Ceyms Coys – Sərhəddəki İrlandiya

Литература

Bir neçə il qabaq İrlandiyada səs-küylü bir məhkəmə olmuşdu. Qərbdəki Maamtrasna adlı uzaq qəsəbədə bir cinayət baş vermişdi. Hamısı köklü-köməcli coyslar nəslindən olan dörd-beş nəfər həbs edildi. Polis daha çox ən yaşlı kəndlidən – Mayls Coysdan şübhələndi. İctimaiyyət  isə onun günahsız olduğunu düşünür, kişini müqəddəs hesab edirdi. Nə yaşlı kişi, nə də digər həbs olunanlar ingiliscə bilirdilər. Məhkəmə heyəti məcbur qalıb tərcüməçilik  xidmətindən istifadə etmişdi. Qoca kişinin sorğu-sual edilməsi bəzən komik, bəzən isə tragik idi. Bir tərəfdə rəsmi tərcüməçi, digər tərəfdə səfil  bir qəbilənin atası sayılan və hər cür rəsmi işdən xoşu gəlməyən, bütün hüquqi prosedurlar qarşısında heyrətlənən bir adam vardı.

Hakim deyir: “Təqsirləndirilən şəxsdən soruşun, həmin gün səhər qadını görüb, ya yox.”

Sual qoca kişi üçün irland dilində təkrarlanmışdı və o, əl-qolunu yellədə-yellədə qatmaqarışıq şeylər danışmağa başlamış, uzun nitqinin axırında isə xahiş etmişdi ki, digər şübhəli şəxslər cənnətə həvalə edilsin. Sonra isə danışmaqdan yorğun düşüb sükuta qərq olmuş, tərcüməçi  isə üzünü hakimə tutub, bircə cümlə demişdi: “Zati-aliləri qoca deyir ki, yox, görməmişəm.”

Hakim bu dəfə belə deyir: “Yaxşı, soruş gör, hadisə baş verəndə yaxınlıqda olub?”

Qoca kişi başa düşülmədiyi hissinə qapılaraq əsəbləşib və anlaşılmaq üçün çığırıb, səs-küy salıb, uzun-uzadı deyinib, çıxışını bitirəndə isə tərcüməçi yenidən hakimə üz tutaraq deyib: “Zati-aliləri, deyir ki, yox.”

Sorğu-sual bitəndə məhkəmə qoca kişini günahkar bilmiş və edam qərarı ilə ali məhkəməyə göndərmişdi. Edam günü həbsxananın qabağındakı meydanda Mayls Coysun ruhunun rahatlıq tapması üçün minlərlə adam dizi üstə, irland dilində dua edirdi. Əfsanəyə görə, cəllad belə qoca kişiylə dil tapa bilməyib və boynunu ilgəyə keçirməli olduğunu başa düşməyən qocanın başına-başına vurub.

Bu şaşqın, qoca kişi fiquru artıq bizim olmayan bir mədəniyyətin son qalığıdır;  o, hökm veriləndən sonra dilsiz-sağır və ictimai mənada sərhəddə olan İrlandiya millətinin çox vacib simvoludur. İrlandiya eynən bu qoca  kişi kimi çağdaş ingilis şüuru ilə uyğunlaşa bilməz. İngilis mətbuatındakılar arabir millətçi irland vəkillərin “onların bizim evimizə stabilliyi pozmaq və xərac almaq niyyəti ilə gəlirlər” sözlərinə qulaq asıb, şikayət eşitsələr də, mahiyyətcə, ingilis və irland seçiciləri arasında tərcüməçilik edirlər. Xarici ölkələrdə teleqraf xətlərini bir müddətliyinə  kilidləyən hansısa problem olmasa, İrlandiya haqqında çox danışılmaz. İctimaiyyət baş verən hər şeydən yalnız  gərginliyi azaldan və yuxarıda dediyimiz kimi, tərcüməçi funksiyasını yerinə yetirən ingilis mətbuatı vasitəsilə xəbərdar olur. Buna görə də, irlandları gecələri dəhşət yayan, Birlikçiləri öldürmək istəyən, kaftarsifət cinayətkarlar kimi görürlər. İrlandiya haqqında formalaşdırılan düşüncə, İrlandiyanın həqiqi hökmdarı Papaya “onlar kilsəyə doluşmuş bir sürü köpəkdir” şəklində gedib çatır. Adadan ərşə qalxan fəryadlar uzun səyahətdən sonra bürünc qapıya çatanacan, az qala, pıçıltıya çevrilir. Dünyaya yayılmış 20 milyon irland var və onların bir qismi Zümrüd adasında yaşayır. İngiltərənin İrlandiyanı öz daxili siyasətinin açar nöqtəsi kimi gördüyünü diqqətdə saxlayan və  ən qarışıq kolonial problemləri belə nə cür dəf etdiyini bilən istənilən müşahidəçi başa düşər ki, St. Corc kanalı necə İrlandiya ilə öz lovğa oynaşı arasında cəhənnəm çuxuruna çevrilməyib. 600 illik işğal və yüzlərcə illik rəsmi təzyiq ucbatından bədbəxtləşən xalqın köç etməsi nəticəsində, əhalinin 8 milyondan 4 milyona qədər azalması ilə, dörd qatan artan vergilərlə, əyalət problemlərinin düyünə düşməsi ilə İrlandiya problemi hələ də həllini tapmayıb. Əslində, bundan başqa qarışıq problem yoxdur. İrlandlar bu problemi qismən, ingilislər isə daha az başa düşməkdəykən, bu problem  əcnəbilər üçün tamamilə qaranlıqdır. Amma ən azından irlandlar bilirlər ki, əzablarının kökü bu problemdir və buna görə də, problemin həll edilməsi üçün aqressiv davranırlar. Məsələn, 20 il əvvəl torpaq ağalarının zalımlığı ilə aclığa məhkum edildikdən sonra kirayə borclarını ödəməyərək bəzi imtiyazlar əldə etmiş, Qledstounun (Gladestone) reformaya getməyinə nail olmuşdular. Bugün otlaqlar ətli-canlı mal-qara ilə dolu ikən, yarısı aclığın sərhəddində olanda xalq tutub mal-qaranı holdinqlərdən alıb. Əsəbləşən liberal hökümət mühafizəkarların cəza tədbirlərini yenidən aktivləşdirməyə niyyətlənib; ingilis mətbuatı həftələr boyu əyalət məsələlərinə məqalə və köşə yazılarında yer verərək iddia edir ki, bu, üsyandır; xarici mətbuata da vəziyyət bu formada gedib çatır.

Məqsədim İrlandiyanın əyalət məsələlərinə şərh vermək, yaxud hökümətin ikiüzlü siyasətini faş etmək deyil, amma məsələni doğru şəkildə ifadə etməkdə fayda var. Kim London-mərkəzli teleqrafları oxusa, elə düşünər ki, İrlandiya kriminalın bataqlığındadır. Bu, tamamilə yalnış hökmdür. İrlandiyada kriminalın faizi istənilən avropa ölkəsindəkindən çox azdır və mütəşəkkil cinayətkarlıq heç yoxdur. Parisli bir jurnalist bir az da ironiya ilə vəziyyəti, “Qızıl qanla yazılan nəğmə” şəklində təsvir edəndə, bütün ölkə şoka düşmüşdü. Əslində isə ötən aylar ərzində İrlandiyada cəmi iki vəhşi ölüm hadisəsi baş vermişdi. İngilislərin nəzarətindəki Belfastda, əsgərlərin xəbərdarlıq etmədən izdihama atəş açması ilə bir qadınla bir kişi ölmüşdü. İzdihama qarşı hücumlar olurdu, fəqət bunlar İrlandiyadan daha çox, İngiltərənin kontrolunda qəddar cinayətkarları olan Qreyt Uirleydə (Great Wyrley) baş verirdi.

Beş il əvvəl cəmiyyətin qəzəbini azaltmaq üçün, indi azad olan günahsız bir adam günahlandırılmışdı. Amma o həbsdə olanda belə hücumlar davam etmişdi. Keçən həftə qarınlardan bıçaqlanmış, bağırsaqları çölə çıxmış iki at çəmənlikdə ölü tapılıb.

 Tərcümə etdi: Qismət

Sim-sim.az
Kultura.az | Developed by Samir Yahyazade