post-title

"Müharibə qadın simalı deyil" kitabından

Nobel mükafatlı yazıçı Svetlana Aleksiyeviçin "Müharibə qadın simalı deyil" kitabından bir parçanı oxucularımıza təqdim edirik

… “Müharibədən əvvəl mən hərblə bağlı olan hər şeyi sevirdim…. Kişi peşələrini… Aviasiya məktəbinə müraciət etdim ki, qəbul qaydalarını göndərsinlər. Hərbi forma mənə çox yaraşırdı. Sıranı, dəqiqliyi, komanda verilən zaman fasilələrlə deyilən sözləri çox xoşlayırdım. Məktəbdən mənə cavab verdilər: “Əvvəlcə onuncu sinfi bitirin”.
Əlbəttə, müharibə başlayanda mənim xasiyyətli bir adam evdə otura bilməzdi. Amma məni cəbhəyə də götürmürdülər… Heç bir hada… Çünki on altı yaşım vardı…. Hərbi komissar dedi ki, müharibə yenicə başlayıb, indi biz uşaqları, həddi-buluğa çatmamış qızları orduya götürsək, düşmən haqqımızda nə düşünər?
-      Düşməni məhv etmək lazımdır… – dedim.
-      Siz olmadan da məhv edərik.. – dedi.
Mən onu əmin etməyə çalışdım, dedim ki, baxın, boyum hündürdür, heç kim deməz ki, on altı yaşım var, hamı mənə mütləq çox yaş verəcək… bunu dedim, sonra da kabinetdə dayandım, çıxıb getmirəm: “Ora yazın ki, on altı yaşım yox, on səkkiz yaşım var”.  O isə: “Onu sən indi deyirsən, amma sonra məni xatırlayanda nə deyəcəksən?”
Müharibədən sonra hər şey dəyişdi… Artıq hərbi sahədə işləmək istəmirdim, nə isə bacarmadım. Bircə üstümdəki bu “qoruyucu” geyimi tez çıxaraydım… Şalvara da… indiyənə kimi nifrət edirəm… Daha meşəyə gedəndə belə şalvar geyinə bilmirəm. Göbələk dalınca, çiyələk dalınaca… İndi adi, qadına yaraşan paltar geyinmək istəyirəm…”
 
Klara Vasilyevna Qonçarova, sıravi, zenitçi
 
“Biz müharibənin dərhal hiss etdik… Peşə məktəbini bitirdik və elə həmin gün də “alıcılarımız” peyda oldu; hərbi hissələrdən yeni adamlar dalınca göndərilənləri belə adlandırırdıq. Gələnlər hər zaman kişilər olurdu. Hər zaman da hiss edirdik ki, bizə yazıqları gəlir. Biz onlara bir gözlə baxırdıq, onlar isə bizə başqa gözlə: biz görsünlər, tez seçsinlər, özümüzü göstərə bilək deyə sıradan irəli atılırdıq. Onlar isə yorğun idilər və bizə hara göndərildiyimizi bilən insanlar kimi baxırdılar… Hər şeyi başa düşürdülər…
…Polkumuz kişilərdən ibarət idi, cəmi iyirmi iki qadın vardı… Evdən iki-üç alt paltarı götürdük, çox şey götürmək mümkün deyildi…  Həm də ondan əvvəl bizi bombardman etmişdilər, əynimizdə nə var idisə, hansı paltarda qaça bilmişdiksə, elə onunla da yola düşdük. Kişiləri yolasalma məntəqəsində geyindirdilər. Bizə isə geyinmək üçün heç bir şey yox idi… Amma ayaq sarıqları verdilər, biz isə ondan özümüzə tuman da tikdik, büsqalter də… Komandir xəbər tutdu, hamımızı danladı.
Yarım il keçdi… Bu qədər ağır yüklərdən sonra artıq qadınlıqdan çıxmışdıq. Hətta bizdə o da kəsilmişdi… Bioloji sikli deyirəm… Başa düşürsünüz də… Çox qorxulu idi. Qorxurduq ki, artıq bir də heç vaxt qadın olmayacağıq…
 
Mariya Nesterovna Kuzmenko, baş serjant
 
“Biz can atırdıq… İstəmirdik ki, haqqımızda yazsınlar: ”Ah, bu qadınlar!” Biz kişilərdən daha çox çalışırdıq, çünki kişilərdən heç də pis olmadığımızı sübut etmək istəyirdik. Amma bizə uzun müddət həm yuxarıdan aşağı baxırdılar… Həm də yumşaq münasibət göstərirdilər: “Bu arvadlar döyüşəcəklər hə…”
Bəs necə kişi olaydıq ki? Kişi olmaq mümkün deyildi. Bizim düşüncələrimiz – bir cürdür, təbiətimiz isə – tamam başqa… Bizim biologiyamız fərqlidir…
Məsələn, gedirik… İki yüz nəfər qız, arxadan isə iki yüz nəfər kişi… Çox istidir. İsti bir yay… Marş addımlarıyla otuz kilometr… Otuz! Dəhşətli istidir… Və bizdən sonra qumun üstündə qırmızı ləkələr qalır…. O məsələ də… Bizim məsələ… Belə bir yerdə necə gizlədəsən ki? Əsgərlər arxamızca gəlir və özlərini elə aparırlar ki, guya heç bir şey görmürlər… Ayaqlarının altına baxmırlar… Şalvarlarımız əynimizdəcə quruyub,  şüşə kimidi… Hər zaman da qanın qoxusu duyulur.. Axı bizə bunun üçün heç bir şey vermirdilər… Biz güdürdük ki, görək əsgərlər öz köynəklərini nə zaman kollardan asacaqlar…. Bir neçəsini oğurlayırdıq… Onlar sonradan məsələnin nə yerdə olduğunu anlamışdılar: gülüşürdülər: “Starşina, bizə başqa alt paltarı ver, qızlar bizimkiləri götürüblər”. Pambıq və tənziflər yaralılara belə çatmırdı…. O ki qala… Qadın alt geyimləri yəqin ki, hardasa müharibənin ikinci ilində verilməyə başlandı… Bizim kişi tumanlarında, köynəklərində gəzirdik…. Çəkmələrində… Ayaqlarımız bişirdi…
Gedirik…  Çay keçidinə… orada bizi bərələr gözləyir… çaya çatdıq elə bu vaxt bizi bombalamağa başladılar. Qorxulu idi… Kişilər kim hara bacardısa – orda gizləndi. Bizi çağırırlar… Biz isə bomba səslərini eşitmirik belə… Bombardman vecimizə də deyil… Bircə çaya atılmaq haqqında düşünürük. Suya… Su! Su! Suyun içində oturduq, ta ki tam islanana kimi… Qəlpələrin altında…  Bax bu… Utanc hissi ölümdən daha betərdir… Və bir neçə qız suyun içindəcə həlak oldu…
Bəlkə də o zaman ilk dəfə idi ki, mən kişi olmaq istəyirdim… İlk dəfə…
Və budur – qələbə… İlk vaxtlar küçə ilə gedirdim və inanmırdım ki, Qələbə çalmışıq… Stol arxasında oturmuşam – inanmıram ki, Qələbədir! Qələbə! Bizim qələbəmiz!”
 
Mariya Semyonovna Kaliberda, serjant, rabitəçi
 
“Artıq Latviyanı azad edirdik… Biz Dauqavpils yaxınığına çatmışdıq. Həmin gecə təzəcə uzanmağa hazırlaşırdım… Bir də eşitdim ki, növbətçi kimisə çağırır: “Dayan! Kimdir gələn?” Və on dəqiqə sonra məni komandirin yanına çağırdılar. Komandir qazmasına daxil oluram, orada yoldaşlarımız və mülkü geyimdə bir nəfər vardı… Mən həmin adamı çox yaxşı xatırlayıram. Çünki bütün bu illər boyu ancaq hərbi geyimldə, şineldə olan kişiləri görürdüm…. Bu adam isə yaxası xovlu qara paltoda idi…
-      Bizə sizin köməyiniz lazımdır, – bu kişi mənə dedi, – Buradan iki kilometrlik məsafədə arvadım doğur… O təkdir, evdə ondan başqa heç kim yoxdur.
Komandir məndən soruşdu:
-      Bilirsiniz də, bu neytral xəttdədir. Özünüz də başa düşürsünüz ki, təhlükəsiz deyil…
-      Qadın doğur, deməli, ona kömək etməliyəm.
Mənə beş nəfər avtomatçı verdilər. Sarğı materiallarının olduğu çantamı topladım, özümlə götürdüm. Getdik. Dayanmadan güllə atırdılar, -  gah bizə gəlib çatmır, gah da başımızın üstündən keçirdi… Meşə elə qaranlıq idi ki, heç ay belə görünmürdü… Nəhayət, hansısa bir tikilinin silueti görünməyə başladı… Bu xutor idi. Evə girdiyimiz zaman bir qadın gördüm. Yerdə uzanmışdı – köhnə cır-cındırın üstündə…. Əri o dəqiqə pəncərələrin pərdəsini çəkdi. İki avtomatçı həyətdə durdu, ikisi – qapının ağzında, ikisi də fənərlə mənə işıq salırdı… Qadın iniltilərini çox çətinliklə boğurdu…
Mən ona yalvarırdım:
-      Dözün, əzizim, qışqırmaq olmaz… Qışqırmaq olmaz… Dözün…
Axı bura neytral zona idi. Əgər düşmən nəyinsə fərqinə varsaydı, üstümüzə mərmi yağacaqdı… Amma əsgərlər uşağın doğulduğunu eşidəndə… “Ura! Ura!” Amma sakitcə… Demək olar ki, pıçıltı ilə… Ön cəbhədə uşaq doğuldu axı…
Su gətirdilər… Qaynanmış su heç yerdə yox idi, uşağı soyuq su ilə təmizlədim… Ayaq sarıqlarımı çıxarıb onunla bükdüm… Evdə ananın üstündə uzandığı  köhnə əski-üsküdən başqa heç nə yox idi…
Və mən bir neçə gün gecə həmin xutora  gedib-gəldim. Geri çəkildiyimiz zaman sonuncu dəfə getdim. Sağollaşmaq üçün:
-      Sizin yanınıza daha gələ bilməyəcəyəm. Çıxıb gedirəm.
Qadın ərindən latış dilində nə isə soruşdu. O da mənə tərcümə elədi:
-      Arvadım soruşdu ki, adınız nədir?
-      Anna.
Qadın yenə nə isə dedi.  Kişi yenə də tərcümə elədi:
-      O deyir ki, çox gözəl addır. Sizin şərəfinizə qızımızın adını Anna qoyacağıq.
Qadın bir az dikəldi – hələ ki ayağa qalxa bilmirdi – və sədəfdən düzəldilmiş gözəl bir pudra qabını mənə uzatdı… Görünür, bu onun ən dəyərli əşyası idi. Qabı açdım… Ətrafda atəş açıldığı, mərmi partladığı bir gecədə pudra ətri…. Bu nə isə demək idi… Mən elə indi də ağlamaq istəyirəm. Pudranın qoxusu, o sədəf qab… Balaca uşaq… Bu evlə bağlı bir şeyi idi… Əsl qadın həyatından olan bir şey…”
Anna Nikolayevna Xroloviç, qvardiya leytenantı, feldşer

Edebiyyat.az
Yuxarı