Gecənin sonuna səyahət

Литература

Fransız mədəniyyətini ürəkdən sevənlərin təkrarlamağı xoşladıqları bir deyim var, deyirlər, dünyada elə bir yaradıcı fikir və ideya tapılmaz ki, fransız sənətkarı artıq onu ifadə etməmiş olsun, ağlımızdan sənətlə bağlı nə kimi qeyri-adi düşüncə keçirsə keçsin, bilməliymişik ki, artıq fransızlar onu mütləq ifadə ediblər.

Bu yaxınlarda səs-küy qoparan “Coker” filminə baxdıqdan sonra, tam təsadüf nəticəsində Lui-Ferdinand Selinin 1932-ci ildə nəşr edilən “Gecənin sonuna səyahət” romanını oxudum və ağlımda bilaixtiyar bu düşüncə parladı: “bu ki Cokerdir!” Dərhal da fransızlarla bağlı həmin o, deyimi xatırladım.

Coker idi, amma təbii ki, öz ruhunda, öz dadında və dövrünə uyğun…

***

Bizə ta uşaqlıqdan klişelərlə düşünmək öyrədilir: vətən müqəddəsdir, ana müqəddəsdir, sevgi müqəddəsdir, dostluq müqəddəsdir, əmək müqəddəsdir, qəhrəmanlıq, fədakarlıq, zəhmətsevərlik müqəddəsdir və sairə. Çox zaman bu cür klişe düşüncələrə sağlam məntiq adı verilir. Sağlam məntiqə uyğun davrananlar alqışlanır, davranmayanlar isə gözümçıxdıya salınırlar. Belələrindən vəba kimi qaçmaq təlqin edilir, onlarla aramıza Çin səddi çəkirik, çünki zənnimizcə, belələri pozğun, alçaq və əxlaqsızdırlar. Belələrinin dünyasına gözucu nəzər yetirmək tənəzzülünə belə qatlaşmaq istəmirik, təki bizdən uzaq dursunlar, gözümüzə görünməsinlər, vəssalam.

“Gecənin sonuna səyahət”i əfsunlanaraq oxuyan oxucu isə birdən dərk edir ki, necəsə belə üzdəniraqların dünyasına gəlib çıxıb, bu dünyanın səfil küçələrində gəzib dolaşır, amma ağlından özündən gizlədə bilmədiyi bir düşüncə də keçir: gəzintisindən misilsiz bir həzz alır!

Hər səhifəsini acgözlüklə su kimi içdiyin, oxuyub qurtarandan sonra isə hələ də yanğı hiss etdiyin nadir romanlardan biridir “Gecənin sonuna səyahət”.



Belə bir fikir var ki, əgər Selin ziddiyyətli insan olmasaydı, nasistlərə qoşulmasaydı, yəhudi düşmənçiliyi etməsəydi, müharibədən sonra əməllərinə görə həbsxanada yatmasaydı, çıxandan sonra da yenə inadla Holokostu inkar etməsəydi, “Gecənin sonuna səyahət” romanının taleyi tamam fərqli olardı; axı Selin bu romanıyla fransız ədəbiyyatına yeni dil, yeni üslub, yeni bir baxış gətirmişdi. Belə düşünənlərin fikrincə, “Gecənin sonuna səyahət”20-ci əsrin təməl romanlarından biridir, amma müəllifinin bioqrafiyasına görə kölgədə qalıb.  

Bu fikirlə razılaşmayanlar da ola bilər, amma yarımavtobioqrafik romanın baş qəhrəmanı Ferdinand Bardamunun hekayəsini oxuyarkən, onun şeytani cazibəsinə qapılmaya da bilmirsən. Bardamu sıravi bir insanın əclaf adlandıra biləcəyi bütün keyfiyyətlərə sahibdir: anasına rişxəndlə baxır, vətəninə nifrət bəsləyir, əsgərlikdən fərarilik edir, ən yaxın dostunun sevgilisini yoldan çıxarır, rüşvət alaraq qətlə göz yumur

İlk baxışdan onun davranışlarına bəraət qazandırmaq mümkün deyil, amma nə qədər qəribə də olsa, bəraət qazandırmamaq üçün də bir xeyli çaba göstərməli olursan, hətta bəzən elə olur ki, sən Bardamunu başa düşür və ona simpatiya ilə yanaşırsan.

Çünki həyat asan deyil, çox adam həyata start xəttindən xeyli geridən başlamalı olur, çoxları taleyinə boyun əyir, Bardamu isə “taleyin gəyirtisi” adını verdiyi bu gedişata boyun əymək istəmir.

Bəlkə də Bardamunun faciəsi odur ki, o sadəcə olaraq, hər şeyin fərqindədir. Bilir ki, hətta vətən uğrunda döyüşməyə göndəriləndə belə, sevgilin, anan, millətin, ümumiyyətlə, hamı səndən ölməyini gözləyir, onlar üçün sənin qorxuların maraqlı deyil, sən onların gözləntilərini doğrultmalı, öhdənə qoyulan rolu şəksiz yerinə yetirməlisən. Halbuki onların vecinə olmasa da, sən qorxursan, çünki çox gözəl bilirsən ki, sən ölüb gedəcəksən, yerdə qalanlar isə yenə kefdə-damaqda olacaqlar.

"Həqiqətən dəli olmağınız düzdürmü, Ferdinand? – deyə bir cümə axşamı günü məndən soruşdu.

Eləyəm! – deyə etiraf etdim.

– Onda sizi burda müalicə edəcəklər, elə deyil?

– Qorxunun müalicəsi yoxdur, Lola.

– Lap bu qədər çox qorxursuz?

– Zənn etdiyinizdən belə daha çox, Lola, bir fikirləşin, o qədər qorxuram ki, əgər özümdən qaynaqlanan hansısa təbii səbəbdən öləsi olsam, cəsədimin yandırılmasını belə əsla istəmərəm! Məni torpağa qoysunlar, qoy rahatca qəbiristanlıqda çürüyüm, bəlkə də nə vaxtsa yenidən həyata qayıtmaq fürsəti düşər… Axı hardan bilmək olar! Amma məni yandırıb külə döndərsələr, Lola, başa düşürsünüzmü, onda hər şey bitəcək… Skelet hər nə də olsa, az-maz insana bənzəyir… Küllə müqayisədə istənilən vaxt dirilməyə daha yaxındır… Amma külə dönsən, axırın çatar!… Elə deyil?.. Vəziyyət belədirsə, onda müharibədən ümumiyyətlə, danışmayaq…

– Aaa! Siz deməli, həqiqətən qorxağın dal ayağısınız, Ferdinand! Kanalizasiya siçovulu kimi iyrəncsiniz…

– Elədir, tər-təmiz qorxağam, Lola, müharibəni və içində nə varsa, hamısını rədd edirəm…

… Mən taleyimə boyun əymirəm…"

Qorxularına görə əziyyət çəkməyən, xəcalət duymayan çox az adam tapılar. Xüsusilə yeniyetməliyimdə qorxduğum şeylər mənim üçün intəhasız ağrı-acı, utanc mənbəyi idi, hətta o dərəcədə ki, özümdən iyrənirdim, çünki mənə qorxmamaq, bu barədə düşünməmək öyrədilmişdi, qoxurdunsa, bu barədə düşünürdünsə, deməli, kanalizasiya siçovulu qədər iyrənc idin.

“Gecənin sonuna səyahət”in dar çevrələrdə artıq klassikaya çevrilməsinin səbəblərindən biri də ola bilsin, budur: oxucu Ferdinand Bardamunun özünün yerinə qisas almasından, “taleyin gəyirtilərinə” boyun əyməməsindən, təkbaşına ayıq-sayıq mübarizəsindən həzz alır. Lakin burda roman dünyası ilə real dünya arasında mütləq fərq qoymağı da bacarmaq lazımdır. Bardamunu, lap elə Cokeri hərfi başa düşmək, acınacaqlı nəticələrə gətirib çıxara bilər…

***

“Gecənin sonuna səyahət”dəki əsas diqqət yetiriləsi məqamlardan biridir bu: roman dünyası ilə yaşadığımız real dünya tamam fərqli aləmlərdir. Selinin bioqrafiyasını oxuyarkən, onun barəsində asanlıqla hökm verə bilərsən, romanı ilə bağlı isə, yox. Burada Milan Kinderanın romanın əxlaqiliyi ilə bağlı sözləri yada düşür: “Əxlaqi mühakiməni kənara qoymaq, romanın əxlaqsızlığı yox, elə məhz əxlaqiliyidir”.

Kundera əxlaqi mühakimənin kənara qoyulduğu xəyali bir məkan yaratmağı roman sənətinin ən mühüm məziyyətlərindən biri hesab edir, onun fikrincə, roman qəhrəmanları yalnız belə bir məkanda yarana bilərdilər, biz də onları öz qanunlarına və əxlaqlarına əsaslanan müstəqil varlıqlar kimi qəbul etməliyik.

Bunu nəzərə almayan: roman qəhrəmanlarına yanaşarkən real həyatın əxlaqi ehkamlarını əsas tutan oxucular və yaradıcılığında əxlaqi-didaktik ehkamlardan çıxış edən yaradıcılar üçün “Gecənin sonuna səyahət” heç də uğurlu səyahət olmaya bilər. Lakin Kunderanın nəzərdə tutduğu sənətkarlıq nöqteyi-nəzərindən oxuyarkən, Selinin romanı başqa bir keyfiyyət qazanır.

Yanılmıramsa, Lui-Ferdinand Selinin nə “Gecənin sonuna səyahət”, nə də “Kreditlə ölüm” kimi iki əsas romanının heç birisi Azərbaycan dilinə tərcümə edilməyib. Hərgah tərcümə edilsəydilər, roman sənətinin inciləri kimi həm Azərbaycan oxucusu, həm də yerli yaradıcılar üçün olduqca faydalı mənbə olardılar…

Üstəlik “Gecənin sonuna səyahət” bu gün də elə ilk günkü kimi aktualdır.

Ferdinand Bardamu bizimkindən daha qəddar və daha qanlı bir dövrdə yaşayıb, düzdür, amma o da xaos dövrünün yetirməsi idi. Necə ki, biz indi çətin bir xaos dövründən keçirik, o da beləcə müşkül xaos dövrlərindən keçmişdi. İndi bizdə necə Cokerlər varsa, o dövrdə də Ferdinand Bardamular vardı. Xaos dövrünü, Cokerləri, Bardamuları daha yaxşı başa düşmək üçün isə “Gecənin sonuna səyahət”ə çıxmağa dəyər…

Cavid Ramazanlı
Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade