post-title

Oktavio Pas – Poeziya və şeir

Poeziya – bilgidir, ruhun qurtuluşudur, gücdür, özünü unutmadır. Poetik akt dünyanı dəyişdirməyə qadirdir, çünki təbiəti etibarilə inqilabidir: o, ruhani məşqdir, daxili azadlığa aparan yoldur. Poeziya bu dünyanı mənalandırır, onu ucaldır; amma başqa bir dünya da yaradır. O – seçilmişlərin çörəyidir, çətin udulan loxmadır. Poeziya həm ayırır, həm də birləşdirir. O – həm səyahətə dəvətdir, həm də vətənə qayıdışdır. O – ilhamdır, nəfəsdir, bədənin tərbiyəsidir. O – səhrada duadır, mövcud olmayanla ünsiyyətdir: o, sıxıntıdan, ağrıdan və ümidsizlikdən qidalanır. O, duadır, peşmanlıqdır, epifaniyadır, fenomendir. O – ovsundur, cadudur, magiyadır. O – sublimasiyadır, kompensasiyadır, təhtəlşüurun konsentrasiyasıdır.  O – irqi, milli və sinfi şüurun tarixi ifadəsidir. Poeziya tarixi inkar edir, bütün konfliktlər onda həll olunur və axırda insan başa düşür ki, o tarixin əlində oyun-oyuncaq olan elə-belə bir fani deyil. O – təcrübədir, hissdir, həyəcandır, fəhmdir, istiqamətləndirilməmiş düşüncədir. O – həm təsadüfün uşağıdır, həm də hesablamağın meyvəsidir. Poeziya – həm ali nitq hadisəsidir, həm də ibtidai dildir. O – həm qaydalara tabe olmaqdır, həm də yeni qaydalar yaratmaqdır. O – əcdadları yamsılamaq, gerçəkliyin üzünü çıxartmaq, İdeyanın kopyasının kopyasıdır. Çılğınlıqdır, ekstazdır, Loqosdur. O – uşaqlıq dünyasına qayıdışdır, itirilmiş cənnət üçün xiffətdir, cənnətdə cəhənnəm arzusudur. Oyundur, işdir, asketlikdir. Etirafdır. Anadangəlmə qabiliyyətdir. Görüntüdür, musiqidir, simvoldur. O – analogiyadır: poeziya içindən kainatın səsi gələn balıqqulağıdır, onun ritmləri, ölçüləri universal harmoniyanın əks-sədasıdır. O – təlimdir, mənəviyyatdır, tədrisdir, vəhydir, rəqsdir, dialoqdur, monoloqdur. O – xalqın səsi, seçilmişlərin dili, münzəvilərin sözüdür. Saf və murdardır, müqəddəs və lənətlənmişdir, xəlqi və elitardır, çılpaq və geyimlidir, şifahidir, yazılıdır, rəsm olunandır, o bütün sifətləri özündə birləşdirir, amma bəziləri deyirlər ki, onun öz çöhrəsi yoxdur, çünki poeziya boşluğu gizlədən maskadır – insanın gördüyü bütün işlərin şişirdilmiş böyüklüyünə parlaq bir sübut!

Bu formulların hər birinin arxasında onlara həyat verən, onları mənalandıran şairi necə görməzdən gələ bilərik? Bu formulların hamısı yaşantıların və iztirabların meyvəsidir: onlarla razılaşmaqdan başqa çarəmiz yoxdur; əvvəlcə biriylə, sonra bir başqasıyla, sonra növbətisiylə. Bu formulların təkzibedilməzliyi onu göstərir ki, onların hər biri təklif edilən formullarla düz gəlməyən fundamental təcrübəyə söykənirlər. Deməli poetik əsərə müraciət etmək lazımdır, çünki o birbaşa şahidlik və poetik həyəcanın bəhrəsidir. Poeziyanın bütövlüyünü ancaq poetik əsərin özüylə birbaşa ünsiyyətdə dərk etmək olar.

Fəqət görəsən poeziyanın mahiyyətiylə bağlı sualların cavabını elə poetik mətnin özündə axtarmaqla poeziya ilə şeiri bir-birinə qarışdırmırıq ki? Axı Aristotel deyirdi: “Homerlə Empedokl arasında yeganə ortaq cəhət ölçüdür, ona görə birini şair, o birini təbiət filosofu adlandırmaq ədalətlidir.” Düz deyir: hər şeir, ümumiyyətlə metrik qanunlarla yazılmış hər əsər poeziya nümunəsi deyil. Bəs metrik qanunlarla yazılanlar necə, onlar poeziya nümunəsidir, yoxsa peşakar, didaktik, yaxud ritorik məhsullardır? Məsələn, sonet eləcə ədəbi formadır, o yalnız beyt, qafiyə, ölçü kimi ritorik alətlərlə təmasa keçərək poetik əsər ola bilər. Qafiyə tutan bilən maşınlar var, amma poeziya yarada bilən maşın yoxdur. Poetik əsərdən kənarda da poeziya ola bilər. Peyzajlar, insanlar və əməllər də poetik ola bilər. Poeziya gözlənilməz bir ehtimal kimi bizim iradəmizdən kənar bəzi qüvvələrin və vəziyyətlərin bizə təsadüfi təxmini kimi bəxş olunduqda, bax, onda, poetik başlanğıcla qarşılaşırıq. İstər könüllü olsun, istər könülsüz, istər xəyalda olsun, istər reallıqda, şair poetik cərəyanı özündən keçirərək dəyişdirəndə tamam yeni bir şeylə qarşılaşırıq: Əsərlə. Poetik əsər – məhsuldur. Poeziya toplanır, cəmlənir və insan fəaliyyətinin bir məhsuluna çevrilir: bir tabloya, bir mahnıya, bir tragediyaya. Poetiklik poeziyanın maye halı, əsərin özü isə qatı formasıdır. Yalnız poetik əsərdə poeziya bütövlükdə ortaya çıxır. Poetik əsər poeziyanın mahiyyətiylə bağlı suallar verməyə dəyən əsərdir, amma əsər deyəndə içinə istənilən məzmunun doldurulduğu forma başa düşülməməlidir. Poetik əsər ədəbi forma deyil – o, insanla poeziyanın görüş yeridir. O, poeziyanı özündə ehtiva edən, onu hərəkətə gətirən və gün işığını çıxaran canlı alətdir. Onun dünyasında forma və məzmun eyni şeydir.

Əgər diqqətimizi poetiklikdən ayırıb əsərin özünə çevirsək, onda bircə olduğunu zənn etdiyimiz formaların çoxluğu qarşısında heyrətlənəcəyik. Əgər hər bir poetik əsər özünü hər dəfə dəyişkən formalarda göstərirsə, bəs onda poeziyanı necə dərk etmək olar? Ədəbiyyatşünaslıq poeziyanın bu başgicəlləndirici forma müxtəlifliyindən janr təsnifatı vasitəsilə baş çıxarmaq istəyir, fəqət poeziyanın təbiəti bu cəhdi iki cəhətdən nəticəsiz edir: əgər poeziyanı epik, lirik, dramatik kimi bir neçə başlığa sıxışdırırıqsa, bəs onda romanları, mənsur şeirləri və “Avreliya”, “Maldoror nəğmələri”, ya da “Nadya” kimi qəribə əsərləri hara aid edək? Əgər bütün istisnaları və aralıq formaları qəbul etsək, məsələn, dekadans poeziyası, ibtidai poeziya, öncəgörlük poeziyası, onda təsnifatımız axırı olmayan kataloqa çevriləcək. Məsələ burasındadır ki, hayqırtıdan tutmuş məntiqi tərtib edilmiş ifadəyə qədər sözlə bağlı bütün aktlar – indi yalnız dildən bəhs edirik – dəyişmək və poetik əsər olmaq qabiliyyətinə malikdirlər. Bu, janr təsnifatının yeganə və ən vacib problemi deyil. Ümumiyyətlə təsnif etmək anlamaq deyil, mahiyyətə varmaq heç deyil. Bütün alətlər kimi təsnifat da faydalıdır, amma bu alət xarici tərtibatdan daha dərin, daha incə məsələlərə keçəndə funksiyasını itirir. Ədəbi tənqid adına yazılanların əksəriyyəti bu ənənəvi sxemlərin mənasız və cəfəng istifadəsidir.

Oxşar tənqidi fikirləri tənqidçilərin söykəndiyi başqa disiplinlərə də aid etmək olar, məsələn, stilistik və psixoanalitik metodlara. Stilistik metod şairin sözlə necə davranmasından, psixoanaliz isə simvolikasından çıxış edərək bizə şeirin nə olduğunu deməyə çalışır. Stilistik metod Mallarmeyə və şeir almanaxlarına tətbiq oluna bilər. Psixoanalitikin şərhləri də, bioqrafiyalar və digər araşdırmalar da poetik əsərlə bağlı verilmiş  “niyə, necə və nə üçün?” yazılıb tipində suallara cavab axtarır və bəzən uğurlu da olurlar. Hər hansı bir əsəri analiz etmək üçün ritorik, stilistik, sosioloji, psixoloji və digər ədəbi metodlar çox lazımlıdır, amma onların heç biri bizə poeziyanın həqiqi mahiyyətiylə bağlı heç nə demir.

Fakt budur ki, poeziyanın minlərlə fərqli formanın içinə dağılması bizdə vahid bir ideal poetik əsər tipi yaratmaq cəhdi doğura bilər, amma bu cəhdin nəticəsi qarşımıza ya bir div, ya da bir kabus çıxaracaq. Poeziya bütün poetik əsərlərin məcmusu deyil. Hər poetik əsər özünəyetən bütövlükdür. Orada hissə bütövə bərabərdir. Hər poetik əsər bənzərsizdir, təkrarolunmazdır və heç nəyə müncər edilə bilməz. Buna görə də Orteqa-İ-Qassetin sözlərinə qatılmamaq olmur: Kyevedonun sonetlərini, Lafontenin təmsillərini və “Ruhani nəğmələr” kimi bir-birindən tamamilə fərqli şeyləri eyni sözlə ifadə etməyin mənası yoxdur.

İlk baxışdan elə görünür ki, bu müxtəlifliklər – tarixin övladlarıdır. Hər millət və hər dil öz poeziyasını məhz konkret tarixi anda və özünəməxsus şəkildə yaradır. Ancaq tarixə istinad etmək problemi həll etmək yerinə, onu çoxaldır. Axı hər dövrdə və hər cəmiyyətdə oxşar uyğunsuzluqlar hökm sürür: Nerval və Hüqo bir-birlərinin çağdaşıydı, eynilə Velaskesin Rubenslə, yaxud Valerinin Apollinerlə çağdaş olması kimi. Biz yalnız dil səliqəsizliyi ucbatından Hind vedaları ilə Yapon haykularına eyni adı veririk, fəqət San Xuan de la Kruzun şeirlərini və onun dünyəvi prototipi olan Qarsilasonun şeirlərini də eyni cür adlandırmaq da cəfəngiyyat deyilmi?              

Tərcümə: Qismət

Sim-sim.az

Yuxarı