Üç müasir intellektualın bir neçə ideyası

Альтернатива

Populyar elmi bilgilər dalğasına girərək, bilgisevərlərlə, üç müasir intellektualın (biri artıq vəfat etsə də, hər halda elmi fəaliyyəti müasirdir) kütləvi-elmi söhbətlərindən bəzilərini bölüşmək istəyirəm:

1.İyirmi ilini cinslər arasındakı münasibətlərin öyrənilməsinə həsr edən təkamül psixoloqu Devid Bass həqiqi sevgiyə inandığını söyləyir. Bütün bu dövr ərzində o, ən müxtəlif fenomenləri- partnyorların ən adi tələbatlarından tutmuş seksual xəyanətlərin ən şeytani növlərinə qədər çox sayda yaşantını araşdırıb; qadınların və kişilərin bir-birini aldatmaqdan və manipulyasiya etməkdən ötrü ərsəyə gətirdikləri heyrətamiz yaradıcı üsullar aşkarlayıb; ən cazibəli tovlayıcılarla, ən həris ovçularla, seksual yırtıcılarla, hətta partnyorunu öldürən tiplərlə tanış olub, onları öyrənməyə çalışıb. Lakin, dediyinə görə, insan təbiətinin bu qaranlıq tərəfləri yenə də onun həqiqi sevgiyə olan inamını sındıra bilməyib.

Devid Bass söyləyir ki, əsl sevgiyə nadirən rastlamaq olar və əmindir ki, belə sevgini yaşamaq xoşbəxtliyi çox az insana nəsib olur; “adi” sevginin əlamətləri tanışdır; onlardan bəziləri: hipnotik cazibə, sevdiyin şəxsin obrazına mübtəlalıq, seksual qızışma, DNT-ni birləşdirmək arzusu, önəmli dərəcədə fədakarlıq. Fəqət əsl sevgi öyrənilməmiş sahələrdə öz yoluyla gedir. Belə sevgi maneə, baryer, sərhəd tanımır. Onu müəyyən etmək çətindir, o, elmi ölçülərdən sivişib çıxır, heç bir standarta sığmır. Devid Bass əsl sevginin varlığını isbat edə bilməsə də, onun mövcud olduğunu bilir. Odur ki, sevgiyə inamını qorumaq istəyənlər bu müasir alimin yuxarıdakı qənaətindən də güc ala bilərlər.

2. Ateist dünyagörüşün müasir təmsilçisi, filosof və neyrobiologiya sahəsində araşdırmalar aparan Sem Harris hansısa iddiaya, fikrə, mülahizəyə yönəlik inamı və ya inamsızlığı insan davranışları və emosiyalarının ən güclü requlyatorlarından biri hesab edir. Biz dünya barədə hansısa təsəvvürün həqiqi olduğuyla razılaşanda, bu təsəvvürün ən doğru təsəvvür olduğuna inananda, bu təsəvvür bizim gələcək düşüncələrimiz və hərəkətlərimiz üçün təkanverici əsasa, təmələ, çıxış nöqtəsinə çevrilir. Yox, əgər biz hansısa təsəvvürü yanlış təsəvvür sayırıqsa, onda o, bizimçün əhəmiyyətini itirir və sadəcə söz yığınına çevrilir. Sem Harris söyləyir ki, müxtəlif məzmunlu müddəaların doğruluğunu müəyyən etməkdə iştirak edən beyin bölgələri də müxtəlifdir. Lakin filosof inanır ki, bu və ya digər fikrin “həqiqi”liyini təsdiqləyən sinir prosesləri beynin alın payının daha fundamental aktivliyindən doğa bilər və bu fəaliyyətdə qoxuların və dadların pisliyini və yaxşılığını müəyyən edən bölgələr iştirak edə bilər. Bu mənada bəlkə də gözəllik-həqiqət, həqiqət isə gözəllikdir. Bizdə ikrah duyğusu oyandıran fikirlər, müddəalar isə yanlış, çirkin və yalançıdırlar. 

İnamın neyrobiologiyası kifayət qədər öyrəniləndə və inamın, ən müxtəlif kontekstlərdə üzə çıxan universal emosiya olduğu aydınlaşanda, dini inancın da yer üzündə yaşayan çox sayda canlılara xas olan inanma xasiyyətindən doğduğu məlum olacaq. Sem Harris obyektiv faktların və dəlillərin məcmusuna duyulan inamı reallıqla səsləşən, ona uyğun olan yeganə inam hesab edir və psixi baxımdan sağlam olsalar da, yalnızca dini inancdan çıxış edən xeyli insanın, dini inanca əsasən davrandıqları üçün bu aşkar faktları davamlı şəkildə inkar etdiyini bildirir. Lakin müasir ateizm dünyagörüşünün dörd müasir öndərindən biri olan Sem Harris  mənəviyyatı insan təbiətinin ən ali cəhətlərinin əsası, mənbəyi hesab edir və insan mənəviyyatına, dini bucaqdan uzaq olan fəlsəfi və elmi meyarlarla yanaşır. Hətta orijinal adı “Waking Up: A Guide to Spirituality Without Religion” olan bir kitab da yazıb və orada özünün ruhanilik, mənəvilik konsepsiyasını şərh edib. Ateist və elmi dünyagörüşə malik olan bu filosof insan təbiətindəki nəcib meyillərə və keyfiyyətlərə inanır, onların var olduğunu düşünür. Məncə, biz də bu cəhətlərin mövcudluğuna inamımızı itirməyək.

3. Sənət filosofu və estetik Denis Datton söhbətinə filosof Devid Yumun 1757-ci ildə yazdığı essesini xatırlamaqla başlayır. Devid Yum yazırmış ki, “İki min il əvvəl Afina və Romanı vəcdə gətirən Homer Parisi və Londonu hələ də heyran edir”.  Bunun səbəbi, minillər boyunca öz təsirini canlı saxlayan “İliada” və “Odisseya” kimi bir çox sənət əsərlərinin insan təbiətinin dəyişməz və dərin özəlliklərinə müraciət etməsidir. Dennis Dattona görə, bir çox unikal incəsənət nümunələri- məsələn, Bethovenin “Pastoral” simfoniyası- bütün kulturalar və tarixi dövrlərdə insan idrakını cəlb etmək, maraqlandırmaq qabiliyyətinə malikdir.

Yaponiyada Mosartı dinləmək istəyənlər böyük bir zalı doldurur, yapon rəssamı Hirosiqenin işləri Parisin bədii qalereyalarında ajiotaj yaradır, Şekspirin əsərlərisə ən müxtəlif dillərdə hər il yenidən və yenidən səhnəyə qoyulur. Filosof hesab edir ki, empirik psixologiya incəsənətin universallığını izah etmək gücündədir. Məsələn, artıq ədəbiyyatşünaslar təkamül psixologiyasının metodlarıyla dünya ədəbiyyatındakı temaların və süjetlərin təkrarlanmasının səbəbini araşdırmağa başlayıblar. Rəssamlıq aləmindəki fiqurlar, peyzajlar, təsvirlər də psixoloji araşdırmanın mövzusu ola bilər. Dövrümüzdə insanın musiqini qavramaq qabiliyyətinin strukturu eksperimental analiz üçün heç zaman olmadığı qədər əlçatandır və bütün bu elmi fəaliyyətlərin estetik həzzin nə olduğu barədə bilgilərimizi, təsəvvürlərimizi genişlətməsi, artırması, dəqiqləşdirməsi tamamiylə mümkün haldır.

Dennis Datton müasir incəsənətin bütün nümunələrinin bədii dəyərdən və dərinlikdən məhrum olduğunu düşünmür, lakin söyləyir ki, onları başqa nümunələrlə asanlıqla əvəz etmək olur. Müasir populyar kulturada ayrı-ayrı əsərlərdənsə, ümumi bədii formalar mühüm sayılır. Ən məşhur populyar kultura nümunələri belə canlılığını bir ildən artıq qoruya bilmir: yeni çıxan detektiv trillerlər, sevgi romanları, şlyaqerlər və sabun operaları qısa müddət diqqət çəkir və tezliklə də yeniləriylə əvəz olunurlar. Populyar kulturanın təbiətində yatan ötərilik bu gün heç zaman olmadığı qədər aydın görünür. Lakin klassik sənətkarların yaratdığı əsərlərsə böyük alimlərin kəşfləri qədər ölümsüzdür. Demək olar hər gün Metropoliten muzeyində və Linkoln-mərkəzdə insanlar estetik təcrübələr yaşamaqdadırlar və gələcəkdə bizim nəvə-nəticələrimiz də həmin həzzi təkrarən və təkrarən duyacaqlar. Dennis Datton bu qənaətə gəlib ki, Homerin şedevrləri, Baxın, Şekspirin, Murasaki Sikibunun, Vermeerin, Mikelangelonun, Vaqnerin, Ceyn Ostinin, Sofoklun, Hokusayın əsərləri kimi nadir incəsənət nümunələri gələcək əsrlər və minilliklər boyunca da öz dəyərini və məşhurluğunu itirməyəcək. Modalar və fəlsəfi konsepsiyalar dəyişir, lakin bu cür əsərlər hər zaman bəşəriyyətin qürur mənbəyi və mənəvi zənginliyi olaraq yaşayır. Professor belə düşünür, odur ki, gəlin biz də incəsənətdəki gözəlliklərə və ədəbiyyatın gülüşünə inamımızı isə ümumiyyətlə heç zaman itirməyək.

Rüstəm Ayaks

Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade