Dialoq böhranı

Публицистика

Fikir veribsinizmi, Azərbaycanda dialoq adlı anlayış tənəzzülə uğrayıb. Fərdlər və qruplar arasında demək olar ki, dialoq yoxdur artıq, cəmiyyətin əksər qatlarında bu danışıq formasından istifadə edilmir: ən aşağılardan tutmuş, ən yuxarılaracan. İfrat mənəm-mənəmlik dialoq anlayışının ortadan qalxmasına səbəb olub, belə görünür, hər kəs haqlıdır, hər kəsin haqlı olmaqçün tutarlı səbəbləri var, nəticə etibarilə də monoloq mərəzi bir epidemiya kimi hər tərəfə yayılıb. 

Ən xırda ziddiyətli məsələnin həlli tələb olunarkən belə, dialoq böhranı özünü göstərir: hünərin çatır ofisiantdan yeməyin niyə gec gətirildiyini, taksi sürücüsündən avtomobili niyə uzaqda saxladığını soruşasan; siyasətçinin, siyasi fəalın, oxumuşların düşüncələrini sorğulayasan; hökumətdən hesabat tələb edəsən və sair. Dialoq cəhdin alınmayacaq, qarşındakı anındaca sənə öz mənfur yerini göstərəcək, ofisiant deyəcək: “xoşun gəlmir, get başqa yerdə ye”, taksi sürücüsü deyəcək: “xoşun gəlmir, get başqa taksi tut”, siyasətçi, siyasi fəal, oxumuş deyəcək: “sən kimsən ki, mənim düşüncəmi sorğulayırsan, sən şübhəli adamsan”, hökumətə dediyin isə divara danışmaq effekti doğuracaq. İşdi şayəd, biraz daha dirənsən, ən mədəni formada dialoq qurmağa cəhd etsən, ya ironik şəxsi hücumla, ya da həqarətlə üzləşəcəksən, bu qədər sadə.

Elə insanlar var və belələri bəs deyincədir, özlərinkindən fərqli bir düşüncənin mövcud ola biləcəyinə sadəcə olaraq inana bilmirlər. Sən nəinki fərqli bir düşüncədə ola bilməzsən, hətta onun fikrini təsdiq etməsən, o, bunu şəxsi bir şey kimi qəbul edə, səndən möhkəm inciyə və müəyyən anlarda səni təhqir də edə bilər. Səni sıradan çıxarmaq üçün o, əlimyandıda istifadə edə biləcəyi çoxlu kinayəli atmacalarla, qılınc kimi kəsən həqarətlərlə silahlanaraq daimi döyüş hazırlığı vəziyyətindədir. O haqlıdır, vəssalam, şəkk-şübhəyə, aydınlaşdırmağa, dialoqa gərək yoxdur…

Bu yaxınlarda bir hadisə oldu, şoumen Murad Dadaşov proqramların birində belə dedi: “Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər, keç önə”.

Mən Murad Dadaşovu müdafiə etmək niyyətində deyiləm, nə Murad Dadaşovun özü, nə də gördüyü işlər mənə qətiyyən maraqlı deyil, mənim özümün də təbii olaraq, Murad Dadaşov üçün maraqlı olduğumu düşünmürəm. Dadaşovun dedikləri əlbəttə, mübahisələndiriləsi məsələlərdir, nə qədər istəsən tənqid etmək olar, amma narahatedici məsələ odur ki, Murad Dadaşov təhqir, söyüş qasırğasına məruz qaldı və bu həqarət linçinin başında dayananlar əksərən ictimai, siyasi çəkisi olan insanlar idi. Məsələn, ölkənin əsas iqtisadçılarından, həm də siyasətçilərindən biri hesab olunan Qubad İbadoğlu hadisəyə belə şərh verdi: “Onun [Murad Dadaşovun] belə həssas mövzularda fikir bildirməyindənsə, öz səviyyəsinə uyğun işlərlə məşğul olub təlxəklik etməsi daha məqsədəuyğundur”.

Qubad İbadoğlunun bu şəxsi hücumunu, açıq təhqirini sanki bir Sokrat kəlamı imiş kimi bir çox media orqanları tirajladılar.

Amma bir saniyə.

Yəni, doğrudanmı cəmiyyətdə müəyyən statusu, ağırlığı olan Qubad İbadoğlunun bu həqarətinin arxasında dərin bir intellektual yük, peşəkarlıq dayanırdı? Doğrudanmı bu, damaq dadında əlahiddə bir hazırcavablıq idi?

Gəlin təsəvvür edək, Murad Dadaşov da Qubad İbadoğluya eyni cür cavab verir, ona ünvanlanan “təlxək” həqarətini geriyə qaytarır. Yaxşımı olacaq? Beləcə mühit daha da zəhərlənməyəcəkmi, onsuz da yetərincə qaramat olan mühit daha da qaramat olmayacaqmı? Və sonda kim daha çox günahkar olacaq, Murad Dadaşov, yoxsa bu həqarəti birinci başladan Qubad İbadoğlu?

Əgər bir nəfər ziddiyətli fikir bildirirsə, xətalıdırsa, olmazmı ki, məsələ onu və cəmiyyəti aydınladacaq şəkildə, mədəni formada izah edilsin? Özünün necə haqlı olduğunu göstərmək, beş altı-nəfərin çəpik səslərini eşitmək üçün mütləq təhqirəmi əl atılmalıdır? Başqa metodologiya yoxdurmu?

***

Bizdə dərin kök atmış dialoq böhranının bir səbəbi bəsit mənəm-mənəmlik, eqoizmdirsə, digər səbəbi də istisnaları çıxmaq şərtiylə, fərd və cəmiyyət olaraq hələlik koqnitiv problem çözmək (problem-solving) mərhələsinə gəlib çatmamağımızdır.

Bu barədə “Öyülmək və söyülmək arasında” adlı məqaləmdə yazmışdım, bir daha yazaq: bizim məişətimiz əksərən problem həll etməyə deyil, intriqa yaratmağa meyillidir, bizim üçün problemin həllindənsə, intriqa daha maraqlıdır. Özümüzü öz gözümüzdə nəyin bahasına olursa olsun, qısa müddətdə və əziyyətsiz sübut etmək, haqlı çıxarmaq daha vacibdir, ona görə də dərhal türkəçarə kimi bəsit vasitələrə – kinayəyə, təhqirə və söyüşə əl atırıq, yetər ki, özümüz öz gözümüzdə qalib görünək. Mətnlərimizə, çıxışlarımıza, danışığımıza boğazacan mühakimə, diqtəçilik, cığalçılıq, mənəm-mənəmlik hakimdir —intriqaçı məişətimizdən gəlmə intriqabazlığımız mədəniyyətimizdə, siyasətimizdə, sosiumumuzda özünü necə var eləcə göstərir.

Və sonda, bizdəki dialoq böhranının bəlkə də ən əhəmiyyətli səbəbi fərdi və ictimai səviyyədəki mədəniyyət çatışmazlığı problemidir – bizdə dərindən kök atmış fərdi və ictimai mədəniyyət çatışmazlığı problemi var. Dialoq da mədəniyyət olan yerdə olur, və ya mədəniyyət olan yerdə dialoq olur.

***

Bizim ictimai-siyasi-mədəni mühitimizdəki krizisi tək-tük intellektuallara olan münasibətdə də görmək olar. Məsələn, Erkin Qədirli nədir-nədir müəyyən qədər fərqli fikirlər səsləndirir deyə, indiyədək məruz qalmadığı ayama, təhqir, söyüş qalmayıb, müxtəlif ibarələrlə onu ictimai nüfuzdan salmağa çalışan kim, donos yazan kim…

Erkin Qədirlini ona görə intellektual adlandırdım ki, o, opponentlərindən, həmfikirlərindən fərqli olaraq, əksər vaxt intellektual çəkisinə, duruşuna uyğun şəkildə davranır, özünü tənqid edə, nəticə çıxara bilir, digərinə haqq verə bilir, səviyyəsini və mədəniyyətini gözləyə bilir. Bunlar əslində, heç qeyri-adi, müstəsna davranışlar da deyil, normadırlar, çünki intellektual deyilən kəs özünü dərk edən, məsuliyyətinin fərqində olan və mühitə nələr qatdığını bilən biridir.

Bizim cəmiyyətimizdə həqiqi intellektual çatışmazlığı mövcuddur: nə qədər desən, oxumuş var, həvəskar var, publikaya oynayan var, amma gün işığında çıraqla axtarsan belə, aydın, intellektual və peşəkar birisini tapmaq hədsiz dərəcədə çətin olacaq. 

Və hər şeyə görə hazırkı mühiti günahlandırmaq da düzgün deyil. Məlumdur, ölkədə dialoq mühiti yoxdur, nəzarət, qorxu və toqquşma şəraitindəyik. Lakin bununla belə, bir ictimai, siyasi, mədəni xadimin, intellektualın böyüklüyü və çəkisi də istənilən mühitsizlikdə heç olmasa, mikromühit yarada bilməsiylə, başqa sözlə, dəyər yarada bilməsiylə ölçülür. Bizim bir çox oxumuşların intellektual, aydın mərhələsinə yüksələ bilməmələrinin əsas səbəblərindən biri də budur: xırda-xuruş alverdən əl çəkib dəyər yarada bilmirlər.

Qısası, hər şeyi mühitin boynuna atıb kütləvi həqarət xoruna qoşulmaqla, şəxsi eqolar müəyyən qədər tətmin oluna bilər əslində, amma çətin ki, bu yolla hədsiz çox arzulanırmış kimi görünən ictimai fayda təmin edilə bilər.

Cavid Ramazanlı

Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade