post-title

Qismət – Ənənəvi və modernist roman

Modernizm sözü ümumi mənada zamana uyğunlaşan, inkişafı izləyən mənasında istifadə olunur. Latınca “modernus” sözündəndir və mənası “indi”, “tez”, “bu dəqiqə” deməkdir. Deməli, modernizm sözünün mahiyyətində keçmişin əleyhinə olmaq, indi yaşanan zamanı təqdir etmək var. Konkretləşdirməyə çalışaq: modernizm bəşəriyyətin daim inkişafda olduğunu və buna görə də yeniyə daha çox yer vermək gərəkdiyini deyir. Ədəbiyyatla, xüsusilə, romanla bağlı söhbətlərə keçməmişdən əvvəl bir məqamı qeyd etməliyik ki, fəlsəfi modernizmlə ədəbi modernizm arasında müəyyən fərqlər var. Daha dəqiqi, modernist roman fəlsəfi modernizmin bir çox yönündən bəhrələnsə də,  öz içində modernizm anlayışına tənqidi yanaşır. Məsələn, modernist roman fəlsəfi modernizmdən bədii mətndə xronologiyanı pozmağı öyrənib. Fəlsəfi modernizmdə həqiqətin bölünməsi, parçalanması məsələsi var ki, modernist roman bundan bəhrələnərək bədii mətndə “dünən-bugün-sabah”, yəni “səbəb-nəticə” zəncirini sındırıb. Modernist romanda hadisələr ənənəvi romanda olduğu kimi xronoloji ardıcıllıqla davam etmir. Zamana bu cür yanaşma isə əlbəttə ki, boşuna deyil. Enşteynin nisbilik nəzəriyyəsi,  Berqsonun zaman haqqında fərqli fikirləri modernist romandakı zaman anlayışına zəmin hazırlayıb. Bəs modernist roman, fəlsəfi modernizm anlayışına harda tənqidi yanaşır? Modernist romanın başlıca mövzularından biri fərdin özgələşməsi, fəlsəfi modernizmdə ifadə olunan həyat tərzinə uyğunlaşa bilməməsi və bunun nəticəsində də öz iç dünyasına çəkilməsidir. Beləliklə, özgələşmə fəlsəfi modernizm anlayışına bir növ etirazdır. Bunu daha aydın başa düşmək, bir az da əvvələ getməliyik.

Modernizm necə başladı?

Orta əsrlərdə hakim fəlsəfi düşüncə sxolastika idi. Sxolastika latınca SCHOLA (məktəb) sözündən əmələ gəlib, sxolastik fəlsəfə “məktəb fəlsəfəsi” deməkdir. Bu fəlsəfənin belə adlandırılmasının səbəbi sxolastikanın orta əsrlərdə din adamı yetişdirən məktəblərdə formalaşması olub. Bu fəlsəfi xətt elmi düşüncəylə uyuşmayıb. Çünki elmin mayasındakı şübhələnmə, sual ünvalama kimi xüsusiyyətlər inancla düz gəlmirdi. Sxolastik düşüncənin məqsədi ağlı və onun meyvəsi olan fəlsəfəni inancla sintez etmək idi, yəni sxolastik fəlsəfə yeni bir şey tapmaq əvəzinə, kanonlaşdırma məqsədi daşıyırdı.

XV əsrdə sxolastik düşüncənin sonu gəldi. Bəşəriyyət yeni bir dönəmə qədəm qoydu. Xronoji olaraq bir-birinin içində olan humanizm və intibah bu ərəfənin məhsullarıdır.

Humanizmlə birgə antik yunan ədəbiyyatının əsərləri yenidən gündəmə gəldi. Antik Yunan düşüncəsi insana önəm verən bir sistem idi, yəni ki, kilsənin orta əsrlər boyunca davam edən hakimiyyəti və bu hakimiyyətin insanları qul olaraq görən, ikinci plana atan doqmatik anlayışı tənqid olunanda, yeni fikirlər ortaya çıxanda, insan günahkar bir qul olmaqdan çıxıb yenidən önəm qazanmağa, özgürləşməyə başladı. Humanizlə İnsan kainatda önəmsiz, dəyərsiz bir varlıq olmaqdan çıxıb öz şəxsiyyətini axtaran, öz mahiyyətini müxtəlif cəhətlərdən ortaya qoymağa çalışan, fərd olmaq yolunda yeni bir yola qədəm basdı. Bu yolda humanizm işin fəlsəfi istiqamətini, intibah isə daha çox məsələnin sənət tərəflərini ifadə edirdi.

İntibahla insan eksperimental metodlara, ağıla söykənən şeylərə yönəldi. İnsanın ağlından istifadə etmək azadlığını əldə etməsi elmi inkişafın yolunu açdı. Məsələn, Nikolay Kopernik bu dönəmdə  özünəqədərki astronomiya anlayışını dəyişdirdi. Aristotelin israrla müdafiə etdiyi yerin tərpənməz, mütəhhərrik olduğu fikri, Ptolomeyin yerin kainatın mərkəzində olduğu düşüncəsi Kopernik tərəfindən darmadağın edildi.

Katolik kilsəsinə qarşı ilk reformist etirazı isə özünün məşhur 95 maddəlik manifestini Uittenberq kilsəsinin divarından asan Martin Lüter etdi. İnsanın bir vasitəçiyə ehtiyacı olmadan öz inancını yaşaya biləcəyi düşüncəsi, yəni Protestantlıq burdan doğuldu. İncil ayrı-ayrı dillərə tərcümə edildi və artıq hamının onu oxumaq, şübhələnmək, şərh etmək imkanı yarandı.

Modernləşmənin bir başqa halqası XVIII əsrdə İngiltərədən başlayan və bütün avropaya yayılan Sənaye inqilabı idi. Sənaye inqilabı iki mərhələdə baş tutdu: birincisi, insan və heyvan gücündən istifadə yerinə buxar maşınlarından istifadə (XVIII əsr); ikincisi isə elektrikin dövriyyəyə girməsi (XX əsr). Səneyləşmə ilə birgə texnika sahəsində böyük irəliləyiş oldu və bunun nəticəsində şəhərləşmə sürətləndi. Sənayeləşmə, şəhərləşmə, bizim haqqında danışacağımız modernist roman anlayışına çox böyük təsir göstərib. Bir-birinə bağlı olan bu iki anlayışın – sənayeləşmə və şəhərləşmənin modernist romanın əsas fiquru olan özgələşmiş insanı ortaya çıxardıb. Sənayeləşmə və ona paralel olaraq texnologiyaların inkişafı ilə birgə baş verən yeniliklər insanı tam dərk edə bilmədiyi bir reallıqla üz-üzə qoydu. İnsan ağlıyla yaratdığı, amma tam qavraya bilmədiyi bu reallığa get-gedə özgələşdi. Əlbəttə ki, bu təkcə sənayeləşmə ilə bağlı deyildi, şəhərləşmənin də bunda böyük payı oldu. Fərqli bölgələrdən gələn insanlar bəlli ərazilərdə toplandı, şəhərlər yaratdı, amma qəribə şəkildə onlar bir-birinə özgə oldular, yad oldular. Şəhər həyatının qovhaqovu içində əsas məqsədi həyatını daha yaxşı yaşamaq olan insanlar, kapitalist  iqtisadiyyat anlayışının ortaya çıxartdığı eqoizmlə, həm dəyərlərindən, həm də bir-birlərindən uzaqlaşdırlar. Birgə yaşayan ögeylər dünyası yarandı.

Modernləşmə roman sənətinə də təsirsiz ötüşmədi. Bir-birindən fərqli özəllikləri olan ənənəvi roman və modernist roman bu prosesdən təsirləndi.

Ənənəvi və modernist roman.

Ənənəvi sənət düşüncəsinin əcdadları Platon və Aristoteldir. Bu düşüncəyə görə sənət əsərinin dəyəri onun reallığı nə qədər əks etdirməsi, başqa cür desək, yamsılaması, təqlid etməsidir. Sənət görünən, yaxud belə deyək, obyektiv reallığı əks etdirməlidir. Sənət əsərləri əsrlər boyu (XIX əsrə qədər) bu ölçüylə qiymətləndirilib. Bu anlayışa görə, sənətçi xarici reallığı nə qədər yaxşı ifadə edə bilsə, demək o qədər dəyərli əsər yaradıb. Deyilənə görə, Mikelanjelo düzəltdiyi Musa heykəlinin qarşısına keçib onunla danışmağa çalışıbmış. Roman janrı barəsində isə Stendalın məşhur güzgü bənzətməsi var. Stendala görə, roman “yol boyu əldə gəzdirilən güzgüdür”.

Ənənəvi romanın əsas xüsusiyyəti xarici gerçəkliklə tamamilə uyuşan bir əhvalatı, hadisəni xronoloji ardıcıllıqla ifadə etməkdir. Əsərin təhkiyəçisi, olan, ya da ola biləcək bir əhvalatı səbəb-nəticə əlaqəsi içində, bir nöqtədən başlayıb sona çatdırmalıdır. Ənənəvi romanın əvvəlində inkişaf etməyə hazır olan açıq bir hadisə və o hadisənin mərkəzində bir qəhrəman olur. Bu cür romanlarda əsəri əmələ gətirən forma və məzmun elementləri mərkəzdəki əhvalata otuzdurulur. Bu romanlarda əhvalat, hadisə vacibdir. Xüsusən XIX əsrdəki realist romanın “nə, harda, necə?” suallarına cavab verən quruluşu Nyuton fizikasının ədəbiyyatdakı təzahürü idi. Ənənəvi romanda məkan konrektdir və konkret üçölçülü məkan çox vaxt detallı şəkildə işlənmiş təbiət, ətraf mühit təsvirləri ilə oxucuya çatdırılır. Təsvir olunanlar oxucunun ətrafda gördükləri ilə üst-üstə düşən, aydın, anlaşılan, obyektiv reallığın ifadəsi olmalıdır. Bu romanlarda zaman da Nyuton fizikasındakı kimi xətti şəkildə axır.

Ənənəvi romanda dil də hər cəhəti ilə tez qavranan olmalı, görünən dünyaya güzgü tutmalıdır, yəni yazıçının məqsədi dil vasitəsilə dünyanı olduğu kimi göstərməkdir. Bütün bunlar ənənəvi romanda əsərin dəyərli olması üçün lazımlı ölçülər idi.

Ənənəvi romanda təhkiyəçi də olduqca güclü mövqeyə sahibdir. Hər şeyi bilən, hər şeyə hakim olan, qeyri-müəyyən bircə nöqtə də buraxmayan, az qala oxucunun əlindən tutub ona yol göstərən bir mövqe. Bu tip romanlarda qəhrəman da vacibdir. Ənənəvi romanda qəhrəman xarici gerçəklik qarşısında əsər boyu ağıllanan, tərbiyələnən, uğurlu olmasa da, mənfidən müsbətə tərəf dəyişməyə can atan insandır.

XX əsrdə elmdə Kvant fizikası, Evklid həndəsəsindən fərqli olan Reynman və Lobaçevski həndəsəsi, riyaziyyatda Gödel teoremləri və nəhayət Enşteynin nisbilik nəzəriyyəsi reallığa münasibəti kökündən dəyişdi. Gerçəyin dəyişkən olması, ehtimal olması fikri dominant olmağa başladı və gerçəyin bölünmüşlüyü yozum qapılarının hamısını açdı. Reallığın parçalanıb çoxölçülü hala gəlməsi başqa bir vəziyyəti də özüylə gətirdi: reallığın dərkindəki natamamlıq. İnsan XX əsrdə artıq özü yaratdığı, amma necə işlədiyini bilmədiyi cihazlarla qarşı-qarşıya qaldı və reallıq şəffaflığını itirdi. Daha konkret desək, Birinci Dünya Müharibəsidən sonra insanın pessimizmi, ümidsizliyi, depressivliyi artdı, psixologiyası zədələndi. Modernist roman bütün bunlardan doğdu və fəlsəfi modernizmin iki şeyini özünə problem kimi götürdü. Birincisi, saflığını itirib parça-parça olan gerçəklik, ikincisi isə bu tikə-parça olmuş gerçəkliyin qarşısında depressivləşən fərdin özünə olan inancını itirməsi. Bunlardan birincisi modernist romanın forma (struktur), ikincisi isə məzmun tərəfini müəyyənləşdirdi.

Modernist romanın qəhrəmanı modern dünyaya uduzmuş, modern dünyanın yeniliklərinə məğlub olmuş, passivləşmiş, iç dünyasına çəkilmiş insandır. Artıq o, ənənəvi romanların qəhrəmanı kimi xarici dünyayla əlləşən, dinamik insan deyil. O, öz daxili dünyasını ön plana çıxardan protaqonistdir. Modernist roman ümumən xarici gerçəklikdən daxili gerçəkliyə yönələn, quruluş baxımından xətti axan zaman anlayışını qıran, deformasiyaya uğramış, səbəb-nəticə zəncirinin qırııdığı, təhkiyəçinin fiqur olduğu tərzdə yazılır.

Modernist romandakı əsas fiqurun özgələşməsini aydınlaşdıraq.

Özgələşmə.

Cəmiyyət, siyasət, iqtisadiyyat, elm, din və s. sahələrdəki sürəkli inkişaf nəticəsində, insanla cəmiyyət, insanla insan arasında qopmalar, parçalanmalar yaranır. Buna ümumi şəkildə, “özgələşmə” deyirlər. Koroğlunu xatırlayın, “silah çıxdı, mərdlik bitdi.”

Bu vəziyyət insanın özünü yerində, evində hiss etməməsi, özünü başqaları ilə birgə sürgündə zənn etməsi, əski mətnlərdə, nağıllarda, dastanlarda rastımıza çıxan çox qədim bir duyğudur. Məsələn, bütpərəstlik dövrünü xatırlayın, insanlar öz yaratdıqlarına ibadət etməyə, öz yaratdıqlarını müqəddəs saymağa  başlamışdılar. Öz əlləri ilə yaratdıqlarını tanrı etmişdilər və ondan imdad diləyirdilər.

Çağdaş dövrdə özgələşmə problemi fərd olmaqla başlayır. Fərd olan insan duyğu, düşüncə hazırlığı ilə dünyaya orta statistik adamlardan fərqli yanaşır və nəticədə cəmiyyətə, adamlara qarşı özgələşir. Modernləşmə ərəfəsində ağıldan istifadə etməyə başlayan insan, müstəqil düşünmək, hərəkət etmək, cəmiyyətin daşlaşmış qaydalarından kənara çıxa bilmək hüququ əldə etdi və beləcə, özgələşmənin ilk pilləsinə qədəm qoydu. Modernizmdən əvvəlki dövrdə (pre-modern dönəmdə), özgələşmənin mərkəzində fərd dayanmırdı. O dönəmdə daha çox insanın cəmiyyətlə əlaqəsi kontekstində özgələşmə vardı. O dövrdə özgələşmə əsasən iki formada idi: cəmiyyətin adətlərinə riayət etməmək və ya qəbul olunmuş dini anlayışlardan uzaqlaşmaq – eynilə indi bizim cəmiyyətdə olduğu kimi. Bizdə indi xeyli postmodernizmə iddialı müəlliflər var ki, pre-modernizm dövrünün məsələləri ilə əlləşirlər.

Özgələşməni şərti olaraq iki yerə bölmək olar: ümumi özgələşmə və fərdi özgələşmə. Modernist roman fiqurunun özgələşməsi ikinci tipə, yəni fərdi özgələşməyə aiddir. Fərdi özgələşmə üç mərhələdə təzahür edir:

  1. Passiv üsyan

Passiv üsyan – cəmiyyətin dəyərlərinə tənqidi münasibətin akta çevrilməyən, içdə yaşanan vəziyyətidir. Mənsub olduğu mədəniyyətə qarşı tənqidi münasibət bəsləmək, ondan uzaqlaşmaq və alternativ yollar axtarmaq passiv üsyan üçün xarakterikdir. Lakin passiv üsyanda narazılıq, tənqidi münasibət heç vaxt akta çevrilmir.

  1. Anomiya

Anomiya – yunanca qaydasız deməkdir. Fərdi özgələşmənin ən xarakterik halıdır. Bu anlayışı ilk dəfə fransız sosioloqu Emil Durekhaym işlədib. Anomiya sürətli ictimai dəyişikliklər zamanı dəyərlər sistemi və normativ strukturun cəmiyyətlə əlaqəsinin pozulması, həmçinin, cəmiyyəti əmələ gətirən fərdlərin öz davranış, düşüncə və hərəkətlərində istiqamətverici tərəflərini itirməsidir.

Amerikan sosioloqu Robert Merton anomiyanı belə ifadə edir: “Anomiya fərdin hamı tərəfindən təsdiq edilmiş istedadı ilə, həm özü, həm də cəmiyyət tərəfindən müəyyənləşmiş hədəflərini reallaşdırmasına icazə verilməməsidir.”

Anomik vəziyyət özü də müxtəlif cür ola bilər:

  1. a) Cəmiyyətdən izolyasiya olmaq

İzolyasiya iki cür özünü göstərir. Birincisi, yaşadığı cəmiyyətdə narahat olan, ona uyğunlaşa bilməyən fərdin öz seçimi ilə özgələşməsi, ikincisi isə cəmiyyətin fərqli düşünən, ona uyğunlaşmayan, onu qəbul etməyən fərdləri uzaqlaşdırması, itələməsi nəticəsində özgələşmə. Modernist roman fiquru üçün birinci vəziyyət, yəni öz seçimi ilə yadlaşma xarakterikdir.

  1. b) Rabitəsizlik

Rabitəsizlik mübadilə imkanlarının olmaması ilə bağlıdır. İnsanın öz-özüylə məhdudlaşması, ətrafdakı insanlarla ünsiyyətə girə bilməməsi rabitəsizliyə gətirib çıxarır. Modernist roman qəhrəmanının başlıca özəlliklərindən biri də çevrəsindəki insanlarla ünsiyyət yarada bilməməsidir.

  1. c) Güvənsizlik

Güvənsizlik psixoloji zəifliklə bağlıdır. İnsanın öz gələcəyini özünün yox, kənar təsirlərin, taleyin, şansın, ya da cəmiyyətdəki ayrı-ayrı qurumların müəyyənləşdirməsinə inam bu vəziyyət üçün xarakterikdir. Ağıl vasitəsilə ətrafdakı şeyləri qavraya bilməyən, öz taleyini qurmaqda, gələcəyini müəyyənləşdirməkdə özünü aciz hesab edən və bunun nəticəsində də özünə güvəni azalan fərdin bu vəziyyəti modernist roman üçün həmişə başlıca mövzulardan olub.

ç) Mənasızlıq/boşluq

Mənasızlıq/boşluq ətrafında baş verənləri dərk edə bilməyən, onları mənalandıra bilməyən fərdin öz daxili dünyasında boşluğa yuvarlanma vəziyyətidir. Onu ikinci plana atan, dəyərsiz görən mühit qarşısında, fərdin bu mühiti mənasız, məqsədsiz, boş sayması da modern roman qəhrəmanlarının dünyası üçün xarakterikdir.

  1. d) İdealsızlıq

İnsanın ideallarının vektoru həmişə gələcəyədir. İdealların olması dünyayla bağlarının olması, ümidlərin olması deməkdir. Gələcəyinin necə olacağı haqqında heç bir fikir sahibi olmayan modern fərdin bu ümidsiz vəziyyəti onu idealsızlığa gətirib çıxarır. Modernist romanın protaqonist qəhrəmanı da idealsız ola bilər.

  1. e) Özünü dəyərsiz sayma

Kapitalist dünyasında, maddi dəyərlərin ön plana çıxdığı bir mühitdə, bu imkanlara sahib olmayan fərdlər özlərini dəyərsiz sayma vəziyyətinə düşürlər. Bu vəziyyət mənasızlıq/boşluq hissi ilə paralel inkişaf edir.

  1. İntihar

Anomik vəziyyətin ən son həddi intihardır. Durekhaym 1897-ci ildə intihar haqda yazdığı kitabda intiharı bir neçə yerə bölür: eqoist, adət-ənənəyə uyğun intihar və qaydasız intihar. Fərd cəmiyyətə uyğunlaşa bilməyəndə, öz varlığı ilə çox əlləşəndə ortaya çıxan intihar eqoist intihardır; əksinə fərdin cəmiyyətlə uyğunlaşıb, onun qaydaları içində özünü öldürməsi adət-ənənəyə uyğun intihardır. Məsələn, yapon cəmiyyətindəki fərdin uğursuzluğa düşəndə özünü öldürməsi. Sonuncu isə ictimai və ya iqtisadi, hərbi-siyasi dəyişmələrə, çevrilmələrə uyğunlaşa bilməyəcəyini zənn edən fərdin intiharıdır. Sveyqi xatırlayın.

Modernist roman texnikası.

Romanda əsas element heç şübhəsiz ki, personajlardır. Ənənəvi romanın baş qəhrəmanı daim obyektiv reallığın içində var-gəl edən, müəyyən hədəfləri olan, əsərin axırında müsbət, ya mənfi bir nöqtəyə çatan insandır. Bundan başqa onun əsas xüsusiyyəti daxili dünyası ilə yox, xarici həyatda başına gələnlərlə ön planda olmasıdır. Onun üçün daim binar ziddiyətlər var: əzən-əzilən, kəndli-şəhərli və s. Modernist romanı isə başqa romanlardan fərqləndirən əsas cəhət onun qəhrəmanının fərqli özəlliklərə sahib olmasıdır. Modernist romanın protaqonist qəhrəmanı ictimai problemlərlə qarşılaşan, onları həll edən, cəmiyyət içində cəsarəti, dürüstlüyü, təmizliyi təmsil edən ənənəvi roman qəhrəmanlarından fərqli olaraq, daxili dünyası ilə yaşamağa çalışan, cəmiyyətdən və ya həyatdan uzaq olmağa çalışan, özgələşmiş insandır. O, məqsəddən çox vasitədir. Modernist romanın yazılma səbəbi hadisə, əhvalat yox, insan fiqurudur. O, minimuma endirilmiş əhvalatların, hadisələrin içində bütün tərəfləri ilə ifadə edilməyə çalışılan modern dünyanın insanıdır.

Modernist romanın əhvalata, hadisəyə münasibətini iki cür ümumiləşdirmək olar. Birincisi, minimum hadisənin olduğu, daha çox fərdin daxili dünyasını ifadə etməyə çalışan, dinamizmin olmadığı romanlar, ikincisi isə ənənəvi romanlarda olduğu kimi konkret bir hadisəni danışan, lakin mahiyyətcə bundan ancaq bir motiv kim istifadə edən, yəni kökündə yenə fərdin daxili təbəddülatlarını təsvir edən romanlar.

Keçək təhkiyə məsələsinə. İki təhkiyəçi tipi var: birinci şəxsdə olan, yəni mən-təhkiyəçi və üçüncü şəxsdə olan, yəni o-təhkiyəçi.

Mən-təhkiyəçidə təhkiyəçinin nəql etdiyi əhvalatın bütün tərəflərinə nüfuz etməsi mümkün deyil. Burda birinci şəxsin dilindən hadisəni nəql edən fiqur öz baxış bucağı ilə məhdudlaşıb.

O-təhkiyəçidə isə hadisələrə kənardan baxış var. Bu nəqletmə formasının əsas özəlliyi hadisələrin hər tərəfinə hakim olmasıdır. Ənənəvi romanlarda əsasən o-təhkiyəçidən istifadə edilir, çünki ənənəvi romanlarda daim oxucuya nəsə mesaj vermə, yol göstərmək iddiası var.

O-təhkiyəçinin baxış bucağından yazılan ilk romanlarda romançı nəql etdiyi əhvalatın iplərini əlində tutur, həyatın mənasına aid şərhlər verir, qəhrəmanlarına yol göstərdiyi kimi, oxuculara da yol göstərirdi. Zaman keçdikcə əvvəlcə məhdud, hökm verməyən o-təhkiyəçi formasından istifadə edildi (Floberi, Emil Zolyanı xatırlayın), sonra isə bir nəfərin məhdud, amma subyektiv baxış bucağından ifadə edilən təhkiyə forması ortalığa çıxdı (Henri Ceymsi, Cozef Konradı xatırlayın). Get-gedə bu iki forma da natamam hesab edildi, onların yerinə şüur axını və iç monoloq metodları ortaya çıxdı. Bunun nəticəsində də modernist romanın təhkiyəçisi özünü göstərməyən, gizlənən təhkiyəçi oldu. Bu roman növündə təhkiyəçinin hadisələrə, personajlara, hətta oxucuya müdaxiləsi müxtəlif vasitələrlə məhdudlaşdırılır. Nəticədə deyə bilərik ki, modernist romanda mətn istər birinci şəxsin, istərsə də üçüncü şəxsin dilindən nəql edilsin, fərq etməz, burda təhkiyəçi ilahilik iddiasından uzaqdır, subyektivdir.

Zaman məsələsi.

Zamana münasibət modernist romanda ənənəvi romandan fərqlənir. Ənənəvi romanda zaman yalnız irəli doğru axan, xətti zamandır. Zamana bu cür yanaşma Nyuton fizikası ilə bağlı idi. Zamana münasibətin dəyişməsi isə Enşteynin 1905-19016-cı illər arasındakı araşdırmalarının nəticəsində oldu. Nisbilik nəzəriyyəsi zamana münasibəti kökündən dəyişdi və təbii şəkildə bu sənətə də təsir etdi. Enşteyn nəzəriyyəsinə görə, zaman xətti axmır və işıq sürətinə görə dəyişir. Enşteyndən başqa zaman anlayışına fərqli daha bir yanaşmanı isə Anri Berqson gətirdi. O, “Şüurun birbaşa parametrləri” adlı əsərində subyektiv zaman haqqında yazdı və bunun modernist romana çox ciddi təsiri oldu. Berqson görə, zamanı obyektiv olaraq saata, dəqiqələrə sıxışdırılmış şəkildə ölçmək olmaz. O yazır ki, zamanı ancaq “duree” ilə ölçmək olar, bu anlayış ərəfəni, mərhələni ifadə edir. Bu ərəfə keçmişin və indinin iç-içə keçdiyi, bir-birini yenidən yaratdığı, zamanın parçalara bölünərək statikləşdirilmədiyi özəlliyə sahibdir. Beləcə, modernist romanda yaşanılan an keçmişlə olan əlaqəsi kontekstində qiymətlidir. Modernist romanlarda keçmiş indiki anı parçalayan və onu yenidən mənalandıran, bu yenidən mənalandırma ilə yaşanan anı bir də bölən anlayışdır. Keçmişə bu cür münasibət əvvəllər olub-bitmiş, hesabı kəsilmiş hadisə və mərhələlərin xatırlanmasından çox fərqli hissdir. Modernist romanlarda zaman olub-bitmiş bir şey deyil. O indiki anı da müəyyənləşdirən, ona təsir edən elementdir. Mərkəzi nöqtəsi fərd olan modernist romanda hesablaşmaların olması üçün zamanda geriyə dönmələr məcburi haldır. Bu yolla keçmiş indiyə daşınır. Geriyə dönmə texnikasından istifadə iki fərqli tərzdə olur: birincisi, retrospektiv dönüş. Burda məqsəd roman fiqurunun daxili və xarici həyatını detallı şəkildə tanıtmaq və ya hər hansı bir hadisəni təsvir etmək. İkinci metod isə fləşbək (flashback) adlanır. Kino fəndi olan fləşbəkdə personajlardan biri hər hansı bir səbəbə görə ani və sürətli şəkildə bir şəxsi, yaxud bir hadisəni xatırlayır.

Məkan məsələsi.  

Ənənəvi romanda məkan maksimum dərəcədə reallığa uyğun təsvir edilir. Bu da adətən iki formada olur: birincisi, hadisənin baş verdiyi yeri, bölgəni təsvir etmək məqsədilə əsərin əvvəlində ya bütöv şəkildə təsvir, ya da əsər boyu səpələnmiş təsvir. İkinci də isə naturalistlərdə olduğu kimi məkanın ifadəsi şəxsləri, cəmiyyəti formalaşdıran, onların həyatını əvvəldən axıraq qədər müəyyənləşdirən bir ünsür kimi göstərilir.

Modernist romanda məkan anlayışı da fərqlidir. Əvvəla modernist romanda məkan əsas element deyil, çünki dediyimiz kimi modernist romanın məqsədi xarici aləmi təsvir etmək deyil. Modernist roman məkan anlayışına iki cür yanaşır: birincisi, məkanın o qədər də vacib olmayan, yeri gələndə təhkiyədə ötəri görünən (hadisə yerini tanıtmaq, personajları aydınlaşdırmaq), hər hansı bir funksiyası olmayan istifadəsi; ikincisi isə məkana konkret bir funksiyanın yüklənməsi. Bu yanaşma məkanın nəyisə simvolizə etməsi ilə olur.

Daxili söhbət/iç monoloq.

İç monoloq metodu ənənəvi romanlarda da istifadə edilib, lakin o romanlarda məqsəd modernist romanlardakı kimi fərdin özgələşməsini ifadə etmək olmayıb. Ənənəvi romanlarda bu fənd qəhrəmanın qorxusunu, həyəcanını, sevgisini, nifrətini ifadə etmək üçün istifadə edilib. Modernist romanda isə bu fənd fərdin daxili dünyası, içindəki qarışıqlığı, psixoloji təbəddülatları ifadə etmək üçündür.

Modernist romanın məşhur müəlliflərindən olan Virciniya Vulf 1919-cu ildə çap etdirdiyi “Modern fiction” (Modern nəsr) adlı yazısında fərdlərin daxili dünyalarını işləməyən yazıçıları tənqid edirdi. Eyni fikri Marsel Prust da bölüşürdü. Prust yazır ki, ictimai hadisələrin mahiyyətinin anlaşılması üçün ən yaxşı yol insanların daxili dünyalarının dərinliklərinə nüfuz etməkdir.

İç monoloq fəndindən istifadə edərkən diqqət edilməli incə bir məqam var. İç monoloqdakı cümlələr danışıq dilində olmalı, ancaq şifahi nitqə bənzəməməlidir. Əks təqdirdə mətnin içində iç monoloq olan hissələr başqa nitq formalarından fərqlənməz.

İzləyicilərimizdən ol

Mail hesabınla üzv ol, həftənin ən çox oxunan məqalələrini əldə et

-->
Yuxarı