Özünüz qaşındınız

Алекпер АЛИЕВ

 
Mən, yazıçıyam. Yuxularınızı qarışdıracaq istedadda, savadda, texnikada və zəkada bir yazıçıyam. Çox təvazökaram və çox təkəbbürlüyəm. Bunlar arasında balansı çox yaxşı qoruyuram. Cızdağınızı çıxardıram, zəncir gəmirirsiniz əlimdən. Elə xoş, elə gözəldir ki, bunu bilmək. Azərbaycanda maksimum azad olmuşam, indi Avropadayam deyə, tam azadam. Azərbaycanda, satqın damğası yeməməkdən ötrü ancaq hakimiyyətə yüklənirdimsə; xora qoşulub “ictimai sektorun” söydüyünü söyürdümsə, artıq elə bir məcburiyyətim yoxdur. Mən artıq bu sektorun varlığını şübhə altına alıram. 
 
Doğrudur, bu, siz orqanizmlərə, ameblara “sən orda otura-otura bu hakimiyyətdən pul alırsan” deməyə mane olmur. Yaxşı bilirsiniz ki, hakimiyyətə işləmək üçün minlərlə kilometr uzağa gedib, könüllü sürgün həyatı yaşamaq çox da məntiqli addım deyil. Olsaydı burada, Avropada bir sürü ac köpəyiniz SOCAR-dan, səfirlikdən, ondan bundan pul dilənir. Alsaydılar, onlar alardılar. Ala bilmirlər deyə, burada hürüşürlər. Gəlin yiyə durun itlərinizə. 
 
Hə, bir də axı indi dövlətin başında “pul verim sussunlar” deyən Heydər Əliyev yox, “allah vurub bunları, bir qəpik də görməyəcəklər” deyən İlham Əliyev dayanıb. Pul zad söhbəti çoxdan gedib işinin dalınca, hökumət artıq pul paylamır. Sizə ucunu da göstərən deyil. Bütün bunları yaxşı bilirsiniz, amma adınız üstünüzdə – orqanizmsiniz deyə, ağzınıza gələni danışırsınız və bundan belə, sizin matkanızı dağıtmaq istəyirəm. İzninizlə dağıdacam da. 
 
Ölkənin, toplumun elə bir sferası yoxdur ki, onun haqda istədiyim kimi, ürəyim istəyən ifadə və vasitələrlə danışmaq mənə qadağan olsun. O cümlədən QHT-lər və onların rəhbərləri haqda. Yazarkən də, haşiyə çıxıb “filankəs və filankəs istisnadır”, “sözüm filankəsə aid deyil” yazmaq ehtiyacı hiss etmirəm. Özünü tanıyan, özündən arxayın olan göynəməz. Deyilənlər kimə yapışıbsa, o hürəcək. Siz isə, orqanizmlər, sakit oturun, pulsuz vəkillik etməyin, yuyulmamış çömçə olmağa imza atmayın. Etiraz etmək haqqınız, yüz faiz var – amma bunu da abırlı edin. Həm də bilirsiniz nə var? Sözüm elə hamıyadır. Sonra? 
 
İçəridəki gənclər qarşısında vicdanımız təmizdir – biz onları heç bir zaman üsyana, mitinqə səsləməmişik. Əksinə hər zaman kitaba səsləmişik, kültürə səsləmişik, sağ olsunlar, hər zaman hörmətimizi saxlayıblar. Biz onlardan razıyıq və ümid edirik ki, onların da bizdən narazılığı yoxdur, olmayacaq. Onları küçələrə çıxaran, həbsə salan isə ölkədəki kütləvi psixoz oldu. Hamımız bu və ya digər dərəcədə bu psixozun təsiri altına düşmüşük. Öz payıma deyirəm – mən lap çox düşmüşdüm. “Sarı gəlin” adlı qəddar mətni də bu psixoz yaratdı. Elə bilirdim Qərb bizimlədir, xalq bizimlədir, İlham zəifdir, taxtı laxlayır, getməyinə az qalıb. Elə bilirdim bizə dəstək olan dostlarımız nəticəyə yox, prosesin özünə hesablanıblar, amma sonda məlum oldu ki, onlar da bu psixozun təsirinə düşüblər və bizə satqın deyirlər, dünənəcən göstərdikləri dəstəyi kəsirlər. 
 
O gənclərin heç biri qrant pulu nədir bilmir. Xəbərləri yoxdur. Qrant alan təşkilatların heç biri onları çağırıb hansısa mədəni, sosial laihəyə dəvət edib, siyasi şüarlarsız, qışqır-bağırsız faydalı bir fəaliyyətə cəlb etmədi. Heç biri, heç birini. Siyasi partiyalar da, onların içəridə olmağına görə məsuliyyət daşıyırlar. Bizim kitab siyahısından, kino siyahısından, intellektual müzakirələrdən başqa onlara təklif edəcəyimiz bir şeyimiz yox idi. Amma QHT-lərin də, siyasi partiyaların da maddi resursları, imkanları var idi. Axırı nə oldu? Həm QHT-lər, həm siyasi partiyalar üçün bu gənclərin həbsi, beynəlxalq təşkilatlara deklarasiya etməkdən ötrü bir statistika oldu. İnsan taleyi yox. Evdə gözləyən yaxınlar yox. Xəstə məhbusun əzabları yox. Satistika – çılpaq statistika. 
 
İndi isə, statistika ilə məşğul olanların bir qismi özləri içəridədir. Birbaşa və dolaylı olaraq mafioz hökumətin əleyhinə qaldırılan gənclərə görə, cavabdehdir onlar. Vaxtında bütün pullar, bütün vəsaitlər həqiqi mənada vətəndaş quruculuğuna yönəlməli idi. Pulları basıb yedilər, uşaqları volontyor kimi işlətdilər. Hələ qrant pullarını amansızlıqla basıb yeyən, gəncləri kölə kimi işlədən bir neçəsi azadlıqdadır. 
 
Deyirsiniz ki, “hamı, bütün narazılar birgə çalışmalıdır”. Nağıl danışmayın. Siz, həmişə paxıllığımızı çəkmisiniz – QHT-lər, jurnalistlər, siyasilər. Hamınız. Yazarların azadlığını, istedadını, məhsuldarlığını və ən əsası publikasını, oxucularını qısqanmısınız. Biz sizə, siyasi şüarlarınızı təkrarladığımız nisbətdə gərəkli olmuşuq. Onda da məcbur qalıb susmusunuz, indi isə fürsətdir, hürüşürsünüz. Biz sizinlə bir yolda deyilik, üfunətinizi uzaq tutun bizdən.  
 
Siz, qaragüruhçular, tarix qarşısında məğlubsunuz, biz isə qalibik. Səhvlərimizi etiraf etməkdən qorxmuruq, ən böyük səhvimiz isə siyasiləşməyimiz olub. Hamı kimi, biz də psixozun təsiri ilə, eyforiyaya düşüb şüarçılıq etmişik. Halbuki hökuməti də, prezidenti də, hər kəsi, amma hər kəsi də şüarsız filan da amansız tənqidə tutmaq olar. Və bu, daha təsirlidir. 
 
İndi mən, ölkənin mənzərəsini bütöv olaraq, quş baxışından görə bilirəm. Özüm özümə hesabat verirəm. Səhvlərimi bir-bir düşünürəm, analiz edirəm. Gəldiyim nəticə isə budur ki, siz qısa yoldan çevriliş edib, hökumətin başına keçib, hərəniz bir nazirliyə qonub, azından bir şadlıq evi işlədib, bu xalqın qanını əmmək istəyirdiniz. Bu hakimiyyət yox, amma siz bizi asacaqdınız. Tək mən yox, bu xalq da sizə inanmır, sizdən qorxur, sizə etibar etmir. 
 
Qışqır-bağırla, inqilab arzusu ilə olmur bu işlər. Səbrlə, səbatla, savadla, kitabla olur. Amma sizdə bu potensial, bu ağıl, bu ürək nə gəzir? Gördünüzmü!? Sizi heç kim qoruya bilmədi. Ona görə ki, bu xalqdan başqa heç bir istinadınız, dayağınız yoxdur. Yəqin ki, yavaş-yavaş çatır sizə bu həqiqət. Bu xalq da sizə inanmır, etibar etmir. Bu xalqa, sizə baş qoşmaq SƏRF ETMİR. Dövlət Departamenti də inanmır, etibar etmir sizə. Sizə heç kəs inanmır, sizi heç kəs saymır. Siz sadəcə maşasınız onların əlində. Sizdən istifadə edib tullayıblar bir tərəfə. Özünüz deyib, özünüz eşidirsiniz. Adınızı “ictimai sektor” qoymursunuz, lap “morskoy kotik”lər qoyun – xeyri yoxdur. Həm xalq, həm dünya İlham Əliyevin yanındadır. Özünüz də yaxşı bilirsiniz ki, ABŞ-ın və Avropanın hərdən, “dejurnı” bir-iki ağız Azərbaycan hökumətinə tərəf hürməyi də statistikadır. Bir quş qoymaq üçündür. Adicə bir quş.
 
Bu xalq nə deyir, düz deyir. Uzun illər bu xalqın sözlərinə qulaq tıxadıq, qəribçiliyə saldıq, onu konformist adlandırdıq. Bu xalqın bir sürü çatışmayan cəhəti var, amma siyasi analitikası mükəmməldir. Bu xalq deyir ki, “bunlar gəlsə daha pis olacaq”. Bəlkə xalqa inanmağın, ona qulaq verməyin vaxtıdır? Bəlkə bu xalqın bir bildiyi var? Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram? Ola bilməzmi?  
 
Ax, bizim bu ədalətsiz dünyamızın, qəddar qanunları olmayaydı. Bir ayrılıq, bir də ölüm həmçinin. Başa düşməyənə, bunları xatırlatmaq lazım gəlir. Çox sağ ol deyin ki, İlham Əliyev sizə bunu xatırladır. Dövlət Departamenti də gözlərini döyür, okeanın o tayından sizə əl eləyir. Görürsünüz? Baxın, Obama əl eləyir, arxasında Klinton xala da dayanıb. Baxın, baxın, nəsə demək istəyir sizə. Dodaqlarının hərəkətindən oxuya bilirsiniz? Deyəsən “sizi sevirik” deyirik. Toxtaqlıq tapdınızmı bir az?  
 
Sizin matkanızı dağıdacam deyəndə, sizin terrorunuza son qoyacam demək istəyirdim. Sizin bu “ictimai sektor”unuz, “ictimai qınağınız”, “QHT tusovkanız” çox adamın başını yedi, içəri saldı. O gəncləri başa düşürəm, bu hakimiyyətə ağız açmaq doğrudan əzablıdır, insanın qürurunu incidən addımdır. Haqlının haqsıza, məzlumun müstəbidə, insanın ruhsuz bir orqanizmə “əvf et” deməsi qədər ağır nə ola bilər? Bu məsələdə məsləhət vermək də çox çətindir. Özləri ən doğrusunu bilirlər və edəcəklər. Ərizə yazsalar da dəstəkləyəcəm, yazmasalar da. İçəridəki ilə bayırdakı heç vaxt bir-birlərini sonacan başa düşə bilməzlər. Əfsus.
 
Artıq mən, yeni-yeni gənclərimizin zindana salınmasına, onları zindana salmaqdan manyakca, vampircə zövq alan bu hakimiyyətə qurban verilməsinə göz yummaq istəmirəm. Ərkim çatan gənc dostlarıma siyasi şüarlardan, küçələrdən, meydanlardan uzaq olun; bilgilənin, savadlanın, oxuyun, öyrəndiklərinizi çevrənizə öyrədin deyirəm. Aksiya keçirəndə gözlədiyiniz əlli nəfərin yerinə, on nəfrə gəlir ha! Bax o qırx nəfəri fikrindən mən daşındırmışam. Xəbəriniz olsun. İlin günün bu vaxtı mədəniyyət, etika, gigiyena problemi olan azərbaycanlıların üsyanından, inqilabından yaxşı nəticə hasil olmaz. Sizin tipdə və sizin zəkada adamlar bizi idarə edəcəksə, elə Siyavuş Novruzov otursun oturduğu yerdə. Bir zamanlar lağ elədiyim, indi isə yanıldığımı anladığım sözləri tez-tez təkrarlayıram – təkamül, təkamül, bir daha təkamül. 
 
Təkamülün əleyhinə olan, hər şeyi birdən arzulayan, qısa yoldan vətəni “update” eləmək istəyən adam reallıq hissini itirmişdir və onu silkələmək lazımdır. Ya da şillələmək.
 
Bura baxın, nə atdanıb düşürsünüz, nə danışırsınız orda? Nə deyirsiniz? Biri hakim ailəyə yaxın adamlarla “podruqa”dır, obiri deyir nazirlə dostluğum var, sonra da mən QHT-lər haqda yazanda, bir metr dillərini çıxarırlar. Bundan sonra çöldə bir cür, içəridə bir cür olmaq kimi konfortunuz olmayacaq. Yuvanıza çomaq soxulacaq. Həddinizi bilin. 
 
Azərbaycan dilində “Sarkisyanı zəhərləmək lazımdır” deyib, bunun ingilis dilində yayılmasına görə  sfinkterin “jımjım” edəcəksə, bəri başdan sussana, çöl bülbülü. Sən “siyasi sağlam” olub nə qələt eləmisən ki, hədyan deyirsən indi? Gördün, hakimiyyətə yaltaqlanmaq üçün bir quş buraxan kimi, bütün qrantlardan da, xarici səfərlərdən də, hətta Tiflisdə NATO-nun tədbirinə qatılmaqdan da necə məhrum oldun? Getdin Sarkisyanın güdazına. Olmaz! Daxildə qəhraman olub, xaricdə “svoy” olmaq olmaz. Əli aşından da, Vəli aşından da olmaq buna deyirlər. 
 
İndi gəlin mənim imkanlarıma baxaq. ABŞ-ın Dövlət Departamentini, İsraili, Fransanı, Almaniyanı, İsveçrəni itin dalına soxub çıxarsam və bunu dünyanın bütün dillərində etsəm də, mənə heç nə olmayacaq. Amma siz Dövlət Departamentinə qarşı “mıkk” belə edə bilməzsiniz. 
 
Mən hakimiyyəti də, hakimiyyətdə təmsil olunan istənilən adamı da; müxalifəti də, müxalifətdə təmsil olunan istənilən adamı da, istədiyim kimi tənqid edərəm və mənə heç nə olmayacaq. Heç bir QHT ilə bağlılığım, heç bir qrant mənbəyim olmadığına görə, sizin hamınıza istədiyimi deyərəm və mənə heç nə olmayacaq. Bu mənim, bizim azadlığımızdır. Siz bu azadlığın heç qoxusunu da almamısınız. Heç kəsin qarşısında öhdəliyin olmaması nə deməkdir, bilmirsiniz. 
 
Siz, fantomsunuz, əslində yoxsunuz. Bu ölkədə hansısa proseslərin getdiyi təəssüratını yaradan illüziyasınız. Sizin bu “ictimai qınaq” kefkomluğunuzu da darmadağın etməyin vaxtı çatıb. Lotuluğunuz bura qədər. 
 
Deməli, dəqiqəbaşı deyirsiniz ki, “vaxt var idi Rauf Arifoğlunu söyürdü, indi onun qəzetində yazır, bu qəzet də hakimiyyətdən maliyyələşir”. Günel Mövluda, Seymur Baycana da “Vüsalə Mahirqızı, Aynur Camalqızı ilə əməkdaşlıq” bəhanəsi ilə hücum edirsiniz. Sizin səbəblərinizi sevim, sizinlə birlikdə.
 
Lotular, mən “Yeni Müsavat” qəzetində təsəvvür etməyəcəyiniz qədər azadam. Sizə qoşulub söymüşəmsə də əcəb eləmişəm, indi peşmanam, bu da əlimin içindən gəlir. Başqa sözünüz? Ölkənin ən çox oxunan qəzetidir, mən də bu qəzetdə istədiyimi yazıram, senzurasız filansız dərc edirlər. Ürəyim istəyəni oxucularla paylaşıram, hətta şərhlərinə cavab verib interaktivliyi təmin edirəm. Mən oxucularıma dəyər verirəm, təhqir yazanları isə moderatorlar əngəlləyir. Biləndə ki, hansısa yazım redaksiyanın xəttinə ziddir, onu başqa yerdə dərc etdirirəm. Şükür, alternativlər var və redaksiyanın bu alternativlərə etirazı yoxdur. 
 
Aydın oldu, lotuşkalar? Azad bir sənətkarla, özünüzü müqayisə etməyin, səhra sığırları. Sizin belə bir lüksunuz yoxdur.
 
Qaldı ki, qonorarlara, onları da əcəb edirəm alıram. Siz yox, mən alıram. Çünki sizin bu qonorarı almağa zəkanız çatmaz. İkincisi də ki, bir ilə yaxındır Yeni Müsavata yazıram və hələ bir qəpik mənim cibimə girməyib. Pullar Bakıda tamam başqa ehtiyaclar üçün xərclənir. O ehtiyaclar hansılardır, sizə qalmayıb. Gedin zər atın, fala baxın, bəlkə tapdınız. Amma bundan sonra lap çox yazacam və lap çox qazanacam ki, burada da “Yeni Müsavat”dan aldığım qonorarlarla kef edə bilim. 
 
Mənim “Yeni Müsavat”dan, dostlarımın isə digər medialardan aldığımız pullarla, sizin aldığınız pulların mənbəyi eynidir. Xəbəriniz var, okean planktonları? Bütün pulların mənşəyi “Federal Reserve”-dir. Qrantyeyənlər, Dövlət Departamentindən maliyyələşənlər birbaşa ordan alırlar, biz isə dolaylı olaraq. Bizə birbaşa almağı təklif edirsinizsə, çox sağ olun. Nəzərə alarıq. Hələlik bizə dolaylı gələn pullar da bəsdir. Həm də biz zəhmətlə, gözümüzün nuru ilə bu qonorarları qazanırıq. Qrant pullarını silərək yox. İndi bir izah edin görüm, Azərbaycan hökumətinin pulu ilə ABŞ hökumətinin pulu arasında nə fərq var? 
 
Çöl bülbülləri.
 
 
P. S. Səmimi dostlar, söz-söhbətlərdən xəbəri olmayan dostlar, bu yazıdan sonra ürəyində xal qalan dostlar, xətrimizi istəyən və bu üslubu, ifadələri bizə yaraşdırmayan dostlar. Haqqımızda tələsik qərar verməyin. Ədəbiyyatı bilənləriniz isə, xüsusən diqqətli olsunlar. Bunlar zırramadır, kitab oxumurlar, bilmirlər. Yazıçıların öncəgörməsi nə deməkdir, siz ki, bilirsiniz. Xatırlayın və hesabınızı götürün – bunların Milli Şura, İbrahimbəyov şousuna ilk etiraz və istehza edən mən olmuşam. Bütün proqnozlarım da düz çıxıb. Sizin bir çoxunuz, dəfələrlə mənə demisiniz ki, “yenə sənin dediyin oldu”. Heç olmasa bu sözlərinizi xatırlayın və ürəyinizi buz kimi saxlayın. Nə yazdığımı yaxşı bilirəm. Bizə çaxnaşmalar, həbslər, inqilablar lazım deyil. Hakimiyyətə görə yox, özümüzə görə lazım deyil. Dala düşürük, vaxt itiririk. Zərrə qədər şübhəniz olmasın, arxayın olun, imkan verməyin ağlınızı qarışdırsınlar. Biz, doğru yoldayıq. Durmaq yox, oxumağa, bilgilənməyə, dürüstlüyə və çuşkalıqla mübarizəyə davam! Nə ABŞ, nə Qərb, nə Şimal, nə Cənub - ancaq öz gücümüzə arxalanmalı, özümüzdən mədət ummalıyıq. Tarix hələ ki, uğurun modeli kimi bizə əksini göstərməyib.
 
P.P.S. Bu məlum yazılardan sonra, bir zamanlar mənə dost görünən adamların gerçək simalarının üzə çıxması məni məyus etmədi. Bunu siz istədiniz və nail oldunuz - dost qazanmaq çətin, itirmək asandır. Siz özünüzü yaxşı bilirsiniz. Sosial şəbəkələrdə ağzına gələni yazan, şərh edən, hətta "like"larda gizlənən hər kəs, necə deyərlər, detected. Nəzərə alınmışdır. Xüsusilə mənə çıxışı olan, mənimlə yaxınlığı olan, söhbət etmək, sual vermək, dəqiqləşdirmək imkanı olan, lakin bunları etmədən ümumi küyə qoşulub, ağzına gələni yazanlar - siz bitdiniz oğlum. 
 
Əli Əkbər
Kultura.az | Developed by Samir Yahyazade