post-title

“Bəxtim yoxdur” deyən yüzminlərlə insan

Azərbaycan cəmiyyətində ağır stress hökm sürür. İnsanlar gərgindir. Bunu tez-tez ölkədən kənara çıxıb qayıdan adamlar daha aydın hiss edirlər. Hökumətdən yox, cəmiyyətdən danışan istisnasız bütün xəbərlər də həmin stressi büruzə verir.

 
 
Mən, sən öz həyatımızda o vaxt stress keçiririk ki, gözləntilərimizlə reallıq arasında uçurum yaranır. Bütöv cəmiyyət də eyni səbəbdən stress keçirir.
 
İddialar, gözləntilər çox yüksəkdir. Ölkənin rəhbərliyi nəhəng layihələrlə məşğuldur, televizorda vətəndaşa yüksək uğurlardan danışılır, internetdə məmurların övladları öz qlamur həyatlarını göstərən fotolar yayırlar, hər tərəfdə Ədalət, Yüksəliş, İnkişaf kimi böyük sözlər səslənir.
 
Azərbaycan da sovetlər ölkəsi kimi şüarçı ölkədir. Şüarlar obraz yaratmağa xidmət edir. Şüarlar vasitəsilə ölkənin vəziyyəti haqqında qabaqcadan xoş fikir təbliğ olunur, “Azərbaycan günü-gündən çiçəklənir”, “Azərbaycan regionun lider ölkəsidir”, “Dünya Azərbaycan iqtisadi modelini öyrənir” kimi şüarlar Azərbaycanın hər yerində iş aparır.
Şüarçı ölkələrdə ictimai depressiya da yüksək olur. Adi adamlar bütün bunların onların evlərində, həyatlarında əks olunmadığını görürlər.
 
Parlaq trafaret şüarlarla nəhəng layihələr ölkəsinin vətəndaşı bunların fonunda öz uğursuzluğunun səbəbini özündə görür. Özünü uğursuz, əfəl, bədbəxt hiss edir.
 
Ölkədən narazılıq etmək istəyəndə elə özü öz sözünü kəsir: Axı İnkişaf var. Hara baxırsa, iş gedir, həyatı elektrik inşaat mişarının səsi müşayiət eləyir. Ətrafda ümumi bir rifah mənzərəsi var.
 
Bu mənzərəni görən vətəndaş öz vəziyyətinin nadir olduğunu güman edir. “Mənim bəxtim yoxdur”.
Qlamur, firavan azlığın hegemoniyası adi vətəndaşları yarışa itələyir, onlar təbliğ olunan yüksək yaşayış dəbinə ayaq uydurmaq üçün bankların, kreditlərin, faizlərin cənginə düşürlər.
 
Çözüm “Fiziki iş stress və gərginlikdən xilas edəcək” yazılan idman-olimpiya komplekslərində deyil.
Çözüm ondadır ki, öz vəziyyətində olan yüzminlərlə insanla sosiallaşasan, “mən fərsizəm” deyən yüzminlərlə insanın sənin vəziyyətində olduğunun fərqinə varasan, təqsiri özündə, bəxtində yox, sosial strukturlarda, idarəetmədə axtarasan.
 
Ancaq məhrumiyyət stresi bizim ölkədə yeganə ictimai stress deyil.
 
Dövlət propoqandasının sadə vətəndaşların boynuna qoyduğu ağır missiyalar da var. Məsələn, bütün dünyaya xəbər çatdırmaq missiyası.
 
Bir azərbaycanlı gənc xanımla Qərb ölkələrin birində saç salonuna girmişdik. Orada əyləşənlər ingilislər, fransızlar, hollandlar, gözəlləşməyə gələn sadə xanımlar idi. Saçındakı kimyəvi prosedur azərbaycanlı dostumdan bir saata yaxın eyni yerdə oturmağı tələb edirdi. Həmin müddətdə o, jurnal oxuya bilərdi, ancaq oxumaqla arası yoxdur dostumun.
Yaxınlıqdakı adamlarla ümumi mövzularda çənə vurub vaxt öldürə bilərdi. Birdən bu qadın mənə dedi: “Gəl onlara Qarabağdan, Xocalıdan danışaq”.
 
Milli mentalitet də o biri yandan stressə alışqan vurur. Bakının ortasında qeyrət-namus sosial stressi içində olan bir gənc küçədə sevgilisilə öpüşən oğlanı bıçaqlayıb öldürür.
 
Bunlar çox ciddi hadisələrdir. Əhalini aqressiv emosiyalar bürüyüb, münasibətlər gərgindir. Bir-birini tanımayan insanlar bir-birinə nifrətlə baxırlar.
 
Sosiologiyada bütün cəmiyyəti bürümüş stresi öyrənən “Gərginlik nəzəriyyəsi” (“Strain theory”) adlı bir sahə var. Orada dövlət strukturlarının insanları necə stresə, stresin də öz növbəsində insanları necə asanlıqla cinayətə itələdiyi haqda elmi araşdırmalar, dəhşətli eksperimentlər aparılır.
 
Bu yazıdan əvvəl həmin nəzəriyyənin tərəfdarlarının bir neçə məqaləsini oxudum internetdə. Təsəvvür etdiyimizdən daha ciddi problemin içindəyik. Biz bu böyüklükdə problemi qumla dolu idman kisələrilə həll etmək istəyirik.
 
Nərmin Kamal 
 
Nərmin Kamal / BBC Azeri
Yuxarı