Azadlığın ağrısı və həzzi

Публицистика

Çox deyil, iynənin ucu boyda azadlıq verildi, cəmiyyətin hələ nisbətən fəal – savadlı deməyə dilim dönmür – təbəqəsindən gəlmə deputatlığa namizədlər özlərini ifadə etməyə cəhd edərkən, xalq diliylə desək, özlərini açıb buraxdılar. Nənələri öpənlər, yataq xəstələrini sığallayanlar, uşaqları oxşayanlar, yoxsulların dərdinə şərik çıxanlar – mənəvi istismar, primitiv narsisizm və qaba manipulyasiya səhnələri.

Parlament seçkilərindəki təbliğat-təşviqat kampaniyası bir daha göstərdi ki, bizdə əksər insanların hələ də özünüifadə vərdişləri yoxdur və özünüifadə üsullarını əxz etməyiblər.

Bizim cəmiyyət onsuz da çox vaxt elə bu mərhələdən – özünü ifadə etməyi bacarmamaq mərhələsindən o tərəfə adlaya bilməyib, həmişə bir balaca azadlıqlar gələn kimi proses yarımçıq kəsilib.

90-ların əvvəlində məsələn, azadlıqlar gəlmişdi, amma özünüifadə vərdişləri yox idi. 90-ları görmüş bir çoxları dövrün hadisələrini və insanların davranışlarını indi məsxərəyə qoyurlar. Amma ömürlərinin əhəmiyyətli bir qismini qapalı bir ölkədə yaşamış insanların tamamilə yad azadlıqlar görməsi və yeni dövrün tələblərinə uyğunlaşması məsələsi, heç də asanca gözardı edilməməlidir. Üstəlik həmin dövrün informasiya qıtlığını və modern dünyadan qopuqluğun miqyasını da nəzərə almaq lazımdır.

90-ların əvvəlində əksəriyyət naşı danışır, naşı davranırdı: Prezident də, siyasətçi də, şair də, alim də, sıravi vətəndaş da. Təcrübəsiz idilər, ənənə yox idi – minlərlə adam meydanda cuşa gəlib daha bir naşının “oturmayan ermənidir” kimi qaba manipulyasiyalarına uyurdu.

Amma fakt həm də budur ki, Azərbaycanda yeganə azad və demokratik prezident seçkiləri 1992-ci ildə keçirilib. Bu azad mühit davam etsəydi, azadlıqlar qorunsaydı, cəmiyyət indiyədək xeyli yetkinləşə bilərdi. İnsanı ancaq azadlıq yetkinləşdirə bilər çünki. 90-lar isə bizdə bir travma kimi yadda qaldı, insanlar azadlığın gətirdiyi ancaq özünüifadə etməyi bacarmamaq mərhələsini gördülər və dərhal da bu barədə qənaət hasil edib prosesləri məsxərə obyektinə çevirdilər. Halbuki ilk başlarda dayanmadan yıxılmaq gəzmək fəaliyyətinin qaçılmaz tərkib hissəsidir.

Demokratiya və azadlıqlara öyrəşməmiş cəmiyyətlər bir qayda olaraq, onların ilk başlarda gətirdiyi kobud sərbəstlik və özünüifadə imkanlarından vahiməyə qapılırlar. Narsist təmayüllü həvəskar qrafomanlar da o biri tərəfdən nəyin bahasına olursa olsun, başa keçməyə can atır, vəziyyəti biraz da bulandırırlar. Lakin sonra əlbəttə ki, çöküntü yerinə oturur, cəmiyyət yetkinləşir, fərdlər özlərini ifadə etmək vərdişləri qazanırlar.

Sosial şəbəkələrdə tez-tez Cəlil Məmmədquluzadənin adına çıxılaraq paylaşılan, amma deyilənə görə, Əlisa Nicatın ona xitabən dediyi (harda deyib bilmirəm) belə bir sitat var: “Azərbaycan qadını çadranı atanda müasirləşirik deyə sevincimdən papağımı göyə atdım, o gün bu gündür ki, papağımı tapa bilmirəm”.

Bəlkə doğurdan da ilk başlarda çadralı qadınlar başlarını açanda, cəmiyyətin ən azadfikirli insanları belə gördüklərindən dəhşətə gəliblər. Amma faktiki olaraq, bugünkü Azərbaycanda qadının başıaçıq gəzməsi – küləyin əsməsi, yağışın yağması, Günəşin çıxması qədər təbii hadisədir, heç kim çadrasız qadın görəndə heyrətlənmir artıq.

Cəmiyyətin tərəqqisi üçün özünüidarə və özünüifadə azadlığı tələb edərkən, onların haqqını ödəməyi də nəzərə almaq lazımdır. Əksər vaxt azadlıqların ilk başlarda gətirdiyi mənzərələr heç də ürəkaçan olmur, amma bu, mütləq verilməli olan bir imtahandır: insanlar və cəmiyyətlər yalnız imtahan verə-verə yetkinləşirlər, kəsə yol yoxdur.

Cavid Ramazanov
Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade