post-title

Kamyunun gələcək həyat yoldaşına məktubu

Albert Kamyu ən çox tanınan romanı «Yad»a nöqtə qoyduqdan sonra gələcək həyat yoldaşı Frensin Fora (Francine Faure) məktub yazır. 

Məktub vasitəsilə təkcə romanın qələmə alınma prosesindən deyil, öncəsindən, sonrasından və Kamyunun ruhi vəziyyətiilə də tanış oluruq.


«30 aprel, 1940-ci il


Gecə vaxtı yazıram sənə. Romanımı bir az əvvəl bitirdim və yatmağı düşünə bilməyəcək qədər gərginəm. Şübhəsiz, işim hələ natamamdı. Yenidən gözdən keçirəcəyim, əlavə edəcəyim, təkrar yazacağım şeylər var. Amma ümumi olaraq bitirdim və son cümləni yazdım. Əlyazmalarım qarşımda durur, olduqca çox əziyyət və iradəyə başa gəldiyini düşünürəm. Romanı var edə bilmək, əsl məğzindən uzaqlaşmamaq üçün fərqli düşüncə, fərqli arzuları qurban verməyə məcbur oldum. Vaxtaşırı bəzi cümlələr, duyğular, hadisələr ağlımdan şimşək kimi keçirdi. Yaratdığım işə görə səksəkəli qürur içindəyəm. Bəzənsə içində tör-töküntü və bacarıqsızlıqdan başqa şey görmürəm. Bu hekayətin içinə həddən artıq çox girdim. İndi bu kağızları siyirməyə qoyacam və yeni məqaləmin üzərində işləməyə başlayacam.

On beş gün içində bütün bu duyğulardan siyrilib roman üzərinə təkrar qayıdacam. Daha sonra oxudacam. Gecikdirmək istəmirəm, çünki romanı əslində iki ildir içimdə gəzdirirəm. Yazarkən də gördüm ki, içimdə yazılıb bitmiş halda dururmuş. İki aydan bəri gündüzlərimi, gecələrimin bir hissəsini üstündə işləyərək keçirmişəm. Qəribədir, bir cümləni yarımçıq qoyub, qəzet almaq üçün küçəyə çıxırdım. Qayıtdıqüdan sonrasa əziyyətsiz, mükəmməl axıcılıqla qaldığım yerdən davam edir, cümləni bitirirdim. Daha əvvəl heç nəyi belə fasiləsiz, asanlıqla yazmamışdım. Bu aralar yaxşı yatmıram, hətta yuxusuzluq çəkirəm. Oyananda bunun kimi yazacağım əsərlər sanki mənə diqtə edilir. Artıq layihələrim və kainatla əlaqəli hər şeyi daha açıq idrak etdiyimdən bunları yazmaq istəyirəm.

Bu axşam tükənmiş haldayam. Son günlər özümdən Parisdə işləməyin məni çox yorub-yormadığını soruşuram. Əslində hazırkı vəziyyətimin səbəblərindən biri də bu romandır. Asan görünsə də məni tükəndirən fasiləsiz iş tələb etdi.

Gülməlisi budur ki, məmnun olub-olmadığımı da bilmirəm. Yenə də məni məndən qopara biləcək tək şey bu idi. İşimə büsbütün qapılaraq yaşamağıma şərait yaratdığı üçün Parisin digər hər şeyini bağışlaya bilərəm. Bu bir yana, işləməyin həzzi heç kimin yox edə bilməyəcəyi məna daşıyırdı və məni yoran bu idi. Oxucusunun da ən az mənim qədər yorulacağını düşünəndə içindəki daimi gərginliyin bir çox ruhun cəsarətini qırıb-qırmayacağını bilmirəm. Fəqət bu problem deyil. Bu gərginliyi mən istədim və yaratmaq üçün özümü ortaya qoydum. Gərginliyin varlığından xəbərdaram. Sənin xoşuna gələcəkmi bilmirəm...

Bunlardan başqa dəyişən şey yoxdur. Bahar axşamları bura yapışqan (rütubətli) və yağışlı olur. Romanımdan bir cümlə düşür yadıma: „Orada, orada da axşam melanxolik bir fasilə idi“. Kaş, Əcəzair, ya da Orandakı axşamlar üçün necə darıxdığımı, dəniz sahilində olmağı necə axtardığımı biləsən. Bir neçə həftəlik getmək və göy üzünə qovuşa bilmək üçün qarşıda hələ bir yay və bir qış var. Bütün bunlar çox uzaqdadır. Oraya çatacağıma inana bilmirəm. Elə bunlara görə də bitən romanımdan sonra sevinclə yerimdən sıçramadım...»

Çərşənbə.
Bu məktub iyrənc və oxunmaz haldadır. Yenə də sənə göndərirəm. Dünən düz-əməlli yaza bilməyəcək qədər gərgin idim".

Tərcümə: Arzu MƏMMƏDOVA

Edebiyyat.az

Yuxarı