post-title

Amin Maaloufun “Səmərqənd”i

Bu yaxınlarda Ömər Xəyyamla bağlı iki kitab oxudum. Biri fransız yazıçı Amin Maaloufun “Səmərqənd” romanı, digəri isə Sovet dönəmində çap olunan M.Qasımovun “Ömər Xəyyamın rübailərində ateizm motivləri”.

 
 
SSRİ-nin allahsızlığın təbliği üçün Nəsimidən Axundova, Məzdəkdən Babəkə qədər tarixdən seçdikləri sırasına, sən demə, Ömər Xəyyam da aid imiş. 
 
Kitabdan bir sitat:
 
“Xəyyam materialist sensualizmə əsaslanaraq “o dünya” haqqında, zamandan və məkandan xaric allahın mövcud olması haqqında dini-idealist təsəvvürləri qəti rədd edir”.
 
Amma şeirlərində açıq şəkildə şərabdan, sevgilinin ağuşunda məst olmaqdan yazan Ömər qəfil hansısa islamçı yazarın qələmində ilahi eşqdən və Tanrıya gedən yolun simvolu olan “meyxanə”dən yazan biri kimi qarşımıza çıxarılır.
 
Niyə, Ömər Xəyyam şərab içə bilməzdimi? Halbuki, Ömərə qədər şərabın neçə min illik tarixi vardı Şərqdə. Üstəlik, əfsanələrə inansaq, Nuh peyğəmbərin gəmisi Ağrı dağına yanaşanda gəmidən düşən keçilərdən biri bir müddət sonra nəşəli şəkildə dolaşmağa başlayır. Nuha bəlli olur ki, keçidəki bu hal onun yediyi meyvədəndir, özü də həmin meyvənin dadına baxır, çox xoşlayır. 
 
Ömər Xəyyam isə yazır:
 
“Ömrümdə heç ayıq olmamışam mən
Qədir gecəsi də sərxoşam meydən
Dodağımda qədəh, küplə döş-döşə
Yatıb qalacağam yerdə sübhəcən”.
 
...Bu cür keçən günlərin birində, Ömər Xəyyam Nişapurdan Səmərqəndə gəlir. Küçədə on beş yaşlı hamilə qadın onun əlindəki şabalıdları alıb qaçır. Səmərqəndin adətinə görə, hamilə bir qadının xoşuna hansısa əcnəbi gəlsəydi, onun əlindəki ərzağı alıb qaça bilərdi. Çünki doğulacaq uşağın həmin əcnəbiyə oxşamasını arzulayırdı. 
Ömər Xəyyam yoluna davam edərkən bu dəfə İbn Sinanın dostu Cabirin Kəsik Üz adlanan şəriətçi və onun dəstəsi tərəfindən döyüldüyünü görür. Ona yardım edir, amma onun əvəzinə bu dəfə özü döyülür...
 
Amin Maalouf “Səmərqənd” romanına beləcə başlayır. 
 
Maalouof 1949-cu ildə Livanda doğulub. Fransız Akademiyasının üzvüdür, “Xaç yürüşü ərəblərin gözü ilə”, “Afrikalı Leo”, “Şərqin limanları” və sair kitabların müəllifidir. Avropanın bir sıra nüfuzlu mükafatlarına, o cümlədən “Goncourt” və “Prince of Asturias” ödüllərinə layiq görülüb.
“Səmərqənd” romanı isə 1988-ci ildə yazılıb. 
Romanın qəhrəmanı Ömər Xəyyamdırsa, növbəti fəsillərdəki qəhrəman Ömər Xəyyamın itmiş əlyazmasının izinə düşən Benjamin O. Lezajdır. Birinci fəsildə biz Səmərqəndin axundu Əbu Tahirlə tanış oluruq. Gələcəkdə sirli əlyazmanı yazacağı boş vərəqlərin olduğu kitabı Ömərə məhz Əbu Tahir bağışlayır. Əbu Tahirin sayəsində o saraya yaxın olur, orada Cahanla tanış olur, onunla gizlicə eşq yaşayır. Biz burada Səlcuq sultanlarını, onların fəthləri və Səmərqəndin tarixi ilə bağlı hadisələrin şahidi oluruq. Ən əsası isə bir-biri ilə qəribə bağlılığı olan üç iranlının:
 
“Deyirlər, mininci ilin əvvəllərinə öz möhürünü vuran üç iranlı olub: dünyanı müşahidə edən Ömər Xəyyam, dünyaya hökm etmiş Nizamülmülk və dünyanı titrədən Həsən Səbbah”. 
 
Nizamülmülk – Səlcuqilərin vəziri, məşhur “Siyasətnamə” əsərinin müəllifi olub. Makiavellidən daha öncə arivist düşüncələrin sahibi olub. Romanda Amin onun dilindən yazdığı bu sözlərə Nizamülmülkü tam olaraq təsvir edə bilib: “Ən yaxşı yardımçılarımdan bəzisi şiədir, ən yaxşı əsgərlərimin isə bəziləri ermənilərdir. Xəzinədarım yəhudidir. Buna rəğmən, onlardan etibarımı da, himayəmi də əsirgəmirəm. Bircə ismaililərdən çəkinirəm”.
 
Həsən Səbbah – Onu Nizamülmülklə tanışdıran Ömər Xəyyam olur. Həsən vəzirin dəstəyi ilə sarayda işə başlayır. Lakin tezliklə onu hökmdarın gözündən salmağa çalışır. Lakin illərin qoca hiyləgəri daha cəld hərəkət edərək Həsənin sürgün edilməsinə nail olur. Sonuncu isə daha dəhşətli oyun oynayaraq qisasını alır.
 
Haşaşinlər cənnəti
 
Həsən Səbbah Ələmut qalasında özünə fərqli bir səltənət qurur. Haşaşinlər cənnəti adlanan bu “cənnət”in üzvləri özlərini hər cür nemətlərdən məhrum edərək Həsənin qoyduğu qaydalara riayət edirdilər. Onun hər əmrini düşünmədən yerinə yetirirdilər. Ona görə də, haşaşinlərin tiryək çəkdikləri iddia olunurdu. 
...İllər sonra Həsən Səbbah yenidən Ömərin qarşısına çıxır. Bu dəfə o, Ömərə həqiqi məqsədini açıqlayır: “Mən öz nəfsimin intiqamını almaq fikrində deyiləm. Məqsədim türk hegemonluğuna son qoymaqdır”. 
Amma Həsən öncə Nizamülmülkü öldürməyi qərara alır. Ələmut fədailərindən biri türk sultanlarının dayağı olan Nizamülmülkü qətlə yetirir. Beləliklə, Ələmut fədailəri tarixin ilk terror aktlarını həyata keçirirlər. 
Amin “haşhaşiyyun” sözünün mənasını fərqli təqdim edir. Romanda yazdığına görə, Həsən öz adamlarını “dinin əsasına bağlı olanlar” mənasını verən “Əsasiyyun” çağırmaqdan xoşu gələrmiş. Əcnəbi səyyahlar isə onu “haşhaşiyyun” sözü ilə səhv salırmışlar.
Həsən Səbbahın adamları dəhşətli cinayətlərinə davam edirlər. Amma Ömər ilk dəfə bir karvansarada tanıdığı, aldadıldığını bilmədiyi üçün onu müsbət insan kimi Nizamülmülkə təqdim etdiyi və sonunda vəzirin ölümünə səbəb olduğu halda, yenə də deyirdi:
 
“Həsənin bütün elədiklərinə rəğmən Murqab çayında boğulduğunu görsəydim, əlimi uzadıb yenə onu xilas edərdim”.
 
Həsən Səbbah bu qədər terror hadisələrinə rəğmən daha mühüm bir işi də görmüşdü. Ələmutun zəngin kitabxanası ilə yanaşı, Ələmutda Həsənə məxsus hücrədə bir kitab gizlədilmişdi: Əbu Tahirin Ömər üçün təqdim etdiyi, Ömərin isə illərlə yazdığı rübailərinin toplandığı əlyazma. 
Həsən bir gecə qoca Ömərin xidmətçisi olan erməni Vartanı öldürtdürərək, ona əmanət etdiyi əlyazmanı ələ keçirmişdi. Ömərə isə bir kağız parçası yazmışdı:
 
“Kitabın Ələmuta səndən qabaq yol aldı”
 
Amma Ömər Ələmuta deyil, Nişapura yol aldı. Son oxuduğu kitab İbn Sinanın “Kitab əş-Şəfa” əsərinin “Tək və cəm” fəsli oldu. Şiddətli ağrı hiss etdiyinə görə yaxınlarını çağırıb vəsiyyətini yazdı və son sözünü dedi:
 
“Allahım, əlimdən gəldiyi qədər səni dərk etməyə çalışdım. Haqqında bildiklərim səni dərk etməyin yeganə yolu oldu. Buna görə, məni bağışla!”.
Əlyazma isə monqolların yürüşünə qədər Ələmutda hifz olunur. Monqolların işğalından sonra Ələmut və onun zəngin kitabxanası yerlə yeksan olur. Lakin əlyazma yenə də hifz olunur.
 
***
 
Romanın üçüncü hissəsi olan “Mininci ilin sonu”nda biz bu əlyazmanın izinə düşən Benjamin O. Lezajın əlyazma uğrunda apardığı mübarizəni oxuyuruq. Atlantik okeanı sahillərində doğulan bu insan Şərqə Ömər Xəyyamın əlyazmasını tapmaq ümidi ilə gəlsə də, özünün bir anda siyasi çəkişmələrin ortasında görür. 
 
Beləliklə, romanın bu son iki bölümündə biz Benjaminin əlyazma axtarışı fonunda İranda və Türkiyədə gedən siyasi çəkişmələri oxuyur, qonşu ərazi olduğu üçün tez-tez Azərbaycan və Bakının adlarının çəkildiyini görürük, Adəmiyyat cəmiyyətinin Qacarlarla müharibəsinə şahid oluruq, həmçinin Benjaminin sevgisinə. Eyni zamanda Cəmaləddin Əfqaninin, Fazilin mübarizəsinə şahidlik edir, əlyazmanın necə üzə çıxdığını görürük...Bütün bunları romanı oxumanızı arzu edərək üzərindən keçirik.
 
Amma o məşum sonluğu verməyə məcburuq. Əlyazmanı əldə edən Benjamin sevgilisi ilə birlikdə 10 aprel 1912-ci ildə məşhur Titanik gəmisində şərqin sevgi və şərabından doğan əlyazmanı ona yad başqa bir qitəyə apardıqları anda sulara qərq olur...
 
Əbu Tahirin verdiyi, Ömərin yazdığı, Həsənin Ələmutda qoruduğu, yüzillər ərzində heç bir məlumatın alınmadığı, amma XIX əsrdə yenidən ortaya çıxan əlyazma okeanın dibində ömrünü başa vurur.
Təbii ki, sonrakı macəralara mövzu olmaq üçün. 
 
***
 
“Səmərqənd” 1988-ci ildə yazılsa da, ümumiyyətlə, avropalılar Ömər Xəyyamı XIX əsrin ortalarından etibarən daha yaxından tanımağa başlayıblar. Həmin vaxta qədər müxtəlif müəlliflər onun adını çəkib xatırlasalar da, nəhayət 1851-ci ildə alman riyaziyyatçısı Frans Vyanke tərəfindən Parisdə “Ömər əl-Xəyyamın hesabı” adlı kitab çap olunur. Lakin bu kitab diqqət çəkmir. 8 il sonra, 1859-cu ildə İngiltərədə Edvard Fitsceraldın sərbəst tərcüməsində “Ömər Xəyyamın rübailəri” adlı kitab nəşr olunur. Böyük uğur qazanan bu kitab əsrin sonuna qədər 25 dəfə təkrar çap edilir. 
 
Məhz “Səmərqənd”in qəhrəmanı Benjamin də Ömərlə tanışlığa Fitsceraldın əsərinin 1868-ci il çapı ilə tanış olub sevmişdi. Qəhrəmanın valideynlərini də Ömər Xəyyam sevgisi birləşmişdi. Və aydın olacaqdı ki, Benjamin O. Lezajın adı da əslində Omar (Ömər) idi.
 
Dilqəm Əhməd
 
Kultura.az
Yuxarı