post-title

İctimai sektorun yazıçısı

Srağagün Seymur mənə Selincerin həyatından bəhs edən, keçən il çəkilmiş sənədli filmin linkini yolladı. Filmdəki gərəksiz fasilələri; çox güman ki, düşünməyə zaman tanımağa hesablanmış “qara ekran” effektlərini saymasaq, filmi çox bəyəndim. Onun inzivaya çəkildiyini, xalq arasında görünmədiyini, mətbuatdan qaçdığını çox adam bilsə də; qadınlarla münasibətləri, nəşriyyatlarla əməkdaşlığı, sonralar özünün imtina etdiyi, dərcinə qadağa qoyduğu hekayələri haqqında mən, bu filmdən öyrəndim.

 
 
Selincer, qarşısında kompleks keçirdiyim yazıçıdır. Ona görə ki, Selincer Tolstoy deyil. Tolstoy haqqında “mənə görə deyil” demək olur, çünki “söhbətin tarixi, ənənəsi var”. İstər yazıçılar, istərsə də oxucular “Tolstoy mənlik deyil” deyə bilirlər. Hər zaman da deyiblər. Tolstoyun inkarı heç kəsdə əlavə suallar, ya da çaşqınlıq doğurmur. Elə bil, belə də lazımdır. Reaksiya əsasən bu cür olur: “Bəyənmirsə bəyənmir. Tolstoyun özü də Şekspiri bəyənmirdi. Tolstoyun özünü bəyənməyənlərin isə sayı-hesabı yoxdur...”
 
Selincer elə deyil. Sağlığında canlı klassikə çevrilən Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı şübhəsiz epoxal literaturadır, amma deyilən, danışılan, göstərilən nəhənglikdə bir əsər deyil. Planetar miqyasda məşhurluğu olan romanın, bu məşhurluğa layiq olmadığını demək, romanı bəyənməmək kimi başa düşülməsin. “Çovdarlıqda uçurumdan qoruyan” maraqlı, bəzən gülməli, bəzən depressiv, babat bir romandır. Hərçənd, İkinci dünya hərbinin səngərlərində yazılan bu əsərdə, müəllif öz altereqosu Holdenin dili ilə Hemunqueyi tənqid edir. 
 
Halbuki Heminquey heç vaxt öz əsərində “vərəqi on yerə qatladım” kimi cümlələr qurmazdı, çünki bir kağızı yeddi dəfədən artıq qatlamağın fizika qanunlarına zidd olduğunu biləcək qədər diqqətli yazıçı idi. Çox xırdaçıyam? Ola bilər. Filmə baxanda isə anladım ki, Selincerin həyatı, müharibəsi, qadınları, dostluqları, naşirləri yazdığı romandan daha maraqlı imiş. Xüsusən də yaradıcılıq “bunker”i. 
 
Selincer anlayırdı ki, insanlarla, oxucularla ünsiyyət sehrin pozulmasına gətirib çıxaracaq. Onun üçün isə, bu sehr çox vacib idi. Oxucu, yazıçıya yaxın olmağa, onunla ünsiyyət qurmağa layiq deyil. Selincer buna belə inanırdı. Zaman da göstərdi ki, fil dişindən qəsrlərdə yaşayan yazıçılar daha çox sevilir və ilahiləşdirilir. Oxucu ilə yaxın ünsiyyət isə yazıçını onun gözündə adiləşdirir. Özü ilə yazıçı arasındakı fərqi görməyə mane olur. 
 
Özü haqqında mif yaratmış, sağlığında artıq kultlaşmış bir yazıçının əsərini tənqid etmək çətin işdir.   Təsəvvür edin, adamlar Selincerin üzünə həsrət qalmışdılar. Onilliklər uzunu bütün dünyanı doladı, özünü göstərmədi. Onun uğuru Allahdan istedadlı, vergili PR mütəxəssisi olmasında idi. Özü ətrafında yüksəltdiyi əsrar divarının ağırlığı romanın üstünə çökdü, onu kölgədə qoydu. Romandan çox, onun müəmmalı müəllifi danışıldı. 
 
Çəkinmədən, qorxmadan demək istəyirəm ki, “Çovdarlıqda uçurumdan qoruyan” romanı məni tərpətməyib. Maraqla oxumuşam, amma tərpətməyib. Hətta Ameli Notomb, misal üçün, bir neçə romanı ilə tərpədə bilib, Selincer isə yox. “Çovdarlıqda uçurumdan qoruyan” romanında diqqətimi çəkən, yadımda qalan fraqmentlərdən biri baş qəhrəmanın “mövzudan yayınma” haqqında dedikləridir. Selincer deyilən, eşidilən hər şeyi təkrarlayan, oxuduğunu olduğu kimi nəql edən; improvizasiyalara, yozumlara qapalı tutuquşulardan şikayətlənir, onlardan iyrənir. Sinifdəki tələbələr ən xırda fərqliliyə, əzbər pozan ifadə tərzinə dərhal və kəskin reaksiya verirlər: “Mövzudan yayınma!”. Onlar xorla qışqırırlar, yox, onlar xorla anqırırlar: “Gündəmi dəyişmə! Dəyişmə gündəmi! Mövzudan yayınma! Hekayəni olduğu kimi nəql et, kənara çıxma! Yayınma! Yayınma! Çərçivədə qal! Mövzuda qal! Gündəmi dəyişmə!” 
 
Mövzu, hekayə, gündəm üzərində monopoliya quran bu adamlardan Selincer iyrənir. Selincerin qəhrəmanı gündəmi, mövzunu inhisarında saxlayan sinfin, yəni “ictimai sektor”un başına qusmaq istəyir. Mən də “gündəmi dəyişmə” sözünü eşidəndə, qusmaq istəyirəm. Bu, təbii refleksdir. Qarşısını almaq mümkün deyil. 
 
*** 
 
Bu gün də xor var. Fərd yoxdur, zənginlik yoxdur, palitra yoxdur. Xor var. “O taylı – bu taylı” xor. Onların öz xoru, bunların da öz xoru. Araq məclislərində verilən “vur!” qərarları, əzbərlənən təranələr, qışqırılan şüarlar var. Təəssüflər olsun, xorda iştirak edənlərin əqli səviyyəsi, mütaliəsi, məlumatlılığı, vicdanı bir-birindən fərqlənsə də, xorda hamı eyni kupletləri oxuyur. Baxırsan ki, eşşəksevən də, üç-beş kitab oxumuş adam da eyni şeyləri danışırlar, eyni klişeləri təkrarlayırlar. Mütaliəli olmaq adama köşə yazdıra bilər, amma çuşkalıqdan xilas etməz. “Nekst” düyməsi basılmayıbsa, qalırsan dünənki gündə. Olmasın 88, olmasın 93, olmasın 2003, olsun lap 2013 - fərqi yoxdur. Bir addım geridəsən. Çox mentalsan. Banalsan. 
 
Yox, sən onsuz da mənim dediyimə nə zamansa gəlib çıxacaqsan, amma bu gün sən dünənki günsən. Çərçivədə qalmağa məcbur olanlar, çərçivələri yıxmaq imtiyazına malik olanları qısqanırlar. Hər zaman belə olub. Hər kəs Holdenvari həyat yaşaya bilməz. Holden olmaq üçün əvvəl gərək “siyasətçi”, “qeheteçi”, “jurnalist” olmayasan. Holden olmaq yalnız və yalnız çılğın, azad ruhlu bir sənətçinin lüksudur. 
 
Bir yazıçı, heç bir zaman hansısa sahəni inhisara almaq barədə düşünməz - onun buna nə vaxtı, nə də həvəsi yoxdur. Söhbət həqiqi yazıçıdan gedir, dələduzdan yox. Gerçək yazıçı, gerçək əxlaq sahibi insan, heç vaxt özünü arbitr rolunda görməz. Kimin yaxşı yazdığını, kimin pis yazdığını; kimin xaricdə dərc olunmağa layiq olduğunu, kimin olmadığını yazıçıdan soruşmaq əbəsdir. Özünə hörmət qoyan heç bir yazıçı, tutaq ki, hansısa ədəbi təşkilata: “Filan yazıçı ilə işləmək olar, filan yazıçı ilə işləmək olmaz” deməz, deyə bilməz. İşdir, şeytana uyub desə də, bunu publik etməz, bununla əsla fəxr etməz. “Xaricilər mənim fikrimi soruşurlar, odur ki, özünüzü yaxşı aparın ki, haqqınızda müsbət fikir bildirim” cındırlığını özünə yaraşdırmaz. 
 
Bizim fərqimiz bax, bundadır. 
 
Bunlar çox incə məsələlərdir, arif olanlar anlar. Gözünün ucu ilə görən ibrət dərsi götürər. Əxlaqlı insan, heç bir halda, könüllü surətdə öz üzərinə “ədalət meyarı” funksiyasını götürməz. “Haqq-ədalət üzrə ictimai sektor arbitri” olmaq istəməz. Əgər sənin öz vicdanından başqa hesab verəcəyin bir instansiya yoxdursa, sən heç bir halda öz üzərinə ictimai funksiya götürə bilməzsən. Bilməməlisən. Başqaları haqda hökm verirsənsə, sənin yanılmaq ehtimalın var. Heç kəs mələk deyil. Başqlarına dair fikir bildirib, onların gələcək həyatına, fəaliyyətinə təsir imkanına maliksənsə, sən mütləq, prinsipcə, qanun qarşısında cavab verməyə hazır olmalısan, çünki belə məsələlərdə vicdan kimi abstrakt instansiyaların arxasına sığınmaq olmaz. Yalnız vicdanına hesab verən, yalnız öz vicdanına arxayın olan insan öz mənəvi dünyası ilə baş-başa qalmalıdır, ictimai vəzifə ilə yüklənməməlidir. Buna haqqı yoxdur. 
 
“Filan sektora mən baxıram, xaricilər məndən xəbər alırlar, istədiyimi ucaldaram, istədiyimi rəzil edərəm” sözlərini deyib, bununla fəxr etmək çox ciddi xəstəlikdən xəbər verir. Buna narsisizmin iltihablanması, ya da ən yaxşısı “beyin vaginizmi” demək olar. İqtisadi monopoliya ilə, ictimai sektor üzərində monopoliya arasındakı fərq nədir? Siz nə üçün monopoliyaya bu qədər can atırsınız? Siz nə üçün “satqın”, “xain” kimi damğalarla belə rahat manipulyasiya edirsiniz. Allah dəvəyə nə üçün qanad, sizə isə nə üçün hakimiyyət vermədiyini yaxşı bilir. Siz bir ölkəni, bir toplumu idarə etməyə layiq deyilsiniz.  
 
Bir daha deyirəm - yazıçı heç bir zaman arbitr olmaq, hökm vermək istəməz, bundan şiddətli əzab duyar. Yazıçının kodeksində kimisə pisləmək, gözdən salmaq, karyerasını bitirmək yoxdur. Ona görə də yazıçını, onun hadisələrə yanaşmasını anlamaq fantaziya zənginliyi tələb edir. 
 
Yazıçıya qalib gəlmək mümkün deyil, çünki əsərin qarşısına ancaq əsərlə çıxmaq, əsərə yalnız əsərlə cavab vermək olar. Gerçək yazıçılar isə heç bir halda hansısa əsəri nəyəsə cavab olaraq, “yandıx” vermək adına yazmaz, ortalığa qoymazlar. Yazı prosesinin hansısa məqamında, kimdənsə yaxşı yazıb, kimisə məhv etmək niyyəti dayanırsa, o əsər bəri başdan zibil qutusuna atılmağa layiqdir. 
 
Yazıçı ilə polemikaya girmək də, bəri başdan uduzmaqdır. Yazıçı qədər azad və xuliqan olmaq istəmək, neçə-neçə insanı bədbəxt edib, gülməli vəziyyətə salıb. Mənim çılğınlığımı, epatajımı, provokasiyalarımı təkrarlamaq alınmayacaq, bu sevdadan vaz keçin. 
 
Yazıçı ilə polemikaya girərkən: “Mən onsuz da səni yazıçı saymıram” qabaqdangəlmişliyini etmək, məğlubiyyəti tezləşdirir, adamı zəlil edir. Bu, daha şərəfsiz məğlubiyyətdir, çünki “səni yazıçı saymıram” deyirsənsə, o zaman qarşıma keçib nə basıb-bağlayırsan? Kiri, get qaxıl otur yerində. 
 
Yazıçı ilə mübahisə etmək, yazıçıya hansısa fikrinə görə hücum etmək, çoxlarının düşdüyü xətadır. Dibsiz quyudur. Kaş bu quyu Murakaminin quyusu olaydı, dibində düşünməyə zaman tanıyaydı, oradan çıxanda isə təmizlənmiş, həqiqətə çatmış çıxaydınız.
 
Yazıçıya “mühacir” demək üçün isə çox məhəlli beyinə malik olmaq lazımdır. O da deyəsən sizdə artıqlaması ilə var. Siz hələ də anlamamısınız ki, yazıçı kimdir, yazıçı taleyi necə olur, bunun tarixən örnəkləri nələrdir. Hiss etmək, bilavasitə yaşamaq şərt deyil, heç olmasa oxumaq, öyrənmək lazımdır. Yazıçı dediyin adama öz yeri-yurdu hər zaman dar gələr, onun axtarışları, məkan dəyişdirmələri yalnız qıt beyinli varlıqların leksikonunda “xəyanət edib qaçıb getmək” kimi tərif tapa bilər. 
 
Yazıçıya “mühacir” demək, “satqın” demək debillikdir. Çünki yazıçı özbaşınadır. Çünki yazıçı öz əlidir, öz başıdır. Çünki onun heç kəs qarşısında heç bir öhdəliyi, məsuliyyəti, vədi yoxdur. Yazıçının işi yazmaqdır və o, dünyanın istənilən nöqtəsində yaza, öz mətnini oxucusuna təqdim edə bilər. 
 
Yazıçı bəyəm siyasi liderdir ki, ölkədən gedəndə bu addımı “xəyanət” və “qaçış” kimi yozulsun? Yazıçı bəyəm QHT sədridir, yoxsa şirkət sahibidir, yoxsa rektordur, bəlkə siyasi fəaldır ki, onun ölkəni tərk etməyinə dair belə mal-mal şərhlər verirsiniz? Yazıçı öz gedişi ilə, kimi cəza maşınının qucağına atmış, kimi pərt etmiş, kimi bədbəxt etmiş olur? Yazıçının işi yazmaqdır, istəsə bunu Çilidə də, Alyaskada da edər. Oxuyan oxuyar, oxumayan oxumaz. 
 
Siz gedin, qaçmaq istəyən, ya da qaçmış QHT sədrlərindən hesab soruşun ki, öz işçilərini prokuraturalarda süründürməyə utanmırlarmı? Niyə üzə çıxıb, prokurorluqda sürünən işçilərini bu əzabdan qurtarmırlar? 
 
Gedin qaçan liderlərinizdən, rektorlarınızdan, deputatlarınızdan soruşun ki, hamınız hara qaçıb, hərəniz bir deşikdə gizlənmisiniz? Kiməsə qəhrəman deməzdən əvvəl, heç olmasa bir oturun, düşünün ki, “Balam, yaxşı, biz indi buna, bunlara qəhrəman deyirik, çünki içəridədirlər. Axı təyyarəyə bir addım qalmışdı. Beşcə dəqiqə sonra artıq göydə olacaqdılar. Sadəcə uça bilmədilər, qaça bilmədilər deyə, qəhrəmanmı oldular? Necə qəhrəman oldular?” 
 
Yəni sizdən ötrü qəhrəman, ya da xain olmaq bu qədər asandırmı? Uça bildinsə xain, uça bilmədinsə qəhrəman. Səni təyyarənin trapında tutub gətirdilərsə qəhrəman olursan, amma o trap çəkilsəydi, qapı bağlansaydı və sən göyə qalxsaydın, olacaqdın xain, satqın. Oppa! Siz rəsmən debilsiniz ki, ay ictimai sektor. Əsl debil! Xalisindən! 
 
Siz mənə “Ey bixəbər ziləzzəti-şurib-müdami-ma“ misrasındakı bixəbərləri xatırladırsınız. Bir əsas, vurucu qrup var, bir də bunların ağzına baxıb, onlara “back vocal” tutanlar. Ağızlarına gələni danışırlar. Uzun illərin döyüşü, sizi düşməninizə oxşadıb, xəbəriniz yoxdur. Pulca yox, imkanca yox, fəqət əxlaqca çox oxşadıb. Sizin ittihamlarınızın, qara qışqırığınızın bir faydası olsaydı, elə bu supostata olardı. Sizin səsiniz nəinki zəifdir, sizin səsiniz ümumiyyətlə gəlmir. Çırpınışlarınızı görüb acıyıram sizə. Silkələnin, özünüzə gəlin. Adam bu qədər zəlil olmaz. 
 
YAP hökumətinin sizinlə davası, bu hökumətin min işindən sadəcə biridir. Və sizə deyim ki, çox da vacib işlərindən biri deyil. Sizin isə yeganə işiniz, bu hökumətlə dava, ya bu davanı imitasiyadır. 
 
Lazım bilsəniz, mövzunu davam etdirərik. Yəni sizə sərf edirsə. 
 
Əli Əkbər
 
Yeni Müsavat
Yuxarı