Milan Kunderanın “Sapdırılmış vəsiyyətlər”i

Фирудин АЛЛАХВЕРДИ

Bir müddət əvvəl böyük çex yazıçısı Milan Kundera-nın əsasən ədəbiyyat və musiqidən bəhs edən esselər toplusu – “Sapdırılmış vəsiyyətlər” kitabını oxudum. Zaman-zaman rəssamlıqdan və fəlsəfədən də söhbətlər açılan kitabda F.Rabelais-dən (Rable) tutmuş Kafka-ya, orta əsrlər bəstəkarı C.Janequin-dən XX əsr novatoru A.Schönberg-ə qədər fərqli dövrlərdə yaşamış, fərqli dünyagörüşünə, yazı texnikasına malik yaradıcıların əsərləri təhlil olunur, onlardan nəticələr çıxarılır.

Kitab bir daha sübut edir ki yaradıcı insanın təkcə öz sahəsini bilməsi kifayət deyil. Ortalığa nəsə ciddi bir əsər qoymaq istəyən şəxs başqa sahələrdən də xəbərdar olmalı, paralellər aparmalı, digər sənətlərdəki ideyalardan bəhrələnməlidi.

Yüksək intellekt və erudisiya sahibi Kunderanın kitabındakı maraqlı, öyrənməli məlumatların çoxluğu onlardan bəzilərini sizinlə paylaşmaq qərarına gəlməyimə həvəsləndirdi.

***

Avropa romanı tarixindən danışan müəllif ilk romanlar kimi Rabelais-nin “Qarqantua və Pantaqrüel”ini və Cervantes-in “Don Kixot”unu hesab edir.

Müəllif həm də avropalıların “roman cocuqları”, Avropa cəmiyyətinin isə “roman cəmiyyəti” olduğu fikri ilə razılaşır.

“Qərb cəmiyyəti özünü insan hüquqlarına əməl olunan cəmiyyət kimi göstərir. Amma insan bu hüquqları əldə etmək üçün əvvəlcə özü fərd kimi formalaşmalı, özünü fərd kimi hesab etməli və başqaları tərəfindən də belə hesab olunmalıdı. Bu isə Avropa incəsənəti , həmçinin oxucularda başqalarına maraq oyadan, onları özlərinin inandıqları həqiqətdən savayı başqalarının da həqiqətlərini anlamağa çağıran romanlar olmadan baş verə bilməzdi.”

***

Kitabda haqqında ən çox danışılan müəlliflərdən biri Kafka-dır. Özünün dahi həmyerlisi barədə yazan müəllif, Kafka-nın doğru anlaşılmamasından narahatdı. Onun fikrincə Kafka heç də düşünüldüyü kimi depressiv olmayıb. Onun yanlış anlaşılmasının səbəbkarı kimi isə Kafka-nı ilk dəfə dünyaya tanıtdıran, böyük yazıçının yaxın dostu Max Brod-u görür.

Sən demə Max Brod Kafka-nı qayçılayaraq tanıtdırıbmış. Öz aləmində ayıb hesab etdiyi, Kafka-ya yaraşdırmadığı fikirləri ilk çaplardan çıxarmış və Kafka uzun müddət elə belə də tərcümə olunmuş, belə də yayılıbmış.

Məsələn, Kafka-nın gündəliklərində yazılmış “mən bordelin yanından sevgilimin evinin yanından keçərmiş kimi keçdim.” cümləsini Brod Kafkaya yaraşdırmayıbmış və s.

***

Kundera-nın musiqi barədə düşüncələrindən biri – “musiqidəki sosialist realizmi mahiyyətcə süni konservləşdirilmiş romantizm idi” fikri çox dəqiqdir.

Təsəvvür edin, bütün keçmiş SSRİ-dəki musiqi təhsili XIX əsr Avropa musiqisindəki Romantizm cərəyanı üzərində qurulmuşdu. Hətta günü bu gün də postsovet ölkələrindəki ali musiqi məktəblərindəki bəstəkarlıq kafedralarında tələbələrə XIX əsrdəki musiqi qanunları öyrədilir. Şəxsən mən bunu öz dərimdə hiss etmişəm.

***

Ya da Stravinski-nin yaradıcılığı barədə müşahidəsi: “xalq inanclarına görə ölümdən əvvəl insanın gözü önündən bütün həyatı gəlib keçir. Stravinski`nin əsərlərində Avropa musiqisi özünün bütün minillik həyatını xatırladı; bu onun əbədi, yuxugörməsiz yatışından əvvəl sonuncu yuxusu idi.”

İlk baxışda çox şübhəli fikirdi. Necə yəni Avropa musiqisi Stravinski ilə bitdi? Amma burada bir vacib məqam var – XX əsrin ilk rübündən sonra radionun, sonra televiziyanın ortalığa çıxması ilə ümumiyyətlə musiqiyə baxış, musiqiyə münasibət dəyişdi. Və o ərəfələrdə yaradan bəstəkarların arasında da yəqin ki ən çox Stravinski yaradıcılığında Avropa musiqisinin keçdiyi tarixi yolun demək olar bütün mərhələlərindən nişanə tapmaq mümkündür.

***

“Modernist incəsənət – reallığın imitasiyasına qarşı incəsənətin müstəqil qanunları uğrunda üsyandır.”

***

Kundera uşaqlığında musiqi dərsləri də alıbmış. Onun yəhudi müəllimi konslagerə göndərilməsindən əvvəl son dərsdən sonra qapıdan çıxan gələcək yazıçıya bunları deyir: “Beethoven-də çoxlu zəif passajlar var. Amma məhz bu zəif passajlar güclü passajları dəyərli edir.”

Müəllifin özünün də qeyd etdiyi kimi bu hadisədə əsas maraqlı olan müəllimin özünün “son və dəhşətli yolçuluğundan əvvəl bir uşaqla sənət əsərinin kompozisiya problemləri barədə düşüncələrini bölüşməsi”dir.

***

Kiçik xalqlar. Milan Kundera-nın nəzərində “kiçik xalqlar” sanki “böyük ailələr”dir. Bu problem başqa kiçik xalqlar kimi bizə də tanış olmalıdır əslində.

Yazıçının da dediyi kimi “Nieztsche alman xarakterini hay-küylə darmadağın edəndə, Stendal öz vətəninin əvəzinə İtaliyanı tərcih etməsini açıqlayanda heç bir alman, heç bir fransız bunu özünə təhqir bilmir; di gəl ki bir yunan, bir çex belə bir şey etsə “ailə”si onu satqınlıqda suçlayar.

***

Kitabı oxuya-oxuya onun doluluğuna, müəllifin isə erudisiyasına heyran olmamaq mümkün deyil. Xüsusi ilə də bədii yaradıcılıqla məşğul olan gənclər bu kitabı oxusalar, çox şey qazanarlar. Ümid edirəm ki nə zamansa bu qiymətli əsər bizim dilə də tərcümə olunacaq.

P.S. Tərcümədən söz düşmüşkən, Kundera tərcümə məsələlərində də maraqlı fikirlər söyləyir. Onun fikrincə tərcüməçi əsəri “gözəl fransızcaya”, “gözəl almancaya” deyil, müəllifin üslubunu olduğu kimi saxlayaraq tərcümə etməlidir. Məsələn müəllif bir cümlədə üç dəfə “getdi” işlədibsə, burada ağıllılıq eləmək, bir dəfə “yeridi”, ikinci dəfə “addımladı” istifadə etmək mənasızdı və əsərin çox mühüm komponentinə – müəllif stilistikasına zərər yetirir. Yəni tərcümə iki fərqli müəllifi, məsələn Kafka və Dostoyevskini oxuyan şəxs bunların yazı üslublarını fərqləndirə bilməlidir.

Firudin Allahverdi
Azlogos.eu

Kultura.az | Developed by Samir Yahyazade