Sehrbaz axtaran kütlə

Эльмир МИРЗОЕВ



Azərbaycanlılar hərdən dönüb olurlar “inoplanetyan”lı, bunun çox şahidi olmuşam.

Uşaqlıqdan evdə eşitdiyim Azərbaycan dili doğma dilimdir, bizi, – qardaşımla məni – anam bu dildə tərbiyə edib, atam bizimlə qızğın mübahisələr edib, nənə və xalam şirin Şəki ləhcəsində nağıllar danışıb, sonra bu dildə təhsil aldım, klassiklərimizi oxudum, qısası bu dildə danışan toplum istər-istəməz doğma və yaxındır, ən azı bir köynək, bu da çox təbiidir.

Amma hərdən həmin bu dildə danışan insanlar qəfil dönüb olurlar yadplanetli, məsələn bir dəfə 1993-cü ilin yayında həqiqətən belə olmuşdu, kütləvi şəkildə azərbaycadillilər tamam başqa dildə danışmağa başlamışdı, əslində həmin dil, həmin sözlər idi, amma heç nə anlamırdım.

Belə hallar bir neçə dəfə olub, qəflətən görürsən ki, bunlar sənin bildiyin adamlar deyil, tamam başqa, anlamadığın dildə danışırlar.

Bu seçki zamanı da bir çox adam birdən dönüb oldu “inoplanetyan”, çoxunu gördünüz, məsələn biri məşhur “sizin üçün ölüf, bizim üçün yox” ifadəsinin müəllifidir. Əcaib və ekzotik məsələdir, adamın ağlına gəlir ki, bəlkə bunlar həmin şəxsin reinkarnasiyasına inanır, yaxud ölümü reallıq saymayan bir sektanın üzvüdürlər? Ciddidən bu sualları qoymaq olar.

Bir başqa nümunə – Lənkarandan namizəd olan Yadigar Sadıqlı statusunda yazır: “Ən çox saxtakarlıq edilən, mənə ən az səs yazılan məntəqədə komissiya üzvü olub, hüquqlarımı müdafiə edən müşahidəçiyə fiziki təzyiq edib, bu gün də bir qohumumu görüb “əşi, lap iyrəndim, biabırçılıq idi, Yadigarın halal qələbəsini oğurladılar” deyib. Nə murdar insanlar var.”

Burada isə düşünmək olar ki, komissiya üzvünün yəqin alter egosu işə düşüb, daxili ikiləşmə yaşayır, bəlkə də özü bilmədən bipolyar pozuqluq sindromu (maniakal-depressiv şizofreniyanın bir növü) var?

Belə misallar çoxdur, şizofreniya kütləvi olanda isə dəhşətli mənzərə yaranır. Bunun bir başqa təzahürü qəhrəman, supermen, dahi lider, xüsusən “xilaskar” axtarışlarıdır. Birini İlqar Məmmədovun həbsdən çıxması dövründə gördük, ondan elə bir qeyri-adekvat gözləntilər yaranmışdı ki, onları da şizofreniya kimi dəyərləndirmək olar. İlqar Məmmədov sirk sehrbazı kimi şlyapasının içindən dovşan çıxaracaq, biz də bir anın içində rəhmətlik Elçibəyin “Fransadan gətirilmiş xalqı” olacaqdıq.

Qısası, cəmiyyət Elçibəyin sitatından keçən 30 ilə (bir daha yazım – otuz il!) yaxın zaman ərzində dəyişilmək, çağdaş dəyərlərə yiyələnmək əvəzinə intensiv şəkildə “fil-filo” eləyən sehrbaz axtarır. Şübhəsiz ki, “sehrbaz” elan edilmiş büt, sonradan kütlənin gözü qarşısında, lap elə əyləncə naminə qəddarcasına edam edilməlidir ki, bu statusa layiq olsun. Burada 29 il öncə, 1991-ci ilin baharında avtomobil qəzası nəticəsində dünyasını dəyişmiş filoloq Aydın Məmmədovun sözləri xatirə gəlir: “Xalq öz qəhrəmanını daima gözünün qarşısında görmək istəyir, fərq eləməz ki, o tribunada olsun, yoxsa dar ağacında.”

Anlayıram ki, nağıllardakı “qəfil xilas” illüziyası çoxluğun xəyalında daima yaşamaqdadır, xülyalar da gözəldir, əslində mən özüm də xülya adamıyam, amma reallıq hissindən tam uzaqlaşmaq, – xüsusən də siyasətdə – sonda çox böyük faciələrə gətirir. Bunların canlı şahidiyik.

Kütlə özünün xilası və əyləncəsi üçün kimi gözləməkdədir – dissidenti, inqilabçını, intiharçını, müqəddəsi, yoxsa kəndiri boğazında divanəni? Buna bənzəri deyəsən vardı axı bizim siyasətdə, 2-ci Prezidentimiz, 20 il əvvəl dünyasını dəyişmiş rəhmətlik Əbülfəz Elçibəy – onun haqqında dəyərbilən xalqımızın hansı epitetləri işlətdiyini bura yaza bilərəmmi sizcə? Yaxşısı budur yazmayım, xatırlayanlar bilir, bilməyənlərsə heç bilməsin. Kütləyə yalnız panem et circenses (çörək və əyləncə) lazımdır, qədim Romanın zamanından bilirik, hələ 1-ci əsrdə Juvenal yazmışdı bunu. Demək indi növbəti divanə gərəkdir ki, sonda məzhəkəyə yığışmış kütlənin həqarətli hırıltısı, tüpürcəkləri, tum çırtlayan izləyicilərin (Seymur Baycan) məzə dolu baxışları altında çarmıxlansın, haqqında da ən canıyananları desin ki, “siyasətçi deyildi”, “xaraktersiz idi”, “lider döyüldü”?

Hazırda söhbət Erkin Qədirlidən gedir, onun məsələsindən uzun danışmayacağam, fikirləimi elə ilk gündə Siyasət – mümkün ola biləcəklərin sənəti məqaləsində yazmışdım. Maraqlıdır ki, onu ehtirasla söyənlərin əksəri elə öz yetirmələridir, çoxları ona “müəllimimiz”, bəziləri hətta “işıq gətirir” deyirdi. İndi isə ona həqarət edənlərin ön avanqardındadırlar. Əsla təəccüblü deyil, “xoruz banlayana kimi mənə üç dəfə xəyanət edəcəksən” deyirdi məşhur personaj öz həvarisi müqəddəs Pyotra. Baş qəhrəmanı da hırıltı-məzə ilə çarmıxa çəkən kütlə iki min ildir ki, ona sitayiş edir.

Yazmışdım bu haqda, bir daha təkrar edim – indi deputat olmaq əsla vəzifə-filan deyil, boşuna illüziyalara qapılmayın, “MM siyasət yeri deyil” ifadəsinə gülürdük, lakin bu çılpaq həqiqət idi, çünki “parler” sözündən gələn Parlament sadəcə danışıq yeridir, Erkin bəy sadəcə danışmaq üçün tribuna əldə edir, hansısa real səlahiyyət yox, sehrbaz olduğu haqda da heç bir məlumatım yoxdur, və bizdə Realpolitik tamam başqa yerlərdə aparılır.  

Realpolitik – hazırda bizim kütləyə öyrədiləcək ən vacib termin budur.

Erkin bəyin bu işlərdə günahı az deyil, çünki tələbələrinə çox şey öyrətsə də, yaxşı müəllim olsa da görünür Realpolitikin nə olduğunu izah etməyib, unudub.

Realpolitik kütlənin nazı ilə oynamır, kütlənin nazı ilə oynamaq isə əslində istənilən siyasətçi üçün intihardır, geci-tezi var. “Xilas və əyləncə” arzusunda sehrbaz axtarışına çıxan kütlənin nazı ilə oynamaq həyatda mövcud ola biləcək ən axmaq və mənasız bir işdir.  

P.S. Bu seçki söhbətləri lap bezdirdi, gəlin bir az daha maraqlı məsələlərdən danışım sizə, bu basabasda bir şairimiz Putinin anasına ithafən poema yazıb, başlığında elə belə də yazılıb – Mariya İvanovna Şelemovanın əziz xatirəsinə. Şərhsiz.

P.P.S. Əslində bizim kütlə hər şeydən çox gözəl xəbərdardır, empirik biliyi-bacarığı da Erkin bəydən də, məndən də çox-çox olar. Bir dəyərli psixiatr dostumuz uzun illər əvvəl Maştağadakı psixiatriya xəstəxanasında həkim kimi praktika keçən zaman ondan zarafatla “Doktor, sizdə orada Napoleon, Lenin-filan varmı?” Doktorun cavabı çox mənalı olmuşdu: “Əlbəttə, neçə dənə Napoleon var, Lenin də var, Hitler də, Einstein da, hətta Charlie Chaplin də var, dəlixanada bircə Heydər Əliyev yoxdur.”

Bir publisist dostumuz isə qayıtmışdı ki, bunun dəlisi də ağıllıdı, bunlara nəsə deməyin özü ən axmaq işdir.

Elmir Mirzəyev
Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade