tutmuş, “Bəs mənim bir abbasım harda qaldı”ya qədər. Hələ bir təəssüf edənlər də var ki, “zərbül-məsəl”ə çevrilmiş bu ifadələr unudulub gedir və gəncliyimiz bunları artıq istifadə etmir. Niyə etmir? Babat da edir, sadəcə həm də leksikonunu yeniləyir. Azsaylı, marginal rusdilli kəsimin Rusiya mərkəzli klişeləşmiş ifadələri var, öz aralarında deyib-gülürlər (Projektor Peris Xilton, KVN). Azərbaycandilli çoxluq isə Cem Yılmazdan (ən yaxşı halda), ya da Şahan Gökbakardan qidalanır. Sosial şəbəkələrdə azərbaycanlıların bütün “prikol” caps`ları Türkiyə mərkəzlidir və türkcədir. Əslində banallıqdan nisbətən uzaqlaşan, həm dilini, həm zehnini yeniləyən elə gənclikdir.
 
Divin canı şüşədə olduğu kimi, mənim də canım banallıq qorxusundadır. Öz ifadələrimdə, yazılarımda, arqumentlərimdə banal görünməkdən it kimi qorxuram. Nə vaxtsa “yazdığın çox banal”dır deyilsə, deməli, ölən günümdür. Kiminsə acıqdan, yandığından “banalsan” deməyindən getmir söhbət. Bunu lap gündə yüz dəfə desinlər. Amma kimsə tutuzdura bilsə, doğrudan da bir banal klişeyə rast gəlsə və üzümə vursa – ölərəm. Ən azı ölə biləcəyimi düşünürəm. Xatırladım ki, mövzuların təkrar-təkrar işlənməyi banallıq demək deyil. Banallıq elə banallıqdır. İzah edim.  
 
Mən on ildən artıqdır yazıram, üzdə olan adamam və fəxr edirəm ki, bugünəcən heç bir yazımda, kimsə haqda “satqın”, “agent”, “tapşırıq alıb”, “erməniyə işləyir”, “hakimiyyətin adamıdır” kimi cındır söz və söz birləşmələrindən istifadə etməmişəm. Təsəvvür edirsiniz, heç vaxt! Düşünən beyinlər üçün, şübhəsiz bunda bir hikmət vardır. Söhbət ondan getmir ki, məmləkətdə agent yoxdur, ya da heç kəs tapşırıq alıb nəsə bir qələt eləmir. 
 
Söhbət ondan gedir ki, hamının hamıya “agent”, “hakimiyyətin adamı”, “tapşırıqla yazır” dediyi bir cəmiyyətdə özünə hörmət edən bir adamın bu ifadələri dilə gətirməsi ən yaxşı halda debillik, ən pis halda isə banallıqdır. 
 
Bəli, ən pis halda banallıq. 
 
Ölkənin özündən əvvəl, insanların dili, leksikonu təzələnməlidir. Yenilik qaçılmazdır. Bir isveçrəli qayıdıb deyəndə ki, “əvvəllər biz çox eybəcər millət idik, sonra əcnəbilər ölkəmizə tökülüşdülər, qan qarışdı, sağlam və gözəl isveçrəlilər yarandı, biz də buna görə emiqrantlara minnətdarıq”, bu sözlərdən dəhşətə düşməmək olmur. Sonra düşünürsən ki, adamlar necə də haqlıdır. 
 
Yeni qan, yeni düşüncə tərzi, yeni ifadələr, yeni fikirlər, yeni baxışlar lazımdır ölkəyə. “Yeni” sözünü bizimkilər çox istismar edirlər və heç vaxt da təyinatı üzrə istifadə etmirlər. “Yeni” ilə başlayan bütün şüarların, cümlələrin, niyyətlərin arxasında həmin köhnəlik və banallıq dayanır. İyvermiş banallıq. 
 
İlahi, azərbaycanlılar necə də maraqsızdır. Onların söhbətləri necə də ürəksıxıcıdır. Necə hamısı bir-birinə oxşayır – həm fizionomiyaları, həm də qafalarının içi. Maraqsız olmaqdansa ölmək yaxşı deyilmi?  
 
Bu yazını ona görə yazdım ki, bu yaxınlarda bir nəfər mənimlə tanış oldu, xeyli məni mədh etdi, yazılarımı bəyəndiyini dedi və sonda belə bir sual verdi: “Yəqin ki, bilirsiniz də, bizim keçmiş dinimiz atəşpərəstlik olub?”
 
Sənin bu sualı mənə verərkən, sifətindəki ciddiliyə nifrət edirəm, ey adam! Sənin üstünə benzin töküb odlamaq istəyirəm. Ya da biri məni odlasın ki, sənin bu sualı mənə verərkən ciddiləşən, hələ bir cavab, təsdiq də gözləyən sifətini görməyim. 
 
Sən niyə hələ də mövcudsan, ey adam?  
 
Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade