post-title

Kitab. Təsir və əks-təsir

"Vəhşilər xaric, bütün insanlar kitabların hökmü altındadır". Bu insanı düşündürən qiymətli kəlam Fransa maarifçilik hərəkatının ən önəmli simalarından olan Volterə məxsusdur. Onun bu fikrinə bir də diqqətlə baxsaq həqiqətin nə yerdə olduğunu dərk etmək həqiqətən elə də çətin deyil.

 
 
Volter kitabın təsir dairəsini məhz insana aid edir hansi ki, həmin insan  bu həyata məhz qurmaq, yaratmaq, gələcəyini inkişaf etdirmək yolunda çalışır. Hansı ki, həmin insan yalnız özünü, ailəsini, qohum- tanışlarını deyil yaşadığı cəmiyyətin də  irəli gedib inkişaf etməsi üçün çalışır. Bax o zaman həmin insan oxuduğu mütərəqqi insanların əsərləri vasitəsilə zehnini inkişaf etdirir və daim kamillik yolunda addımlayır. Lakin bu dünyaya heyvan instinki mövqeyindən yanaşan kəslər heç vaxt kitabın dəyərini, onun təsirini hiss etməyəcək. Həmin insanların bir amalı var o da yeyib- içmək, kef sürmək, sexlə məşğul olub bu həyata 5 günlük vaxt kimi yanaşmaqdır. Onların məntiqsizlik dünyasındakı məntiqə əsasən insan bir şey edərkən gərək onun nə isə bir mənfəətini də əldə etsin, kitab  oxumaq isə heç bir gəlir gətirmədiyi üçün əhəmiyyətsizdir. Onlar bir tərəfdən haqqlıdırlar. Heyvan kimi yeyib- içmək, intim münasibətdə olmaq, doğub- törəmək, ondan törəyənlərin həyatda qalması üçün yenidən onları yedirdib- içirdmək üçün nəsə iş görmək lazimdir. Bu düşünçə əsasən hələ sovetlərin bizə savadlı fəhlə kimi sırıdığı indi isə ortayaşlı nəsilə cevrilən istənilən təbəqədən olan kütlə  arasıda daha çox yayılıb. Onlardan törəyən gənclik isə kitaba münasibətdə daha ifrat məntiqsizlik aqressiyyası sərgiləyir. Onlar üçün kitab maksimum dərəcədə ali məktəbə hazirliq məqsədilə müəllimin verdiyi calışmalar cərcivəsində olmalıdır. Məhz bu konkretlilik son illərdə ali məktəblərə qəbul zamanı şagirdlərin  topladığı balların hər ötən ilə nisbətdə daha aşağı düşməsini görmək mümkündür. Onlar üçün universitetə qəbul mütaliənin sonu, yeni gənclik cənnətinin başlanğıcı deməkdir. Əslində özündən əvvəlki nəsil kimi onların da kef dedikləri şeylərin çox böyük bir qismini meşədəki heyvanlar arasında görmək olar. Buna görə də onların ye iç kef elə dedikdə ruhlarında yatan vəhşilik psixologiyası kitaba, mütaliəyə tam ziddir.   
 
Kitab oxumaq, oxuduqca əsərlərdə ortaya qoyulan ciddi məsələləri dərk etmək, həmin məsələlərin yaşadığı cəmiyyətdəki problemlərlə müqayisə aparmaq, əsər qəhrəmanlarının mübarizəsindən, onların psixologiyasından bəhrələnmək, gedilən yolun düzgün və yalnışlığını anlamaq və öz yaşam tərzilə analogiyasını aparmaq hər bir mütaliə edən kəsin ilk görməli olduğu işlərdir. Yuxarıda qeyd edib gördük ki,  kitabın hökmü altında məhz  insanlardır. İnsan simalı vəhşilik ruhuna malik varlıqlar isə bu hökmün xaricindədir. Lakin bizim kimi üçünçü dərəcəli cəmiyyətin fərdləri arasında mütaliə həvəskarları arasında yenə də problem var. Oxunulan kitablar oxucuya nə dərəcədə təsir edir. Son zamanlar müxtəlif intellektual saytlarda, elmi jurnallarda, hətta nə qədər qəribə olsa da bəzi tele kanalllarda da bu mövzu ətrafında diskusiyalar aparılmış və həmişə olduğu kimi ənənəyə sadiq qalaraq heç bir nəticə hasil olmamışdır. Səbəb isə göz önündədir. Kitab haqqında aparılan müzakirələrdə manısların, civilərin, bakirə şairələrin, mühafizəkar yaşlı “ziyalıların” iştirakı və həmin müzakirələrin onlar tərəfindən aparılmasıdır. Belə olduqda hər hansi səmimiyyətin olmadiğı bir yerdə bir nəticə gözləmək də gülünc olardı. Cəmiyyətimizdə mütaliə edənlərin kitaba həvəslərinin daha da artırılması, oxunması lazim olan əsərlərin təhlillərinin düzgün edilməsi bu cür insanlar tərəfindən edildikcə kitabın əks təsiri də özünü göstərmiş olacaq. Həmin əks təsir isə paslanmağa başlayan təfəkkürlərin kitab oxuyarkən söz yığınını təkrar etməkdən başqa bir şey olmayacaq. Bu isə kitaba həvəsi azaldacaq və kitaba aqressiv vəhşilərin anti kitab təbliğatına uyanların sayını get gedə artıracaq. Reallıq göz önündədir. 
Yuxarıda kitab haqqında deyilən aforizm sahibinin mənsub olduğu millət hal hazırda hansı səviyyədədir bu məqalə sahibinin mənsub olduğu millət hansı səviyyədə! Fərqi görmək elə də çətin deyil. 
 
Tural Metesoy 
 
Kultura.az
Yuxarı