Rasim Qaraca: Kəpənəkli günlər

Rasim Qaraca

Zərifə xala telefonda bacısıyla danışır, danışır, danışır, sonsuza qədər, adamı bezdirənə qədər. Mətbəxdən karton qapıyla ayrılan otağımda onun ciyərinin lap xırıltılı yerindən gələn səsini eşitməyə bilmirəm. Özümlə qalmağım, düşüncələrə dalmağım imkansızdır. Belə getsə evdən çıxacam. Hər dəfə ayın ortalarında qərarımı verirəm, ancaq tənbəllikdən ayın sonunda bu addımı ata bilmirəm.

Yaşadığı ev az qalır başına uçsun Zərifənin, üstəlik göz-gözə verib evə bitişik balaca daxmaya evin içindən qapı açdırıb, kirayə verir - kommunal xərclərini özü ödəməklə qiyməti ayda 200 manata. Hələ bir şərt də qoyub–kirayəçi tələbə qız olmalıdır, amma gərək kök olmasın. Köklər çiməndə çox su işlədir, o da çox pul yazır, axı xərclər mənlikdir. Evi tapanda sevinmişdim ki, bəxtim gətirib, ilk dəfə arıq olmağımın faydasını görürdüm. Tək qız üçün Bakıda kirayə ev tapmaq necə çətindir, bilirsiniz.

Ən çox da qadının uzun telefon söhbətləri bezdirib məni. Vırt vırt vırt.Nə qədər danışmaq olar? Söhbətlər də lap düşük söhbətlərdi. Məsələn, bu bir kofta alıb, bacısı soruşur necə koftadı, bu da başlayır telefonda təsvir eləməyə: orası elədir, burası belədir, Sevanın əyninə var idi ha Vuquşun toyunda, bax onun sayasından, nə bilim daha nə. Bununla bitsə yaxşıdır, eyni söhbət o biri bacılarla təkrarlanır…Belə-belə söhbətlər. Bunu elə belə yazıram, söhbətlərin hansı səviyyədə olduğunu başa düşəsiniz deyə.

Bir gün telefondakı söhbətlər maraqlı gəlməyə başladı. Əvvəlcə ortancıl bacı Səmayə ilə danışır, ortancıldan böyük Fatma ilə, sonra böyük bacı Nəzakətlə, sonra təkrar Səmayə ilə. Nəsə gərgin durum var. Mövzu bizimlə eyni həyətdə yaşayan bacısı Səmayənin oğlu Seymurdur. Cəbhədə ayaqlarını itirib. Arabada gəzir. Beş aydır bu evdə kirədə qalıram, Seymuru yaxşı tanıyıram, demək olar bacı-qardaş kimi olmuşuq. Otuz yaşı var.Hər dəfə görəndə qucaqlayıb üzündən öpürəm.
Demək, bu Seymurun bir dostu gəlib Kanadadan. Getdiyi vaxtdan on ilkeçib, biraz da çox. Əlaqə itib. Xəbəri yox imiş Seymurun başına gələnlərdən. Gəlib, axtarıb, tapıb, görəndə dəhşətə gəlib, sarsılıb, qarşısında diz çöküb,hönkür-hönkür ağlayıb. Bütün məhəlləyə səs düşüb, qonum-qonşu yığılıb gəlib. Düzdür, o gün mən evdə olmamışam. Nələr olduğunu arvadların telefon danışığından bilirəm. Əgər bir hadisə on dəqiqə ərzində olubsa onun haqqında və ətrafında bir saat danışmaq necə ola bilər. Bax, mən indi buna şahidlik edirdim. 

Əşşi, qoy Seymur özü danışsın başına gələnləri, mən niyə danışıram. Elə deyil, Seymur, qaqaş, qadasın alım? Yaxın gəl, özün qırıldat nə olub, necə olub.

*

-Heç nə, evdə oturmuşdum, bir də gördüm qapı döyüldü. Mama açdı qapını, kim olsa yaxşıdır, uşaqlıq dostum Kamran. Uşaqlıq dostum deyirəm, əslində heç dostum zadım olmayıb, sadəcə məhləuşağı olub, özü də məndən iki-üç yaş balaca. O vaxt atası döyəndə gəlib məhlədə yanımda durardı, xəlvətcə siqaret verərdim bir iki qullab vurub sakitləşərdi. Özümə dost zad bilməzdim, sədəcə yazığım gələrdi. İri, qoyun gözü kimi məsum, parlaqgözləri vardı. O qədər böyük idi, güzgü kimi bax, saçlarını dara. Hə, bax həmin Kamran. İndi bu içəri girib, görür ki mənim ayaqlarım yoxdur dizdən aşağı, bir ağlamaq başladı, bir ağlamaq başladı, göz yaşı helə bil krantdan axır, özüm də yaman pis oldum. Doğrusu ondan heç gözləməzdim mənə bu qədər can yandıracağını. Güclə sakit edə bildik uşağı. Mama biryandan, mən bir yandan… Həmin o şişman, qarabala uşaq, məhlədə kimsəylə qaynayıb qarışmazdı, saatlarla tində dayanıb gəlib keçənlərə baxardı. Böyük qardaşının Kanadada olduğunu bilirdim, bir ara, mənim sağlığımda, - vallah elə ölü kimi bir şeyəm, - Kanadaya gedib qısa müddətə yaşamışdı, ancaq qəribədir ki, bəyənməyib geri qayıtmışdı. Adamları soyuqdur, insanlıq yoxdur orada deyirdi. Camaat Kanadaya qaçır, bu da oranı bəyənmir. 

Bir dəfə mənim yanımda məhəllədəki bukinistdən, indi İsraildə yaşayan Nicat Ruhanidən kitab istəyəndə, nə cür kitab istədiyini soruşmuşdu, cavabı qəribəydi: “beynimi cıran kitab olsun” demişdi. Nicat Ruhani təxmin etmişdi onun nə istədiyini, Rasim Qaracanın Arqo Deyimlər kitabını vermişdi.Ürəyindən olmuşdu bu kitab Kamranın. Əslində Azərbaycan yazarlarını oxuya bilmədiyini, bizim yazarları oxuyanda çimçəşdiyini deyirdi. Üzdən kitab oxuyan birinə oxşamırdı Kamran, görünüşünə baxıb oan daha çox Kamaz şoferi deyə bilərdin. Hə, əsl Kamaz şöferiydi ki durmuşdu, yekəqarın, pezi. Maraqlıdır ki, Kanadada transcontinental yükdaşıma şirkətində sürücü işləyirdi. Amma o zaman, Bakıda olandaəsas məşğuliyyəti kitab oxumaqdı. Evdə otursun, kitab oxusun, kimsə ona dəyib dolaşmasın. Atası narkoman idi, türmədə yatıb çıxmışdı, işi peşəsi hirslənib pəncərələri sındırmaq, sonra onları təmir etdirməkdi. 

Hə, onunla dostluğum-zadım olmayıb, köhnə məhəllədə yaşayanda, tində dayanıb xeyli söhbətlər etmişik, ayıb olmasın, gələnin qabağına, gedənin dalına baxmışıq. Yəni, dostluğumuz elə o qədər olub. Durum deyim ki, çörək kəsmişik, nəşə çəkmişik, ya bir yerdə bazlığa getmişik, yoo, belə şeylər olmayıb. Gərək olanı deyəsən. İndi bu gəlib düşüb ayaqlarıma zırın zırın ağlayır, özüm də pis oldum, bu qədər ağlanacaq halda olduğumu bilmirdim. Çünki zamanla ağrıları unudursan, hər şeyə alışırsan və sənə adi gəlməyə başlayır məsələn ayaqlarının olmaması. Ayaqlı insanlara başqa, üst dünyanın insanları kimi baxmağa başlayırsan, dünyada ən böyük xoşbəxtliyin dik ayaq üstdə gəzmək olduğunu başa düşürsən…Amma, nə cürsə bu şeylər səni dərindən ağrıtmır. Nə isə, bu elə bir məsələdir ki haqqında danışmağa dəyməz. Çünki ayaqlı insanlar səni başa düşməz, ayaqsız insana isə sənin danışacaqların lazım deyil…

Sən demə 10 ildir xaricə gedib bu uşaq, allah haqqı heç xəbərim olmayıb. Nəsə, beyninə düşüb, soraqlayıb gəlib təzə evimizi tapıb. Heç dəyişməmişdi, təkcə dərisi biraz hamarlaşmışdı, daha təmiz, daha səliqəli olmuşdu, elə əsl amerikalılara bənzəyirdi, filmlərədə görüdüyümüz amerikalılara. 

Mama çay gətirdi, ordan burdan söhbət elədik Kamranla. Arvad söhbəti o saat tutmuşdu, əlüstü arabadan söhbət saldı, indi təzələri çıxıb, hər şeyi avtomatdır, bahalıdır, pulumuz çatmır almağa… 

Kamran yoxa çıxdı, 20 dəqiqədən sonra qayıdıb gəldi, marketdən bir qucaq yemək-içmək şeyləri almışdı və bir şüşə də viski. Həmin gün içdik, dərdləşdik, danışdıq, güldük. Ertəsi günə plan qurduq, çıxıb şəhəri gəzəcək, mənə yeni araba alacaqdıq. İnana bilmirdim, aylarla evin içində dustaq kimi qalan mən indi şəhərə çıxacaqdım və yeni arabam olacaqdı…

Ertəsi gün ilk işimiz electron təchizatlı araba almaq oldu. Bakıda Babək prospektində ixtisaslaşmış təkcə bir dükan var idi əlil arabası satılan. Ən yaxşısını, ən bahalısını seçdik, kövrək insan deyiləm, amma bu hadisədən çox təsirləndim, qəlbimdə Kamrana çox minnətdar idim.

Növbəti səfərimiz Gənclik Malla idi, mənə əyin-baş aldıq. Dükanların önündən keçəndə Kamran bir anlıq çaşdı, arabamı ayaqqabı dükanına sürdü, hətta bir tur atdıq rəflərin arasında, birdən başa düşdü nə iş tutduğunu, heç bir söz demədən tez çıxdıq oradan, yaranmış xoşagəlməz duyğunu qovmaq istədi sanki, məni də sürüyərək tələsik yandakı parfümeriyaya girdi.Sevdiyim bir parfüm artıq mənim idi. Bütün bu anlarda, dəqiqələrdə, saatlarda Kamran qaşqabaqlı idi, güləndə də qaşqabaqlı gülürdü. Dönə-dönə bu sözü deyirdi, əlini nəyə uzatsan sənindir, utanma…

Ancaq bununla bitmədi. Ticarət mərkəzindən çıxandan sonra Bəy Hamamına yollandıq, saçlarımı yeni dəbdə kəsdirdik. Ardınca saunaya girdik. Ayıb olmasın, masaj da elətdirdik… Qoy bunu açıq etiraf edim, on il idi əlimə qadın qadın əli dəymirdi, masturbasiya ilə yola verirdim.Bəzən ona da imkan olmurdu, çünki həmişə məni mama çimizdirirdi, heç vaxt çılpaq halda öz şeyimlə təklikdə qala bilmirdim. Əngəlli olmağım bir yana, həyatın bu kiçik azadlığından da məhrum olmuşdum. İndi Kamran bütün gözəllikləri başımdan sel kimi axıdırdı. 

Bilmirəm Kamran qızlara nə qədər pul vermişdi, ancaq çox pul vermiş olmalıydı ki, canı-dildən qulluğumuzda durmuşdular, başdansovdu, yola vermək söhbəti yox idi. Dünyada anadan qiymətli bir insan varsa, oda pulla tutulmuş bir xanımdır, deyərdim. Çünki anamın çıxartmadığı kirləri çıxartdı bədənimdən.

Nuranəylə burada tanış olduq. İlk dəfəydi bir qız mənimlə normal insan kimi davranırdı… Sanki iki ayağımın da olmamasını görmürdü.Mən də unutmuşdum ayaqsız olduğumu. Bir dəfə Tarqovıda gəzəndə mənə elə gəldi ki uçuram, sözün əsl mənasında ayağım yerə dəymirdi, yanımda hər an əllərinin istisini hiss etdiyim sevgilim vardı. Qoy lap pul qarşılığında olsun, məncə bunun adı elə sevgiydi. Məni uçururdusa, demək sevgiydi. 

-Onsuz da sevgi başqalarına göstərmək üçündür, belə olmasaydı heç bir mənası olmazdı, - bunu mən deyirəm.

-Nuranəylə söhbətimiz elə ilk gündən tutdu. Həm hamamda işləyəsən, həm bu qədər həyalı olasan – desəydilər inanmazdım. İlk gündən qanımız biri-birinə qaynadı. Bədənimizin istiliyi eyniydi, maqnit kimi şıppadan biri birimizə yapışırdıq, baxışlarında heyranlıq vardı, öpüşlərinin şəhvətinə bir az da mərhəmət qarışmışdı. İlk atışda topu səbətə salmışdım, gündüz əldə çıraq yer üzünü gəzib tapa bilməyəcəyimi gecənin qaranlığında hamamda tapmışdım. 

*
Kamranın qəlbinə haradan işıq düşmüşdüsə, sanki başqa işi-gücü yox idi, bütün gününü Seymura həsr edirdi, hələ sonrakı günləri də... 

Cəmi 10 gün Bakıda oldu Kamran. Hər günü də belə keçdi dostların. 
-Hər gün Nuranəylə görüşdüm. Lap axırıncı gün Kamranın maşınında evə qayıdırıq. Nuranə zəng etdi, kipriyimiitirmişəm, bax gör maşına düşməyib. Kipriyi tapdım, Kamran Kanadaya qayıtdı, sonraNuranəylə bir daha görüşə bilmədik, kiprik məndə qaldı.
*
O günlərdə Səmayənin dedikləri yaddaşımda əsər eləyib. Qadının ürəyi dolu imiş.

-Gələn gündən başlayıb uşağın tərbiyəsini pozmağa, o bar sənin bu bar mənim, o masajnı, bu masajnı, siqaret iyindən paltarına yaxın durmaq olmur, içkili gəlir, səhərəcən qusur. Heç olmasa cibinə bir 10 manat qoymur ki, ana köpəkqızı getsin evə iki dənə toyuq budu alsın.

Deyirəm, ay Səmayə xala, bəyəm adam sizə pislik edib, bu gədə illərdi evdə dustaq qalmışdı, hava üzü görmürdü, allah xatirinə heç olmasa burdakı Heydər Parkına da aparmamısınız…

-Kim deyir onu?

-Özü deyir…, indi dostu gəlib, lap yaxşı, aparır, gəzdirir, sağ ol demirsiz demirsiz, heç olmasa dalıycan danışmayın…

-Ay qız, hara çıxardım, görmürsən tək arvadam, evin qabağı padyomdur, yola çıxarda bilmirəm, gücüm çatmır.

Başlayır danışmağa, hay Sovetski belə yaxşıydı, hay orda olanda uşağı hər gün Qış bulvarına çıxardırdım, allah evini yıxsın oranı sökənlərin, mən heç Xırdalanı yuxuda da görməmişdim… Bu evin heç kupçası da yoxdur.., gərək Kamrana deyəm kupça almağa kömək eləsin… 

Kamran oldu gülməşəkər. Elə on dəqiqə əvvəl dalıyca danışırdı, uşağımın tərbiyəsini pozur deyirdi, indi evin kupçasına pul istəyəcək ondan. 

Evin döşəməsi neçə yerdən deşilib. Evi satan adam başdansovdu tikib, ən ucuz materialdan istifadə edib, üstünü bəzək altını təzək edib, döşəmə taxtası pendir kimidir, ayağını bərk basan kimi sınır. 

*

Nə isə, bunlar heç. Günlərin bir günü, məhəllənin düz içinə bir maşın girdi, evləin arasına, piyada yoluna qədər soxuldu. Daram-durum, içindən kim çıxsa yaxşıdır, Kamran, qucağında Seymur, bir də bu Nuranə dediyi qız. Səmayənin evində oturmağa yer tapmadılar, gəldilər Zərifəgilə. Çay, dəm-dəstgah. Mənim gözüm qızdadır. Zərifənin üzündən bir öpür, bir yalayır, elə biləsən əziz giramisidir. Seymur pıçıldadı ki, mama o deyil, o biridir, Səmayəni göstərdi. Qız heç istifini pozmadan yanladı Səmayəni, sağına keçir, soluna keçir, olmayan cici-bacı hərəkətlər edir. O saat bildim ki, bu qız aferistkanın yekəsidir. Nə isə, xoş-beş-onbeş, bunlar getdilər. İndi Seymur tutdurub ki, mama, bu qızı sevirəm, onu almaq istəyirəm. Bacılar ayaq üstdə quruyub qalıblar, nə deyəcəklərini bilmirlər. 
Telefonda o biri bacılar dövrəyə girib, eyni vaxtda Səmayə bir bacıyla danışır, Zərifə o biri bacıyla. Yarım saat keçir, xətdəki bacılarla burdakı bacılar yerlərini dəyişirlər, kimin kiminlə danışdığını bilmirəm, ancaq o biri üzdə bir bacı var, deyir qəhbə olanda nəolar, könül sevən göyçəkdir, madəm uşaq istəyir, evləndirin getsin.   

Nə isə, olan oldu, keçən keçdi, Kamran öz Kanadasına qayıtdı, buradakı həyat da öz əvvəlki bozluğuna.  Kamran gedəndən sonra bir dəfə Seymurla həyətdə oturub tum çırtlayanda nə desə yaxşıdır (ay allah, lap ürəyimin başı açıldı):

-Nuranəylə görüşdüyümüz günlərdə Bakını kəpənək basmışdı (Düz deyir). Belə kəpənəkli günlər yaşadım onunla. Alabəzək kəpənəklə yanaşı nadir admiral kəpənəklər də qayıtmışdı Bakıya. Deyilənə görə bu son 40 ildə birinci dəfə baş verirdi. Paytaxtda parkların, baxçaların və yaşıl zonaların sayının artmış olmasına görə idi. Admirallardan başqa maxaonlar da peyda olmuşdu. Bakıda kəpənəklərin görünməmiş sayda artmasının səbəbi küçələrdə çiçək ləklərinin, parklarda baxça güllərinin çoxalması və bunların da kəpənəklərin xoşuna gəlməsi olub yəqin ki. Təsəvvür et, parkda oturmuşuq, arabama dördü-beşi birdən qonur… Məncə bunlar kosmosun mənə xəbərdarlığı idi, başa salmaq istəyirdi ki, Nuranə də kəpənəkdir, uçub gedəcək…

Rasim Qaraca
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade