post-title

İtmiş “mən”in sorağında

Kiçikliyimizə baxmayın. Daxilimizdəki insanların sayı-hesabı yoxdur. Bizi başqa canlılardan fərqləndirən düşünə bilmək bacarığı bizi həm də parçalara bölüb. Özümüz öz içimizdə itib-batmışıq, xəbərimiz yoxdur.

 
 
Bir gün ərzində neçə növ, neçə tip insan oluruq? Nəzakət, mənafe, qorxu və ya məntiq naminə tez-tez haldan hala, formadan formaya elə sürətlə dəyişirik ki, özümüz belə fərqində olmuruq. Guya hər kəslə öz dilində danışırıq. Əslində, daxilimizdəki insanların sözü ilə oturub-durmaqdan başqa bir şey deyil bu. Amma arabir özümüz olmadığımızı da ötəri anlayırıq. Birisinin hansısa mənfi və ya müsbət cəhətini üzünə dedikdə, ya da mübahisə-dava vaxtı “əslində, mənim filan-filan tərəflərim də var, əslində mən dürüst insanam, əslində ürəyim təmizdir, əslində ürəyim allahla düzdür, sən hələ mənim o biri üzümü görməmisən, sən hələ məni yaxşı tanımırsan” söyləməsi bu anlayışın və etirafın kiçik və şüuraltı biruzəsidir. Yəni, mən təkcə belə insan deyiləm, həm də başqa cür, filan cür insanam; yəni həm quldurluq edə bilərəm, həm ürəyim allahla bir ola bilər; həm əxlaqdan danışa bilərəm, həm də əxlaqsızlıq edə bilərəm; həm günahsız insanları döyə, öldürə, həbs edə bilərəm, həm də toyda-bayramda “allah bizi mərdiməzardan qorusun” deyə sağlıqlar deyə bilərəm. Yəni, bir insan deyiləm, onlarla insanam, məni qınamayın... 
Bəzən psixoloji durumun kəskinliyindən asılı olaraq, bu parçalanma daha böyük uçurumla baş verir. Uçurum o qədər böyük olur ki, artıq kənardakılar bunu rahatlıqla anlayır. Beynin xəstəlik olaraq bu cür ikiyə və ya daha artıq hissəyə bölünməsi bir qədər fərqli haldır. Tibbi hadisədir. Şizofreniya xəstələrində müşahidə olunur. 
 
Şəxsiyyətin bölünməsi psixologiyadan, tibdən öncə ədəbiyyatı düşündürən mövzulardan biri olub. Bunun səbəbi isə yaradıcı insanların bu bölünmənin daha tez fərqində olmalarıdır. Əvvəl özlərində hiss edirlər, sonra başqalarında müşahidə etməyə başlayırlar. Anlayırlar ki, tək xarakter deyillər, ortada itib-batan bir “mən”ləri də var. Kimisi nəyin bahasına olursa olsun, o itirilmiş məni tapmaq arzusuna düşür, kimisi isə belə bir hadisədən ilhamlanaraq ölməz əsərlər yaradır. 
 
Ədəbiyyat tarixində bu mövzuya xeyli yazıçı, şair müraciət edib. Hərəsi də özünəməxsus hava içərisində vəziyyəti təsvir etməyə, şəxsiyyətin parçalanma səbəblərini, itirilmiş məni tapmağın yollarını göstərməyə çalışıblar. Dostoyevski (“Oxşar”), Robert Luis Stivenson (“Doktor Cekil və mister Hayd”), Edqar Po (“Vilyam Vilson”), Çarlz Dikkenz (“İki şəhərin hekayəti”), Balzak (“Serafita”), Bayron və başqa klassik yazıçı və şairlər həm insan xarakterinin kəskin şəkildə bölünməsi – doppelqanqer halını, həm də insanın gündəlik həyatında bir neçə şəxsiyyətə bölündüyünü müxtəlif formalarda təsvir ediblər. Hətta bəzilərinin fikrincə “Qulliverin səyahəti” də, bir növ, insan şəxsiyyətinin ikiləşməsini anlatmağa çalışır: özümüzdən böyüklərlə və kiçiklərlə davranışlarımızda, danışığımızda necə dəyişilirik. Şəms Təbrizinin də Mövlanənin ikinci məni - itmiş məni olduğunu iddia edənlər var.
Orhan Pamukun yaradıcılığında insan içindəki başqa bir insanın arayışı davamlı arxa-mövzudur. “Qara kitab” və “Bəyaz qala” başdan-başa bu arayışla məşğuldur. Umberto Ekonun “Praqa məzarlığı” isə ən müasir doppelqanqer romanıdır. 
 
Dediyim kimi, şəxsiyyətin çox hissəyə parçalanması müxtəlif yazıçıların əsərlərində müxtəlif formada – fantastik, dini-mistik, komik, detektiv versiyalarda təqdim olunub. İtalyan yazıçısı Luici Pirandello isə bir qədər fərqli yanaşıb məsələyə. Ən son və ən yaxşı romanlarından biri hesab olunan “Biri, heç biri, yüzminlərləsi” adlı romanında Pirandello, onlarla parçaya bölündüyünü dərk edən bir insanın özünə aid əsl mənini tapmaq üçün mübarizəsindən bəhs edir. 
 
Vitancelo Moskarda sadə, mülayim xasiyyətli bir insandır. Atasından qalma bankın gəlirləri ilə yaşayır. Mehriban münasibətdə olduğu arvadı, bankın işlərini tapşırdığı iki dostu var. Hər kəslə öz dilində danışır. Hər şey qaydasında gedir. Və bir gün, arvadının  heç bir səbəb olmadan, pis niyyət daşımadan, sadəcə zarafatla ona burnunun əyriliyini xatırlatması Moskardanın həyatını alt-üst edir. O andan etibarən Moskarda əslində hansı durumda olduğunu anlamağa, özünü və ətrafını sorğulamağa başlayır. Anlayır ki, o, istəmədiyi, ona aid olmayan bir həyatda yaşayır. Anlayır ki, ruhunun anlıq dəyişikliklərə boyun əyməsi səbəbindən, illərdir öz-özü ilə döyüşən, düşüncəsi parçalanmış, zehni və duyğusal olaraq ziddiyyətli və bir-birindən xəbərsiz iki və daha çox şəxsiyyət var içində. Keçmişini düşündükcə şəxsiyyətdən şəxsiyyətə necə keçdiyini xatırlayır. Beləcə, özünə hörmət etmək əvəzinə başqalarının fikirlərinə təslim olan, yaşadığı həyatdan məmnun olmayan, amma vəziyyəti dəyişmək üçün tükünü belə tərpətməyən birisinə çevrildiyinin fərqinə varır. 
 
İndi hər şey onun gözünə fərqli görünür. Özü, arvadı və dostu arasında olan söhbətin əslində 3 deyil, 9 insan arasında getdiyini anlayır. Çünki hər biri özünün və digər ikisinin gözündə fərqli insanlardırlar. Hətta hamının axmaq dediyi bir insan da, o axmaq deyənlərin sayı qədər fərqli axmaqdır: hər kəs onun axmaqlığını başqa-başqa səbəblərdə görür. 
Görüntüdə mehriban dolandığı arvadının səsi belə sinirlərinə toxunurmuş, sən demə. Onu qucaqlayan bədəninin daha ona aid olmadığını, o biri moskardalardan birinə aid olduğunu düşünür artıq: Arvadımı bir başqası mənim dodaqlarımla öpürdü. Mən olmayan birisi. Mənim dodaqlarımlamı? Yox! Bir zamanlar mənim idi. Amma indi arvadımın qolları arasında olan bədənin mənim olduğundan əmin deyiləm. Mən deyiləmsə, bəs kimdir onu tumarlayan, öpən bu adam?
 
Sahibi olduğu bankdan və onun gətirdiyi pullardan iyrənməyə başlayır. Hər kəs sanki bir anda üzərinə hücum çəkərək “sələmçi, sələmçi” deyə qışqırır. Bankın idarəsi ilə məşğul olan o iki dostu da Moskardanın gözündə mənasız, cansıxıcı və az qala düşmən kimi görünür. Ətrafda baş verənlər, insanlar, onların söhbətləri, gələcəyə aid planları necə də gülünc görünür indi! Öz xəyalımızdan və xəyallarımızdan başqa bir şey olmadığımızın fərqinə varmağın zamanı gəldi...Sabah da bir xəyaldan ibarətdir. Amma sabah olmasaydı, bu gün həyat bitdi deyərdik.
Uzun illər bir neçə parçaya bölünmüş şəxsiyyətlə yaşamaq mümkündür. Lakin bu bölünməni dərk etdiyin andan etibarən yaşamaq işgəncəyə çevrilir. Dərketmə anı dönüş nöqtəsidir. Geriyə yol yoxdur. Daha əvvəlki kimi bu çoxluğun içində xoşbəxt olmaq mümkün deyil. İki yol var: ya bu işgəncəyə, varoluşun bu ağırlığına dözmək, ya da hər şeyə, hər kəsə üsyan edib itmiş mənin axtarışına çıxmaq. Pirandello durumu təsvir etməklə kifayətlənmir, nə də qəhrəmanına təslim olmağı rəva görmür. Moskarda üçün bir yol var: özünə aid olan məni əldə etmək. Və beləcə, Moskarda o dəhşətli qərarı verir - özünə aid olmayan digər moskardaların hamısını məhv etmək, ta ki özü qalana qədər bu qəddar müharibəni aparmaq. 
 
Dediyi kimi də edir. Artıq əvvəlki Moskarda deyil. İlk işi onu asılı saxlayan bankdan canını qurtarmaqdır. Bankda özünə aid olan pulları çəkib ehtiyacı olanlara paylamaq qərarına gəlir. Arvadı ilə münasibətləri pozulur. Daha hər şeylə razılaşan, kukla Moskarda yoxdur. Bankı idarə edən dostlarına indiyə kimi ürəyində yığılıb qalmış ən acı sözləri deyir. 
 
Bundan sonra faciənin ikinci mərhələsi gəlir. Üz çevirdiyi insanlar onun üzərinə hücuma keçirlər. Onun rəsmən dəli elan olunmasına, bununla da bankın iflas olunmasına mane olmağa çalışırlar. Əslində, Moskardanın da daha dəli olmaqdan başqa çarəsi yoxdur. İçindəki bütün moskardaları məhv etdikdən sonra nəhayət özü ilə təklikdə qala bilməyin bircə yolu var: dəlilik qılafına bürünmək... İndi, möhtəşəm qələbəsindən sonra keçmişini unudaraq, bütün yaddaşını pozub yenidən yazmaqla məşğuldur. Bəzən sakit havalarda kilsə zənglərinin səsi gəlir qulağıma. Ölümü düşünmək və dua etmək. Buna hələ də ehtiyac duyanlar var və kilsə zəngi də onlar üçün çalınır. Mənimsə belə bir ehtiyacım yoxdur artıq, çünki hər an ölürəm və yenidən doğuluram, heç bir şey xatırlamadan. Bütünü ilə yaşayıram, amma öz içimdə deyil, bayırdakı hər şeyin içində. 
 
“Biri, heç biri, yüzminlərləsi” elə əsərlərdəndir ki, roman xatirinə yazılmış roman olmadığı dərhal hiss olunur. Yəni bu, sadəcə roman, sadəcə uydurma bir qəhrəmanın uydurma taleyinə, uydurma fikirlərinə bənzəmir. Müəllifin dərin ruhi iztirabı, az qala, hər cümlədə hiss olunur. Elə bu suallara cavab axtara-axtara Pirandellonunun öz həyatına göz gəzdirirəm. 1934-cü ildə Nobel mükafatı alan yazıçının ömrünün son iyirmi ilini ailə faciəsi, psixi problemlər və ruhi çırpınışlar içərisində keçirdiyini oxuyuram. Arvadı psixi problemləri getdikcə şiddətləndiyindən 1919-cu ildə ruhi dispanserə yatırılır. Bundan sonra isə Pirandellonun özünün psixoloji problemləri başlayır. İntihar etmək fikrinə düşür bir neçə dəfə. “Biri, heç biri, yüzminlərləsi” də həmin illərin məhsuludur. 
 
Rəşad Səfər
 
Kultura.az
Yuxarı