Dəyişmək haqqında

Публицистика

Bizə məlum olan ən qədim rəvayətlərin demək olar ki, hamısı insanın dəyişib-dəyişməməsi və transformasiyası probleminə həsr olunub. Səmavi dinlərdə Tanrı insanlara buyruqlarından çıxmamağı, dəyişməmələrini əmr edir, dəyişəndə, onları (Adəm və Həvvanı) cənnətdən qovurdu. Hindistanda insanın ağrı-acı çəkməsini istəməyən, beləcə, dəyişmək, transformasiya etmək istəyən Siddharta əncir ağacının altında nirvana mərtəbəsinə ucalırdı. Qədim Yunanıstanda isə filosoflar ideologiyalar, disiplinlər yaradır, “loqos”larla insanları dəyişdirməyə çalışırdılar.

Əvvəllər bu mövzu ilə əsasən, mifologiyalar, dinlər, fəlsəfi məktəblər məşğul olardılar, sonrakı dövrdə roman, incəsənət və elm də dərindən məşğul olmağa başladı.

Qəzəb saçan tanrılar, nirvanaya ucalan buddalar, bir-birini inkar edən filosoflar, “Olmaq, ya da olmamaq, budur bütün məsələ!”, – deyən ədəbi qəhrəmanlar bizə bir həqiqəti çatdırır: insanın dəyişməsi problemi hər zaman aktual olub və nə qədər ki, insan var, o, dəyişə bilərmi; necə dəyişə bilər; pisə doğru dəyişərsə, necə cəzalandırılmalıdır; yaxşıya doğru dəyişərsə, necə mükafatlandırılmalıdır; insanın dəyişməsinə necə nəzarət olunmalıdır kimi suallar da aktual olaraq qalacaqlar.

Ona görə də, bəzən özümüzü həlak etməyimizə baxmayaraq, insan(lar)ın dəyişib-dəyişməməsi təkcə bizi qayğılandıran mövzu deyil, bu, bütün tarixi kültürlər və disiplinlərdə müzakirə mövzusu olub.

Və dəyişmək məsələsiylə bağlı bütün qədim və yeni rəvayətlər bunu deməyə əsas verir ki, insanın dəyişməsi həqiqətən çox ağrılı, taleyüklü məsələdir. Bəzən o birdən, bəzən də tədricən dəyişir, elə vaxt olur, nə illah etsən də dəyişmir. Nə qədər istəyirsən peyğəmbər göndər, nirvanaya ucal, traktat, dram yaz, insanı sehrli bir çubuqla fokus göstərirmiş kimi ürəyin istədiyin vaxtda və istədiyin kimi dəyişdirməyin mümkün deyil.

Əslində, ən xırda bir vərdişi dəyişdirməyin necə müşkül bir məsələ olduğunu biz öz şəxsi təcrübəmizdən də bilməliyik. Hansısa mənfi vərdişimizi dəyişdirmək istəyəndə, özümüzə verdiyimiz çoxsaylı vədlərə baxmayaraq, bütün qüvvəmizi, iradəmizi səfərbər edəndə, vədimizə cəmi 3-5 gün, ən yaxşı halda bir neçə həftə ərzində əməl edə bilirik, sonra bir də ayılıb görürük ki, özümüzə verdiyimiz sözləri, təlqinləri tamamilə yaddan çıxarıb ən başa qayıtmışıq, hələ bəlkə ondan da geridəyik.  

Özlərini dəyişdirmək, pis vərdişlərindən qurtulmaq, güman olunan yaxşı vərdişlərə yiyələnmək üçün qəribə məzhəblərə, sektalara, spiritual cərəyanlara qoşulan; gülünc və təhlükəli macəralara atılan nə qədər adam var. Bizə o adamlar hərdən nə qədər sadəlövh kimi görünsələr də, qərarları müəyyən qədər də başadüşüləndir əslində, çünki dəyişmək çox vaxt ağrılı və mürəkkəb prosesdir, insana əcaib qərarlar verdirə bilir…  

Psixoanalitika ayrıca bir elm sahəsi kimi inkişaf edəndən sonra məlum oldu ki, insanın düşüncə və davranışlarının əsas impulsları şüurunun hüdudlarından kənarda – təhtəlşüurda gizlənib. (Yeri gəlmişkən, insanın dəyişməsi üçün təhtəlşüura təsir edilməli olduğunu müasir psixoanalitikadan əsrlər əvvəl hind mistikləri kəşf etmişdilər, dəyişməyin haradan qaynaqlandığını bilmək üçün orayacan gedib çıxmışdılar və bu təhtəlşüur proseslərini vipasana adlandırmışdılar. Hind yoginləri yalnız seçilmiş insanların vipasanaya təsir edə biləcəyinə inanırdılar.) Beləcə özünü dəyişdirmək istəyən insan mütləq təhtəlşüuruna təsir göstərməlidir . Bu da ki məlum məsələ, heç də hər kəsə müyəssər olan bacarıq deyil, tək-tük buddalar istisna olmaqla, mütləq əksəriyyət lazımi bilik və metodlardan xəbərsizdir. Xüsusilə bizimki kimi ölkələrdə çoxumuz əksər vaxt yalnız iş işdən keçəndən sonra, psixologiyamız, əsəblərimiz tam korlanandan sonra peşəkar axtarmağa başlayırıq, ya da bizim əvəzimizə kimlərsə axtarır.

Özümüzə azca bələdiksə və dəyişməyin nə qədər çətin olduğunu biliriksə, bəs necə olur, insan kütlələrindən, cəmiyyətlərdən asanlıqla dəyişməyi gözləyirik? Özü də inadla, israrla, bəzən də özümüzdən çıxaraq?

Ən müasir tariximiz də bizə insanın dəyişməsi probleminin birdəfəlik və müsbət yöndə həll olunmasının mümkünsüz olduğunu göstərdi. Kim deyərdi ki, əqli sağlamlığına şübhələr duyulan Donald Tramp kimi bir adam ABŞ prezidenti seçilib əsrlik demokratik ənənələrə meydan oxuya bilər? Kim deyərdi ki, britonlar özlərini “Breksit” kimi bataqlığa sala bilərlər? Kim deyərdi ki, Hitlerdən sonra Avropada yenidən faşizmin yüksəlişi baş verə bilər?

Üstəlik bunlar hələ əsrlik elm, fəlsəfə ənənələri, idarəçilik, özünüifadə vərdişləri olan cəmiyyətlərdir…

Ona görə də tarixi keçmişi və müasir dövrü nəzərə alanda, azərbaycanlıların dəyişib-dəyişməyəcəyini ölüm-dirim məsələsinə çevirmək, cəmiyyətin özünün bildiyi məcraya yönəlmədiyini görəndə, bunu şəxsi bir faciə kimi görmək, “azərbaycanlılar” xitabıyla başlayan iynəli cümlələrlə insanları küll halında alçaltmağa çalışmaq, o qədər də müdrikcə verilmiş qərarlara bənzəmir.

Bizdə bir qism insanda təxminən bu cür ifadə olunacaq təhlükəli bir düşüncə ənənəsi də var: Azərbaycanda 3 yaşdan yuxarı hamının qırılmalı olduğunu, 3 yaşa qədərki insanların isə inkişaf etmiş cəmiyyətlərin nümayəndələri tərəfindən tərbiyə edilməli olduğunu deyirlər, guya yalnız bundan sonra “azərbaycanlılar düzələ bilərmiş”. Amma halbuki tarix bizə belə bir zəmanət vermir: sabah dünyada və ölkədə nə baş verməsindən asılı olmayaraq, insanın dəyişməsi problemi bu və ya digər dərəcədə hər zaman mövcud olacaq. O cümlədən Azərbaycanda bu gün islahat kimi qələmə verilən dəyişikliklərdən sonra, hətta inqilab da olsa, inqilabi dəyişikliklərdən sonra da cəmiyyətin birdən birə dəyişəcəyi inandırıcı görünmür. İnsanlar ən yaxşı halda tədricən, nəsillərin əvəzlənməsi ilə tələsmədən, yavaş-yavaş dəyişirlər. Hələ bu dəyişiklərin qalıcı olacağı da məlum deyil.

Azərbaycanlılar  ümumiyyətlə, dəyişməyə də bilərlər, birdən və ya tədricən də dəyişə bilərlər, konkret heç nə demək mümkün deyil, kim ki, bu məsələdə dəqiq hökm çıxarmağa çalışır, böyük ehtimalla, ya emosiyalarının təsiri altındadır, ya da kahinlik edir.

P.S. Bu yaxınlarlarda insanın dəyişməsi məsələsinə dair şikayətlənən iki nəfərin giley-güzarına şahid oldum. Birisi siyasi fəal idi, ömrünü “bu xalqın meydanlara çıxması üçün” xərclədiyinə, illərini fəda etdiyinə görə peşmançılıq çəkdiyini deyirdi. Digəri isə bir qadın idi. İllərini sevdiyi adamı dəyişdirmək üçün bada verməsindən, bir nəticə almadan gəncliyinin bihudə getməsindən şikayətlənirdi. Doğrudan da başqalarını dəyişdirmək uğruna insanın öz gəncliyini, ömrünü fəda etməsi, sonra da özünü qurban hesab etməsi asan həzm olunacaq məsələ deyil, peşmançılıq-qəm-kədər-qüssə-fəlakət anlaşılandır.

İnsanlar var, heç başqalarını da deyil, sırf özlərini dəyişdirmək üçün illərlə eyni pozada dayanıb nirvanaya ucalmağa çalışırlar. Sonda ucalıb-ucalmadıqlarını da heç kim bilmir, fakt deyil. İnsanın özünə etibar etməsi bu qədər problemli olduğu təqdirdə, başqalarına etibar edib onların dəyişmələrini, özünün istədiyi kimi olacaqlarını gözləmək, doğrudan da çox böyük bir qumar oyunu deyilmi bəs?! Nəticəsi əvvəlcədən məlum olan bir qumar oyunu…

Cavid Ramazanlı
Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade