post-title

Dünyada analoqu olmayan teatr: Borçalı

Gəncliyin tribunası: Coşqun Cəfər Gürcüstandan yazır

 
 
 
Borçalı teatrının dünyada analoqu yoxdur! Borçalı özü bir teatrdır; səhnədir, burda istənilən qədər obraz, aktyor, artist var, sadəcə diqqətlə baxıb tamaşa edərək bu obrazların oyununu görmək lazımdır.
 
Burda hamı bir-biri ilə oynayır. 
 
Şairi, yazıçısı oynayır; qalustuk taxır, sinəsinə medallar asır, paqonlar bərkidir, qafiyə sayır, Məcnun kimi səhralarda (çayxanalarda) sülənir, Kərəm kimi (qızsızlıqdan) yanır, Fərhad kimi (gedib parnikini əkmir) dağları çapır, ah-nalə (ondansa gedib kəndinə su çəksə yaxşıdır) çəkir, ömür boyu ağlayaraq mısmırığını sallayır, ağ atının qulaqlarının qara olmasını poeziya üçün tapıntı hesab edir...
 
Hər dəfə bir vəzifəlini tərifləyir, başqa ölkələrin səfirlərinə poemalar həsr edir, öz şairliyini, yazıçılığını sübut etmək üçün adının qabağına mütləq FİLAN BİRLİYİN, İTTİFAQIN ÜZVÜ etiketini yapışdırmağı vacib sayır, hansı "budilnik"i qurursa qursun, qara bəxtini yuxudan oyada bilmir ki, bilmir...
 
Alimi, ziyalısı oynayır; elmi kəşflər, yeni fikirlər, nəzəriyələr əvəzinə hansısa aşığın, qolçomağın, qaçağın itib batmış misrasını, dıydıq əhvalatını tapıb disertasiya yazır, gürcülərdən, ruslardan artıq çoxdan tarixin arxivinə gömülmüş söhbətləri çırpışdırıb kitablar çap etdirir...
 
İşləri-gücləri millətə nəsihət vermək, qeybət qırmaq, gənclərin paxıllığını çəkmək, hansısa güclərin məddahlığını yapmaq... 
 
Dindarı, ruhanisi oynayır; Allahın, Peyğəmbərlərin, imamların  adından danışaraq hansısa beynəlxalq təşkilatlara, ölkələrə agentlik edir, övliyaların, qəsdən şişirdilmiş, mifləşdirilmiş üləmaların nağıl, əfsanələrini xalqa sırıyır, zöhddən, təqvadan danışıb "Cip" sürür, vicdandan danışıb cib soyur... Camaatın uşaqlarını bədbəxt edib məktəbdən, unversitetdən ayırıb başı, cibi boş molla edir, öz uşaqlarını isə ən bahalı kolleclərə, unversitetlərə yollayır, öz əxlaqsızlığını ört basdır etmək üçün hamını əxlaqsız adlandırır, həmişə əxlaqdan danışır...
 
Ateisti oynayır; öz eqosunu, fərqliliyini (natamamlıq kompleksi) isbatlamaq üçün bütün müqəddəs dəyələri inkar edir (bir halda ki, nə Volter oxuyub, nə Sartr, nə Nitşe, nə də düzəməlli təkamül nəzəriyyəsi barədə kitab). Özü də nə istədiyini bilmir, dinlərə, dindarlara söyür, ancaq işinə gələndə dindarlıqdan dəm vurur, məscidə gedib axundla şəkil çəkdirir, iftar verir, kilsəyə gedib şam yandırır...
 
Deputatı oynayır; Xalqın adından min-min yalan danışır, millətin ağrılı, həssas yerinə toxunaraq, şah damarına basmaq üçün arada (icazəli cəsarətlə) parlamentdə erməniləri söyür, vazilen atır, axşam isə vəzifəsini bərkitmək üçün ermənilərlə qədəh–qədəhə vurur... Seçki vaxtı gələndə xalqın arasında görünür, nitq söyləyir,  seçki bitən kimi qeybəti-kubraya çəkilir...
 
Aşığı oynayır; sinəsində saz özünü haqq aşığı (aşiqi) elan edir, amma daim şəri mədh edərək, onun bunun qabağında hoppanıb düşür... Məclislərdə anektot, lətifə danışaraq şoumenliklə məşğul olur...
 
Biznesmeni oynayır; Sosial şəbəkələrdə hündür mərtəbəli  evinin, "X6"-sının, bahalı telefon, geyiminin şəklini paylaşır, özünü xalqının ən varlı oğlu kimi göstərir, amma xalq üçün pul xərcləmək söhbəti ortalığa atılanda müflisləşir, borca düşür, bankdan kredit götürür... Pis əməllərini ört-basdır etmək üçün məscid tikdirir...
 
Tələbəsi oynayır; Oğlanları guya dərs oxuyurmuş kimi hər səhər universitetə gedir, kəndində-kəsəyində özünü gələcəyin intelektualı kimi qələmə verir, əslində isə bir dəfə də kitabın üzünü açmır, imtahan vaxtı gələndə özünü bara verib, səhərəcən içir, yatıb qalır, imtahana gedəmmir... Qızları isə vaxtını gözəllik salonlarında, sosial şəbəkələrdə keçirir, paylaşdığı rəngarəng şəkillərinə "LİKE" toplayır, ərə qəbul olunmaq üçün hazırlıq keçir...
 
QHT-ləri oynayır; Tələbələri təqaüdlə daim öz caynağında saxlayır, gəncliyi, cəmiyyəti inteqrasiya adıyla deqradiyaya, inkişaf adıyla iflasa uğradır... Pulları, qrantları da alıb qoyur cibinə, xərcləyir "Cip"inə...
 
Və bu qədər oyun içində "Heydər Əliyev adına Tiflis Dram teatrı" da öz rolunu oynayır; Hər dəfə binalarının uçuq olmasını xalqın gözünə soxur (teatr tarixinə baxsaq sənət üçün şərait olmayada belə küçələrdə tamaşa verən, pyes yazan yüzlərlə nümunə göstərmək olar), öz gözünü isə dəyərləri uçub dağılmış xalqa dikməkdən əbədilik məhrum edib. Bunların sənət yanğısı yoxdur, karyera, kreslo yanğısı var. Teatr, pyes məsələsi qalıb kənarda, daim teatrımız direktorunun gürcü olması ilə gündəmə gəlir. Bir halda ki, bu problemin m- hərfidir, p hərfi yox. Problemin p-hərfi yeni pyeslərin yazılması, yeni-yeni sənət nümunələrinin meydana gəlməsi, cəmiyyətin maarifləndirilməsidir. Bunlardan isə ümumiyyətlə xəbər-ətər yoxdur. İldə-əsrdə bir dəfə tamaşa olur, o da hansısa kreslo yiyəsinin, nazir müavinin, nə bilim kimin aktuallığı sıfır olan  pyesi, sifarişi, zəngi, xətri, reklamı hesabına... Mənəvidən çox maddi, hörmət xarakteri daşırır. Sənət, mənəviyyat yox, kreslo davası gedir...
 
A kişi, buranın adi kəndçisi də oynayır; dünyada anoloqu olmayan mədəniyyətindən, dünyada  birinci dərəcəli xalq olmasından, qaçaq Koroğludan, Qoç Nəbidən, Osmanlıdan ağız dolusu danışır, gopa basır, toylarda  geydirmə müğənnilərə milyon xərcləyir, yasda özünə iki min dollarlıq baş daşı düzəltdirir, xəngəl yeyir, çaxır içir, dolma bükür, xoşbəxtliyi imitasiya edir. Amma nə seçkidə düzəməlli səsi var, nə də bir vətəndaşlıq vəzifəsi... Öz doğma ölkəsində kirayənişin kimi yaşayır. Heç bir siyasi, ictimai hadisəyə təsir etmək gücündə deyil...
 
 
Coşqun Cəfər
 
Gürcüstan
 
Kultura.az
Yuxarı