post-title

Pozitiv burjuyların müvəqqəti uğurlu dünyası

"Onlar atalarının və özlərinin qazandıqları izafi xırda burjuaziya dəyəri ilə özlərinə müxtəlif paltarlar alır, şəhərin mərkəzindəki kafelərdə kofe içir, ildə bir dəfə Avropaya gedir və elə bilirlər ki, bu onların pozitiv olmalarına görə belədir. Başqaları pozitiv olmadığına görə, onlar bu uğurları qazana bilməyiblər. Əgər başqaları öz həyatlarından gileylənmək əvəzinə gedib pozitiv olsaydılar (məsələn, aya 200 manat verib ingilis dili müəllimi tutsaydılar) onda belə olmazdı, onlar da Parisə gedə bilərdilər".

 
Xırda burjuaziyanın pozitivliyi və yaxud niyə Azərbaycan heç vaxt Almaniya olmayacaq
 
Orta və xırda burjuaziyanın (sahibkar da demək olar) biznesi çiçəkləndikcə, yəni iqtisadiyyatda artım dövrü olduğu müddətcə, onlar birmənalı olaraq “inkişaf”ın yanında olacaqlar. Belə insanların sizin yanınızda “əslində mən də bəyənmirəm, amma neynək, dövran belə gətirib, başmızı aşağı salıb pulumuzu qazanırıq” deməsi, onların heç də konformist yaxud karyeraçı olmağı demək deyil. Bu da var. Amma, bu tendensiyalar dialektik münasibətlərin nəticəsidir. İstehsal münasibətləri dialektik olaraq istehsal vasitələri üzərində mülkiyyət sistemi əsasında formalaşır. Xırda sahibkar istehsal etmir, o əksər hallarda, paylayır. İstehsal isə adətən böyük ölçüdə baş verir, çünki böyük ölçüdə istehsalın artımı kiçik ölçüdə istehsalların cəminin artımından daha çox olur. Üstəlik, monopoliyalaşma kapitaizmdə normal tendensiyadır, amma bunun mövzuya birbaşa aidiyyatı yoxdur. Xırda “sahibkar” dükan açır, gözəllik salonu açır, atası vəzifədə işləyir, yaxud başqa formalı ticarətlə və ya xidmətlə məşğuldur. Onun gəliri artdıqca ona elə gəlir ki, bu birbaşa onun alıb satmasının, hər gün səhər 8-dən axşam 10-a kimi işləməyinin nəticəsidir. O baxır geriyə, görür ki, Sovet vaxtı onun belə işləmək imkanı olmurdu. Sonra baxır indiyə, görür ki, “işləyirsənsə, qazanırsan”. Deyir: “Allah canlarını sağ eləsin, şərait yaradıblar işləyib alın tərimizlə pulumuzu qazanırıq. Düzdür, arada gəlib incidib eləyirlər, amma günün sonunda evimə qazanc gətirirəm”.
 
Sonra bu “çalışqan” xırda burjuaziya nümayəndəsinin uşaqları böyüyür. Onlar çalışqan (məsələn, ziyalı) valideynlərinin dəstəyilə yoxsullardan daha yaxşı məktəbə gedir, ingilis dilini öyrənirlər. Ali məktəbə daxil olur, oranı “qurtarır” sonra da bir xırda burjuaziya işi tapıb xırda burjuaziya maaşı alırlar. Onlar atalarının və özlərinin qazandıqları izafi xırda burjuaziya dəyəri ilə özlərinə müxtəlif paltarlar alır, şəhərin mərkəzindəki kafelərdə kofe içir, ildə bir dəfə Avropaya gedir və elə bilirlər ki, bu onların pozitiv olmalarına görə belədir. Başqaları pozitiv olmadığına görə, onlar bu uğurları qazana bilməyiblər. Əgər başqaları öz həyatlarından gileylənmək əvəzinə gedib pozitiv olsaydılar (məsələn, aya 200 manat verib ingilis dili müəllimi tutsaydılar) onda belə olmazdı, onlar da Parisə gedə bilərdilər. 
 
Marks bu fenomenə sinfi şüur adını qoymuşdu. Zatən klassik sol nəzəriyyəçi və inqilabçılara görə xırda burjuaziyanın sinfi şüuru çətin formalaşır. Onlar “qazandıqca” hakim sinfin, “itirdikcə” hakim sinfin yerinə gəlmək istəyən başqa sinfin tərəfində dayanırlar. Bir daha qeyd edək ki, bunun insanların xasiyyətlərinə heç bir aidiyyatı yoxdur – onlar sadəcə olaraq məntiqli olanı, başqa sözlə rasional olanı seçirlər (bu məqamda rasionallıq anlayışının nə qədər məhdud olduğunu, təriflərə bağlı olduğunu görmək olur). Xırda burjuaziyanın faciəsi budur ki, onlar vəziyyətin hər zaman belə olacağına güman edirlər. Onlar sadəlövhcəsinə inanırlar ki, hər zaman əgər pozitiv olsan və işləsən, onda hər şey yaxşı olacaq. Yox, əgər neqativ olsan, gileylənsən, naşükürlük eləsən, üzün gülməsə, onda sən heç vaxt New Yorkda şəkil çəkdirməyəcəksən. Bəzən bu, öz əməklərinə heç bir aidiyyatı olmayan nailiyyətlərinə bəraət qazandırmaq üçün də işə yarayır. Hətta bəziləri o qədər dərinə gedirlər ki, oturub kitab da yazırlar bu barədə. “Necə xoşbəxt olmaq olar?”, nə bilim, “uğurun açarı nədədir?”, və s. Məsələyə birbaşa aidiyyatı olmayan bir haşiyə də çıxaq. Əslində xırda burjuaziyanın uğurlu nümayəndələri istehlak cəmiyyətinin özəyini təşkil etdiyindən onların verdiyi mesajların çoxu dinin mesajlarına bənzəyir: başını aşağı sal işini gör və şikayət eləmə. Niyə? Çünki sən başını aşağı salıb işini görməsən və şikayət eləsən, onda hakim sinfin yaşamağına mane olacaqsan. Sən həm onların sahib olduğu istehsal prosesini pozursan, həm pozitiv olub çoxlu şoppinq etmirsən, həm də adamların zəhləsini tökürsən. Biraz da şikayətlənsən düşünməyə başlaya bilərsən və hər şeyin zibili çıxa bilər. 
 
Bu ehkamlar əsasən Azərbaycan kontekstinə aiddir. Neft və onun yaratdığı imkanlar bazisində qurulan istehsalat və xidmət sahəsi neft pulunun hakim sinfin xırda birjuaziyaya həm də müəyyən mənada ehtiyacdan dolayı imkan verdiyi qədərində paylanması funksiyasını yerinə yetirir. Neft pulu davamlı olaraq ölkəyə gəldikcə bizim xırda burjuaziya da bir birlərinin dükkanlarına, kafelərinə, gözəllik salonlarına getdikcə və neftin pulunu dövr etdirib onun hesabına idxal olunan məhsullardan bolluca istehlak etdikcə, onlar xoşbəxt olurlar və düşünürlər ki, bu onların pozitivliyinin nəticəsidir. Sanki dinozavrlar 150 milyon il əvvəl bunların pozitiv olmasına görə ölüblər. Amma neft qurtarmağa yaxınlaşır. Neft qurtarmağa yaxınlaşdıqca bizim milli burjuaziya bundan çıxış yolları axtarmaqla məşğuldur. Əsas məşğuliyyət, hər məsələdə olduğu kimi, bu məsələdə də kəsə yol axtarıb tapmaqdır. “Gəlin Cənubi Koreya modelini götürək!” deyir xaricdə təhsildən yeni qayıtmış pozitiv xırda burjuaziya nümayəndəsi. “Xeyr, biz Sinqapur modelini götürməliyik!” deyir başqa bir pozitiv vətəndaş. “Əgər biz Sinqapur modelini çoxdan götürsəydik, indi Almaniya səviyyəsində olmuşduq!” deyə davam edərək elə bilir ki, dövlət səviyyəsində bir strategiya qəbul edib ondan sonra rahat-rahat neft pullarından renta yığmağa davam edəcəklər. Bu adamlar istehsal etdiyi ən mürəkkəb şeyin narşərab olduğu bir ölkədən 5 ilin içində kosmik raket istehsal edən ölkə düzəltmək istəyirlər. Neft gəlirlərinin yaratdığı müvəqqəti pozitiv dünya bizim Azərbaycanlı xırda burjualara imkan verir ki, onlar özlərini dünya kapitalizminin ən uğurlu nümayəndələri sırasında görsünlər. Onlar “secret”, “iki aya necə varlanmaq olar” kimi kitabları oxuyub nəhəng kapitalizmin dərinliklərinə dalmağa və bu dünyada uğurlu olmağın sirlərini çözməyə müvvəffəq olublar. 
 
Fasilədə bankın balkonuna çıxıb siqaret çəkə-çəkə Azərbaycanın milli inkişaf strategiyasını planlaşdırırlar. Çünki, neftin pulu hər yerə nüfuz edib. İqtisadiyyat ciddi şəkildə dövlət tərəfindən tənzimlənir və neft Avropaya axdığı müddətcə dövlətin ölkədaxili istehsala, eləcə də istehlaka iqtisadi mənada heç bir ehtiyacı yoxdur – hakim sinfə loyal təbəqə, xırda burjuaziya lazımdır. Qoy onlar neft pulunun ucundan-qulağından qaparaq pozitiv və xoşbət olsunlar və elə bir təbəqə formalaşdırsınlar ki, hakim idelogiyanı tamamən praqmatik əsaslarda, yəni birbaşa maddi mənfəət qazanmaq yaxud mövcud olanı qorumaq məqsədilə, müxtəlif “milli mentalitet” yaxud “anti-mentalitet” kimi adlar altında gecə-gündüz televiziyada, küçədə, avtobusda, marketdə, gözəllik salonunda, toyda, yasda, tədbirlərdə, hər yerdə sistemli formada təbliğ etsinlər, yüksək bəşəri dəyərlərdən və inkişaf strategiyası nağıllarından danışsınlar. Bu təbliğat isə, biraz fiziki güc nümayişi ilə birləşərək cəmiyyətdə əzilən, yoxsul, çarəsiz sinfin sinfi şüurunun oyanmasının qarşısını almaq üçün yeganə ən güclü silahdır. 
 
Beləliklə, istehlak cəmiyyəti şüuru ilə neft pullarını öz aralarında bölüşdürən və yenidən bölüşdürən bu xırda burjuaziya bir tərəfdən milli burjuaziyaya oxaşamağa can atır, onun kimi yaşamaq, geyinmək, ən bahalı restoranlarda və klublarda əylənmək, ən bahalı avtomobillər sürüb dünyanın ən bahalı kurortlarında dincəlmək istəyir, bunun üçün bütün günü uğur haqqında kitablar oxuyur, digər tərəfdən buna heç zaman nail ola bilmir, amma eyni zamanda öz mövqeyini itirməmək üçün başlayır pozitivlikdən, milli mentalitetdən (yaxud onun olmamasından – vacib bu diskussiyaya girməkdir) danışıb həm özünə haqq qazandırmağa, həm də “aşağıdakılar”ı məşğul etməyə. 
 
Neft, iqtisadiyyatımızın xidmət sektorunda dövr edən pul, xaricdən bahalı avtomobilləri və geyimləri almağa imkan azaldıqca və nefti əvəzləyəcək sənayeləşmənin baş tutmadığının və artıq çox gec olduğunun fərqinə varılınca, bu xırda bujuaziyanın pozitivliyi, onun təlqin etdiyi dəyərlər, oxuduğu və yazdığı kitablar da bütün günü kofe içib beynəlxalq siyasətdən, fəlsəfədən danışdığı kafe-restoranlar kimi buxarlanmağa başlayacaq. Onlar bir-birlərini günahlandırmağa başlayacaqlar. Deyəcəklər ki, insanlar simicləşib, pul xərcləmək istəmir, banklar artıq kredit vermirlər, insanların bir-birlərinə güvəni itib və s. Qısası, pozitiv ola bilməyəcəklər. Bir qismi başlarını götürüb qaçıb getməyə çalışacaq. Amma, bu da çətin olacaq. Yavaş-yavaş görəcəklər ki, sən demə məsələ pozitiv olmaqda deyilmiş. Artıq onların təlqin etdiyi yaşam tərzi laxlamağa başlayacaq. Anlayacaqlar ki, qadının evdə oturub xörək bişirməməsi üçün onun işləməsi lazımdır. Səhər 8-dən axşam 11-ə qədər xarici şirkətin Bakı ətrafında qurduğu parça fabrikində ayda 200 manata işləyəndə artıq nə milli mentalitetimizin qaydalarına uyğun olaraq evdə xörək bişirməyə vaxt olacaq, nə də anti-mentalitetin qaydalarına uyğun olaraq neftin pullarını kafelərdə kofe içməyə xərcləməyə. 
 
Xidmət sektoru istehsalat üzərində qurulur. İstənilən xidmət sektorunun kökündə istehsal dayanır. Əgər biz bugün Azərbaycanda az-çox inkişaf etmiş xidmət sektoruna sahibiksə, bunun əsasında neft istehsalı və onun gətirdiyi pullar hesabına xaricdən aldığımız tikinti materialları, ərzaq, bəzək əşyaları dayanır. Amma sağ qalmaq üçün çörək pulu qazanmaq zərurətə çevriləndə bizim xırda burjuaziya fotoqraf, fotomodel, interyer dizayner, marketinq menecer və digər qulağa xoş səslənən peşələrin yiyəsi olmağın bir işə yaramadığını, bu ixtisaslara yiyələnmək üçün bir ölkənin inkişaf etmiş istehsalat sistemi və onun əsasında qurulmuş kapitalist münasibətlərə sahib olmalı olduğunu görəcək. Amma, artıq gec olacaq. Əlbəttə, əvvəlki həyat tərzini əməyin istismarı yaxud hansısa başqa səbəbdən davam etdirməyə müvəffəq olaraq pozitivlikdən danışan insanlar yenə də olacaq. Amma onların sayı öz nağılları ilə insanların zəhləsini tökməyəcək qədər az olacaq. Gündə 14 saat işləyən insanlar bu nağılları qulaq ardına vurub yatmaq haqqında düşünəcəklər. O zaman bizim xarici təhsilli akademik-neytral “reformist-ekspertlərin” Cənubi Koreya, Sinqapur arzularının nə qədər xülya olduğunu, sənayeləşmənin nə qədər ağır bir proses olduğunu və insanların gündəlik və həm də kütləvi faciəsi üzərində qurulduğunu, hər şeyə sıfırdan başlamalı olduğumuzu, nano-texnologiyalardan, kosmik gəmi istehsalından əvvəl kartof yetişdirməli olduğumuzun fərqinə varmağa başlayacaqlar. 
O zaman bizim xaricdə maliyyə oxumuş “finansist”lərimiz başa düşəcəklər ki, kreditin, xidmət sektorunun inkişafının kökündə istehsalat dayanır. İstehsalat olmayanda, pul bazası da formalaşmır və inkişaf da baş vermir. Anlayacaqlar ki, pozitiv ola-ola Azərbaycan heç vaxt mürəkkəb uzun mənzilli ağıllı hava-hava raketlərinin proqramını hazırayacaq səviyyəyə çata bilməz – Azərbaycan heç vaxt Almaniya olmayacaq. Bunun üçün bizim 300 illik təhsil ənənəmiz, fəlsəfəmiz, infrastrukturumuz, ölçümüz olmalıdır. Bunun üçün biz yüz minlərlə insanın gündə 12, 14 saat işlədiyi dövrü keçməliyik. Biz bütün günü pozitivlikdən və uğur hekayələrindən danışan uğurlu insanlarımız bu sınaqlara hazırdımı? 
 
Azərbaycanın Almaniya olmağı olacaq iş deyil və biz buna çalışmamalıyıq da. Biz nə Koreya olacağıq, nə də Sinqapur. Narşərab satmaqla Almaniya olunmur və bizim ən vacib vəzifəmiz budur ki, biz nanotexnoloji avadanlıqlar yox, narşərab satdığımızı anlayaq. Neftin gətirdiyi pulların yaratdığı xülyadan oyanıb əslində periferik üçüncü dünya ölkəsi olduğumuzu, qlobal kapitalizmin xammal təminatçısı olduğumuzu anlayaq və əsassız qürurumuzu aşağı salıb bundan ağlabatan nəticələr çıxaraq. Daha pozitivlikdən danışa-danışa Almaniya olmaq iddiasına düşməyək. 
 
Nicat Qarayev
 
Kultura.az
Yuxarı