Xudbin

Публицистика

Xudbin : sif. [fars.] Ancaq özünü düşünən, öz mənafeyini hər şeydən yüksək tutan adam; eqoist.  

– Azərbaycan dilinin izahlı lüğəti 

İlıq bir oktyabr axşamı Manhettenin mərkəzi küçələrində gəzişərkən, yanımdakı artıq bir nyu yorkluya çevrilmiş köhnə dostum mənə nailiyyət və status mənasında şəhərdə təkcə fərdi deyil, kollektiv baxımdan da bir iyerarxiyanın mövcud olmasından bəhs edirdi. Nyu York millətlər şəhəridir. Burada ən əvvəl gələnlərdən tutmuş, ən yeni gələnlərə qədər iyerarxik bir sıralanmanın mövcud olduğunu görmək mümkün imiş. Əvvəldən gələnlərin çoxusu artıq tam amerikanlaşıblar, amma öz milli kimliklərini, hətta adət-ənənələrini belə saxlayanlar varmış. Xüsusilə yəhudilər və ermənilər bu baxımdan seçilirlərmiş.

Martin Skorzesenin “Nyu-York bandaları” filmində əsrlər əvvəl şəhərdə status və mövqe uğrundakı kollektivlərarası mübarizənin necə qanlı və ölümcül olması göstərilib. Zaman keçdikcə fərdlər və kollektivlər arasındakı rəqabət daha sivil xarakter almağa başlasa da, Nyu-York yenə də Nyu-Yorkdur, əgər sən burada güclü bir kollektivin parçası deyilsənsə, irəli getmək şansların xeyli aşağı düşür, hərgah güclü bir kollektivin parçasısansa, yolun əməllicə açılır. Yenə də yəhudilər və ermənilər bu mənada təkcə Nyu-Yorkda deyil, bütün Birləşmiş Ştatlarda fərqlənirlərmiş.

Həmin o məşum sualı nəhayət, köhnə dostuma ünvanladım, soruşdum ki, bəs bizimkilərdə vəziyyət necədir, təşkilatlana bilirlərmi?

Dostumun dediyinə görə, təkcə Nyu-Yorkda onminlərə azərbaycanlı yaşayır, amma funksionallıqları ən yaxşı halda Bruklindəki bir neçə Azərbaycan restoranında yığışıb yeyib-içib dağılışmaqdan o tərəfə keçmir. Niyə sualıma dostumun cavabı daha çox ironik oldu: çünki beş-altı azərbaycanlı bir yerə yığışıb təşkilat yaradan kimi intriqalar baş qaldırırmış, çoxusu birinci olmaq, başa keçmək, alqış sədaları eşitmək istəyirmiş, üç gün keçəndən sonra kimsə küsür, kimsə sifət eləyirmiş, kimsə də dedi-qodu yayırmış, sonrakı gün kimlərsə istefa verirmiş, beləcə, beşinci gün də təşkilat dağılırmış – bütün bu səbəblərə görə də Birləşmiş Ştatlarda azərbaycanlıların hansısa ideya ətrafında birləşdikləri müstəqil və güclü bir diaspora təşkilatı yox imiş.

Dostumun ürəyi dolu idi, danışdıqca danışdı, onun dediklərindən ümumən belə başa düşdüm ki, biz azərbaycanlılar dünyanın o biri ucuna da getsək, hətta şərtlər tələb etsə belə, hansısa bir ideya, hekayə ətrafında birləşə və əməkdaşlıq edə bilmirik. Hansısa ciddi çatışmazlığımız bunu gerçəkləşdirməyimizə əngəl olur.

***

Əgər bizim kollektivlər ətrafında birləşə bilməməyimiz, əməkdaşlıq etməyi bacarmamağımız ifrat fərdiyyətçiliyimizdən qaynaqlansaydı, papağımızı göyə ata bilərdik, amma cümlə-cahana əyan olduğu kimi biz cəmiyyət olaraq hələ fərdiyyətçilik mərhələsinə gəlib çatmamışıq, çatmağımıza da çox var, ona görə də kollektivlər ətrafında birləşə bilməməyimiz heç bir halda individuallığımızdan qaynaqlana bilməz.

Bəlkə güclü kollektivləşmənin təməlini təşkil edən hekayələrimiz yoxdur? Axı deyilənə görə, iddia olunana görə var. Danışılanlara inansaq, Qarabağ problemi bütün azərbaycanlıların bir nömrəli dərdi, ağrı-acısıdır, bu məğlubiyyət hekayəsi deyilənə görə, əksər azərbaycanlıların başından domokl qılıncı kimi asılıb. Ümumi mənzərədən göründüyünə görə, bir çox azərbaycanlıların ikinci ən böyük dərdi də müasir Azərbaycan iqtidarıdır ki, camaatı özündən möhkəm narazı salıb…

Beləcə, güclü kollektivlərin yaranması, əməkdaşlıqların qurulması üçün lazımi ideyalar və hekayələr varmış kimi görünür, amma nə əcəbsə bu hekayələrin ətrafında funksional kollektiv hərəkatlar qurmaq mümkün olmur. Müxalif siyasi partiyalar, təşkilatlar tez-tez dağılmaları və kollektivdaxili intriqaları ilə gündəmə gəlirlər. Hər mövsüm hansısa müxalif siyasi təşkilatın daxilində ciddi bir qarşıdurma yaşanır, istefalar baş verir. Həmçinin Qarabağla bağlı da daxildə və xaricdə hansısa müstəqil və güclü təşkilat demək olar, yox səviyyəsindədir.

Bütün bunları nəzərə alanda, belə bir qənaət hasil olur ki, ya bizim hekayələrimiz sandığımız qədər güclü deyil, ya da yenə hansısa əhəmiyyətli çatışmazlığımız bizə güclü kollektivlər ətrafında birləşməyə, əməkdaşlıqlar etməyə imkan vermir.  

Nədir bu çatışmazlıq?

Mənə elə gəlir, bu çatışmazlığın adı köhnə adıyla xudbinlik, müasir adıyla isə eqoizmdir.

Bizim qeyri-strateji, cilalanmamış, elmlə, təhsillə, mədəniyyətlə yetərincə tərbiyə edilməmiş eqoizmimiz hekayələrimizdən, kollektiv problemlərimizdən daha güclüdür və buna görə də, o bizə kollektiv quruluşlar yaratmağa, kollektiv şəkildə düşünməyə, kollektiv şəkildə əməkdaşlıq etməyə imkan vermir.

Bəlkə də eqoizm, xudbinlik kəlməsinin əvəzinə, 19-cu əsrin klassik yazıçıları kimi “şöhrətpərəstlik” kəlməsindən istifadə etməliydim (Dostoyevski “İdiot” əsərində eqoist Qanyanın şöhrətpərəstlikdən əziyyət çəkdiyini yazmışdı). Amma hər nə qədər qurular bu kəlməni ağızlarında qırsaqqız edib gözdən salsalar da, işlədiləcək ən dəqiq termin böyük ehtimalla məhz eqoizmdir.

Eqo insan təbiətinin hərəkətverici qüvvəsidir, aydındır, lakin insan eqosu təhsillə yoğrulmayanda, sənətlə cilalanmayanda, ədəbiyyatla qidalanmayanda, ortaya xam, kəmhövsələ, kor-kobud bir şey çıxır. Çox qısa düşünən, asana qaçan bu eqo özünün mənafeyinin kollektivin mənafeyi ilə üst-üstə düşdüyü məqamları görə bilmir, nəyin bahasına olursa olsun, dərhal özünün təxirəsalınmaz xırda ehtiyaclarını qarşılamağa tələsir.

***

Azərbaycan iqtidarı daim haqlı və təbii olaraq qeyri-demokratik olmaqda ittiham edilib. Amma faktiki olaraq, ondan kənarda da azərbaycanlıların yaratdığı istənilən təşkilatda bərabərçiliyə, dialoqa, ümumi mənafeyə əsaslanan abu-hava nadir hallarda olub. Ölkədəki əksər biznes təşkilatlarında, siyasi-ictimai-mədəni və digər qurumlarda gestapo rejimləri hökm sürür. Zor, məcburiyyət, tapşırıq, maddi maraqlar olmadan, insanlar nadir hallarda hansısa bir dəyərin, ideyanın, prinsipin ətrafında birləşməyə yanaşırlar.

Ən xırda demokratik mühitdə kiminsə islaholunmaz, narahat eqosu dərhal çırpınmağa, özünü gözə soxmağa, başa keçməyə çalışır və bu səthi eqo kollektivi dağıtmayana qədər soyumur.  

Bəlkə də bizdə kütlənin apatiya şəklini almış biganəliyi həm də liderlərə, başçılara və iddialılara olan inamsızlıqdan qaynaqlanır. Kütlənin təşkilatlara qoşulmağa marağı yoxdur, bəlkə də bu, kiminsə islaholunmaz eqosunun əvvəl-axır bütün kollektiv dəyərlərə və prinsiplərə qalib gəlməsinə xroniki şəkildə şahid olmaqdan qaynaqlanır…

Heraklit təxminən 2500 il əvvəl belə bir ifadə işlədib: “İnsanın xarakteri onun taleyidir”.

Bu deyimdən çıxış edib, biz də deyə bilərikmi ki, insanların xarakteri cəmiyyətin taleyidir?

Cavid Ramazanlı
Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade