Qrantyeyənlərin dağılan tifağı

Алекпер АЛИЕВ

 
 
Gündəmə aid olmayan yazı yazmaq o deməkdir ki, bu yazının nədən gərəkli olduğunu da insanlara izah etməlisən. “Nə dəxli var?” sualı göründüyü qədər sadə sual deyil. Cavabın varsa belə, dönə-dönə soruşacaqlar: “Yox e, indi bunun yeridimi?” 
 
“İctimai sektor”da “gündəm” sözünə xüsusi hörmət, ehtiyat, hətta qorxu ilə yanaşırlar. Onlara elə gəlir ki, tutalım, hansısa fəal saxlanılıbsa, kiminsə son oxuduğu kitab haqda nəinki məqalə, hətta facebook statusu yazmağı böyük bir biabırçılıqıdır. Niyə? Gündəmi dəyişmək olmazmış. Elə bilirlər gündəm yaratmaq kimi lüksları var. Biri çıxsın bunlara başa salsın ki, gündəm dediklərinə, 9 milyonluq xalq gündəm demir. Özləri çalıb, özləri oynayırlar, elə bilirlər camaat da bunlarla bir yerdə qol qaldırıb süzür. 
 
Üç il əvvəl Azərbaycan QHT-ləri haqqında xoş olmayan düşüncələrimi yazanda, “heç yeridirmi?” soruşanlar bugünki mənzərəyə baxsınlar. Ağır topların üçdə biri içəridə, üçdə biri “indi gələrlər, bu saat gələrlər” “mandrajı” ilə oturub Ləmbəranskini gözləyir, üçdə biri də qeybə çəkilib (mühacirət, “qeyri-müəyyən” mühacirət, Snowdenin taleyinə iddia və s.). 
 
Qorxanlar və qeyb olanlar sona qədər haqlıdırlar – imkanın varsa, bunların türməsinə düşməyəcəksən. Çünki ortalıqda, yapçıların zindanında ömür çürütməyin əzabını xəfiflədəcək heç bir ideya yoxdur. Əslində heç zaman olmayıb. İdeyanın fantomu olub və bu fantomu bizə sırıyıblar. Sırıyanlar indi ABŞ-da, Fergusonda həqiqi “mən”lərini ortaya qoyurlar. İzləyə bilərsiniz. İndiyə qədər anlaya bilmirəm ki, Zaur Qurbanlı kimi ziyalı, o həbsxanada nəyin uğruna oturub? Ciddi deyirəm. Belə gənclərin zamanına, səhhətinə, potensialına yazıq deyilmi?
 
İndi ki, bu yazı gündəmlə bağlıdır, bu səfər də “fürsətçilik edirsən, yıxılana balta çalırsan” deyəcəklər. Polemikanın “giriş-çıxış”larını yaxşı bilirəm deyə, qabaqcadan bloklayıram, tədbir alıram. Qaldı ki, heç kəsə balta çalmıram, həmin tezisləri təkrarlayıram – adam qrantı son qəpiyinəcən basıb yeyəndə; faydalı, yararlı bir işə yönəltməyəndə, fəaliyyətini kültür mərkəzli qurmayanda; məqsədi “vətəndaş cəmiyyəti” quruculuğu yox, tusovkada şənlənmək olanda – axırı bax, belə pis qurtarır. 
 
Kitabsız adama, heyvanla əlaqəyə girən adama, ana-bacı-arvad başı kəsən adama, avtobusda oturacağın üzlüyünü cıran adama “libertarian-mibertarian” söhbətləri eləsən əlbəttə gülməli görünəcəksən. Ona görə bunlar tədbir keçirəndə on nəfərlik salonu doldura bilmirdilər, ondan-bundan xahiş edirdilər ki, dost-tanışını tədbirə gətirsin, bunlar da şəkillər çəkib donorlara göstərə bilsinlər. Ona görə bizim tədbirlərimizdə, təqdimatlarımızda iki yüz adam görəndə əsəbiləşib dırnaqlarını gəmirirdilər. Ona görə bizdən zəhlələri gedirdi. 
 
Bu QHT-lər doxsanlardan üzü bəri, düz 2014-ə qədər maneəsiz işlədilər. Qeydiyyatları olmadı, qrantları dolaylı yollarla aldılar. İndi də böyük hesab günüdür. Rejim “Sur”a füləyib, dağlar yerindən oynayıb. Buyurun - hanı bu vətəndaş cəmiyyəti? İyirmi il sizə toxunulmadı, möhlət verildi, o banketdən bu banketə, o şəhərdən bu şəhərə, o oteldən bu otelə gəzdiniz, kef elədiniz. Hardadır qurduğunuz vətəndaş cəmiyyəti? Oyanan, ayılan, düzələn, gözü açılan vətəndaşların heç birinin sizə dəxli yoxdur. Onları nə siz QHT-lər, nə də siyasi partiyalar yox - yazarlar, publisistlər, sənətçilər yetiştirdilər. 
 
Nə bu həbslərə haqq qazandıran var, nə də sevinən. Ona qalsa, bu hakimiyyətin özünü tutub kollektiv surətdə qazamata basmaq lazımdır. Amma Putin demişkən “kotletlər ayrı, milçəklər ayrı”. Tutaq ki, ölkənin vücuduna gənə kimi daraşıb qanını əmən hökumət yox, bu sualları sizə biz veririk: “Bu qədər pulu harda, necə, nə üçün yediniz bitirdiniz?” 
 
Hökumət nələr yeyib, hökumətə yaxın QHT-lər kimdən nə alıb, Ziya ilə Kəmaləddin ölkəni neçə yerə parçalayıb, neft pulları hakim ailənin cibinə necə axır – bunların hamısı öz yerində. İndi bundan danışmırıq. Həyasızlıq edib “sən əvvəl hakimiyyətdən hesab soruş” deyənlər, getsinlər atdansınlar. Yüz dəfə hakimiyyətdən hesab soruşanda, bir dəfə də bunlardan soruşmaq lazımdır.
 
Bax, siz bu qrantları niyə yeyirdiniz? Axı siz yeyirdiniz. Biz sizi yaxşı tanıyırıq – YE-YİR-Dİ-NİZ. Vəhşi kimi, amansızlıqla yeyirdiniz. Guya layihə müəllifi olaraq, layihədə özünüzə maaş göstərmirdiniz, amma hesaba oturan pulları cibinizə elə axıdırdınız, heç belə utanmadan, qızarmadan! Kef eləyirdiniz ABŞ-ın, Avropanın qrant pulları ilə. Rəsmən kef eləyirdiniz. Ev də düzəldirdiniz, bağ da düzəldirdiniz, maşın da düzəldirdiniz. İşləmədən, tərləmədən, bunları haq etmədən. 
 
Abrımıza qısılmışdıq, dinmirdik deyə, elə bilirdiniz həyat halvadır? Gic-gic monitorinqlər, nə bilim treninqlər keçirirdiniz, rayonlara şəkil çəkdirməyə gedirdiniz, amma nə özünüz həqiqi maarifçiliklə məşğul olmurdunuz, nə də işləmək istəyənlərə imkan vermirdiniz. Xalq diplomatiyası da sizin üzünüzdən bada getdi. Sizin gördüyünüz iş xalq diplomatiyası yox, qrant diplomatiyası idi. Bu diplomatiyanın isə nə azərbaycanlılara, nə də ermənilərə xeyri yox idi. Çünki təməlində kültür olmayan heç bir ictimai fəaliyyət uğur qazana bilməz.
 
QHT-lər və QHT rəhbərləri ümumiyyətlə “burda mənəm, Bağdadda kor xəlifə” məntiqi ilə özlərini aparırdılar. Piy bağlamışdılar. QHT-lər yekəbaşlıq edirdilər. QHT sektorunda mafiya qanunları hökm sürürdü, lotuşkalıq edirdilər. Ədəbi savadsızlıqları, yeni cərəyanlardan xəbərsizlikləri hər şeydə özünü biruzə verirdi. Kültür inqilabı haqqında xəbərsiz adamlar “vətəndaş cəmiyyəti quruculuğu” ilə məşğul olurdular. Soros fondunun Bakı ofisinə isə vəhhabilər daraşmışdı, orda min hoqqadan çıxırdılar. Bu şəraitdə hansı kültür inqilabından söhbət gedə bilər? Kültür inqilabı baş verməyincə isə, bu xalq “söz azadlığı, toplaşmaq azadlığı, vicdan azadlığı” kimi QHT tusovkasının klişelərini, minusovkalarını qəbul etməyəcək. Necə ki, etmir. 
 
Gürcüstandan fərqli olaraq, Azərbaycanda QHT-lərin yazarlarla, sənətçilərlə işbirliyi alınmadı. Niyə? Çünki, gürcülərdən fərqli olaraq bizim QHT-lər beynəlxalq donorların Azərbaycanda incəsənət sahəsinə qrant ayırmalarına mane olurdular. Ona görə neçə-neçə maraqlı kültür layihələri reallaşmamış öldü, mövcud layihələrə isə bir qəpik dəstək verilmədi. Azərbaycanda kültürün və incəsənətin qədrini, dəyərini, bunların xalqın formalaşmasında rolunu dərk edən xəyriyyəçi insanlar olmasaydı; kitaba, jurnala, sayta öz ciblərindən pul verməsəydilər, bu gün biz sahib olduğumuz bir çox şeydən məhrum olardıq. Hara fırladırsan fırlat – çarə, yenə də özümüzük. 
 
Kifayət qədər qanqaraldıcı söhbət oldu. Burada bitirək.
 
Zəruri qeyd: Cavabı olan, polemikaya girmək istəyən sosial şəbəkələrdə gizlənib, ağzına gələni danışmasın, yalan tirajlamasın. Yazısını kultura.az-a yollasın, dərc edək. Lazımdırsa cavabını da verək. 
 
Əli Əkbər
 
 
Kultura.az | Developed by Samir Yahyazade