Ha-ha-ha vurisu

Сеймур БАЙДЖАН

Əgər keçmiş zamanla indiki zamanı bir az diqqətlə müqayisə etsək, keçmiş zamanla indiki zaman arasında paralellər aparsaq ən kəskin, ən biabırçı formada köhnələn, aktuallığını itirən şeylərdən, məsələlərdən birinin gülüş olduğunu görərik. Zaman çox qəddardır. Bu, izaha ehtiyacı olmayan, aydın söhbətdi. Zaman gülüşə qarşı xüsusən amansızdı. Çox yox, cəmisi iyirmi, otuz, qırx il bundan əvvəl insanların güldüyü tamaşaların, filmlərin, səhnəciklərin böyük hissəsi köhnəlib, aktuallığını itirib və bu köhnəlmiş, aktuallığını itirmiş filmlər, tamaşalar, səhnəciklər öz nimdaşlığı ilə indi adamda qəribə, çətin ifadə olunan kədər oyatmaqdadır. Yalnız arxasında ağır zəhmət, dərin intellekt, yüksək peşəkarlıq dayanan, ictimai-siyasi məzmunlu, incə, koloritli gülüş zamana qarşı müqavimət göstərməyə özündə güc tapa bilir. Şitliyin, sözün həqiqi mənasında təlxəkliyin istifadə müddəti (nə yaxşı) çox qısadı.

Böyük fransız mütəfəkkiri Monteskyö “İran məktubları”nda yazır ki, təbiət çox müdrikdir. O, insan axmaqlığının keçici, fani olmasını istəyir. Amma bəzi insanlar, yekəbaşcasına təbiətin bu mübarək istəyinə qarşı çıxaraq, kitab yazırlar və öz axmaqlıqlarını əbədiləşdirməyə cəhdlər edirlər. Onlar nəinki öz müasirlərinin, hətta, gələcək nəsillərin də zəhləsini tökmək istəyirlər.

İndi kim öz şitliyinin, təlxəkliyinin keçici olması, məhdud dairədə qalması ilə razılaşmayıb, öz şitliyini, təlxəkliyini müxtəlif vasitələrlə əbədiləşdirməyə, bəyan etməyə, daha geniş dairələrə yaymağa cəhdlər edirsə bu, onun öz işi, öz seçimidir. Heç kimin işinə, seçiminə qarışa bilmərik. Heç kimə deyə bilmərik sən niyə şitlik, təlxəklik edirsən, niyə özünü bambılılığa qoyubsan, niyə özünü yüngül aparırsan. Sadəcə, gülmək və güldürmək məsələsində incə bir nüansa diqqət, vaxt ayırmağımız, enerji sərf etməyimiz vacibdi. Bəlkə Allahın hansısa şit, yüngül, bambılı bir bəndəsi papağını qabağına qoyub düşünər və hamıdan, hər şeydən əvvəl özü üçün faydalı nəticələr çıxarar. Brodskinin məşhur sözünü mövzumuza uyğun olaraq azacıq dəyişərək, belə deyə bilərik. Küll halında adamları xilas etmək mümkünsüzdür, amma ayrı-ayrı fərdləri xilas etmək mümkündür.



Bu fani dünyada beş dözülməz insan tipi varsa, şəksiz, bu beş dözülməz insan tipindən biri, heç də gülməli olmayıb özünün gülməli, heç də hazırcavab olmayıb ozünün hazırcavab olduğunu zənn edən insan tipidir. Son vaxtlar Azərbaycan adlı məmləkətdə bu tip insanların sayı işiq sürəti ilə artmaqdadır. Nə oldu, nə baş verdi ki, Azərbaycanda yüzlərlə adam özünü şən, gülməli və hazırcavab adam kimi hiss etməyə başladı? Hardan gəldi bu ha-ha-ha virusu Azərbaycana? İrandan, Hindistandan, Pakistandan? Düşünmürəm. Çindən, Cənubi Koreyadan, Yaponiyadan? Məntiqli görünmür. Rusiyadan, Ukraynadan, Belorusiyadan? Ağlım kəsmir. Amerikadan, Avropadan? İnandırıcı deyil. Türkiyədən? Müəyyan mənada, bəli.

İnanın ki, heç vaxt yuxudan kal oyanıb hansısa bəyanat, hökm tipli yazı yazmıram. Hər bir yazı yüzlərlə müşahidənin nəticəsində yaranır. Təvazökarlıqdan uzaq olsa da, olmasa da, qeyd etməliyəm ki, bir çox yazılarımın düz hədəfə dəyməsinin, reaksiya yaratmasının ən başlıca səbəblərindən biri, yazıların çoxsaylı müşahidələrin nəticəsində yazılmasıdır. Bir, iki, üç halı müşahidə edib, tez-tələsik əlimə qələm götürüb yazı yazmaram. Müğənnilər demişkən, bunu məni yaxından tanıyan adamlar yaxşı bilirlər. Xülasə, şəkildə gördüyünüz saqqalı dəyirmanda ağartmamışam. Bu zəruru haşiyəyə görə üzr istəyirəm. İndi isə mövzumuza davam edək.



Ha-ha-ha virusu Azərbaycana əsasən Türkiyədən gəldi. Bu gün özünü şitliyə, təlxəkliyə qoymuş adamların böyük əksəriyyəti müxtəlif formalarda Türkiyədən qidalanırlar. Yəni, özünü şit aparan, təlxəklik, bambılılıq edən adamların böyük hissəsi türk kanallarına, türk filmlərinə, türk seriallarına baxan, qərəz Turkiyədən qidalanan adamlardır. Bunu, çox asanlıqla, onların formaca necə özlərini ifadə etməsindən müəyyən etmək olar. Üslubları onların haradan, hansı mənbələrdən qidalandıqlarını açıq-aşkar göstərir. Amma ha–ha-ha virusunun Azərbaycanda sürətlə yayılmasının günahını təkcə Turkiyədə axtarmaq böyük ədalətsizlik olardı. Məsələ ondadır ki, ha-ha–ha virusunun Azərbaycanda yayılması üçün hal-hazırda çox münbit şərait mövcuddur. Zənnimcə, bu bədnam münbit şəraitin yaranmasında iki səbəb xüsusi rol oynayır.

Əgər insan düşünürsə yaşayır. Bu, köhnə və həm də məhşur söhbətdir. İnsan düşünmürsə, deməli, yaşamır. Azərbaycanda milyonlarla insan var ki, onlar düşünmədən yaşamağın mümkün olduğunu artıq “sübut ediblər” və məşhur filosofu “səhv çıxarıblar”. Azərbaycanda milyonlarla insan var ki, istinasız olaraq, pul iyi gəlməyən, birbaşa maddi xeyir görünməyən bütün mövzular, söhbətlər, müzakirələr sadəcə onlar üçün maraqsızdı. Onlar, birbaşa xeyir görmədikləri mözvulara girməyi axmaqlıq, vaxt, enerji itkisi kimi qiymətləndirirlər və bəzən bunu acıq formada, səmimi surətdə etiraf edirlər. Səmimi surətdə deyirlər ki, siyasət, daxili və xarici problemlər, hakimiyyətdə kimin oturması, necə oturması, hansı formada oturması, neçə il oturması mənə maraqli deyil. Mən pul qazanmaq, yaxşı yaşamaq, ailəmi saxlamaq istəyirəm. Bu adamların bizim mövzumuza dəxli yoxdur. Onlar, olsa olsa, bizim mövzumuzda ancaq dekorasiya, müqayisə predmeti kimi iştirak edə bilərlər. Bu adamlar öz həyat baxışlarında kifayət qədər səmimidirlər. Onların səmimiyyəti ən azı hörmətə layiqdir.

Keçək bizim mövzumuza birbaşa dəxli olan adamlara. Kimdir onlar? Nə istəyirlər? Qarınlarının ağrısı nədir? Hansı yaş qrupuna, hansı təbəqəyə aiddirlər? İşimizi yüngülləşdirməkdən ötürü bəribaşdan deyim ki, onların arasında hər sifətdə adama rast gələ bilərsiniz. Yeniyetmə, gənc, qoca, arvad, kişi, kəndli, şəhərli, fəhlə, həkim, müəllim, sürücü, aktivist, jurnalist, gey, trans, heteroseksual, biseksual, metroseksual, feminst, seksist, tarixçi, iqtisadçı, qazmaçı və sairə və ilaxır. Yuxarıda təsvir olunanlardan, yəni, mövzumuzda olsa olsa dekorasiya kimi iştirak edənlərdən, pul iyi, maddi xeyir görünməyən mövzulara, söhbətlərə girməyi axmaqlıq, vaxt itkisi kimi qiymətləndirənlərdən fərqli olaraq mövzumuza birbaşa dəxli olan adamlar daha riyakar görünməkdədirlər.

Riyakar sözü ağır sözdür. Bu sözü günün günorta çağı, əldə əsas olmadan hər hansı adama, təbəqəyə qarşı işlədə bilməzsən. Gərək bu ağır sözü yerində işlətdiyini ən azı əsaslandırmağa cəhdlər edəsən. Yazını oxuyan bəzi yoldaşlarda haqlı olaraq belə bir sual yarana bilər. Görəsən mövzumuza birbaşa dəxli olan adamların riyakarlığı nədədir? Məsələ ondadır ki, mövzumuza dəxli olan adamlar da düşünmək, öyrənmək, oxumaq, hər hansı mövzuda ciddi müzakirə aparmaq istəmirlər. Lakin eqoları, iddiaları onları özlərini düşünən insan kimi göstərməyə vadar edir. Düşünmək istəməyib özünü düşünən insan kimi göstərmək istəyənlər lağlağıdan, şitlikdən, təlxəklikdən, yersiz hazırcavablıqdan, bambılılıqdan zireh və silah kimi istifadə etmək məcburiyyətindədirlər. Hər hansı ciddi müzakirədə iştirak etmək insandan intellekt tələb edir. İntellekt isə alma deyil gedib bazardan alasan. İdrak ağacına gedən kəsə yol yoxdu. Kim idrak ağacına getmək üçün kəsə yol axtarırsa, ən yaxşı halda yolunu daha da uzadır. İdrak ağacına kəsə yolla getmək istəyənlərdən çoxu tamam azır və itir. Kobud desəm, belələri ərdən də olurlar, oynaşdan da.

Sevirəm bu ədaləti. Həzz alıram bu ədalətdən. Bu ədalət olmasaydı dünya çox mənasız görünərdi. Beləliklə, yanını yerə qoyub oxumaq , öyrənmək , düşünmək istəməyənlər, bununla belə eqolarının, iddialarının, hikkələrinin təsiri və təhriki ilə özünü düşünən adam kimi göstərmək istəyənlər təlxəklik, şitlik etməkdən başqa yol tanımırlar. Təlxəklik, şitlik, lağlağı onları ciddi mövzularda aparılan müzakirələrdə iştirak etməkdən xilas edir. Ciddi bir mövzuya yüngül, şit, lağlağı formada münasibət göstərməklə bəyan etmək istəyirlər ki, onlar düşünən insan təbəqəsinə aiddirlər. Bunun bir adı var. Özünü aldatmaq. Necə deyərlər, şir vüqarı tülkü sifətinə yaraşmaz.

Azərbaycanda ha-ha–ha virusunun sürətlə yayılması üçün münbit şəraitin yaranmasında əsas rol oynayan iki səbəbdən birinə aydınlıq gətirdik. İkinci səbəb daha ağırdır.

Bəli, çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Gürcülər və ermənilər pis-yaxşı, azdan-çoxdan ölkələrinə demokratiya gətirməyi bacardılar. Azərbaycanda isə orta əsrlər qayda-qanunları hökm sürməkdədir. Şəxsən mənim üçün xüsusi, fövqaladə, əlahiddə bir hadisə baş verməyib. Nə olmalı idisə, o da olub. Ermənilərin və gürcülərin azərbaycanlılardan daha siyasiləşmiş xalq olduğunu bilirəm, tarixlərinə, intellektual və mədəni səviyyələrinə də kifayət qədər bələdəm. Neft amilini də hec bir qram da vecimə almıram. Ona görə də Ermənistandakı və Gürcüstandakı dəyişiklikləri norma kimi qəbul etməkdəyəm. Halbuki, bəzi yoldaşlar demokratiyanı az qala şahlıq quşu kimi təsəvvür edirlər. Guya bu quş Azərbaycana da qona bilərmiş, bəxtimiz gətirməyib, bir az da quş cığallıq edib, gedib Ermənstana və Gürcüstana qonub.

Əgər doğurdan da demokratiya bir quşdursa, onun bizlə nə qəsdi-qərəzi ola bilər. Bəlkə bu quş Azərbaycanda qonmağa yer tapmayıb. Demokratiya quşu istəyən xalq qabaqca onun yuvasını tikməlidir. Burda vacib bir məsələyə münasibət bildirməliyəm. Bilmək hələ hər şey demək deyil. Bildiyini, oxuduğunu necə qəbul etməyin də vacib şərtdir. Hər hansı informasiyanı qəbul etmək, ondan faydalanmaq insan təbiətindən asılıdır. Əgər təbiətcə ədalətli, obyektiv adam deyilsənsə, üstəlik millətçilik, dini baxışların, müxtəlif cür ehkamlar sənə mane olursa, heç vaxt oxuduqlarından düzgün nəticə çıxarıb, sağlam düşünə bilməyəcəksən. Orası da var ki, hər kəsi öz arşınınla ölçə bilməzsən. Vəziyyətin belə hal alması, Gürcüstanda və Ermənistanda azdan-çoxdan, pis-yaxşı demokratiyanın bərqərar olması, Azərbaycanda isə orta əsr qayda-qanunlarının hökm sürməsi bir çox insanları haqlı olaraq incidir. Xüsusən Ermənistandakı demokratik dəyişikliyi həzm və qəbul etmək onlara ağır gəlir.

Ermənistandakı dəyişiklik “Rusiya dəyişikliyə icazə verməz” adlı təsəlli kartını qəddarcasına onların əlindən aldı və onlar kobud reallığın qarşısında təsəllisiz, əliyalın qaldılar. Onlar bir insan, bir vətandaş kimi təhqir olunduqlarını yaxşı başa düşürlər. Lakin vəziyyəti dəyişmək iqtidarında deyillər. Acizdirlər. Bu ağır, kobud reallıq, bu acizlik də bir tərəfdən insanları təlxəkliyə sövq edir. Onlar ağır, kobud reallığı qəbul etməmək, reallıqdan qaçmaq üçün yeri gəldi-gəlmədi gülməyə, hər şeyi öz adıyla çağırsaq intellektual təlxəklik etməyə məcbur olurlar. Əslində isə ağıllı adamı rəqibin tənəsi dostun tərifindən daha çox hərəkətə gətirməli, daha çox düşündürməlidir. Henri Fordun təbirincə desək, uğursuzluqlarımız bizə müvəffəqqiyyətlərimizdən daha qiymətli dərs verir.

Seymur Baycan
Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade