Həcc və həzz

Dilqəm Əhməd

 
 
Bu il müqəddəs ziyarətdə 3200 azərbaycanlı iştirak edəcək. 
 
Onların yekun xərci 3250 və ya 4100 manat olacaq. 
 
4100 manatlıq ziyarətdə hotel xidmətləri digərindən müəyyən qədər daha keyfiyyətli olacaq. 
 
Deməli, biz rəqəmləri 3250 manatdan hesablasaq, bu həcc zamanı azərbaycanlılar ciblərindən 10400000 manat pul xərcləyəcəklər.  
 
Təbii, bizim kiminsə pullarını saymaq kimi bir vəzifəmiz yoxdur. 
 
Kimin nə qədər pulu varsa, istədiyi yerə öz bildiyi kimi xərcləyə bilər. 
 
İstər ziyarətə, istər ticarətə, istərsə də istirahətə gedə bilər.
 
Həccdə də ola bilər, həzz də ala bilər. 
 
İstər ilahi həzz alsın, istər cismani həzz. 
 
Bizi düşündürən bu pulların xərclənəcəyi ölkə olan Səudiyyə Ərəbistanıdır. 
 
O Ərəbistan ki, hələ də krallıqla idarə olunur, bir tərəfdən zəngin kral ailəsi, digər tərəfdən isə dini basqı altında yaşayan insanlar. 
 
O Ərəbistan ki, şeyxləri müntəzəm olaraq bir-birindən əcaib fətvalar verir, vəhhabiliyin dünyada yayılmasına maliyyə yatırır, qadın hüquqları anlayışı hələ da ora çatmayıb.
 
O Ərəbistan ki, müstəqil siyasət yürüdə bilmir, yaxın şərqdəki proseslərdə birbaşa ABŞ və İngiltərənin təsir dairəsindədir, ərəb baharında imperialistlərin tərəfində yer aldı.  
 
Belə bir ölkənin hər il əlavə olaraq dünya müsəlmanları üzərindən əlavə sərvət qazanması, Məkkəni vəhhabiliyin beşiyinə çevirməsi bütün hallarda İslam dünyası üçün qıcıq yaradacaq bir şeydir.  
 
Həcc ziyarəti zənginlər üçün nəzərdə tutulub, amma bizim Məhəmmədhəsən əmi kimi də müqəddəs torpaqlarda olub o ziyarətdən feyziyab olmaq istəyən inanclı insanlar vardır.  Amma o vaxt bir eşşəyi tapa bilməyən kasıb müsəlman indiki xidmətlərdən necə istifadə etsin. 
 
Diqqət edin. 
 
QMİ-nin açıqlamasında deyilir: "Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar Səudiyyə Ərəbistanına xüsusi VİP təyyarələrlə uçacaqlar. 
 
Müqavilə əsasında uçuşları təşkil edəcək ASAS (Advance Spesial Aviation Service) aviaşirkəti zəvvarlar üçün "biznes klass" salonlu təyyarələr ayırıb". 
 
Biz insanların komfort şəraitdə biznes klass-da müqəddəs torpaqlara uçmaq arzularına da qarışa bilmərik. 
 
Daha çox pulu olan zəvvar istəsə, şəxsi təyyarəsi ilə də uça bilər. 
 
İstəsə Kəbədə özünə xüsusi yer də ayıra bilər. 
 
Kəbənin içərisinə də daxil ola bilər.  
 
Amma bir daha qeyd edirəm ki, Səudiyyə Ərəbistan kimi orta doğudakı proseslərin dəstəkçisi olan bir ölkənin dünya müsəlmanları üzərindən əlavə pul qazanması onun törədəcəyi əməllərə əlavə yatırımdır. 
 
Dilqəm Əhməd
 
Kultura.az | Developed by Samir Yahyazade