Dinin “roman”tik tarixi

Альтернатива

 
Təkamulün insan mərhələsi başlayandan etibarən tanrıların ali hökmranlığı o qədər güclü idi ki, ilk ibtidai nəğmələrdən, ağılardan tutmuş poemalara, dastanlara qədər sözlə bağlı hər şey tanrıların qulluğunda idi. Ədəbiyyat birbaşa tanrının və onun yerdəki elçisinin – hökmdarın, peyğəmbərin əhatəsində dolanırdı. Dini kitablar da yerdə yazılmasından və “göydən düşməsindən” asılı olmayaraq poetik dilə yaxın, bədii təsvirlərlə zəngin olurdu. Ədəbiyyat göydəki və yerdəki hökmdarlardan asılı idi. Onlar mülayim, rəhmli idilərsə, onlara həsr olunan söz də həlim idi, tanrı eşq işinə baxırdısa, şəninə deyilən söz aşiqanə idi, yaxud qəddar idisə, müharibə işinə baxırdısa, sözlər onun gücünü, zalımlığını, qüdrətini tərənnüm edirdi. Ədəbiyyat tanrı məhsulu, güc tərənnümü idi. 
 
(Əlbəttə ki, “literatur” anlamında ədəbiyyat son 2-3 əsrə məxsusdur. Ondan əvvəl bəddi söz harda uyğun sahə vardısa, gedib orda özünə yer edirdi. Burda ədəbiyyat sözü fikri anlatmaq naminə işlənir.)
 
Bu qarşılıqlı tərənnüm – tanrıların kəlamı, kəlamların tanrı eşqi elə iç-içə keçmiş halda idi ki, bunları ayırmaq və ya bir-birinə zidd olaraq düşünmək mümkünsüzdü. Eyni şey həm şərqdə (istər uzaq, istər yaxın), həm də qərbdə yaşanırdı. “Qılqamış” dastanından Homerin “İlliada”sına, “Odissey”inə, Ovidin “Metamarfoz”undan “Dədə Qorqud” dastanına, Nizaminin “Xəmsə”sinə qədər... Düzdür, elmin, fəlsəfənin inkişafına bənzərsiz təkan vermiş yunan-roma tanrıları ilə orta şərqin külli-ixtiyar sahibi, diktator tanrısını eyni tutmaq olmaz. Bunların şəninə deyilən  “söz” də fərqli təsirə malik idilər və bu səbəbdən inkişaf yolunu qərb daha tez adladı. Amma bu başqa müzakirənin mövzusudur.
 
Qısası, tanrılar və onların elçiləri heç vaxt “söz”lə bağlı davamlı və güclü bir problem yaşamadılar. Digər tərəfdən, orta şərqin semit dinləri “söz”ü tanrıya sadiq etməyi yaxşı bacardılar. Çünki semit dinlər “audio” dinlərdir, yəni görməkdən daha çox, eşitməyə əsaslanır. Tanrının gözəgörünməzliyi, rəsmin, heykəlin qadağan olunması (islamdan başqa, yəhudi və xristianlıqda da belə idi, lakin yunan-roma mədəniyyətinin təsiri xristanlıqda bunu aradan qaldırdı), duaların avazla oxunması, vəhyin peyğəmbərlərə söylənilməsi “söz”ü tanrı qarşısında işlək vəziyyətdə saxladı. İslam ilk illərində şeirə ikrahla yanaşırdı, şairləri sevmirdi, çünki rəqib kimi görürdü özünə, amma o da güclənincə islam şairlərinin sayı-hesabı bilinmədi, allaha, peyğəmbərə, imamlara yazılan mədhiyyələr cildlərlə kitablara sığmırdı. 
 
Belə birgə və güclü din-ədəbiyyat birliyi XVI-XVII əsrə qədər davam etdi. Ta ki ədəbiyyatın romanı meydana gələnə qədər...
 
Proses əslində bir az əvvəldən başlamışdı. XIV əsrdə Dekameron və Kenterberri hekayətləri ilk qığılcımlar idi (rahibələrin sevgi hekayətləri və s.). “Söz” o vaxta qədər cürət etmədiyi məkanlara dalmışdı. Amma XVI əsrdən etibarən Rable, Servantes, Sterne, Volter, Didronun romanları... Avropada xristianlıq gözlənilməz rəqiblə qarşılaşmışdı. 
 
Nə idi romanın ilk silahı ki, belə bir əzəmətli güclə “söz güləşdirsin”? Əvvəla, insan. Yəni artıq mövzu insan idi. Roman insanı anlamağı, başqasının daxili dünyasını öz dünyan kimi qəbul edə bilməyi öyrədirdi. Bir neçə yüz səhifəlik bir romanda onlarla, yüzlərlə insanın davranışını, düşüncəsini, səhvlərini görürdü oxucu. Özünü qəhrəmanların dünyasına qərq edirdi. Real dünyaya döndükdə isə ən azı o romandakı insanların sayı qədər insan tanımış olurdu. O qəhrəmanlarla “xəyal”lar mübadilə etmiş olurdu. Beləcə, roman oxuyucusunun nəzəri qismən də olsa, göydən yerə endi.
 
Daha sonrakı silah yumor idi. İlk romanların ayrılmaz hissəsi idi gülüş. Bu gülüş içində ironiya da vardı, həyatı müsbət tərəfdən baxmağa çağırış da. Romanlardakı yumor dini asta-asta kənara itələməyə başladı. Çünki yumorla dinin birgəyaşayışı həmişə yumorun üstünlüyü ilə bitir. Ona görə də din ağladır, güldürmür, ciddidir, kədərlidir, yumoru sevmir, ölümə daha yaxındır, nəinki həyat eşqinə. Belə bir din üzərində Rablenin ilk gülüşləri “xırda çəkic”lə döyəcləmək kimi bir təsir buraxırdı. Ona görə də Rable rahiblərin təzyiqinə məruz qalırdı. Servantesin, Don Kixotun evində cəngavərlik kitablarını saf-çürük edən keşişi xristianlığın qəddar, inkivizasiya, tonqal rəmzi olan kədərli, qaraqabaq keşişlərindən fərqli idi. Didronun taleyə, qismətə inanan Jakı həm tanrını, həm də taleni gülüş hədəfinə çevirə bilirdi. 
 
Milan Kundera “Pozulmuş vəsiyyətlər” kitabında roman-din münasibətlərini təxminən 3 mərhələyə bölür: 1) gülüş effekti ilə ilk zərbələr; 2) desakralizasiya; 3) birbaşa hücümlar.
 
Gülüşlə bağlı yuxarıda qeyd etdik. Bəs desakralizasiya necə baş tutdu?
 
XVII-XX əsrlər arasında roman ədəbiyyatın mövzusunu göydən yerə endirdi, sonra insan xəyallarının hüdudsuzluğuna (ilk macəra və fantastik romanlar), insanın daxili azadlığına, daxili psixoloji sarsıntılarına, əxlaqi buxovların qırılmasına (Stendal, Dostoyevski, Flober), insanın sosial problemlərinə (Balzak, Hüqo) yönəldi. XX əsrin əvvəllərindən başlayaraq, xüsusilə də Birinci Dünya Müharibəsindən sonra tanrı, peyğəmbərlər, xristianlıq, iudaizm yenidən ədəbiyyatla kəsişdi, amma bu dəfə daha aşkar və toqquşaraq. “İdiot”da, “Don Kixot”da İsadan, dini mətnlərdən təsirlənmələr vardı, amma bu daha qapalı, mətnaltı idi. Son toqquşma isə daha aşkar idi və nəticədə desakralizasiya ilə nəticələndi. Tomas Man, Herman Hesse kimi yazıçılar müqəddəs kitablardakı rəvayətləri, o vaxta qədər tanrısallığına şübhə olmayan hekayətləri romana çevirdilər. Beləliklə, bu dini mətnlər psixoloji və dini-mifoloji aspektdən oxunmağa başladılar. Tomas Manın  “Yusif və qardaşları”nda peyğəmbərlər artıq ilahi varlıq deyillər, adi insanlardırlar. Dörd cild kitab boyunca biz bu peyğəmbərlərin adi insanlar kimi yaşayışını, səhvlərini, günahlarını, arzularını, davranışlarını görürük. Dini mətnlərdəki sakrallıq beləcə azalmağa, ədəbi mətnin içində həll olmağa başladı.
 
İki zərbə və iki qələbədən sonra artıq açıq oyuna girmək olardı. Artıq açıq etiraz, aşkar inkarın zamanı gəlmişdi. İnsan, həyat, tanrı, tale kimi anlayışların hamısını bir yerə yığıb küll halında üsyan edən “bitnik”lərdən sonra, meydana Saramaqo, Rüşdi kimi ateist yazıçılar daxil olur. “İsanın incili” artıq desakralizasiya həvəsində deyil, birbaşa hücum edir. Yaxud “Şeytan ayələri”. Artıq hər şey öz adı ilə çağrılmağa başlanır.  Din isə bunu rahatlıqla həzm edəcək təfəkkürdə deyil. Gülüşü hardasa nə iləsə dəf etmək olardı, desakralizasiyanı görməzdən gəlmək, Tomas Manı, Hesseni dindar adlandırmaqla işin içindən çıxmaq olardı. Amma İsanın tanrısallığını inkar etmək, lağa qoymaq,  ən qıcıqlandırıcı və təhlükəli söhbətlərini mövzuya çevirmək... Bu kitabları necə qəbul etmək olardı? Həm də bu öyrənilməmiş bir hücumdu, düşmən fərqli idi. Dinin istədiyi odur ki, onunla öz dilində danışasan. Söyəcəksən, söyəcək, cahil deyəcəksən, o da sənə cahil kafir deyəcək, qılınc çəkəcəksən, qılınc çəkəcək, bir arqument gətirəcəksən, öz istədiyi kimi yozacaq, elmi kəşflər edəcəksən, deyəcək bu, müqəddəs kitablarda yazılmışdı. Bəs bu romanlar haradan çıxmışdı? Buna necə cavab verəcəkdilər? Birdən-birə yüzminlərlə, milyonlarla insan oxuyurdu bunları. Qarşısını almaq mümkün deyildi. Ona görə də özlərini itirdilər. Saramaqonu vətənindən didərgin saldılar, Rüşdinin ölümünə islamın ən yüksək səviyyəsindən fətva gəldi... ibtidai təfəkkür meydana çıxdı dərhal, o mülayimlik, dözümlülük görüntüsü bir anın içində itib-batmışdı. 
 
Əlbəttə ki, sənətdə belə bir effekt yoluxucudur. Təkcə romanla kifayətlənmədi tanrıya qarşı üsyan, başqa janrlara – filmə, rəsmə, şeirə də yoluxmağa başladı. Avropa xristianlığının belə şeylərdə təcrübəsi daha keçmişə gedir deyə, ağrılı məqamları qismən geridə qoymağı bacardı. Bu gün İsanı, xristianlığı istənilən formada mövzu edən istənilən sənət əsərinin qarşısında elə bir ciddi maneə yoxdur. İslam isə hələ də ənənəvi yolunda mətin addımlarla irəliləyir...
Təbii, romanla din arasında yuxarıda söylədiyim münasibətlər heç də tək, özbaşına inkişaf etmirdi. Burada intibahın, humanizmin, sənaye inqilabının, dünya müharibələrinin də öz təsiri vardı. Lakin bunlar haqqında başqa yazılarda. Hələlik mövzumuz dinin tarixində romanla toqquşma məsələsi idi. 
 
Rəşad Səfər
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade